31 oktyabr 2003-cü ildə Baş Assambleya Birləşmiş Millətlər Təşkilatının Korrupsiya əleyhinə Konvensiyasını qəbul edib və Baş Katibdən Narkotiklər və Cinayətkarlıq üzrə İdarəni (UNODC) Konvensiyanın İştirakçı Dövlətlərin Konfransının katibliyi kimi təyin etməyi xahiş edib (58/4 saylı qətnamə).
2005-ci ildə isə 9 dekabr korrupsiyanın zərərləri ilə bağlı agahlığı artırmaq üçün Beynəlxalq Anti-Korrupsiya Günü olaraq təsis edilib.
Korrupsiya ilə mübarizədə İfşaçılar (Whistleblowers) əhəmiyyətli rol oynayır. İfşaçı, fırıldaqçılıq, sui-istifadə, korrupsiya və ya ictimai sağlamlıq və təhlükəsizlik üçün təhlükələr barədə yanlış davranışı düzəltmək iqtidarında olan birinə məlumat verən şəxsdir. Məlumat verən şəxs adətən yalnışlığın baş verdiyi təşkilatda işləyən şəxs olur. Lakin agentlik və ya şirkətin “insayderi” olmaq ifşaçı olmaq üçün vacib deyil. Əhəmiyyətli olan həmin şəxsin əks halda məlum olmayacaq qanunsuzluq haqqında məlumatı açıqlamasıdır.
Votergeyt qalmaqalı və Vyetnam müharibəsindəki uğursuzluqlar, 2000-ci illərin əvvəllərində Enron və WorldCom-u çökdürən kütləvi mühasibat saxtakarlığı, gizli İsveçrə bank hesabları və tütün məmulatlarının tərkibindəki nikotinin sağlamlıq üçün təhlükəsi və s. haqda məlumatlar ifşaçılar sayəsində məlum olub.
Bir sıra dövlətlərdə ifşaçıların korrupsiya halları ilə bağlı məlumatları rahat vermələri üçün onların hüquqları qanunla qorunur.
30 aprel 2014-cü ildə Avropa Şurası Nazirlər Komitəsi 1198-ci görüşündə ifşaçıların qorunması üçün Hüquqi Əməkdaşlıq üzrə Avropa Komitəsi tərəfindən hazırlanan tövsiyələri qəbul edib.
Hər il 23 iyun Beynəlxalq İfşaçılar (Whistleblowers) Günü kimi qeyd olunur.
Azərbaycan 2004-cü ildə “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanun qəbul edib. Həmin Qanunda korrupsiyanın anlayışı, korrupsiya ilə əlaqədar hüquqpozmaların subyektləri, qanunun tətbiq dairəsi, korrupsiyaya qarşı mübarizə həyata keçirilən orqanlar və s. müəyyənləşdirilib.
Bundan əvvəl 30 dekabr 2003-cü ildə Avropa Şurasının “Korrupsiya ilə əlaqədar mülki-hüquqi məsuliyyət haqqında” Konvensiyanın təsdiq edilməsi barədə Qanun qəbul edilib. Həmin gün həmçinin Avropa Şurasının “Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında” Konvensiyanın təsdiq edilməsi barədə Qanun da təsdiqlənib.
3 mart 2004-cü ildə isə Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası yaradılıb. Komissiyanın səlahiyyətləri 3 may 2005-ci ildə qəbul olunmuş Əsasnamə ilə tənzimlənir. 15 nəfərdən ibarət Komissiyanın 5 üzvü Milli Məclis, 5 üzvü Prezident, qalan 5 üzvü isə Konstitusiya Məhkəməsi tərəfindən təyin olunur.
Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Əsasnaməsi isə 28 oktyabr 2004-cü ildə qəbul olunub.
Birləşmiş Millətlər Təşkilatının Korrupsiya əleyhinə Konvensiyası 30 sentyabr 2005-ci il tarixli Qanunla təsdiq edilib.
24 iyun 2005-ci ildə “Vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların təqdim edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında Qanun qəbul olunub. Qaydaların 3-cü maddəsinə görə vəzifəli şəxslər maliyyə xarakterli məlumatlarını Korrupsiyaya qarşı mübarizə Komissiyasına təqdim etməlidirlər. 4-cü maddə maliyyə xarakterli məlumatlatın yazılı bəyannamə şəklində təqdim edilməsini tələb edir. Qaydaların 6-cı maddəsi hər ilin yanvarın 1-dən 30-dək bəyyanamənin təqdim olunmasını təsbit edir. Həmçinin, vəzifəli şəxs vəzifəsinin icrasına başladığı gündən 30 gün ərzində bəyannaməni təqdim etməlidir.
Ancaq buna baxmayaraq Azərbaycanda vəzifəli şəxslər maliyyə xarakterli məlumatlar haqqında bəyənnamə vermirlər, bu baxımdan sözügedən qaydalar deklarativ xarakter daşıyır.
“Transperancy International” təşkilatının 2022-cü il üçün hazırladığı hesabata görə Azərbaycan Korrupsiya indeksində 180 ölkə arasında 157-ci yerdə qərarlaşıb.