logo

Azərbaycanda hüququn aliliyinin gücləndirilməsi və vətəndaşların maarifləndirilməsi üçün platforma

Əli Kərimliyə qarşı xüsusi ittiham qaydasında şikayət icraata qəbul edilməlidir?

Analiz
Əli Kərimliyə qarşı xüsusi ittiham qaydasında şikayət icraata qəbul edilməlidir?

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (bundan sonra AXCP) sədri Əli Kərimliyə qarşı xüsusi ittiham qaydasında şikayət verilib.

Şikayət partiyadan 5 il əvvəl xaric olunmuş Aydın Əliyev tərəfindən verilib (Qeyd: Əliyev sonradan məhkəmə qərarı ilə AXCP üzvlüyünə bərpa edilib). Onun iddiasına görə, Kərimlinin bir sıra media qurumlarındakı çıxışı şərəf və ləyaqətini alçaldıb.

Aydın Əliyev Əli Kərimlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə  əsasən 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyir.

Məcəllənin həmin maddəsi  böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yaymanı nəzərdə tutur.  

13 avqust 2024-cü ildə Nəsimi Rayon Məhkəməsində bu iş üzrə hazırlıq iclası keçirilsə də, hakim Babək Pənahov şikayət ərizəsində çatışmazlıqları əsas gətirərək, hazırlıq iclasını 19 avqusta təxirə salıb.

“Tribunat” Aydın Əliyevin şikayətini analiz edib.

Xüsusi ittiham qaydasında şikayətin forma və məzmunu Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM və ya Məcəllə) 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olmalıdır.

Sosial şəbəkələrdə yayılmış 06.08.2024-cü il tarixli şikayətin məzmununun təhlili onun Məcəllənin sözügedən maddələrinin tələblərinə cavab vermədiyini göstərir.

Azərbaycan Respublikası CPM-in 293.3.1-ci maddəsinə əsasən şikayətdə, şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi) göstərilməlidir. A.Əliyevin şikayətində isə doğulduğu il və məşğuliyyət növü, vəzifəsi qeyd edilməyib.

Xüsusi ittiham qaydasında verilən şikayətdə törədilmiş cinayət haqqında məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği) göstərilməlidir.

Aydın Əliyevin şikayətində AXCP sədrinin onun şərəf və ləyaqətini ləkələyən fikirləri “Azərbaycan Saatı”, “Osmanqızı”, “Meydan TV” YouTube kanallarında və AXCP Ali Məclisinin sessiyasında çıxışında səsləndirdiyi qeyd edilsə də, həmin çıxışların nə vaxt edildiyi, həmin ifadələrin ona və ailəsinə vurduğu zərərlərin konkret təsviri, bu ifadələrin onu hansı əlverişsiz vəziyyətlə üzləşdirdiyi ilə bağlı hər hansı bir məlumat göstərilməyib. Bu da Məcəllənin 293.3.2-ci maddəsinin tələbinə ziddir.

Bundan başqa, cinayət prosessual qanunvericiliyin tələbinə zidd olaraq iddia edilən cinayət əməlinin məhz AXCP lideri tərəfindən törədilməsini təsdiq edən hər hansı sübut növü (məsələn, şərəf və ləyaqəti ləkələdiyi iddia edilən çıxışların toplandığı disk və yaxud da fləşkart və s.) şikayətə əlavə edilməyib (CPM-in 293.3.3-cü maddəsinin pozuntusu).

Həmçinin şikayətdə şikayətin verildiyi tarix - il, ay və gün qeyd edilsə də, şikayətin tərtib edilmə yeri göstərilməyib ki, bu da şikayətin Məcəllənin 293.3.6-cı maddəsinin tələbinə cavab vermədiyini göstərir.

Ümumiyyətlə isə, Aydın Əliyev xüsusi ittiham qaydasında şikayətində mül­ki mə­su­liy­yə­tə sə­bəb olan böh­tan­la ci­na­yət mə­su­liy­yə­ti ya­ra­dan böh­ta­nı bir-bi­rin­dən fərq­lən­dir­ə bilməyib, bu şikayəti mülki icraat qaydasında verilən iddia ilə qarışdırıb, şikayətin sonunda mülki iddiaların məhkəməyə təqdim edilməsi üçün tələb olunan dövlət rüsumunu ödəməkdən azad edilməsi üçün məcburi küçkün olduğunu qeyd edib, qoşma sənədlərə bunu təsdiq edən məcburi köçkün vəsiqəsinin surətini əlavə edib.

Azərbaycan Respublikası CPM-in 299.1, 299.3 və 299.3.3-cü maddələrinin tələblərinə görə məhkəmənin hazırlıq iclası xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması və şikayətin məzmununun Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələlərə baxılmalıdır.

“Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 21 fevral 2014-cü il tarixli 3 nömrəli Qərarında da qeyd edilir ki,   “Məhkəmələrə tövsiyə edilsin ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir” (Daha ətraflı baxın, qərarın 11-ci bəndi).

CPM-in 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilir. Məcəllənin 302.1.7-ci maddəsinə əsasən isə, şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilir.

CPM-in 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir.

Sadalanan arqumentlər A.Əliyevin şikayəti üzrə məhkəmə baxışının keçirilməsini qeyri-mümkün edir və bu şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir.

Həmçinin 13 avqust 2024-cü ildə o, məhkəməyə xüsusi ittiham qaydasında şikayətinə 12.08.2024-cü il tarixli əlavə təqdim edərək, AXCP sədri Əli Kərimli barədə eyni tələbini təkrar edib.

Halbuki, Azərbaycan Respublikası CPM-in 293-cü maddəsində xüsusi ittiham qaydasında şikayətə əlavə edilməsi, eləcə də məhkəməyə şikayət ərizəsi təqdim edildikdən sonra həmin şikayətlə birlikdə baxılması üçün təkrar şikayətin təqdim edilməsi nəzərdə tutulmayıb.

