Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) 29 avqust 2023-cü ildə elan etdiyi Kovačević Bosniya və Hersegovinaya qarşı (Case of Kovačević v.Bosnia and Herzegovina, (Application no. 43651/22) işində Konvensiyanın 12 saylı Protokolunun 1-ci maddəsinin pozuntusu tanınıb.
Konvensiyanın 12 saylı Protokolunun 1-ci maddəsi ayrı-seçkiliyə (diskriminasiya) ümumi qadağa qoyur. Həmin maddəyə əsasən qanunla nəzərdə tutulmuş istənilən hüquqdan istifadə cins, irq, rəng, dil, din, siyasi və ya digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti doğum və ya hər hansı digər əlamətlərə görə ayrı-seçkilik olmadan təmin olunmalıdır. Heç kim 1-ci bənddə sadalanan hər hansı əsasa görə heç bir dövlət hakimiyyəti orqanı tərəfindən ayrı-seçkiliyə məruz qalmamalıdır.
“Tribunat” işin marağını nəzərə alıb, qərarın əsas faktlar və məzmununa dair qısa tərcüməsini təqdim edir:
Əsas faktlar
Müraciətçi Slaven Kovačević, Bosniya və Hersoqovina vətəndaşıdır. Həmçinin politoloq və məsləhətçi kimi Bosniya və Hersoqavina Prezidentliyinin üzvüdür.
Bosniya və Hersoqavinanın Konstitusiyası 1995-ci ildə imzalanmış Sülh üçün ümumi Çərçivə (Dayton Sülh sazişləri) əsasında yaranıb. Dövlət 2 qurumdan ibarətdir : Bosniya və Hersoqovina Federasiyası və Srpska Respublikası, həmçinin hər ikisinə məxsus olan Brčko regionu.
Konstitusiyada əhali müxtəlif kateqoriyalarda fərqləndirilərək, “təsisçi xalqlar” və “Bosniya və Hersoqovinanın vətəndaşları və digərləri” adlanırlar. Təsisçi xalqalar boşnaklar, xorvatlar və serblər, digərləri və vətəndaşlar isə etnik azlıqlar və özünü heç bir etnik qrupa məxsus hesab etməyənlərdir. Kiminsə etnik mənsubiyyətinin müəyyənləşdirilməsi üçün dil və ya din kimi hər hansı bir kriteriya tələb olunmur. İnsanlar buna özləri qərar verə bilirlər.
İddialara görə, bəzi tərəflərin sərt tələbləri əsasında Dayton Razılığından sonra üç dominant etnik qrup olan “təsisçi xalqlar” üçün imtiyazlar verilib. Dövlət səviyyəsində isə hakimiyyət bölgüsü təqdim olunub. Məsələn, parlamentin ikinci palatası Federasiyadan 5 boşnak və 5 xorvat, Srpska Respublikasından 5 serbdən ibarətdir. Prezidentlik isə Federasiyadan 1 boşnak, 1 xorvat və Srpska Respublikasından 1 serb olmaqla 3 üzvdən ibarətdir.
Yalnız 3 dominant etnik qrupa mənsubluğunu ifadə edən şəxslər Xalqlar Palatasına və Prezidentliyə namizəd ola bilərlər. Həmçinin yalnız Srpska Respublikasının sakinləri dolayı seçkilərdə Xalqlar Palatasının serb üzvlərinin seçimində, Prezidentlik üçün birbaşa seçkilərdə iştirak edə bilərlər. Halbuki yalnız Federasiyada yaşayan seçicilərin həmin institutların boşnak və xorvat üzvlərinin seçimində iştirak etmək haqqı var. Bunun əksinə olaraq parlamentin birinci palatası-Nümayəndələr Palatası üçün olan seçkilərdə heç bir etniklik tələb olunmur.
Ərizəçi Kovačević özünü heç bir etnik qrupa aid etmir və Federasiyada yerləşən Sarayevo şəhərində yaşayır. O iddia edib ki, siyasi baxışlarına uyğun ən yaxşı namizədlər “uyğun” qurumdan və ya “uyğun” etnik mənsubiyyətdən deyillər, buna görə də 2022-ci il qanunvericilik və prezident seçkilərində səs verə bilməyib.
Ərizəçi Avropa İnsan Hüquqları Konvensiyasının 14-cü maddəsi (ayrı-seçkiliyin qadağan olunması) ilə birlikdə 1 saylı Protokolun 3-cü (azad seçki hüququ) və 12 saylı Protokolun 1-ci maddələrinə əsasən şikayət edib.
O, həmçinin Konvensiyanın 13 (Səmərəli hüquqi müdafiə vasitələri hüququ) və 17-ci (Hüquqlardan sui-istifadənin qadağan olunması) maddələri ilə bağlı da əlavə şikayətlər edib.
Məhkəmənin qərarı
Məhkəmə müşahidə edib ki, ərizəçinin işinin mahiyyəti hakimiyyətin bölgüsü ilə bağlıdır. Belə ki, Bosniya və Hersoqovina əsl demokratiya yox, hakimiyyətin və resursların təmin edilməsi üçün vətəndaşlığın etnik mənsubiyyətdən daha aparıcı rol oynadığı “etnokratiya”dır. Məhkəmə vurğulayıb ki, bu 3 dominant etnik qrup dövlət təsisatlarını öz maraqlarına uyğun idarə etdiyi halda, digərləri ikinci dərəcəli vətəndaşlara bənzəyir.
