Azərbaycanda ömürlük məhbusların ümid hüququ: İşlək olmayan məhkəmə mexanizmi və əfvə qalan ümid Analiz

Azərbaycanda ömürlük məhbusların ümid hüququ: İşlək olmayan məhkəmə mexanizmi və əfvə qalan ümid

20 Avqust, 2025
94 baxış
Roman-german hüquq sisteminə daxil olan ölkələrdən biri kimi Azərbaycanın cinayət hüququ sistemində ən ağır cəza tədbiri ömürlük azadlıqdan məhrum etmə hesab edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 57-ci maddəsinə əsasən, bu cəza növü “yalnız sülh və insanlıq əleyhinə, müharibə cinayətləri ilə əlaqədar, şəxsiyyət, ictimai təhlükəsizlik və ictimai qayda və dövlət hakimiyyəti əleyhinə törədilmiş xüsusilə ağır cinayətlərə” tətbiq edilir. Ömürlük azadlıqdan məhrum etmə cəzasının tətbiqinin problematik aspektlərindən biri cəzanın məqsədinə nail olunması məsələsidir. CM-in 41-ci maddəsinə əsasən cəzanın əsas məqsədlərindən biri məhkumların islah edilməsidir. Lakin ömürlük azadlıqdan məhrum etmə kontekstində belə bir təbii sual yaranır: İslah olunmaya görə məhkumlar...

Roman-german hüquq sisteminə daxil olan ölkələrdən biri kimi Azərbaycanın cinayət hüququ sistemində ən ağır cəza tədbiri ömürlük azadlıqdan məhrum etmə hesab edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 57-ci maddəsinə əsasən, bu cəza növü “yalnız sülh və insanlıq əleyhinə, müharibə cinayətləri ilə əlaqədar, şəxsiyyət, ictimai təhlükəsizlik və ictimai qayda və dövlət hakimiyyəti əleyhinə törədilmiş xüsusilə ağır cinayətlərə” tətbiq edilir. Ömürlük azadlıqdan məhrum etmə cəzasının tətbiqinin problematik aspektlərindən biri cəzanın məqsədinə nail olunması məsələsidir. CM-in 41-ci maddəsinə əsasən cəzanın əsas məqsədlərindən biri məhkumların islah edilməsidir. Lakin ömürlük azadlıqdan məhrum etmə kontekstində belə bir təbii sual yaranır: İslah olunmaya görə məhkumlar necə mükafatlandırıla bilərlər? Son illər Avropa insan hüquqları sistemində bu suala cavabı “ümid hüququ” prizmasından təhlil edirlər.

“Tribunat” bu yazıda “ümid hüququ”nu Azərbaycan cinayət hüququ sistemi kontekstində araşdırıb.

300-dən çox ömürlük məhkum

2023-cü ilin statistikasına əsasən, ölkədə 297 nəfər ömürlük azadlıqdan məhrum etmə cəzasını çəkir. 2024-cü ildə bu cür cəza tədbiri 10 nəfər təqsirləndirilən şəxsə qarşı tətbiq edilib. Birlikdə hesabladıqda hazırda azadlıqdan ömürlük məhrum edilmiş şəxslərin sayı  307-ə bərabər olur. Hazırda ölkədə ömürlük azadlıqdan məhrum edilən məhkumların sayının bu qədər çox olmasının səbəblərindən biri də 1998-ci ilin fevralın 10-da Azərbaycanda ölüm hökmünün ləğv edilməsidir. 

“Ümid hüququ” nədir?

