Qara maskalılar…
Analiz
Uilyam Qoldinqin “Milçəklərin tanrısı” romanında kimsəsiz adaya düşmüş azyaşlıların nümunəsində müəllif zorakılığın təbiətini ədəbi formada təhlil etməyə çalışıb. Romanın əlamətdar hissələrindən biri uşaqların arasında zorakılığın artmasına gətirib çıxaracaq maskaların taxılması idi. Azyaşlılar qida ehtiyaclarını təmin etmək üçün vəhşi donuzu öldürməyə çəkinsələr də, onlardan birinin üzünə maska taxması zorakı aktın reallaşmasında stimul rolunu oynayır.
Sosial elmlərdə bu proses “deindividuation” adlanır. Yəni, sadə dildə izah etsək, kütlə halında olan şəxslərin “qrupda əriməsi” nəticəsində özünüdərketmə məhdudiyyətlərinin aradan qalxması, individuallığın itməsi.
Araşdırmalar bu cür halların zorakı əməllərin sayının artması ilə nəticələndiyini bildirirlər.
Bu ədəbi haşiyə analizdə bəhs ediləcək mövzunun anlaşılması üçün vacibdir.
Son illər ictimai-siyasi fəalların, yüksək vəzifəli şəxslərin həbsi, qrup etirazları, eləcə də məhkəmə binaları önlərində qara maskalı polisləri daha tez-tez müşahidə etmək olur.
Başqa sözlə, qara maska atributikası getdikdə polisin xüsusi geyim formasının ayrılmaz hissəsinə çevrilir. Bu cür “qara maska”ya neck gaiter deyilir və geyim aksessuarı olaraq boğazdan yuxarı, gözlərdən aşağı üz nahiyələrinin bağlanması üçün istifadə edilir. Ümumilikdə, qara maskanın polisin geyim formasına nə vaxtdan əlavə edildiyini söyləmək çətin olsa da, koronavirus pandemiyası dövründə sağlamlıq-gigiyena qaydalarına əməl olunması çərçivəsində bu atributun istifadəsinin yayılmasını ehtimal etmək olar. Məsələn, 2020-ci ildə hökumətyönümlü mediaların birində bu cür praktikanın müsbət cəhətləri təbliğ edilirdi.
“Polis haqqında” Qanunun 40-cı maddəsinə əsasən, polis orqanları əməkdaşlarının fərqləndirici əlamətlərindən biri onların xüsusi geyim formasıdır. Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamı ilə təsdiq edilmiş Daxili İşlər Nazirliyinin rəis və sıravi heyətinin geyim formasının və fərqlənmə nişanlarının Təsviri adlı iki sənəddə maska polisin xüsusi geyim formasına daxil edilməyib.
Belə olan halda polisin qara maskadan istifadəsi nə dərəcədə qanunidir?
Əvvəla, polis geyiminin vahidliyinin (uniforma) səbəbi onun yerinə yetirdiyi funksiyadan – ictimai asayişi mühafizə etməsindən irəli gəlir. Həm yerli qanunvericilik, həm də beynəlxalq standartların təyin etdiyi əsas prinsip polisə ictimai etimad və tanınıla bilinməkdir. Bu mənada uniforma xüsusi əhəmiyyət daşıyır.
“Polisin etik davranış kodeksi”nin 9-cu maddəsinə əsasən polisin geyimə olan öhdəlikləri onun xidmət və icra intizamının bir hissəsini təşkil edir; nəticə etibarilə, bu cür tələblərin pozulması intizam məsuliyyətinə və xidmətdən xaric edilməyə gətirib çıxara bilər.
Avropa Şurasının Nazirlər Komitəsinin qəbul etdiyi tövsiyə xarakteri daşıyan “Avropa Polis Etik Davranış Kodeksi”nin 14-cü maddəsinə görə isə polis və onun heyətinin geyim forması adətən asan şəkildə tanınmalıdır. Həmin maddənin şərhində qeyd edilir ki, bu maddənin tələbləri polislərə, xüsusi hallar olmadıqda, şamil edilir.
Güman etmək olar ki, qara maskadan istifadə polisin həyata keçirdiyi fəaliyyətlər zamanı anonimliyin saxlanılmasına xidmət edir.
Ancaq bu hər bir situasiya üçün keçərli hesab edilə bilməz.
Konstitusiya quruluşunun əsasları və təhlükəsizliyi əleyhinə olan cinayətlər, terrorçuluq, qrup halında, mütəşəkkil dəstələr və ya cinayətkar birliklər tərəfindən törədilən cinayətlərin qarşısının alınması, cinayətkar qrup və dəstələrin ifşa edilməsi, zərərsizləşdirilməsi və s. zamanı bunu həyata keçirilən tədbirin xüsusi əhəmiyyəti, əməliyyat-axtarış fəaliyyətinin vəzifəsi və dövlət tərəfindən müdafiə olunan şəxslərə tətbiq edilən təhlükəsizlik tədbirləri çərçivəsində izah etmək və anlayışla qarşılamaq mümkün olsa da, ictimai-siyasi fəalların həbsində (Qubad İbadoğlu, Ülvi Həsənli, Ələsgər Məmmədli və s.), onların məhkəmə dinləmələrinə dəstək məqsədi ilə gələn insanların heç bir qanuni əsas olmadan ərazidən uzaqlaşdırılmasında, eləcə də insanların kollektiv haqlarının müdafiəsi etirazlarında (Söyüdlü hadisələri) qara maskadan istifadə heç bir legitim məqsəd, o cümlədən həmin polis əməkdaşlarının təhlükəsizliyinin təmin edilməsi niyyəti daşımır.
