Prokuror hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi qərarını məhkəməyə göndərməkdə haqlıdır? News

Prokuror hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi qərarını məhkəməyə göndərməkdə haqlıdır?

21 October, 2023
Konstitusiya Məhkəməsinin Plenumu Konstitusiyanın 71-ci maddəsinin I və X hissələri baxımından İnzibati Xətalar Məcəlləsinin (İXM) 18.5, 18.6, 43.3-1, 54.2 və 103-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair qərar qəbul edib.  Qərar 11 oktyabr 2023-cü ildə qəbul edilib və 20 oktyabr 2023-cü ildə məhkəmənin saytında yerləşdirilib.  İXM-nin sözügedən maddələrinin şərh edilməsi üçün müraciəti Şəki Rayon Məhkəməsi edib.  Müraciətdə qeyd edilib ki, “İNVİTRO” MMC-yə məxsus Qax şəhərində yerləşən eyni adlı özəl tibb müəssisəsinin lisenziyasız fəaliyyət göstərməsi barədə toplanmış materiallar Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin İstintaq və təhqiqat idarəsinə göndərilib.  Sonuncunun 15 mart 2023-cü il tarixli qərarı ilə cinayət...

Konstitusiya Məhkəməsinin Plenumu Konstitusiyanın 71-ci maddəsinin I və X hissələri baxımından İnzibati Xətalar Məcəlləsinin (İXM) 18.5, 18.6, 43.3-1, 54.2 və 103-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair qərar qəbul edib. 

Qərar 11 oktyabr 2023-cü ildə qəbul edilib və 20 oktyabr 2023-cü ildə məhkəmənin saytında yerləşdirilib. 

İXM-nin sözügedən maddələrinin şərh edilməsi üçün müraciəti Şəki Rayon Məhkəməsi edib. 

Müraciətdə qeyd edilib ki, “İNVİTRO” MMC-yə məxsus Qax şəhərində yerləşən eyni adlı özəl tibb müəssisəsinin lisenziyasız fəaliyyət göstərməsi barədə toplanmış materiallar Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin İstintaq və təhqiqat idarəsinə göndərilib. 

Sonuncunun 15 mart 2023-cü il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilib, sözügedən  MMC-nin vəzifəli şəxslərinin İXM-nin 210.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılması üçün materiallar Baş Prokurorluğa qaytarılıb.

Məcəllənin həmin maddəsi lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görə inzibati məsuliyyəti nəzərdə tutur. 

Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən “İNVİTRO” MMC barəsində inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərar qəbul edilib və iş üzrə materiallar Şəki Rayon Məhkəməsinə göndərilib. 

Müraciətdə daha sonra qeyd edilib ki, İXM-nin 54.2-ci maddəsində sadalanmış inzibati xətaların dairəsinə aid olmayan, digər inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında prokuror tərəfindən qəbul edilmiş qərarın baxılması üçün birbaşa məhkəməyə göndərilməsinin mümkünlüyü ilə bağlı təcrübədə fərqli yanaşmalar mövcuddur. 

Analoji işlər üzrə qəbul edilmiş qərarlar bir qayda olaraq yuxarı instansiya məhkəmələri tərəfindən ləğv edilir, protokol tərtib edilməsi üçün müvafiq səlahiyyətli orqana göndərilməsi məqsədilə məhkəməyə və ya prokurorluğa qaytarılır. 

Ləğvin əsası isə ondan ibarətdir ki, prokuror tərəfindən qəbul edilən inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərar birbaşa məhkəməyə deyil, işlərə baxmaq səlahiyyəti olan səlahiyyətli orqanlara (vəzifəli şəxslərə) göndərilməli və məhz həmin orqanın (vəzifəli şəxsin) tərtib etdiyi protokol baxılması üçün məhkəməyə göndərilməlidir.

Müraciətedən hesab edir ki, hüquqi şəxslərə inzibati tənbeh tətbiq edilməsi səlahiyyəti yalnız məhkəmələrə aiddir. Prokuror tərəfindən qəbul edilən inzibati xətalar haqqında iş üzrə icraatın başlanması barədə qərar uyğun orqanın protokolunu əvəz etdiyindən, prokuror tərəfindən qəbul edilmiş qərarın müvafiq səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi qanunauyğun deyil. 

Yuxarı instansiya məhkəmələri tərəfindən analoji qərarların ləğv edilərək məhz müvafiq inzibati xətaya baxılması səlahiyyəti olan orqan tərəfindən protokol tərtib edilməsi üçün qaytarılması inzibati xəta törətmiş şəxslərin müddətin keçməsi ilə bağlı inzibati məsuliyyətdən azad edilməsinə səbəb olur.

Plenum belə nəticəyə gəlib ki, hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün əsaslar olduqda, onun barəsində inzibati xəta haqqında iş üzrə icraatı başlamış prokuror qəbul etdiyi qərarı baxılması üçün məhkəməyə göndərməkdə haqlıdır.

Prokuror tərəfindən qəbul edilən və özündə inzibati xəta haqqında protokolda əks etdirilməli olan bütün məlumatları ehtiva edən inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarın təkrarən İXM-nin müvafiq maddəsi üzrə işlərə baxmaq səlahiyyəti olan orqana (vəzifəli şəxsə) göndərilməsi icraatda həddən artıq formallığa səbəb olmaqla, “prosessual qənaət” və “işlərə ağlabatan müddətdə baxılması” prinsiplərinin pozulması ilə nəticələnə bilər.

Həddən artıq formallığa yol verilməsi nəticəsində icraatın uzadılması inzibati məsuliyyətə cəlb etmə müddətinin keçməsi ilə nəticələnə bilər ki, belə hallar inzibati xətalar qanunvericiliyinin vəzifələrinin icrasına, inzibati tənbehin isə məqsədlərinə nail olunmasına maneə yaranmasına gətirib çıxarar.

Səlahiyyətli orqanlar (vəzifəli şəxslər) və məhkəmələr inzibati xətalar qanunvericiliyinin vəzifələrinin icrasının təmin edilməsi məqsədilə müvafiq prosessual hərəkətləri qanunvericiliklə müəyyən edilmiş müddətlər çərçivəsində icra etməli, prokuror isə öz səlahiyyətləri çərçivəsində prosessual müddətlərin pozulmasının qarşısının alınması ilə bağlı vaxtında və lazımi tədbirləri həyata keçirməlidir.

Konstitusiya Məhkəməsinin Plenumu hesab edib ki, prokuror tərəfindən inzibati xəta haqqında iş üzrə icraatın başlanması və baxılması üçün işin aidiyyəti üzrə göndərilməsi ilə bağlı prosessual qaydalar prosessual səmərəlilik və qənaət tələblərinə cavab verməklə, məhkəmə icraatının səmərəli olmasına xidmət etməlidir.

Məhz belə yanaşma inzibati xəta haqqında işin əsassız olaraq uzanmamasına, inzibati tənbehin tətbiqi ilə bağlı qanunla müəyyən olunmuş müddətlərə riayət olunmasına və son nəticədə inzibati xətalar qanunvericiliyinin qanunçuluğun möhkəmləndirilməsi, inzibati xətaların qarşısının alınması və digər vəzifələrinin icrasının təmin  edilməsinə şərait yaratmış olar.
Qərarın tam mətni ilə buradan tanış olun.

Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin I və X hissələri baxımından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 18.6, 43.3-1, 54.2 və 103-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair, 20.10.2023, https://constcourt.gov.az/az/decision/1382 


Share this article