Təqsirləndirilən şəxslə müdafiəçinin mövqeyi uzlaşmadıqda...
News
Konstitusiya Məhkəməsinin Plenumu Cinayət-Prosessual Məcəlləsinin (CPM) 92.16.3-cü maddəsində nəzərdə tutulan “müdafiəçinin cinayət prosesində iştirakını istisna edən hallar” müddəasının həmin Məcəllənin 19.6, 32, 92.10 və 114-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair qərar qəbul edib.
Qərar 9 oktyabr 2023-cü ildə qəbul edilib və 12 oktyabr 2023-cü ildə məhkəmənin saytında yerləşdirilib.
Həmin iş üzrə sorğunu Azərbaycan Respublikasının Prokurorluğu verib.
Sorğuda qeyd edilib ki, bəzi hallarda təqsirləndirilən şəxs irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməsə də, müdafiəçi ittiham üzrə cinayət əməlinin daha yüngül maddə ilə tövsif edilməsi və ya yüngülləşdirici halların yekun ittihamda nəzərə alınması məqsədilə cinayət təqibi orqanlarına vəsatətlər təqdim edir.
Məhkəmələr tərəfindən bəzən müdafiəçinin göstərilən prosessual hərəkətləri CPM-in 92.10-cu maddəsində sadalanan qadağan edilmiş hallarla əlaqələndirilərək və ya təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması kimi qiymətləndirilərək, cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilir.
CPM-in 303.3.1-ci maddəsinə əsasən, cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar təqsirləndirilən şəxsin müdafiə hüququnun kobud pozulmasına yol verildikdə çıxarılır.
Sorğuda göstərilib ki, Məcəllənin 92.10-cu maddəsində müdafiəçiyə müəyyən qadağalar təsbit edilib.
Prokurorluq Məhkəmədən iki məsələni şərh etməsini xahiş edib. Bunlar aşağıdakılardır:
- müdafiəçinin cinayət prosesində iştirakını istisna edən hallara hansı halların aid edilməsi (ona etiraz edilməli olan hallarla yanaşı, müdafiəçiyə qadağan olunmuş hərəkətləri də əhatə edib-etməməsi), eyni zamanda təqsirləndirilən şəxsin özünü təqsirli bilmədiyi ittiham üzrə müdafiəçinin cinayət əməlinin daha yüngül maddəyə tövsif edilməsinə dair müraciət etməsinin belə halların sırasına aid olub-olmaması;
- təqsirləndirilən şəxsin özünü təqsirli bilmədiyi ittiham üzrə cinayət əməlinin daha yüngül maddəyə tövsif edilməsinə dair müraciət etmiş müdafiəçinin kənarlaşdırılmasına dair müdafiə olunan şəxsin müvafiq vəsatəti və ya razılığı olmadığı halda, həmin müdafiəçinin icraatın sonrakı mərhələsində iştirakının müdafiə hüququnun kobud pozuntusu hesab edilib-edilməməsi.
Məhkəmə belə qənaətə gəlib ki, qanunverici CPM-in 114.1-ci maddəsində müdafiəçinin cinayət prosesində iştirakını istisna edən halları məhdud şəkildə müəyyən etməklə, bu halları müdafiəçiyə qadağan edilmiş hərəkətlərdən fərqləndirib.
Məcəllənin 92.10-cu maddəsi ilə nəzərdə tutulan müdafiəçiyə qadağan olunan hərəkətlər isə birbaşa şəxsin hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiəsi məqsədilə onlara yüksək keyfiyyətli hüquqi yardımın göstərilməsinin təmin olunmasına və müdafiə olunan şəxsin mənafeyinə zərər vuran hərəkətlərin aradan qaldırılmasına yönəlib.
CPM-in 114.4-cü maddəsinə əsasən, müdafiəçi və ya nümayəndə qismində təyin edilmiş şəxsin səriştəsinə və ya vicdanlı olmasına şübhə və ya digər səbəblər olduqda, müdafiə olunan, yaxud təmsil etdiyi şəxsin vəsatəti əsasında müdafiəçi və ya nümayəndə cinayət prosesindən kənarlaşdırılmalıdır.