Bəs “ümid hüququ” nədir? İlk dəfə ümid hüququnun əsasını qoyacaq formuldan Avropa İnsan Hüquqları Məhkəməsi (bundan sonra AİHM) 2013-cü ildə Vinter və digərləri Birləşmiş Krallığa qarşı işində istifadə edib. Bu iş üzrə ərizəçilər onlara verilən ömürlük azadlıqdan məhrum edilmə cəzasının Avropa İnsan Hüquqları Konvensiyasının (bundan sonra AİHK) 3-cü maddəsinin, yəni işgəncələrin qadağan olunmasının pozuntusu olduğunu iddia edib. AİHM ilkin olaraq qeyd edib ki, “kobudcasına qeyri-mütənasib” cəza şəxsin hüququnu pozmuş olacaqdır (§102). Məhkəmə daha sonra bildirib ki, cinayət cəzasının islah etmə funksiyası məhkumun törətdiyi əmələ görə peşman olaraq reabilitasiya olunmasını nəzərdə tutur. Məhkumun ömürlük cəzasını nəzərə alaraq azadlığa çıxması ilə bağlı ümidləri olmadıqda bu funksiya itir. Məhkəmə bu nəticəyə gəlmək üçün öz təcrübəsinə, penitensiar tənzimləmələrə aid regional və beynəlxalq tövsiyə xarakterli sənədlərə və Alman Federal Konstitusiya Məhkəməsinin ömürlük azadlıqdan məhrum etmə cəzasına dair 1977-ci il tarixli Qərarına istinad edib (§111-114). Bu işə baxan Böyük Palatanın hakimi Pauer-Ford yekdil rəyində Məhkəmənin bu cür yanaşmasını “ümid hüququ” adlandırıb. Nəticədə, AİHM bu işdə 3-cü maddənin pozuntusunu tanıyıb.

Vinter və digərləri işində Məhkəmənin mövqeyi hüquq sisteminə yenilik gətirsə də, bu hüququn “konturları” müzakirəyə açıqdır. Məsələn, AİHM Matioşaitiş və digərləri Litvaya qarşı işində azadlığa çıxmaq imkanı olmadığı halda ömürlük məhkumluğun AİHK-in 3-cü maddəsinin pozuntusu olmasını tanısa da, Hatçinson Birləşmiş Krallığa qarşı işində Hökumətin ömürlük məhkumların işində azadlığa çıxmağa dair minimal qarantiyaları verdiyi halda 3-cü maddənin pozuntusunun olmadığı qərarına gəlib. Bu məqam bəzi rəyçilərdə ümid hüququnun tətbiqi və uyğunluğu barədə suallar doğurub.

Azərbaycanda ümid hüququ: Məhkəmə qaydasında cəzanın yüngülləşdirilməsi və əfvetmə

Bəs Azərbaycanda “ümid hüququ”nun tətbiqi üçün hüquqi mexanizmlər nə yerdədir? Yuxarıda adı çəkilən işlərdən fərqli olaraq, Azərbaycan qanunvericiliyində bununla bağlı aydın prosedurlar mövcuddur. CM-in 57.3-cü maddəsinə əsasən, məhkəmə ömürlük azadlıqdan məhrum edilmiş məhkumun cəzasını müəyyən müddətə azadlıqdan məhrum etmə ilə əvəz edə və ya onu bu cəzadan şərti olaraq vaxtından əvvəl azad edə bilər. 57.4-cü maddəyə əsasən isə, müəyyən müddətə azadlıqdan məhrum etmə dedikdə, on ilədək müddət nəzərdə tutulur. Məhkəmə bu səlahiyyətini həyata keçirərkən aşağıdakı kriteriyaları nəzərə almalıdır:

  1. Məhkum cəzasının ən azı iyirmi beş ilini həqiqətən çəkməlidir;
  2. Həmin müddətdə qəsdən cinayət törətməməlidir;
  3. Məhkəmə məhkumun ömürlük cəzanı çəkməsinin daha lüzumlu olmadığının qənaətinə gəlməlidir.

Bu üç əsasdan əlavə CM-in 76.4-1-ci maddəsinə əsasən, ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxsin cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi zamanı onun cəza çəkdiyi dövrün son beş ili ərzində cəzanın çəkilməsi qaydalarına əməl etməsi halları nəzərə alınır. 

CM-in 57.3-cü maddəsində nəzərdə tutulan kriteriyaların 2-i (cəzanın 25 ilini çəkmək və həmin müddətdə qəsdən yeni cinayət törətməmək) birmənalı olsa da, 3-cü kriteriya - məhkəmənin məhkumun ömürlük cəzanı çəkməsinin daha lüzumlu olmadığının qənaətinə gəlməsi subyektiv mülahizələrə açıqdır və istənilən cür şərh edilə bilər.

