Həbsdə olan şəxsin qohumlarının ölkədən çıxışına qadağa qoyula bilərmi?
Analiz
45 gündür həbsdə olan partiya sədri, iqtisadiyyat professoru Qubad İbadoğlunun qardaşı Qalib Toğrul sosial şəbəkədə onun qohumlarının çıxışına qadağalar tətbiq edildiyi ilə bağlı məlumat paylaşıb. O, İbadoğlu ilə eyni soyadı daşımayan qohumlara da oxşar qadağaların tətbiq olduğuna dair iddia səsləndirib.
“Tribunat” bu yazıda hərəkət azadlığının tətbiq olunduğu halları iddia edilən iş kontekstində araşdırıb.
Hərəkət azadlığı İnsan Hüquqları haqqında Ümumi Bəyannamə, Avropa İnsan Haqları Konvensiyası kimi beynəlxalq və regional sənədlərdə hər kəsin öz ölkəsi daxilində sərbəst hərəkət etmə və ya öz ölkəsindən çıxıb və geri gəlmə azadlığı kimi müəyyən edilib.
Azərbaycanın yurisdiksiyasında olduğu İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair 4 saylı Protokolun 2-ci maddəsinə əsasən də “hər kəs öz ölkəsi də daxil olmaqla hər hansı ölkəni tərk etməkdə azaddır. Bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, ictimai qaydanı qorumaq üçün, cinayətlərin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa heç bir məhdudiyyət qoyula bilməz”.
Bundan əlavə hərəkət azadlığı daxili qanunvericilikdə də təsbit olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 28-ci maddəsinin 3-cü bəndinə əsasən “Qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər”.
Eyni zamanda Miqrasiya Məcəlləsinin 9-cu maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşı dövlət sərhədinin buraxılış məntəqələrindən keçərək sərbəst surətdə ölkədən getmək və ölkəyə gəlmək hüququna malikdir və bu hüquqdan məhrum edilə bilməz.
Bu maddə hansı hallarda ölkədən gediş hüququnun müvəqqəti məhdudlaşdırıla biləcəyini də nəzərdə tutur. Həmin hallar Məcəllədə belə müəyyən edilib:
- Hər hansı qətimkan tədbiri seçildikdə - azad edilənədək, qətimkan tədbirinin müddəti bitənədək və ya qətimkan tədbiri ləğv edilənədək;
- məhkum edildikdə – cəzasını çəkib qurtaranadək və ya cəzadan azad edilənədək;
- barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edildikdə – tibbi xarakterli məcburi tədbirlərin tətbiqi ləğv edilənədək;
- şərti məhkum edildikdə və ya cəzadan şərti olaraq vaxtından əvvəl azad edildikdə – müvafiq olaraq sınaq müddəti və ya cəzanın çəkilməmiş hissəsi başa çatanadək və ya şərti məhkumetmə, yaxud üzərinə qoyulmuş vəzifələr vaxtından əvvəl tamamilə ləğv edilənədək;
- hamilə qadınlar və azyaşlı uşaqları olan şəxslər barəsində cəzanın çəkilməsi təxirə salındıqda - məhkəmə məhkum edilmiş şəxsi cəzanın çəkilməmiş hissəsindən azad edənədək və ya məhkum edilmiş şəxs əsas cəzasının qalan hissəsini çəkib qurtaranadək;
- müddətli həqiqi hərbi xidmətə çağırıldıqda – müddətli həqiqi hərbi xidmət keçənədək və ya qanuna uyğun olaraq ondan azad edilənədək;
- məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədinin könüllü icra üçün müəyyən olunmuş vaxtda üzrsüz səbəbdən icra edilməməsinə görə vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda – məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilənədək;
- vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcları və faizləri, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarını ödəməməsinə görə;
- vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda – məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilənədək;
- beynəlxalq tibbi sanitariya qaydalarına və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq profilaktik peyvəndlər tələb olunan ölkələrə gediş-gəliş zamanı - profilaktik peyvəndlər edilənədək çıxışa məhdudiyyətlər tətbiq edilə bilər.
Miqrasiya Məcəlləsinini 9.6-cı maddəsinə əsasən isə ölkədən getmək və ölkəyə gəlmək hüququ məhdudlaşdırılan vətəndaşlar barədə məlumatlar “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin məhdudiyyət siyahılarına daxil edilməli və müvafiq əsaslar aradan qalxdıqda məlumatların aktiv statusu dəyişdirilməlidir.
“Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında Əsasnamə “sərhədkeçməyə məhdudiyyətlə” bağlı halları, bu hallarla bağlı qurumların vəzifələrini özündə ehtiva edir. Müxtəlif dövlət qurumları öz sahələri ilə əlaqəli olaraq sərhədkeçməyə məhdudiyyəti olan şəxslərlə bağlı informasiyalar daxil etmək və ya bu məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı sistemə informasiyaları inteqrasiya etmək vəzifələrini daşıyırlar. Əsasnamə bu vəzifələri aşağıdakı kimi təyin edir:
- Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Dövlət Sərhəd Xidməti - axtarışda olan, barəsində tutulma haqqında qərar qəbul edilən, cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilən, barəsində qətimkan tədbiri seçilən şəxslər haqqında;
- Dövlət Sərhəd Xidməti - sərhədkeçmə rejimini pozmuş, ölkədən çıxarılmış şəxslər, ölkə ərazisinə əvvəllər müxtəlif səbəblərdən buraxılmamış əcnəbilər haqqında;
- Dövlət Təhlükəsizliyi Xidməti - xaricə daimi yaşamağa getmək hüququ məhdudlaşdırılmış dövlət sirri ilə işləməyə buraxılan və ya əvvəllər buraxılmış vətəndaşlar haqqında; terrorçuluq və mütəşəkkil transmilli cinayətkarlığın digər formalarında iştirak etməkdə şübhəli bilinən, habelə ölkədə olması milli təhlükəsizlik baxımından arzuolunmaz şəxslər haqqında;
- Xarici Kəşfiyyat Xidməti - xaricə daimi yaşamağa getmək hüququ məhdudlaşdırılmış dövlət sirri ilə işləməyə buraxılan və ya əvvəllər buraxılmış Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin əməkdaşları və ya sabiq əməkdaşları haqqında;
- Ədliyyə Nazirliyi- müəyyən müddətə azadlıqdan məhrum etmə, ömürlük azadlıqdan məhrum etmə, azadlığın məhdudlaşdırılması, islah işləri, ictimai işlər, cərimə növündə cəzalara məhkum olunmuş şəxslər, şərti məhkum edilən və ya cəzadan şərti olaraq vaxtından əvvəl azad edilən və üzərinə daimi yaşayış yerini dəyişməmək, yaxud müəyyən yerlərə getməmək barədə vəzifələr qoyulmuş şəxslər, məhkum edilmiş, lakin cəzasının çəkilməsi təxirə salınan şəxslər, tibbi xarakterli məcburi tədbirlər tətbiq edilən şəxslər, məhkəmə qərarı, əmri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktı əsasında verilmiş icra sənədinin könüllü icra üçün müəyyən olunmuş vaxtda üzrsüz səbəbdən icra edilməməsinə görə məhkəmənin qərarı ilə ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılan şəxslər haqqında;
- Müdafiə Nazirliyi- intizam xarakterli hərbi hissədə saxlanılan şəxslər haqqında;
- Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti - müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşlar haqqında;
- İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti - vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliklər qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirilmədikdə hesablanmış borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün məhkəmənin qərarı ilə ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılan vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxs və ya hüquqi şəxsin icra orqanının rəhbəri haqqında məlumatları sərhədkeçməyə məhdudiyyətlə bağlı sistemə inteqrasiya etmə vəzifələrini, bu məhdudiyyətlər aradan qalxdıqda onları yeniləmə vəzifələrini daşıyırlar.
Daxili qanunvericilikdə yuxarıda sadalanan xüsusi hallardan başqa, ölkədən çıxışa məhdudiyyət qoyula bilməz və bu hallardan əlavə çıxışa qoyulan qadağalar qanuni hesab edilə bilməz.
Səyahət azadlığına qadağanın pozuntu hesab edilməsi ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinin Azərbaycana qarşı bir neçə presedent qərarı da var. Kərimli Azərbaycana qarşı, Hacıbəyli Azərbaycana qarşı, Demokratiya və İnsan Haqları Resurs Mərkəzi və Mustafayev Azərbaycana qarşı işlərində Məhkəmə Konvensiyanın 4 saylı Protokolunun 2-ci maddəsinin pozuntusunu tanıyıb. Əgər bu hüquq məhdudlaşdırılırsa, bu məhdudlaşma ictimai ədalətlə fərdin azadlığı arasında balans yaratmalıdır.
Mursaliyev və başqaları Azərbaycana qarşı işində isə Məhkəmə cinayət mühakiməsi icraatlarında sadəcə şahid qismində çıxış edən şəxslərə qarşı ölkəni tərk etmək qadağasının hərəkət azadlığına müdaxilə olduğunu və bu müdaxilənin qanuniliyinin və zəruriliyinin qiymətləndirilməsinin əhəmiyyətli olduğunu vurğulayır. Qanunilik dedikdə, sadəcə məhdudiyyətin qanunla müəyyən edilən formada olması yox, həm də həmin qanunun nəticələrinin şəxslər üçün əlçatan və öngörülə bilən olmasını qeyd edir. Yəni, qanunda müəyyən olunmadan, məhkəmə qərarı olmadan, hansısa əsas göstərilmədən ölkədən gedişə qadağa qoyulması həm Konvensiyaya, həm də daxili qanunvericiliyin tələblərinə görə hərəkət azadlığının məhdudlaşdırılmasıdır.
Beləliklə, qohumluq əlaqəsi olan şəxsin həbsi digər qohumların ölkədən çıxışına maenə törədə bilməz və Miqrasiya Məcəlləsinin tələblərində sadalanan hallar yoxdursa, bu tip qadağalar qanuni deyil və hərəkət azadlığının pozuntusudur.
Qubad İbadoğlunun qardaşı Qalib Toğrulun sosial şəbəkə statusu,https://www.facebook.com/permalink.phpstory_fbid=138281652687207&id=100095161188314
Mürsəliyev və başqaları Azərbaycana qarşı, CASE OF MURSALIYEV AND OTHERS v. AZERBAIJAN (Applications no. 66650/13 and 10 others )
Kərimli Azərbaycana qarşı,
Hacıbəyli Azərbaycana qarşı, (Şikayət № 16528/05)
Demokratiya və İnsan Haqları Resurs Mərkəzi və Mustafayev Azərbaycana qarşı,
Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi,https://e-qanun.az/framework/46959
"İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın 4 saylı protokolu, https://e-qanun.az/framework/1405
Azərbaycan Respublikasının Konstitusiyası, https://e-qanun.az/framework/897
“Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında ƏSASNAMƏ, https://e-qanun.az/framework/14177