Aydın Əliyevin gələcəkdə CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun verə biləcəyi yeni şikayət icraata qəbul ediləcəyi təqdirdə isə AXCP liderinin səsləndirdiyi ifadələrin ifadə azadlığı kontekstində yoxlanılması qaçılmaz olacaq. 

Əliyev, şikayətdə Kərimlinin istifadə etdiyi aşağıdakı ifadələrin onun şərəf və ləyaqətini ləkələdiyini və ya onu nüfuzdan saldığını iddia edir. İstinad edilən ifadələr aşağıdakılardir:  

“Partiyanın siyasi xəttindən kənara çıxıb, hakimiyyətlə əməkdaşlıq etdiyinə görə partiyadan xaric olunmuş  keçmiş AXCP NTK-nın sədri Əliyev Aydın məhkəmə qərarı ilə zorla partiyamıza bərpa edilib...”“Hökumət neçə illərdi çalışıb, sizin kimi adamları ələ ala bilməyib, bu qədər adamın içərisindən məhkəmə yolu ilə təşkilata zorla bərpa elətdirdikləri adamın şikayətini əsas götürərək, 1 nəfər əleyhinə, 287 nəfər lehinə olaraq, 24.06.2023-cü il tarixdə keçirilmiş qurultayın nəticəsini Nəsimi Rayon Məhkəməsi 05.07.2024-cü il tarixli qətnaməsi ilə etibarsız hesab etmişdir”. 

“Partiyanın siyasi xəttindən kənara çıxma”, “hakimiyyətlə əməkdaşlıq etmə” və buna görə “partiyadan xaric olunma”, “məhkəmə qərarı ilə zorla partiyamıza bərpa edilmiş” və s. ifadələrin şərəf və ləyaqəti ləkələyən məzmun ifadə edib-etməməsiAzərbaycan dilinin izahlı lüğəti, linqvistika sahəsində mütəxəssislərin fıkirləri və zərurət yarandıqda məhkəmə-linqvistik ekspertizası yolu ilə müəyyən edilməlidir.   

Həmçinin AXCP liderinin bu ifadələrinin qiymətləndirici mülahizələr, yoxsa fakt olaraq qəbul edilib-edilməməsi, qiymətləndirici mülahizələrin sübuta ehtiyacı olmamaqla, diffamativ kontent kimi xarakterizə edilə bilməzliyi, ifadə azadlığı ilə şəxsi həyata hörmət hüququnun kolliziyasında şəxsin reputasiyasına edilən qəsdin müəyyən ciddilik dərəcəsinə çatıb-çatmaması, bu iki hüquq balanslaşdırılarkən nəzərə alınan meyarlar (müzakirənin ictimai maraqlara xidmət edib-etməməsi, diffamasiyaya yol verən şəxsin statusu,  diffamasiyaya məruz qalan şəxsin nə dərəcədə tanınması, müzakirə olunan mövzu, şəxsin əvvəlki davranışı, məlumatın əldə edilməsi üsulu və onun doğruluğu, paylaşımın məzmunu, forması və nəticələri və s.) aydınlaşdırılmalıdır. 

Lingens Avstriyaya qarşı işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etdi ki, “məqbul tənqidin hüdudları müvafiq olaraq bir siyasətçiyə münasibətdə fərdi şəxsə nisbətən daha genişdir. İkincidən fərqli olaraq, birincisi istər-istəməz və bilərəkdən özünün hər sözünü və əməlini həm jurnalistlər, həm də bütövlükdə ictimaiyyət tərəfindən yaxından izləmək üçün açıqdır və buna görə də o, daha çox tolerantlıq nümayiş etdirməlidir. Şübhəsiz ki, 10-cu maddənin 2-ci bəndi  başqalarının, yəni bütün şəxslərin reputasiyasını qorumağa imkan verir və bu müdafiə siyasətçilərə də, hətta onlar öz şəxsi həyat çərçivəsində fəaliyyət göstərmədikdə də şamil edilir. Lakin belə hallarda bu cür müdafiənin tələbləri siyasi məsələlərin açıq müzakirəsi maraqlarına nəzərən  ölçülməlidir” (baxın, Case of Lıngens v. Austrıa,  9815/82, §42, 8 uyul 1986).

“Başqalarının reputasiyasının və ya hüquqlarının müdafiəsi” məqsədilə demokratik cəmiyyətdə müdaxilənin zəruriliyi araşdırılarkən, Konvensiya ilə təmin edilmiş, müəyyən hallarda bir-biri ilə toqquşan iki dəyəri, yəni bir tərəfdən 10-cu maddə ilə təminat altına alınan ifadə azadlığı, digər tərəfdən 8-ci maddədə təsbit edilmiş şəxsi həyata hörmət hüququnu mühafizə edərkən, Məhkəmədən yerli səlahiyyətli orqanların ədalətli balansa riayət edib-etmədiyini yoxlamaq  tələb edilə bilər (baxın, Hachette Filipacchi Associés v. Fransa, № 71111/01, § 43, 14 iyun 2007-ci il və MGN Limited Birləşmiş Krallıqa qarşı, № 39401/04, § 142, 18 yanvar 2011-ci il).

 

 

Aydın Əliyevin 06.08.2024-cü il tarixli xüsusi ittiham qaydasında şikayəti

Aydın Əliyevin 12.08.2024-cü il tarixli şikayətə əlavəsi

Azərbaycan Respublikası Cinayət Məcəlləsi

Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi

Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarı

Case of Lıngens v. Austrıa,  9815/82, §42, 8 uyul 1986

 

18 Avqust, 2024