Həbsdəki hüquq müdafiəçisinin şiddətlənən xəstəliyi və onun mülki xəstəxanaya köçürülməməsi
Analiz
Ötən ilin aprelindən həbsdə olan Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin sədri, hüquq müdafiəçisi Anar Məmmədli 17 aydır ki, keyfiyyətli həkim müayinəsi ilə təmin edilmir.
Məmmədli diz oynağının artrozu-qonartroz xəstəliyindən əziyyət çəkir və xəstəlik hazırda kəskinləşib. Valideynləri bildirir ki, o, addım atmaqda çətinlik çəkir, diz nahiyəsində şişkinlik və qızartı müşahidə olunur.
Həkimlərin tövsiyəsinə əsasən, belə xəstələr mütəmadi olaraq nəzarətdə saxlanılmalı, MRT, rentgen və laborator müayinələrdən keçməlidir.
Hüquq müdafiəçisinin vəkillərinin mülki xəstəxanada hərtərəfli müayinələr aparılması üçün etdiyi müraciətlərə isə rədd cavabı verilib.
“Tribunat” həbs edilmiş şəxsin keyfiyyətli müayinədən məhrum edilməsinin və mülki xəstəxanaya köçürülməməsinin qanunauyğunluğunu araşdırıb.
“Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Qanunda həbs edilmiş şəxslərin qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalmamalı olduğu, onların tibbi-sanitariya xidmətləri ilə təmin edilməli olduğu bildirilir (maddə 15.1, 15.1.4, 15.1.7).
Həbs edilmiş şəxs xəstələndikdə onun tibbi müayinəsi tibb işçiləri tərəfindən dərhal həyata keçirilməlidir (maddə 22.5). Habelə, həbs edilmiş şəxs özünün, yaxud müdafiəçisinin vəsatəti ilə cinayət prosesini həyata keçirən orqanın qərarı əsasında seçdiyi digər tibb müəssisələrinin mütəxəssisləri tərəfindən də tibbi müayinədən keçə bilər (maddə 22.6).
“Tutulmuş və ya həbs edilmiş şəxslərə tibbi yardım göstərilməsi, habelə onların tibb müəssisələrində saxlanılması” Qaydalarına əsasən isə bu müayinənin nəticələri qeydə alınır, həbs edilmiş şəxsə, müraciət olduqda həmin şəxsin vəkilinə təqdim edilir (2.5-ci bənd). Həmçinin həbs edilmiş şəxsin xroniki xəstəliyi kəskinləşdiyi hallarda və ya xəstə olduğu zaman stasionar müalicəsi tibb işçisinin rəyi əsasında müvafiq müalicə müəssisələrində həyata keçirilir (3.4-cü bənd).
Qaydaların 7.4-cü bəndinə görə isə həbs edilmiş şəxsin müalicəsi burada mümkün olmadıqda onun, yaxud müdafiəçisinin vəsatəti ilə müalicə-profilaktika tədbirləri həmin şəxsin özünün seçdiyi digər tibb müəssisəsində öz hesabına həyata keçirilir. Həbs edilmiş şəxsin vəziyyəti yaxşılaşdıqda, aidiyyəti tibb müəssisəsinə və ya həbs yerinə geri köçürülür.
Tövsiyə xarakterli Avropa Penitensiar Qaydalarına əsasən penitensiar qurum nəzarətində olan bütün məhbusların sağlamlığını qoruyur (39-cu bənd). Məhbuslar bütün zəruri tibbi, cərrahi və psixiatrik xidmətlərlə təmin edilirlər və həbsxanada göstərilməsi mümkün olmayan ixtisaslaşdırılmış müalicəyə ehtiyacı olan xəstə məhbuslar, tibb müəssisələrinə və ya mülki xəstəxanalara köçürülürlər (40.5-ci və 46.1-ci bənd).
Azərbaycan Respublikasının Konstitusiyası (maddə 46) və Avropa İnsan Hüquqları Konvensiyası (maddə 3) heç kəsin qeyri-insani rəftara məruz qalmamalı olduğunu bildirir.
Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) presedentlərinə əsasən dövlət saxlanmış şəxsin zəruri tibbi yardım da daxil olmaqla insan ləyaqətinə hörmətlə uzlaşan şəraitdə saxlanılmasını təmin etməlidir. Həmin şəxs haqqında seçilən tədbirin icra olunma forması və üsulundan irəli gələn əzab və sıxıntı səviyyəsini aşan dərəcədə narahatlığa və ya əzab-əziyyətə məruz qoyulmamalıdır (Kudla Polşaya qarşı işi, 94-cü bənd).
Anar Məmmədlinin xəstəliyi səbəbindən əzab çəkməsi saxlanmanın qaçılmaz nəticələrindən irəli gələn əzab və sıxıntı səviyyəsini aşan dərəcədə narahatlığa səbəb olur.
