Strasbuq Məhkəməsi keçmiş N!DA-çıların şikayəti ilə bağlı qərar verib News

Strasbuq Məhkəməsi keçmiş N!DA-çıların şikayəti ilə bağlı qərar verib

7 October, 2023
Avropa İnsan Hüquqları Məhkəməsi 5 oktyabr 2023-cü ildə N!DA Vətəndaş Hərəkatının sabiq üzvləri Rəsad Həsənov, Üzeyir Məmmədli, Rəşadət Axundov və Zaur Qurbanlının Azərbaycana qarşı işləri üzrə qərarını elan edib.   Bu ərizələr qanunsuz silah saxlama və kütləvi iğtişaşlara görə ərizəçilərin cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlıdır.   Ərizəçilər və N!DA-nın digər üzvləri bir sıra dinc nümayişlərin təşkilində və keçirilməsində fəal iştirak ediblər. Azərbaycan ordusunda əsgərlərin qeyri-döyüş şəraitində həlak olmasına etiraz aksiyası 10 mart 2013-cü ildə keçirilib.    2013-cü il martın 7-də N!DA-nın üç üzvü (Ş.N., B.G. və M.Ə.) Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən saxlanılıb. Ş.N. və M.Ə.-nin tutulması və saxlanması...

Avropa İnsan Hüquqları Məhkəməsi 5 oktyabr 2023-cü ildə N!DA Vətəndaş Hərəkatının sabiq üzvləri Rəsad Həsənov, Üzeyir Məmmədli, Rəşadət Axundov və Zaur Qurbanlının Azərbaycana qarşı işləri üzrə qərarını elan edib.

 

Bu ərizələr qanunsuz silah saxlama və kütləvi iğtişaşlara görə ərizəçilərin cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlıdır.

 

Ərizəçilər və N!DA-nın digər üzvləri bir sıra dinc nümayişlərin təşkilində və keçirilməsində fəal iştirak ediblər. Azərbaycan ordusunda əsgərlərin qeyri-döyüş şəraitində həlak olmasına etiraz aksiyası 10 mart 2013-cü ildə keçirilib. 

 

2013-cü il martın 7-də N!DA-nın üç üzvü (Ş.N., B.G. və M.Ə.) Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən saxlanılıb. Ş.N. və M.Ə.-nin tutulması və saxlanması Məhkəmənin Əzizov və Novruzlu Azərbaycana qarşı (n. 65583/13 və 70106/13, 18 fevral 2021-ci il) qərarının predmeti olub.

 

2013-cü ilin martında müxtəlif tarixlərdə birinci, ikinci və üçüncü ərizəçilər, 1 aprel 2013-cü ildə isə dördüncü ərizəçi həbs edilərək Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə aparılıb. Onlara Cinayət Məcəlləsinin bir sıra maddələri ilə ittiham irəli sürülüb.

 

6 may 2014-cü ildə Bakı Ağır Cinayətlər Məhkəməsi ərizəçiləri bütün maddələr üzrə təqsirli bilib və müxtəlif müddətlərə azadlıqdan məhrumetmə cəzasına məhkum edib.

 

16 dekabr 2014-cü ildə Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.

 

Ali Məhkəmə 2 iyun 2015-ci ildə birinci və ikinci ərizəçilər, 15 oktyabr 2015-ci ildə isə üçüncü və dördüncü ərizəçilər barəsində apellyasiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.

 

Prezidnetin əfv fərmanı ilə 30 dekabr 2014-cü ildə ikinci və dördüncü ərizəçilər əfv olunaraq cəzalarının qalan hissəsini çəkməkdən azad ediliblər. 17 mart 2016-cı ildə isə birinci və üçüncü ərizəçilər əfv olunublar. 

 

Ərizəçilərin məhkəməyəqədər həbsi Məhkəmənin “Rəşad Həsənov və başqaları Azərbaycana qarşı” (№ 48653/13 və digər 3, 7 iyun 2018-ci il) işi üzrə qərarının predmeti olub və Konvensiyanın 5 və 18-ci maddələrinin pozuntusu tanınıb.

 

Ərizəçilər bu şikayətdə Konvensiyanın 6, 10 və 11-ci maddələrinə istinad edərək, uydurma və ya başqa cür etibarsız sübutlar əsasında məhkum olunduqlarından şikayət ediblər. Onlar iddia ediblər ki, həmin sübutlara effektiv etiraz etmək və öz xeyirlərinə sübutlar təqdim etmək imkanı verilməyib, daxili məhkəmə prosesləri zamanı müdafiələrini hazırlamaq üçün lazımi şərait yaradılmayıb; yerli məhkəmələr istinad edilən cinayətlərin bütün elementlərinin mövcudluğunu müəyyən edə bilməyiblər, onların həmçinin  əsaslandırılmış hökmə malik olmaq hüququ pozulub. 

