logo

Azərbaycanda hüququn aliliyinin gücləndirilməsi və vətəndaşların maarifləndirilməsi üçün platforma

Parlamentin birinci oxunuşda təsdiq etdiyi Rəqabət Məcəlləsində nələr nəzərdə tutulur?

Xəbərlər
Parlamentin birinci oxunuşda təsdiq etdiyi Rəqabət Məcəlləsində nələr nəzərdə tutulur?

2 oktyabr 2023-cü ildə Rəqabət Məcəlləsi Milli Məclis tərəfindən birinci oxunuşda təsdiqlənib.   Ümumilikdə Məcəllə 12 fəsildən və 84 maddədən ibarətidir.

“Tribunat” Məcəllənin mətnində yer alan bir sıra vacib məsələləri təqdim edir.

Məcəllənin 1-ci maddəsində əsas anlayışların izahı verilir. Həmin anlayışlardan biri haqsız rəqabət adlanır. Bu anlayışa görə, müvafiq bazarda üstünlük əldə etmək məqsədilə təsərrüfat subyektinin qanunvericiliyə və işgüzar ənənələrə zidd olan, habelə ədalətsiz üsullardan istifadə etməklə rəqib təsərrüfat subyektinə zərər vuran  və ya onların işgüzar nüfuzuna xələl gətirən hərəkətləri haqsız rəqabət hesab edilir.  

Qiymət manipulyasiyası hökmran mövqe tutmuş təsərrüfat subyekti tərəfindən rəqabətin məhdudlaşdırılması məqsədilə həyata keçirilən və ya rəqabət qanunvericiliyini pozmaqla qiymətlərin azaldılması, bir səviyyədə saxlanılması və yüksəldilməsindən ibarət hərəkətlərdir.

Rəqabətin məhdudlaşdırılması isə rəqabətin qarşısını alan, aradan qaldıran və ya ona məhdudiyyətlər qoymaq məqsədi daşıyan, belə nəticələrə səbəb olan, yaxud belə nəticələrə səbəb ola bilən sazişlərin bağlanması, hərəkətlərin edilməsi, qərarların qəbul edilməsi, hökmran mövqedən sui-istifadə və bu kimi digər hərəkətlərin həyata keçirilməsidir.

Rəqabət siyasətinin prinsiplərindən biri iqtisadiyyatın inhisarsızlaşdırılması və rəqabətin stimullaşdırılmasıdır.

Məcəllə iqtisadiyyatın bütün sahələrində fəaliyyət göstərən təsərrüfat subyektlərinin öz aralarında, onlarla dövlət orqanları, yerli özünüidarəetmə orqanları, tənzimləyici qurumlar və digər subyektlər, habelə müştərilər arasında yaranan və rəqabətə təsir edən münasibətləri tənzimləyir.

8-ci maddədə qeyd olunub ki, Rəqabət orqanının qəbul etdiyi qərarlar bütün bazar subyektləri üçün məcburidir. 10-cu maddədə Maraqlar toqquşması halları qeyd olunub və 10.1-ci maddə Rəqabət orqanında vəzifəli şəxslərin Dövlət qulluçularının etik davranış qaydaları haqqında” Qanuna əməl etmələrini tələb edir.

11-ci maddə rəqabəti məhdudlaşdıran üfüqi sazişləri müəyyənləşdirdiyi halda, Məcəllənin 15.2.-ci maddəsi  hökmran mövqe hesab olunan halları sadalayır. Hər biri 10 faizdən çox bazar payına malik olan 2 (iki) və daha çox təsərrüfat subyekti (ən çox paya malik olanlar əsas götürülməklə) aşağıdakı hallarda birgə hökmran mövqe tutmuş hesab edilirlər: 

- iki və ya üç təsərrüfat subyektinin birgə bazar payı 50 faizdən çox olduqda;

- dörd və ya beş təsərrüfat subyektinin birgə bazar payı 70 faizdən çox olduqda.

Təsərrüfat subyektlərinin təkbaşına və ya birgə hökmran mövqedən rəqabətin məhdudlaşdırılmasına səbəb olan (və ya ola bilən) sui-istifadə halları qadağan edilir.