Bu isə sözügedən mexanizmin tətbiqi ilə bağlı problematik məqam kimi görünür. Həm Konstitusiya Məhkəməsinin, həm də Ali Məhkəmənin Plenumu ömürlük azadlıqdan məhrum edilmənin tətbiqi ilə bağlı qərarlar qəbul edib. Lakin bu qərarlarda qeyd edilən məhkəmə instansiyaları “lüzumluluq” kimi əhəmiyyətli elementin müzakirəsini aparmayıb.

Hələ 2011-ci ildə Prison Reform International təşkilatı ömürlük azadlıqdan məhrum etmə haqqında bəzi tövsiyələrini bölüşüb. Bu tövsiyələrə məhkumların məişət şəraitinin yaxşılaşdırılmasından əlavə aşağıdakılar daxildir:

  1. Ölüm cəzası ömürlük azadlıqdan məhrum edilmə cəzası ilə əvəz edilmiş cinayət işlərinə yenidən və hərtərəfli baxış keçirmək;
  2. Şərti olaraq azadlığa çxımaq mexanizmini məhkumlar üçün daha çevik və şəffaf edərək bütün prosedurların qanunvericilikdə açıq şəkildə qeyd olunmasına nail olmaq;
  3. Ömürlük məhkumların ədalət mühakiməsinə tam çıxışını təmin etmək;
  4. Vəsatət və digər prosessual sənədlərin tərtib olunması üçün məhkumların şəxsi işlərinə çıxışını təmin etmək.

“Lüzumluluq” kriteriyasına dair qanunvericilik və yerli məhkəmə təcrübəsində formlaşmış təcrübənin olmaması məhkumların hüquqlarının potensial pozuntusuna gətirib çıxara bilər.

Əfvlə azadlığa çıxan “ömürlüklər”

Ömürlük məhkumların ixtiyarında olan digər mexanizm isə əfvetmə ilə əlaqədardır. Konstitusiyanın 109-cu və CM-in 82-ci maddələri əfvetməni Prezidentin müstəsna səlahiyyətinə aid edir. CM-in 82-ci maddəsinə əsasən, bu cəza əfv qaydasında iyirmi beş ildən çox olmayan müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilə bilər. Prezident Fərmanı ilə təsdiq edilmiş “Əfvetmə haqqında” Əsasnaməyə görə, məhkumlar bu cür cəzanın on ilini çəkəndən sonra əfvetmə ilə bağlı müraciət edə bilər. Əsasnaməyə görə, müraciətlərin baxışı ilə məşğul olan Prezidentin yanında Əfv Məsələləri Komissiyasının ömürlük məhkumun əfv edilməsi üçün digər məsələlərdən fərqli olaraq sadə səs çoxluğu ilə deyil, ixtisaslı səs çoxluğu ilə (üçdə-iki) qərar verməsi lazımdır. 

Açıq informasiya ehtiyatlarında 1997-ci ildən başlayaraq indiyədək əfv sərəncamlarında 26 nəfər ömürlük məhkum edilənin adı yer alıb. Bu məhkumların siyahısında Daxili İşlər Nazirliyinin sabiq baş əməliyyat müvəkkili, adam oğurluğu və çoxsaylı qətllərdə təqsirləndirilən və ömürlük azadlıqdan məhrum edilmiş Hacı Məmmədovun cinayət işində adı keçən sabiq nazir müavini Zakir Nəsirov, həmin nazirliyin Baş Cinayət Axtarış İdarəsinin keçmiş şöbə rəisi Kamil Sədrəddinov, 2004-cü ildə Macarıstanda erməni leytenantını qətlə yetirmiş, əfvinin nəticəsində diplomatik skandal və AİHM-in Azərbaycanın AİHK-in 2-ci və 14-cü maddələrinin pozuntusunu tanıyan işə səbəb olmuş Ramil Səfərovun adları yer alır.

“Ümid hüququ”na dair AİHM-in məhkəmə təcrübəsində əfv məsələlərinə toxunan yanaşma mövcuddur. Harakçiyev və Tolumov Bolqarıstana qarşı işində Məhkəmə Prezidentin səlahiyyətində olan əfvetmə məsələlərində ömürlük azadlıqdan məhrum edilmiş məhkumların azadlığa çıxmaları barədə aydın prosedurun olmamasını AİHK-in 3-cü maddəsinin pozuntusu kimi tanıyıb. 

