Müddətli əmək müqaviləsi ilə bağlı mübahisələr necə həll edilməlidir?
News31 yanvar 2024-cü ildə Konstitusiya Məhkəməsinin Plenumu Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi ilə bağlı qərar qəbul edib.
“Tribunat” həmin qərarın icmalını təqdim edir.
Konstitusiya Məhkəməsi Plenumuna iki dövlət qurumu tərəfindən Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Konstitusiyanın 25-ci maddəsinin I hissəsinə və 35-ci maddəsinin I-IV və VIII hissələrinə uyğunluğunun yoxlanılması barədə ayrı-ayrılıqda sorğu göndərilib. Bunlardan biri İnsan hüquqları üzrə müvəkkili, digəri isə Bakı Appelyasiya Məhkəməsidir.
Hər iki qurumun müraciətində qaldırılan məsələlərin predmetinin eyni olmasını nəzərə alaraq Məhkəmə “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsi”nin 17-ci maddəsinə uyğun olaraq işlərin bir icraatda birləşdirilməsini məqsədə müvafiq hesab edib.
Məhkəmə Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü hissəsinə istinad edərək bildirib ki, əmək qanunvericiliyinə görə əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır.
Əmək Məcəlləsinin 47-ci maddəsində isə müddətli əmək müqaviləsinin bağlandığı hallar təsbit olunub. Həmin madənin “f” bəndinə əsasən “tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə” müddətli əmək mmüqaviləsi bağlanıla bilər.
Konstitusiya Məhkəməsi əmək münasibətlərinin tərəflərin bərabərliyi və iradə azadlığı prinsiplərinə əsaslansa da, bu münasibətlərin tənzimlənməsində bir qayda olaraq imperativ xarakterli normaların üstünlük təşkil etdiyinin nəzərə alınmasının vacibliyini vurğulayıb. Həmçinin, iş vaxtı, əmək şəraiti, əmək haqqının hesablanması qaydası, işdən çıxarılma prosedurları və s. kimi məsələlərdə qanunvericinin imperativ tələbi əsas götürdüyünü bildirib. Bunun da işçinin əmək münasibətlərinin zəif tərəfi olaraq əmək hüquq normaları ilə daha üstün müdafiə və təminat altına alınması zərurətindən irəli gəlməsi ilə bağlı olduğunu hesab edib.
Konstitusiya Məhkəməsi bildirib ki, işçi ilə işə götürən faktiki cəhətdən bərabər vəziyyətdə olmurlar. Yəni işçi və işəgötürən arasında onların münasibətlərinin xarakterindən irəli gələn faktiki bir bərabərsizlik mövcud olur.
Konstitusiya Məhkəməsi hesab edib ki, yerli məhkəmələr müddətli əmək müqaviləsi ilə bağlı işlərə baxarkən tərəflərin münasibətlərinin həqiqi xarakterini müəyyən etməli, digər işçilərlə oxşar müqavilələrin bağlanıb-bağlanmamasına, müddətsiz əmək müqaviləsi ilə işləyən işçilər üçün nəzərdə tutulmuş təminatların təmin edilməsindən yayınmaq məqsədinin olub-olmamasına diqqət yetirməli, tərəflərin əsl niyyətinin və iradələrinin aşkar edilməsi üçün işin faktiki hallarını və tərəflərin dəlillərini hərtərəfli araşdırmalıdırlar.
Konstitusiya Məhkəməsi qərara alıb ki, Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi Konstitusiyanın 25-ci maddəsinin I hissəsinə və 35-ci maddəsinin I-IV və VIII hissələrinə uyğundur və bu bənd tərəflərin hüquq bərabərliyi şəraitində azad iradə ifadələri və qarşılıqlı razılığı əsasında müddətli əmək müqaviləsini bağlamaq imkanını ehtiva edir.
Həmçinin, Konstitusiya Məhkəməsi yerli məhkəmələrin Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi ilə bağlı işlərə baxarkən müqavilə tərəflərinin həqiqi iradə ifadələrini bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqelərə uyğun olaraq araşdırıb nəticəyə gəlməli olduqlarını vurğulayıb.
Qərarın tam mətni ilə bu linkdən tanış ola bilərsiniz.
Azərbaycan Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin I hissəsinə və 35-ci maddəsinin I-IV və VIII hissələrinə uyğunluğunun yoxlanılmasına dair qərarı