 

Ərizəçilərin dediyinə görə, uydurma ittihamlarla məhkum edilmələrinin məqsədi,  onları ictimai fəallıqlarına, hökuməti tənqid etmələrinə və hökumət əleyhinə nümayişlər təşkil etmələrinə, xüsusən də 10 mart 2013-cü il aksiyasına görə cəzalandırmaq məqsədi daşıyıb. Birinci ərizəçi əlavə olaraq iddia edib ki, cinayət prosesinin məhkəməyəqədər mərhələsində onun öz seçdiyi vəkil vasitəsilə özünü müdafiə etmək hüququ pozulub. Üçüncü və dördüncü ərizəçilər həmçinin Konvensiyanın 6, 10 və 11-ci maddələri ilə birlikdə 18-ci maddəsinə istinad ediblər.

 

Hökumət bildirib ki, Konvensiyanın 37-ci maddəsinin 1 (b) bəndinə əsasən “məsələ həll edildiyi”  üçün  ərizəçilər Konvensiyanın 34-cü maddəsinin mənasına görə artıq “qurban” kimi qəbul edilə bilməz və bu səbəbdən ərizələr Məhkəmənin işlər siyahısından çıxarılmalıdır.

 

Hökumət daha sonra iddia edib ki, Ali Məhkəmənin Plenumunun 19 noyabr 2021-ci il tarixli qərarı ilə ərizəçilərin Konvensiya hüquqlarının pozulması etiraf edilib, onlara bəraət verilib və mənəvi ziyana görə kompensasiya təyin edilib. 

 

Məhkəmə ilk əvvəl ərizəçilərin qurban statusunu ümumiləşdirilmiş yeni hadisələr əsasında, xüsusən də ərizəçilərin məhkumluğunun ləğvi, onlara bəraət verilməsi və mənəvi təzminat təyin edilməsini nəzərə alaraq araşdırıb. 

 

Məhkəmə qeyd edib ki, əfv olunmazdan əvvəl birinci və üçüncü ərizəçinin hər biri təxminən üç il, ikinci və dördüncü ərizəçinin hər biri isə təxminən bir il doqquz ay həbs cəzası çəkib. Bundan başqa, Ali Məhkəmənin Plenumunun məhkumluğu ləğv etməsi və ərizəçilərə bəraət verməsi 19 noyabr 2021-ci il tarixinə qədər çəkib, yəni daha beş il səkkiz ay (ikinci və dördüncü ərizəçi) və təxminən yeddi il (birinci və üçüncü ərizəçi). Onlar həmin müddətdə hələ də cəmiyyətin gözündə təqsirli sayılırdılar.

 

Məhkəmə həmçinin qeyd edib ki, 19 noyabr 2021-ci il tarixli qərar qısa şəkildə əsaslandırılıb və ərizəçilərin hazırkı ərizələrdə qaldırılan şikayətlərinin əsasını təşkil edən Konvensiyanın hər hansı pozuntusunu açıq şəkildə etiraf etməyib. Plenum ərizəçilərin məhkumluğunu ədalətli məhkəmə araşdırması təminatlarının pozulmasına görə yox, “təqsirlərini sübut etmədiklərinə” görə ləğv edib. 

 

Eynilə, Plenum ərizəçilərə qarşı cinayət işinin onların ictimai fəallıqlarına, hökuməti tənqid etmələrinə və hökumət əleyhinə nümayişlər təşkil etmələrinə görə cəzalandırmaq və məhdudlaşdırmaq üçün uydurma olub-olmamasını araşdırmayıb.

 

Müvafiq olaraq, Məhkəmə belə nəticəyə gələ bilməz ki, Plenumun məhkumluğu ləğv etməsi və ərizəçilərə bəraət hökmü çıxarması onların məhkum edilməsinin Konvensiyanın 6, 10 və 11-ci maddələrində nəzərdə tutulmuş hüquqlarının pozulduğunun tanınmasına bərabərdir.

 

Milli hakimiyyət orqanlarının belə bir etiraf etmədiyi halda, Məhkəmə hesab edir ki, ərizəçilərə müəyyən kompensasiyalar verilsə belə, artıq “qurban” deyillər iddiası ilə o ərizəçilərin şikayətlərini qəbuledilməz elan edə bilməz.

