Ali Məhkəmənin Plenumu müvəqqəti xarakterli müdafiə tədbirlərinə dair qərar qəbul edib
Xəbərlər
Ali Məhkəmənin Plenumu yeni qərar qəbul edib. Qərar inzibati mübahisələrə baxılması zamanı məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqındadır.
Qərar sözügedən müdafiə tədbirləri ilə bağlı məhkəmə təcrübəsində qarşıya çıxan problemləri aradan qaldırmaq, bu sahədə hüquqi müdafiə mexanizmlərinin daha səmərəli və işlək olmasına nail olmaq, eləcə də hüquq tətbiqetmə təcrübəsinin vahidliyini təmin etmək məqsədinə xidmət edir.
Qərarda müvəqqəti xarakterli müdafiə tədbirlərinin anlayışı, bu tədbirin növləri, bu haqda ərizəyə baxan məhkəmələr, ərizəyə dair tələblər və əsas iddianın mümkünlüyü, ərizə vermək hüququna malik olan subyektlər, bu tədbirlərin tətbiqinə dair qərardaddan şikayət verilməsi, müvəqqəti xarakterli digər təminat tədbirləri və s. haqqında geniş bəhs edilir.
Qərarda qeyd edilir ki, məhkəmələrin vəzifəsi yalnız müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqi ilə bağlı ərizələrə dərhal baxmaq kimi dar mənada təfsir edilə bilməz. Onlar həm də inzibati məhkəmə icraatının ümumi prinsiplərinə riayət etməklə sözügedən ərizələr üzrə qanuni və əsaslı qərar qəbul etmək vəzifəsi daşıyırlar. Bundan başqa, müvəqqəti xarakterli müdafiə tədbirləri təcili tənzimləmə ehtiyacı ilə bağlı zərurətdən doğur. Ona görə də, məhkəmələr belə ərizələrə bir qayda olaraq dərhal deyil, təxirə salınmadan baxmaq vəzifəsi daşıyırlar. Məhkəmələr həmçinin nəzərə almalıdırlar ki, həmin ərizələrə təxirə salınmadan baxılmalı olduğuna dair tələb, mümkün olan ən qısa müddətlərdə baxılmanı nəzərdə tutur. Lakin tətbiq edilməsi tələb olunan tədbir işin halları baxımından təcili görülməlidirsə, eləcə də onun görülməməsi ərizəçiyə bərpası mümkünsüz və ya sonradan xeyli dərəcədə çətin olan zərər vura bilərsə, məhkəmə belə tədbiri dərhal tətbiq etməlidir.
Qərara əsasən müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqinə dair icraatda iddianın böyük ehtimalla uğurlu olub-olmadığı ilə bağlı qənaətə gəlmək üçün iddia icraatı zamanı mahiyyəti üzrə aparılan formaya uyğun araşdırma aparılmamalı, yalnız həmin anda mövcud olan və ilkin araşdırmanın nəticələrindən irəli gələn faktiki və hüquqi vəziyyətin qiymətləndirilməsinə əsaslanan yoxlama aparılmalıdır.
Qərarla daha ətraflı bu linkdən tanış olun.
“İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarı, 4 oktyabr, 2023, https://supremecourt.gov.az/storage/pages/1960/plenum-qerari-xeqani-muellim.pdf