“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyaya dair 16 saylı Protokol Azərbaycan Respublikası adından 2022-ci il noyabr ayının 18-də imzalanıb.
Prezidentin imzaladığı 2023-cü il 24 fevral tarixli Qanunla Protokol Azərbaycanın müvafiq bəyanatı ilə təsdiq edilib.
Bu Protokolu Avropa Şurası Nazirlər Kabineti 10 iyul 2013-cü ildə qəbul edib. 2 oktyabr 2013-cü ildən etibarən isə Protokol imzalanmaq üçün açıqdır.
16 saylı Protokolun əsas məğzi sənədi təsdiq etmiş dövlətlərin ali məhkəmələri və tribunallarının Konvensiyada və ya onun protokollarında müəyyən edilmiş hüquq və azadlıqların şərhi və ya tətbiqi ilə bağlı prinsipial məsələlərə dair məsləhət rəylərinin verilməsi üçün Avropa Məhkəməsinə müraciət imkanı yaratmasıdır.
Müraciət edən məhkəmə və ya tribunal yalnız öz məhkəmə baxışında olan işlə bağlı məsləhət rəyinin verilməsini sorğu edə bilər.
Müraciətçi, müraciətinin səbəblərini göstərməli və məhkəmə baxışında olan işin hüquqi və faktiki əsasını təqdim etməlidir.
Daha sonra Böyük Palatanın 5 hakimindən ibarət kollegiyası həmin müraciətin qəbul edilib-edilməməsi haqqında qərar verir. Kollegiya müraciətdən imtina edərsə, səbəbini göstərməlidir. Qəbul etdiyi halda isə Böyük Palata məsləhət rəyi verir.
Məsləhət rəyləri məcburi qüvvəyə malik deyil.