Ömürlük azadlıqdan məhrum etmə cəzasının tətbiqi ilə bağlı Cinayət-Prosessual Məcəllədə (bundan sonra CPM) müəyyən standartlar və qarantiyalar mövcuddur. Məcəllənin 347.4-cü maddəsinə əsasən, məhkəmə hökmü ilə bağlı qərarlar sadə səs çoxluğu ilə qəbul edildiyi halda ömürlük azadlıqdan məhrum etmənin tətbiq edilməsi yalnız yekdil qərar ilə mümkündür. 356.6-cı maddəyə əsasən isə, bu cəza tətbiq edildikdə məhkuma əfv haqqında vəsatət qaldırmaq hüququ izah edilməlidir. CPM-in 513-cü maddəsinə əsasən, ömürlük azadlıqdan məhrum edilmiş məhkumlar şərti olaraq vaxtından əvvəl azad etmə və cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza ilə əvəz edilməsi ilə bağlı müraciətlərinə məhkəmənin imtina qərarından azı 1 il keçdikdən sonra təkrar ərizə verə bilərlər. Yerli qanunvericilikdə ömürlük azadlıqdan məhrum edilmiş şəxslərin cəza çəkməkdən şərti olaraq vaxtından əvvəl azad etmə və cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza ilə əvəz etmə hüququ tanınsa da, bu hüququn icrasına dair mexanizmin işlək olmaması AİHK-in 3-cü maddəsi çərçivəsində məsələ qaldıra bilər. Bu barədə məlumatlar cəmiyyətə açıqlanmasa da, yerli medianın ötəri monitorinqi belə ömürlük məhbusların cəzalarının prosessual qaydada azaldılması halının baş vermədiyini deməyə əsas verir.

Ömürlük siyasi məhbuslar

Sülh və Demokratiya İnstitutunun vaxtaşırı dərc etdiyi və yenilədiyi siyasi məhbus hesab edilən şəxslərin siyahısının 2025-ci il üçün son redaksiyasında 13 nəfər ömürlük məhbusun adı yer alır. Bölgüyə əsasən, 1 məhkum “Tərtər işi”nə, 6 nəfər “OMON işi”nə, 4 nəfər “Qaranquş” hərbi dəstəsinin cinayət işinə, 2 nəfər isə “Surət Hüseynov işi”nə görə ömürlük cəza alıblar. “Tərtər işi”nə görə ömürlük cəza almış Elşad Qasımovdan savayı, digər şəxslər ömürlük cəzanı ölüm cəzasının ləğvinin nəticəsində alıblar.

2020-ci ilin siyahısında bu say 14 nəfər idi. Azalma siyahıda adı keçən “Surət Hüseynov işi”nin fiqurantı Elşad Mustafayevin ölümü ilə əlaqədardır. Spesifik olaraq, “OMON işi” üzrə məhbusların cəzalarının yüngülləşdirilməsi ilə bağlı uzun müddətdir ki, ictimai kampaniya aparılır. Kampaniya özlüyündə hüquq müdafiəçilərinin müraciətləri, Əfv Komissiyasına müraciətlər, məhbusların aclıq aksiyası və s.-lə müşayiət edilib. Məhbuslar, habelə, prosessual qaydada cəzalarının yüngülləşdirilməsi üçün müraciət etmələrinə baxmayaraq, yerli məhkəmələr ərizənin icraata götürülməsindən imtina edib. Təhlil edilən və siyahıda ömürlük məhbuslara rast gəlinən əfv siyahılarında siyasi məhbus hesab edilən şəxslərin adlarının olmaması onların “ümid hüququ”nun pozulmasını daha qabarıq şəkildə nümayiş etdirir.