Məcəllənin 19-cu maddəsi haqsız rəqabət formalarını (müştərilərə qarşı aqressiv davranış; rəqib təsərrüfat subyektinin nüfuzdan salınması; rəqibin təsərrüfat fəaliyyətinin təqlidi; müştərilərin çaşdırılması və aldadılması; kommersiya sirrinin qanunsuz əldə edilməsi, istifadəsi və ya yayılması), 33-cü maddəsi dövlət qurumlarının, yerli özünüidarəetmə orqanlarının, habelə tənzimləyici qurumların rəqabət qanunvericiliyinə zidd olan hərəkətlərini (hərəkətsizliyini), 36-cı maddəsi təbii inhisar sahələrini, 42-ci maddəsi dövlət nəzarəti və onun metodlarını müəyyənləşdirir.

61-ci maddə Rəqabət komissiyası tərəfindən işə baxılmasını tənzimləyir. Həmin normaya əsasən Rəqabət orqanı tərəfindən aparılan araşdırmalar və yoxlamalar zamanı bazar subyektləri tərəfindən rəqabət qanunvericiliyinin pozulması əlamətlərinin müəyyən edilməsi həmin subyektlər barəsində iş qaldırılması üçün əsasdır. Rəqabət qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılması Rəqabət komissiyasının qərarı əsasında həyata keçirilir. Qərar 5 (beş) iş günü müddətində işin tərəflərinə təqdim olunur.  

Rəqabət komissiyasında baxılan işin tərəfləri aşağıdakılardır: ərizəçi; cavabdeh; maraqlı tərəflər.

Məcəllənin 71-ci maddəsinə əsasən qanun pozuntusuna yol vermiş bazar subyektlərinə  Rəqabət komissiyasının yekun qərarı əsasında həmin pozuntuların aradan qaldırılması və qərarda icrası zəruri hesab edilən digər hərəkətlərin yerinə yetirilməsi barədə icrası məcburi göstəriş verilir. 77-ci maddəyə əsasən isə qanun pozuntularına yol vermiş təsərrüfat subyektinə qərarın verildiyi ildən əvvəlki maliyyə ilində həmin təsərrüfat subyektinin ümumi dövriyyəsinin 3 faizinə qədər məbləğdə maliyyə sanksiyası tətbiq edilir.

Məcəllənin 82-ci maddəsinə görə, rəqabət qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb etmə müddəti bir sıra pozuntulara görə 3 (üç) il, digər pozuntulara görə isə 5 (beş) il təşkil edir. 

Maraqlı şəxslər hüquqlarını və qanunla qorunan mənafelərini müdafiə etmək məqsədilə Rəqabət orqanının, onun vəzifəli şəxslərinin qərarlarından, göstərişlərindən, hərəkətlərindən və ya hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət vermək hüququna malikdirlər.

Rəqabət Məcəlləsinin layihəsinin tam mətni ilə bu linkdən tanış ola bilərsiniz.

“Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 70.3-cü maddəsinə əsasən,  Milli Məclisdə Azərbaycan Respublikası Prezidentinin təqdimatı ilə Azərbaycan Respublikası diplomatik nümayəndəliklərinin təsis edilməsi, inzibati ərazi bölgüsü, dövlət təltifləri, dövlətlərarası və Azərbaycan Respublikasının qanunlarından fərqli qaydalar nəzərdə tutan hökumətlərarası müqavilələrin təsdiq və ləğv edilməsi barədə, uyğunlaşdırma məqsədi ilə hazırlanmış, həmçinin ad və digər texniki xarakter daşıyan dəyişiklikləri (müddət, məbləğ, yaş senzi ilə bağlı, həmçinin subyektlərin hüquqi vəziyyətinə təsir edən, hüquq məsuliyyətini yaradan və ya aradan qaldıran, yüngülləşdirən və ya ağırlaşdıran dəyişikliklər istisna olmaqla) nəzərdə tutan qanun layihələrinə bir oxunuşda, digər qanun layihələrinə, həmçinin Konstitusiya qanunu layihələrinə isə üç oxunuşda baxılır.

Milli Məclisin 2023-cü il payız sessiyasında ilk plenar iclası keçirilib, https://www.meclis.gov.az/news.php?id=5044&lang=az

AZƏRBAYCAN RESPUBLİKASININ RƏQABƏT MƏCƏLLƏSİ, https://www.meclis.gov.az/news-layihe.php?id=2129&lang=az&par=0

“Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanunu,

4 Oktyabr, 2023