 

Əvvəlcə məsələnin Konvensiyanın 37-ci maddəsinin 1 (b) bəndinin mənasında “həll edilmiş” hesab edilib-edilmədiyini nəzərə alaraq, Məhkəmə qeyd edib ki, ərizəçilərin məhkumluğu artıq heç bir hüquqi qüvvəyə malik deyil. Məhkəmə hazırkı ərizələrə mahiyyəti üzrə baxıb ərizəçilərin xeyrinə qərar versə belə, Nazirlər Komitəsinin qərarın icrasına nəzarəti ərizəçilərin işi üzrə icraatın yenidən açılması məqsədini həyata keçirə bilməzdi.

 

Bundan başqa, ərizəçilərə qanunsuz məhkum olunmaları nəticəsində dəymiş mənəvi ziyana görə kompensasiya ödənilib. Məhkəmə vurğulayıb ki, bu kompensasiya onların şikayətləri ilə bağlı pozuntular aşkar edilərsə,  tələb edə biləcəkləri hər hansı kompensasiyadan ayrılmazdır.

 

Məhkəmə hesab edib ki, milli səviyyədə mənəvi zərərə görə ərizəçilərə təyin edilmiş məbləğlər əsassız hesab edilə bilməz. 

 

Birinci və ikinci ərizəçilərin maddi ziyana görə hər hansı kompensasiya almadıqlarına dair etirazına gəldikdə, Məhkəmə qeyd edib ki, Plenum bu məsələni həll etməkdən imtina edərkən ərizəçilərin ayrıca mülki iddia üzrə şikayət verməklə belə kompensasiya tələb etmək hüququna xüsusi istinad edib. Üçüncü ərizəçi bu hüquqdan istifadə edib və ona dəymiş maddi ziyana görə kompensasiya ödənilib. Bununla belə, birinci və ikinci ərizəçilər bu hüquqdan istifadə edib-etmədikləri ilə bağlı Məhkəmə qarşısında heç bir təqdimat verməyiblər. Nəticə etibarı ilə, effektiv daxili təzminat mövcud olduğundan, ondan istifadə etdiklərini əsaslandırmaq birinci və ikinci ərizəçilərin məsuliyyəti idi. Bunu etməməklə, onlar Məhkəmə qarşısında maddi ziyan almadıqlarına dair əsaslı etiraz edə bilməzlər. 

 

Yuxarıdakıları nəzərə alaraq, belə çıxır ki, ərizəçilərin bilavasitə şikayət etdikləri hallar artıq qalmır və bu hallar hesabına Konvensiyanın hər hansı mümkün pozuntularının nəticələri kifayət qədər aradan qaldırılıb. 

 

Məhkəmə hesab edib ki, Konvensiyanın 37-ci maddəsinin 1 (b) bəndinin tətbiqi üçün hər iki şərt yerinə yetirilib, ərizəçilərin şikayətlərinə əsas verən məsələ 37-ci maddənin 1-ci bəndinin (b) mənasına uyğun olaraq “həll edilmiş” hesab edilə bilər. 

 

Məhkəmə heç bir xüsusi səbəb olmadığını əsas gətirərək Konvensiyanın 37-ci maddəsinin 1-ci bəndinə əsasən ərizələrin araşdırılmasını davam etdirməyi uyğun görməyib. 

 

Məhkəmə xüsusilə qeyd edib ki, o, artıq Azərbaycanla bağlı bir sıra işlərdə demək olar ki, eyni məsələlərə baxıb. Nəticədə Nazirlər Komitəsinin nəzarəti altında olan hər hansı ümumi tədbirlər ehtiyac olarsa artıq konkret ölkə mövcud olan presedent hüququ əsasında qəbul edilə bilər.

 

Yuxarıdakıları nəzərə alaraq, Məhkəmə hazırkı işlərin siyahıdan çıxarılmasını məqsədəuyğun hesab edib.

 

Məhkəmə  qərar verib ki, Hökumət 3 ay ərzində hər bir ərizəçiyə 1.000 (min) avro, üstəgəl hüquqi xərclər üçün onların nümayəndələrinin hər birinə 1.000 avro kompensasiya verməlidir. Həmçinin, Məhkəmə üçüncü və dördüncü ərizəçiyə müştərək olaraq 1,000 avro kompensasiya təyin edib.

 

Qərarın tam mətni ilə bu linkdən tanış olun. 


 

Rashad Zeynalabdin oglu HASANOV against Azerbaijan and 3 other applications  (Application no. 2059/16)

 


Share this article