logo

Platform for strengthening the rule of law and enlightening citizens in Azerbaijan

Qısa müddətli əmək müqavilələrində sınaq müddəti azaldılır

News
Qısa müddətli əmək müqavilələrində sınaq müddəti azaldılır

 

Altı ay müddətinədək bağlanmış əmək müqaviləsində sınaq müddətinə dair yeni norma müəyyənləşdirilib.

 

APA-nın məlumatına görə, Milli Məclis qanun layihəsini səsverməyə çıxarıb və üçüncü oxunuşda qəbul edib.

 

Əmək Məcəlləsinin hazırda qüvvədə olan 51-ci maddəsinin 1-ci bəndinə əsasən əmək müqaviləsi işçinin peşəkarlıq səviyyəsini, müvafiq əmək funksiyasını icra etmək bacarığını yoxlamaq məqsədi ilə sınaq müddəti müəyyən edilməklə bağlanıla bilər. Sınaq müddəti 3 aydan artıq olmamaq şərti ilə müəyyən edilir.

 

Yeni normaya əsasən isə, altı ay müddətinədək bağlanılmış əmək müqaviləsində ən çoxu iki həftə, digər əmək müqavilələrində isə ən çoxu üç ay sınaq müddəti təyin ediləcək.

 

Qanunvericliyə əsasən sınaq müddəti göstərilməyən əmək müqaviləsi sınaq müəyyən edilmədən bağlanmış hesab olunur.

 

Əmək müqaviləsi bağlanılarkən yaşı 18-dən az olan şəxslərlə, müsabiqə yolu ilə müvafiq vəzifəni tutanlarla, hamilə və üç yaşına çatmamış uşağı olan qadınlarla, habelə üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərlə, təhsil müəssisələrini bitirdiyi ildə ixtisası (peşəsi) üzrə ilk dəfə işə götürülən şəxslərlə, ödənişli seçkili vəzifəyə seçilmiş şəxslərlə, iki ay müddətinədək əmək müqaviləsi bağlanılan şəxslərlə və tərəflərin razılığı ilə müəyyən edilən digər hallarda sınaq müddəti müəyyən edilmir.

6 ay müddətinədək əmək müqaviləsində sınaq müddəti müəyyənləşir,  https://apa.az/sosial/6-ay-muddetinedek-emek-muqavilesinde-sinaq-muddeti-mueyyenlesir-791829

Azərbaycan Respublikası Əmək Məcəlləsi, https://e-qanun.az/framework/46943 

26 October, 2023