Nəticə:

Ömürlük azadlıqdan məhrum edilmiş məhkumların həm prosessual qaydada, həm əfvetmə ilə “ümid hüququ”nun tətbiq edilməsinə dair praktikada problemli məqamlar mövcuddur. Hüquq müdafiəçilərinin bildirdiklərinə görə, ömürlük məhkumların əfv olunması və məhkəməyə müraciəti ilə bağlı ciddi problemlər mövcuddur. Ömürlük məhkumların cəzalarının yüngülləşdirilməsi və azadlığa çıxmaları ilə bağlı məhkəmə yolu iləəfvetmə qaydasında müraciətlərin edilməsinə baxmayaraq, “ümid hüququ”nun tətbiq edilməsinə dair kompleks tədbirlərin görülməsinə ehtiyac duyulur. Mediada yayılan məlumatlara əsasən, uzun müddət ömürlük cəzalarını çəkən məhkumların məhkəmə qaydasında cəzalarının yüngülləşdirilməsi üçün müraciət etməsinə dair keyslər mövcuddur. Bu cür keyslərin sayının çox olmamasına baxmayaraq, yayılan məlumatlardan belə ərizələrin məhkəmə tərəfindən təmin edilmədiyi təəssüratı yaranır. Bu isə onu deməyə əsas verir ki, prosessual mexanizmlə  müqayisədə ümid hüququnun təmin edilməsi nisbətən əfvetmə prizmasından daha effektivdir - məhkumların prosedural hüquqlarının təmin olunmasına dair geniş praktika mövcud deyil.

“Tribunat” bu qənaətə gəlir ki, Azərbaycanda “ümid hüququ”nun tətbiq olunmasına dair hüquqi mexanizmlər mövcud olsa da, qanunvericilikdə və məhkəmə təcrübəsində mövcud olan çatışmazlıqlar ömürlük azadlıqdan məhrum edilmiş şəxslərin problemini gündəmdə saxlamağa əsas verir. İnkişaf edən insan hüquqları sistemində “ümid hüququ” kimi yenilikləri izləmək üçün çevik qanunvericilik, şəffaf məhkəmə sistemi və dinamik vətəndaş cəmiyyəti mövcud olmalıdır. Ömürlük məhkum edilmiş şəxslərin azadlığa çıxmaqla bağlı ümidlərinin puç olması onların reabilitasiyasına dair suallar doğurur və cinayət-cəza sisteminin əsas məqsədlərinə nail olunmasını şübhə altına qoyur. AİHM-in formalaşmış təcrübəsinin inteqrasiya edilməməsi ömürlük məhkumların hüquqlarının pozuntusuna gətirib çıxara bilər.
 

Azərbaycan Respublikası Cinayət Məcəlləsi; https://e-qanun.az/framework/46947 

Azərbaycanda 300-ə yaxın ömürlük məhbus var; https://modern.az/olke/492827/azerbaycanda-300-e-yaxin-murluk-mehbus-var-achiqlama 

Azərbaycanda ömürlük məhkumların sayı artıb; https://azxeber.com/az/azerbaycanda-murluk-mehkumlarin-sayi-artib-statistika/sosial 

Vinter və digərləri Birləşmiş Krallığa qarşı; https://hudoc.echr.coe.int/eng?i=001-122664 

Avropa İnsan Hüquqları Konvensiyası; https://www.coe.int/az/web/compass/the-european-convention-on-human-rights-and-its-protocols 

Alman Federal Konstitusiya Məhkəməsinin 21 iyun, 1977-ci il tarixli Qərarı; https://www.bundesverfassungsgericht.de/SharedDocs/Entscheidungen/EN/1977/06/ls19770621_1bvl001476en.html 

Matioşaitiş və digərləri Litvaya qarşı; https://hudoc.echr.coe.int/eng?i=001-173623 

Hatçinson Birləşmiş Krallığa qarşı; https://hudoc.echr.coe.int/eng?i=001-170347 

Is there Hope for the Right to Hope? https://verfassungsblog.de/is-there-hope-for-the-right-to-hope/#:~:text=A%20disappointing%20Chamber%20judgment%20in,a%20very%20thin%20legal%20foundation.

