Cinayət işinin başlanılmasının rədd qərarının qurbana verilməməsinin yaratdığı pozuntular
Analiz
Siyasi məhbus Polad Aslanovun həyat yoldaşı bildirib ki, Aslanovun Bakı İstintaq Təcridxanasında məruz qaldığı işgəncə işi ilə bağlı qərarın (söhbət güman ki, cinayət işinin başlanmasının rədd edilməsi haqda qərardan gedir- red.) surəti ona və vəkilinə verilmir: “Bütün işlərdə xitamla bağlı qərarları ona görə vermirlər ki, Polad qərardan yerli və Avropa məhkəməsinə müraciətlər edə bilməsin. Polad özünümüdafiə hüququndan məhrum olunur”.
Bu hadisənin istintaq orqanlarının praktikasında geniş yayıldığını nəzərə alıb, “Tribunat” mövzunu analiz edib.
Azərbaycanın Cinayət Məcəlləsi dövlət orqanının vəzifəli şəxsi tərəfindən, yaxud onun təhriki və ya razılığı ilə, yaxud o, xəbərdar olduğu halda başqa şəxslər tərəfindən işgəncə verməyi cinayət əməli hesab edir (293-cü maddə).
“Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Qanun isə həbs edilmiş şəxslərin pis rəftar haqda şikayətlərinin araşdırma aparılması üçün dərhal ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməli olduğunu təsbit edir (22.3-cü maddə).
Şəxsin işgəncəyə məruz qalması ilə bağlı özü, müdafiəçisi, qanuni nümayəndəsi, hüquq və azadlığı pozulan digər şəxslər məhkəməyə şikayət etmək hüququna malikdirlər (Cinayət-Prosessual Məcəllə, 449.3, 44.3.4-cü maddələr).
Adıçəkilən Məcəllənin tələbinə əsasən isə cinayət işinin başlanması üçün əsas olmadıqda təhqiqatçı, müstəntiq və ya prokuror cinayət işinin başlanmasından imtina edir və bu qərarın surətini 24 saat ərzində müraciət edən şəxsə göndərməlidir. Bu qərardan yuxarı prokurora və ya məhkəməyə şikayət vermək mümkündür (212.1-212.3-cü maddələr).
Göründüyü kimi, daxili qanunvericiliyin tələbinə əsasən cinayət işi başlanılmasının rədd qərarı qəbul edildikdən dərhal sonra o cümlədən müraciət edən şəxsə göndərilməlidir. Ancaq bu tələb bir çox hallarda reallıqda icra edilmir, ya göndərilmir, yaxud da uzun müddət sonra çoxsaylı müraciət və şikayətlərdən sonra göndərilir. Nəticədə isə qurban və yaxud da maraqlarına toxunulan şəxs həmin qərarı mübahisələndirməkdə problemlərlə üzləşir.
Avropa İnsan Haqları Konvensiyasının 3-cü maddəsi dövlətin üzərinə daha çox neqativ öhdəliklər qoysa da, bu maddə üzrə şəxsləri müdafiə edən normativ çərçivə yaratmaq, konkret şəxsləri həmin maddəyə zidd rəftar riskindən qorumaq üçün operativ tədbirlər görməyi tələb edir. Yəni, pis rəftarla bağlı mümkün iddialar üzrə effektiv araşdırma aparmaq öhdəlikləri, pozitiv öhdəliklər də qoyur (AİHK-in 3-cü maddəsi üzrə Təlimat, 3-4-cü bəndlər).
Bu öhdəliklərə uyğun olaraq, bir şəxs işgəncəyə məruz qaldığına dair “mümkün iddia” irəli sürürsə, bu cür iddia üzrə effektiv rəsmi araşdırma aparılmalıdır (119, 121-ci bəndlər). Araşdırmanın effektivliyi isə istintaq tədbirlərinin adekvatlığı, araşdırmanın çevikliyi, zərərçəkmişin araşdırmada iştirakı və araşdırmanın müstəqilliyi ilə ölçülür (R.R. və R.D. Slovakiyaya qarşı işi 178-ci bənd).