Məcəllənin həmin maddəsi ilə müəyyən edilmiş müdafiəçinin kənarlaşdırılma əsasının qanunverici tərəfindən həmin Məcəllənin 114.1-ci maddəsindəki müdafiəçinin cinayət prosesində iştirakını istisna edən halların siyahısına daxil edilməməsi təsadüfi deyil və məhz bu iki institutun yuxarıda qeyd olunan fərqli hüquqi təbiətindən irəli gəlir.
Odur ki, Məcəllənin 92.10-cu maddəsi ilə müdafiəçiyə qadağan edilmiş hərəkətlər də məhz müdafiə olunan şəxsin mənafeyinin pozulmasına səbəb ola biləcəyindən, belə hərəkətlərə yol vermiş müdafiəçinin icraatdan kənarlaşdırılması məsələsi həmin Məcəllənin 114.4-cü maddəsinə uyğun olaraq həll edilməlidir.
Cinayət prosesini həyata keçirən orqanlara, xüsusilə də ittiham tərəfinə bu hüququn (qadağan olunmuş hərəkətlərə yol verildiyi halda müdafiəçinin prosesdən kənarlaşdırılması) verilməsi isə çəkişmə prinsipinin pozulmasına səbəb ola bilər.
Məhkəmə hesab edir ki, Məcəllənin 92.10.1-ci maddəsi ilə müdafiəçiyə qadağan edilmiş hərəkətlərin onun cinayət prosesində iştirakını istisna edən hal kimi qiymətləndirilməsi müdafiəçinin hər bir hərəkətinin cinayət prosesini həyata keçirən orqan tərəfindən şübhəli və ya təqsirləndirilən şəxsin mənafeyinə uyğun olub-olmaması baxımından müzakirə edilməsi və qiymətləndirilməsi imkanını yaratmaqla, bu orqanlara müdafiəçini prosesdən kənarlaşdırmağa geniş diskresion səlahiyyət yaradar.
Təqsirləndirilən şəxs özünü təqsirli bilməsə də, cinayət əməlinin daha yüngül maddəyə tövsif edilməsi və ya yüngülləşdirici halların yekun ittihamda nəzərə alınmasına dair vəsatət verən müdafiəçinin icraatın sonrakı mərhələsində iştirakının mümkünlüyü müdafiə olunan şəxs tərəfindən dəyərləndirilməli və yalnız onun vəsatəti əsasında CPM-in 114.4-cü maddəsi tətbiq edilməlidir.
Hüquqi yardım göstərilən şəxs, müdafiəçinin fərqli mövqeyini öz marağına və mənafeyinə zidd hesab etmirsə və onun prosesdən kənarlaşdırılması barədə vəsatət vermirsə, müdafiəçinin prosesin sonrakı mərhələlərində iştirakı müdafiə hüququnun kobud pozuntusu kimi qiymətləndirilə bilməz.
Ancaq bununla belə məhkəmə hesab edib ki, Konstitusiyanın 61-ci maddəsi ilə təsbit edilmiş şübhəli və ya təqsirləndirilən şəxsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun təmin edilməsi və Konvensiyanın 6-cı maddəsindən irəli gələn dövlətin üzərinə düşən pozitiv öhdəliklərinin yerinə yetirilməsi məqsədi ilə, müdafiə olunan şəxsin mövqeyi ilə müdafiəçinin mövqeyi uzlaşmadıqda, bu hal, cinayət prosesini həyata keçirən orqanlar tərəfindən dərhal müdafiə olunan şəxsin diqqətinə çatdırılmalı və ona həmin müdafiəçidən imtina etmək hüququ izah edilməlidir.
Qərarın tam mətni ilə bu linkdən tanış olun.
Konstitusiya Məhkəməsi Plenumu 09.10.23 AR Konstitusiyasının 26 və 61-ci maddələri baxımından AR CPM-nin 92.16.3-cü maddəsində nəzərdə tutulan “müdafiəçinin cinayət prosesində iştirakını istisna edən hallar” müddəasının əlaqəli şəkildə şərh edilməsinə dair qərarı , https://constcourt.gov.az/az/decision/1381