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi; https://e-qanun.az/framework/46950  

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Qərarı; https://www.constcourt.gov.az/en/decision/1120 

Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarı; https://supremecourt.gov.az/az/media/xeberler/qesden-adam-oldurme-isleri-uzre-mehkeme-tecrubesi-haqqinda-149 

Prison Reform International, National Conference: Life Imprisonment in Azerbaijan Recommendations of the conference participants; https://cdn.penalreform.org/wp-content/uploads/2013/05/July2011-Recommendations-from-Azerbaijan-workshop-on-Life-Imprisonment.pdf 

“Əfvetmə haqqında” Əsasnamə, https://e-qanun.az/framework/4386 

Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı; https://e-qanun.az/framework/32098 

Daxili işlər nazirinin sabiq müavini Zakir Nəsirovun cəzası ömürlükdən 15 illik həbslə əvəzlənib; https://apa.az/energy-and-industry/azerbaijan-and-uk-discuss-preparations-for-upcoming-intergovernmental-commission-meeting-464836 

Məhkəmə Kamil Sədrəddinovla bağlı QƏRAR VERDİ - 20 il həbsdə qalacaq; https://musavat.com/news/haci-memmedovun-sabiq-reisi-gune-gun-hebsde-qalacaq-kamil-sedreddinov-tam-20-ili-hebsde-qalacaq_1072456.html 

Azeri killer Ramil Safarov: Nato chief “concerned”; https://www.bbc.com/news/world-europe-19499151

Makuchyan and Minasyan v. Azerbaijan and Hungary; https://hudoc.echr.coe.int/eng?i=001-202524  

R. S. Səfərovun əfv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı; https://president.az/az/articles/view/5596 

Harakçiyev və Tolumov Bolqarıstana qarşı; https://hudoc.echr.coe.int/fre?i=001-145442 

Sülh və Demokratiya İnstitutu, Siyasi məhbusların siyahısı, 9 iyun 2025-ci il; https://www.ipd-az.org/wp-content/uploads/2025/06/prisoners9jun2025-1.pdf 

Sülh və Demokratiya İnstitutu, Siyasi məhbusların siyahısı, 10 avqust 2020-ci il; https://www.ipd-az.org/ru/political-prisoners-for-10-august-2020

Surət Hüseynova görə tutulan şəxs həbsdə öldü; https://oxu.az/cemiyyet/suret-huseynova-gore-tutulan-sexs-hebsde-oldu  

Ömürlük həbs cəzası alan “OMON”çu komandir aclığa başlayır; https://musavat.com/news/omurluk-hebs-cezasi-alan-omon-cu-komandir-acliq-aksiyasina-baslayir_441325.html 

Ömürlük məhbuslar 20 ildir həbsxanadadırlar; https://sherg.az/arxiv/38436 

Ömürlük həbs cəzası alan “OMON”çu komandir aclığa başlayır; https://interpress.az/71100-mrlk-hbs-czas-alan-omonu-komandir-aclq-aksiyasna-balayr.html 

Ömürlük məhbuslar çoxdan əfv olunmalı idi; https://pravda.az/news/4957 

23 ildir həbsdə olan məşhuq qardaşlar azadlıq istədi - məhkəmə yox dedi; https://azxeber.com/az/23-ildir-hebsde-olan-meshur-qardaslar-azadliq-istedi-hakim-yox-dedi/sosial/test 

Keçmiş OMON-çular da Prezidentdən əfv istəyir; https://modern.az/az/news/345901 

Ömürlük həbsə məhkum olunanların problemi kompleks həllini tapmalıdır; https://www.azadliq.info/2022/11/07/ədalətsiz-olaraq-omurluk-həbsə-məhkum-olunanlarin-problemi-kompleks-həllini-tapmalidir 

Ömürlük məhkum məhkəməyə müraciət etdi - SƏBƏB; https://demokrat.az/az/news/161436/omurluk-mehkum-mehkemeye-muraciet-etdi-sebeb 

Ömürlük məhkumları məhkəməyə müraciət edib; https://apa.az/incident/omurluk-mehkumlar-mehkemeye-muraciet-edib-773801 

Məhkəmə DİN-in şöbə rəisi olmuş ömürlük məhkumla bağlı qərar verib; https://ikisahil.az/post/520687-mehkeme-din-in-shobe-reisi-olmush-omurluk-mehkumla-bagli-qerar-verib


Məqaləni paylaş