Araşdırmanın çevikliyi deyildikdə, həm də ağlabatan sürətlə irəliləməsi nəzərdə tutulur (138-ci bənd).
Barovov Rusiyaya qarşı işində Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) işgəncə iddiasının istintaqının 12 ilə yaxın çəkməsini 3-cü maddənin prosedural aspektdən pozuntusu hesab edib (46-cı bənd).
Məmmədov (Cəlaloğlu) Azərbaycana qarşı (79-cu bənd), Muradova Azərbaycana qarşı (136-cı bənd), Nəcəfli Azərbaycana qarşı (56-cı bənd) işlərində də AİHM ərizəçilərin zorakılığa məruz qalması barədə əsaslı iddiası üzrə dövlətin effektiv, müstəqil və operativ istintaq aparmamasını 3-cü maddənin prosedural pozuntusu kimi tanıyıb.
Hüseynova Azərbaycana qarşı işində Məhkəmə zərərçəkmişin yaxınlarının istintaq prosesində legitim maraqlarını qoruyacaq dərəcədə iştirak edə biləcəyini qeyd edib (106-cı bənd). AİHM bildirib ki, qətlə yetirilmiş jurnalist Elmar Hüseynovun həyat yoldaşına istintaqda “zərərçəkmiş şəxs” statusu verilməsinə baxmayaraq, istintaq müddətində istintaq orqanları ona iş materialları ilə tanış olmaq imkanını daim rədd ediblər. Məhkəmə istintaq orqanlarının həmin vəziyyəti əsaslandırmaq üçün daxili hüquqa istinad etməsini qəbul etməyib və daxili qanunvericiliyə əsasən Hüseynovanın istintaq dövründə iş materiallarına ümumiyyətlə çıxışının olmamasının qəbuledilməz olduğunu bildirib. Bu vəziyyət onu öz qanuni maraqlarını müdafiə etmək imkanından məhrum edib və ictimaiyyətin istintaqı nəzarətdə saxlamasına mane olub (113-cü bənd).
Tağıyeva Azərbaycana qarşı işində isə öldürülmüş yazıçı Rafiq Tağının həyat yoldaşı Mailə Tağıyeva davam edən cinayət istintaqına dair müvafiq sənədlərlə tanış olmaq üçün dəfələrlə müraciət etsə də, bu tələblər ya cavabsız qalıb, ya da rədd edilib. Məhkəmə bildirib ki, bununla da M.Tağıyeva öz qanuni maraqlarını müdafiə etmək imkanından məhrum edilib və istintaqın ictimai nəzarətə açıq şəkildə araşdırılmasına maneə törədilib (73-cü bənd).
Məhkəmə Şüriyyə Zeynalov Azərbaycana qarşı işində də (86-cı bənd) zərərçəkmişin yaxınlarının istintaq materiallarına ümumiyyətlə çıxışının olmamasını qəbuledilməz hesab edib və bu halı şəxslərin öz qanuni maraqlarını müdafiə etmək imkanından məhrum edilməsi kimi qiymətləndirib. Məhkəmə vurğulayıb ki, prokurorluq orqanları cinayət prosesi çərçivəsində qəbul edilmiş müvafiq qərarları daxili məhkəmə icraatının heç bir mərhələsində Zeynalovaya təqdim etməyib və onu istintaqın gedişi və nəticəsi barədə məlumatlandırmayıb. Ş.Zeynalov xüsusilə məhkəmə-tibbi ekspertiza rəyinin və cinayət işinin başlanmasından imtina haqda qərarın surətlərini əldə edə bilməyib. AİHM bunu onun öz qanuni maraqlarını müdafiə etmək imkanından məhrum edilməsi və istintaqın ictimaiyyət tərəfindən araşdırılması imkanına mane törədilməsi hesab edib (86-cı bənd).
İstinad edilən qərarların kontekstində vurğulanmalıdır ki, Polad Aslanovun pis rəftara məruz qalması barədə prokurorluğun qərarının surətinin ona, yaxud müdafiəçisinə verilməməsi onun həımin qərarın mübahisələndirilməsi ilə bağlı şikayətini məhkəməyə verməsinin qarşısını alır. Çünki məhkəmə nəzarəti qaydasında verilən şikayətə mübahisələndirilən qərarın surəti əlavə edilmədikdə, məhkəmə şikayətə baxmaqdan imtina edir və şikayəti geri qaytarır.