AİHM həmçinin məhbusun daimi ixtisaslaşdırılmış tibbi yardıma aşkar ehtiyacı olduğu halda, bu cür yardımın ümumiyyətlə göstərilməməsinin və ya çox məhdud şəkildə göstərilməsinin Konvensiyanın 3-cü maddəsinin pozuntusu olduğunu deyir (Paladi Moldovaya qarşı işi, 68-ci bənd).
Kondrulin Rusiyaya qarşı işində də Məhkəmə bildirib ki, məhbusa əhatəli və adekvat tibbi yardımın göstərilməməsi onu uzunmüddətli fiziki və psixoloji iztirablara məruz qoyub və insan ləyaqətinə qarşı hörmətsizlikdir (61-ci bənd).
Yunusova və Yunusov Azərbaycana qarşı işində də AİHM hər iki şəxsin həbsdə olduqları müddətdə xəstəlikləri ilə bağlı adekvat tibbi müalicə almamalarını insan ləyaqətini alçaldan mənəvi və fiziki iztirablara məruz qalmaq hesab edib və Konvensiyanın 3-cü maddəsinin pozuntusunu tanıyıb (150-ci bənd).
Eldar Həsənov Azərbaycana qarşı işində Məhkəmə keçmiş Baş prokuror və səfir Eldar Həsənova lazımi tibbi yardımın göstərilməməsini insan ləyaqətini alçaldan rəftar və 3-cü maddənin pozuntusu kimi tanıyıb (107-ci bənd). Həsənov öz seçdiyi həkimlər tərəfindən, öz hesabına müayinə olunmaq üçün müraciət etsə də, prokurorluq müraciətinə cavab verməyi 6 həftə gecikdirib və rədd edib (103-cü bənd).
3-cü maddə üzrə Təlimatda bildirilir ki, saxlanılan şəxsə həkim tərəfindən baxılması və müəyyən müalicə formasının təyin edilməsi avtomatik olaraq tibbi yardımın adekvat olduğu mənasına gəlmir. Hakimiyyət orqanları saxlanılan şəxsin sağlamlıq problemini simptomatik şəkildə həll etmək əvəzinə, onu adekvat müalicə ilə təmin etməlidir. Lakin bu, bütün xəstə məhbusların saxlanıldıqları yerdən kənarda müalicə edilməli olduğu mənasına gəlmir.
Saxlanılma yerində müalicənin təmin edilməsi mümkün olmadıqda, saxlanılan şəxsi xəstəxanaya və ya ixtisaslaşmış bölməyə köçürmək mümkün olmalıdır (Rooman Belçikaya qarşı işi, 148-ci bənd).
“Tribunat”ın gəldiyi qənaətə görə, Anar Məmmədlinin adekvat müayinə ilə təmin olunmaması onun qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalmasıdır və Avropa İnsan Hüquqları Konvensiyasının 3-cü maddəsinin pozuntusudur.
Anar Məmmədlinin səhhəti pisləşib, https://gozetci.org/2025/09/33596
“Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Qanun, https://e-qanun.az/framework/23933#_ednref7
“Tutulmuş və ya həbs edilmiş şəxslərə tibbi yardım göstərilməsi, habelə onların tibb müəssisələrində saxlanılması” Qaydaları, https://e-qanun.az/framework/25647
İstintaq təcridxanalarının daxili intizam Qaydaları, https://e-qanun.az/framework/33805
Avropa Penitensiar Qaydaları, https://rm.coe.int/european-prison-rules-978-92-871-5982-3/16806ab9ae
Azərbaycan Respublikasının Konstitusiyası, https://e-qanun.az/framework/897
Avropa İnsan Hüquqları Konvensiyası, https://www.echr.coe.int/documents/d/echr/convention_aze
Avropa İnsan Hüquqları Məhkəməsi Kudla Polşaya qarşı işi, https://hudoc.echr.coe.int/eng?i=001-58920
Avropa İnsan Hüquqları Məhkəməsi Paladi Moldovaya qarşı işi, https://hudoc.echr.coe.int/eng?i=001-91702
Avropa İnsan Hüquqları Məhkəməsi Kondrulin Rusiyaya qarşı işi, https://hudoc.echr.coe.int/eng?i=001-166744
Avropa İnsan Hüquqları Məhkəməsi Yunusova və Yunusov Azərbaycanca qarşı, https://hudoc.echr.coe.int/rus?i=001-163330
Avropa İnsan Hüquqları Məhkəməsi Eldar Həsənov Azərbaycana qarşı işi, https://hudoc.echr.coe.int/fre?i=001-236197
Avropa İnsan Hüquqları Konvensiyasının 3-cü maddəsi üzrə Təlimat, https://ks.echr.coe.int/documents/d/echr-ks/guide_art_3_aze
Avropa İnsan Hüquqları Məhkəməsi Rooman Belçikaya qarşı işi, https://hudoc.echr.coe.int/eng?i=001-189902