Məhkəmə tarixi kontekstdən xəbərdar olduğunu və hakimiyyət bölgüsünün soyqırımı və “etnik təmizləmə” ilə müşahidə olunan qəddar münaqişəni sonlandırmaq üçün təsis edildiyini bildirib. Məhkəmə qeyd edir ki, münaqişənin təbiəti elə idi ki, sülhü təmin etmək üçün “təsisçi xalqların” təsdiqinə ehtiyac vardı.
Buna görə də belə təsəvvür etmək olardı ki, Xalqlar Palatasının səlahiyyətləri “təsisçi xalqların” dəqiq, dar və ciddi şəkildə müəyyən edilmiş həyati milli maraqları ilə məhdudlaşsaydı, yalnız üç əsas etnik qrupun nümayəndələrindən ibarət ikinci palatanın mövcudluğu Bosniya və Herseqovinanın vəziyyətində məqbul sayılardı.
Lakin Xalqlar Palatası qanunları təsdiq etməli olduğu üçün cəmiyyətin bütün təbəqələri orada təmsil olunmalı idi. Göründüyü kimi, mövcud tədbirlər siyasi, iqtisadi, sosial, fəlsəfi və digər mülahizələrdən və ya təmsilçilikdən daha çox etnik mülahizələri və yaxud təmsilçiliyi aktuallaşdırmış və bununla da ölkədə etnik parçalanmaları gücləndirmiş və seçkilərin demokratik xarakterini sarsıtmışdır.
Bundan əlavə, Məhkəmə vurğulayıb ki, seçki sistemində islahatların keçirilməsi Bosniya və Hersoqovinanın 2002-ci ildə Avropa Şurasına üzv olduqdan sonrakı öhdəliyidir. Üzv qəbul edilərkən Bosniya və Hersoqovina Venesiya Komissiyasının köməyi ilə Avropa Şurasının standartlarına uyğun seçki qanunvericiliyinə düzəlişlər etməli idi.
Sonralar Avropa Şurası Parlament Assambleyası vaxtaşırı Bosniya və Herseqovinaya üzvlükdən sonrakı bu öhdəliyini xatırladıb və onu “etnik təmsilçilik mexanizmini vətəndaşlıq prinsipinə əsaslanan təmilsilçiliklə” əvəz etmək məqsədilə yeni Konstitusiya qəbul etməyə çağırıb.
Məhkəmə presedent hüququndan, Bosniya və Herseqovinadakı üç əsas etnik qrupa aid olmayan və ya Xalqlar Palatasına və Prezidentliyə seçilmək hüququ ilə bağlı etnik mənşə və yaşayış yeri tələblərinə cavab verməyən şəxslərə qarşı ayrı-seçkilik müəyyən etdiyi Sejdić və Finci Bosniya və Herseqovinaya qarşı (Sejdić and Finci v. Bosnia and Herzegovina), Zorniç Bosniya və Herseqovinaya qarşı (Zornić v. Bosnia and Herzegovina) və Pilav Bosniya və Herseqovinaya qarşı (Pilav v. Bosnia and Herzegovina) işlərindən kənara çıxmağa heç bir səbəb görmədiyini vurğulayıb.
Həmçinin 2023-cü il iyunun 7-də Avropa Şurasının Nazirlər Komitəsi ölkənin vəziyyətini araşdırıb və Sejdić və Finci qrupunun qərarlarının icrası ilə bağlı qərar qəbul edib.
Sonda Məhkəmə qeyd edib ki, Konvensiya üzv dövlətlərə qruplar arasında “faktiki bərabərsizlikləri” düzəltmək üçün fərqli davranmağı qadağan etməsə də, “təsisçi xalqların” heç biri öz mövcudluğunu qoruyub saxlamaq üçün təhlükə altında olan azlıq mövqeyində deyillər. Əksinə, mövcud siyasi sistemdə “təsisçi xalqlar” açıq-aydın imtiyazlı mövqeyə malikdirlər.
Məhkəmə qərara alıb ki, ərizəçinin Bosniya və Herseqovina Parlament Assambleyasının Xalqlar Palatasının tərkibi ilə bağlı şikayəti Konvensiyanın 12 saylı Protokolunun 1-ci maddəsini pozub.
Həmçinin Məhkəmə müəyyən edib ki, ərazi və etnik tələblərin bu kombinasiyası Bosniya və Herseqovina Parlament Assambleyasının Xalqlar Palatasına seçkilərdə iştirak etmək hüququ kontekstində 12 saylı Protokolun 1-ci maddəsinin pozulması ilə ayrı-seçkilik xarakteri daşıdığı üçün, eyni məsələ Bosniya və Hersoqovina Prezidentliyi ilə bağlı seçki hüququna da aid edilir.
Məhkəmə 1 saylı Protokolun 3-cü maddəsini 14-cü maddə ilə birlikdə nəzərdən keçirməyə ehtiyac duymayıb. Həmçinin ərizəçinin Konvensiyanın 13 və 17-ci maddələri ilə bağlı şikayətlərini qəbul etməyib.
Cənab Kovačević ədalətli kompensasiya üçün iddia təqdim etmədiyinə görə Məhkəmə ədalətli əvəzlə bağlı qərar qəbul etməyib.
Verilmiş qərarın ingilis dilində tam versiyasını Kovačević v. Bosnia and Herzegovina, (Application no. 43651/22)-dan oxuya bilərsiniz.