Başqa sözlə, Polad Aslanova və vəkilinə qərarın surətinin verilməməsi, onu öz qanuni maraqlarını müdafiə etmək imkanından məhrum edib. Məhkəmənin bildirdiyi kimi, zərərçəkmişin və ya onun hüquqi nümayəndəsinin istintaq materiallarına çıxışının tamamilə istisna edilməsi istintaqın şəffaflığını pozur, ictimai nəzarəti mümkünsüz edir və şəxsin öz hüquqlarını effektiv şəkildə müdafiə etməsinə mane olur. Bu baxımdan, P.Aslanova qarşı baş verənlər AİHM-in formalaşdırdığı hüquqi standartlara ziddir və onun öz hüquqlarını qorumaq imkanlarını ciddi şəkildə məhdudlaşdırır.
“Tribunat” bu qənaətə gəlir ki, Polad Aslanov haqqında prokurorluğun və digər istintaq orqanlarının qərarlarının surətinin onun vəkilinə, yaxud özünə verilməməsi araşdırmanın çevikliyinə zərər vurur, AİHK-in 3-cü maddəsinin prosedural pozuntusunu yaradır.
Dövlətə xəyanətdə ittiham olunan Polad Aslanov 16 il azadlıqdan məhrum edilib, https://www.amerikaninsesi.org/a/d%C3%B6vl%C9%99t%C9%99-x%C9%99yan%C9%99td%C9%99-ittiham-olunan-polad-aslanov-16-il-azadl%C4%B1qdan-m%C9%99hrum-edilib/5664392.html
Polad Aslanov həbsxanada saxlanılma şəraitindən şikayət edir, https://toplummedia.tv/mehkeme/ppolad-aslanov-hebsxanada-saxlanilma-seraitinden-sikayet-edirnbspp
Sülh və Demokratiya İnstitutunun siyasi məhbus siyahısı, https://www.ipd-az.org/political-prisoners-on-7-oktober-2025/
Cinayət Məcəlləsi, https://e-qanun.az/framework/46947
“Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Qanun, https://e-qanun.az/framework/23933
Cinayət-Prosessual Məcəllə, https://e-qanun.az/framework/46950
Azərbaycan Respublikasının Konstitusiyası, https://e-qanun.az/framework/897
Avropa İnsan Hüquqları Konvensiyası, https://www.echr.coe.int/documents/d/echr/convention_aze
AİHK 3-cü maddə üzrə Təlimat, https://ks.echr.coe.int/documents/d/echr-ks/guide_art_3_eng
Avropa İnsan Hüquqları Məhkəməsi R.R. və R.D. Slovakiyaya qarşı işi, https://hudoc.echr.coe.int/eng?i=001-204154
Avropa İnsan Hüquqları Məhkəməsi Borovov Rusiyaya qarşı işi, https://hudoc.echr.coe.int/eng?i=001-210536
Avropa İnsan Hüquqları Məhkəməsi Məmmədov (Cəlaloğlu) Azərbaycana qarşı işi, https://hudoc.echr.coe.int/eng?i=001-78978
Avropa İnsan Hüquqları Məhkəməsi Muradova Azərbaycana qarşı işi, https://hudoc.echr.coe.int/eng?i=001-92030
Avropa İnsan Hüquqları Məhkəməsi Nəcəfli Azərbaycana qarşı işi, https://hudoc.echr.coe.int/eng?i=001-113299
Avropa İnsan Hüquqları Məhkəməsi Hüseynova Azərbaycana qarşı işi, https://hudoc.echr.coe.int/eng?i=001-172661
Avropa İnsan Hüquqları Məhkəməsi Tağıyeva Azərbaycana qarşı işi, https://hudoc.echr.coe.int/eng?i=001-218456
Avropa İnsan Hüquqları Məhkəməsi Şüriyyə Zeynalov Azərbaycana qarşı işi, https://hudoc.echr.coe.int/?i=001-204156