“Polis haqqında” Qanunun 1 və 26-cı maddələri, həmçinin Daxili İşlər Nazirliyinin 12 avqust 2014-ci il tarixli Q24-001-14 nömrəli qərarı ilə təsdiq edilmiş “Daxili işlər orqanları tərəfindən xüsusi vasitələrin tətbiq olunması qaydalarının təsdiq edilməsi barədə” Təlimat polis tərəfindən xüsusi vasitələrin tətbiqini nəzərdə tutsa da və həmin vasitələr qismində fərdi mühafizə vasitələri göstərilsə də, hər iki sənəddə maskalar qeyd olunmayıb (Yeri gəlmişkən, “Normativ hüquqi aktlar haqqında” Qanunun tələbinə zidd olaraq, Təlimatın mətni açıq informasiya resurslarında mövcud deyil, “Tribunat” Təlimata dair materiallara istinad edir).
Hətta bunun əksini düşünsək və nəzəri baxımdan qara maskanı polisin sərəncamında olan digər xüsusi vasitə növlərindən bir hesab etsək belə, ondan istifadə yaranmış təhlükəyə mütənasib olmalıdır. Yuxarıda sadalanan hallarda bunu zəruri edəcək halların mövcudluğu şübhə doğurur.
Sosial psixoloq Filip Lombardo individuallığın itməsi – deindividuation nəticəsində zorakılığa meylin artmasını Mardi Gras effekti adlandırırdı (Mardi Gras festivalı əsasən fransızdilli ərazilərdə keçirilən və maskalardan geniş istifadə olunan yaz festivalının adıdır - red.). Bu kontekstdə nəzərdə tutulan məna ondan ibarətdir ki, “qara maska” və butipli digər vasitələrdən istifadə olunaraq anonimliyin qorunması cəhdləri hərdən birbaşa, hərdən isə bilavasitə polis tərəfindən güc istifadəsinin və qanuna sığmayan zorakı hərəkətlərin baş verməsinə səbəb olur. Araşdırmalar polis fəaliyyətinin həyata keçirilməsi zamanı oxşar vasitələrdən istifadənin əməkdaşlar tərəfindən yol verilən zorakılıq hallarının artması ilə səbəb-nəticə əlaqəsini üzə çıxarıb. Avropa İnsan Hüquqları Məhkəməsinin qərarları, yerli və beynəlxalq insan hüquqları təşkilatlarının bəyanatları Azərbaycanda polis zorakılığının ildən-ilə artması barədə həyəcan təbili çalır. Polis zorakılığı faktları ya ümumiyyətlə araşdırlmır, yaxud da səmərəli araşdırılmır, zorakılığa yol verən təqsirkarlar məsuliyyətə cəlb olunmurlar, polis fəaliyyətini tənzimləyən qanunvericilikdəki çatışmazlıq və boşluqlar öz həllini tapmır və s. Şəxsiyyəti birbaşa və ya dolayısı ilə identikləşdirməyə imkan verən təbii görünüşün aradan qaldırılması və onun “qara maska” altında gizlədilməsi, zorakılıq faktlarının ilbəil artması geniş ictimaiyyətdə polis və hüquq-mühafizə orqanları barədə təhrif edilmiş və polisin fəaliyyət prinsipləri və istiqamətləri prinsipinə uymayan təsəvvür və təəssürat yaradır; dövlətin güc aparatından belə istifadəsi və bu aktların sosial şəbəkələrdə yayılması ictimai qaydanın və təhlükəsizliyin qorunmasının qanuni çərçivədən deyil, polisin qanundankənar hərəkətlərindən qorxudan qaynaqlandığını üzə çıxarır.
“Tribunat”ın gəldiyi nəticəyə görə, yerli qanunvericilikdə polisin xüsusi geyim formasında qara maskadan istifadəsini tənzimləyən hər hansı norma yoxdur. Qara maskadan istifadəni milli təhlükəsizliyin təmin edilməsi və mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində həyata keçirilən bir sıra fəaliyyətlərdə əməliyyat-axtarış fəaliyyətinin vəzifəsi, prinsipi (konspirasiya, aşkar və gizli iş üsullarının uzlaşdırılması) və dövlət tərəfindən müdafiə olunan şəxslərə tətbiq edilən təhlükəsizlik tədbirləri çərçivəsində izah etmək mümkün olsa da, son illər ümumilikdə onun istifadəsinin tendensiya halını alması geniş ictimaiyyətin polis, onun peşəkarlığı barədə təsəvürlərinin mənfi istiqamətdə formalaşmasına səbəb olur.
“Milçəklər tanrısı” romanının vikipediya səhifəsi; https://az.wikipedia.org/wiki/Milçəklər_tanrısı
Some consequences of de-individuation in a group; https://psycnet.apa.org/record/1953-02609-001
Qara maskalılar cəmiyyətin rəğbətini necə qazandılar... - “İnsanlarda müsbət emosiya yaranır ki, bizi qoruyurlar”; https://teref.az/gundem/143640-qara-maskalilar-cemiyyetin-regbetini-nece-qazandilar-nsanlarda-musbet-emosiya-yaranir-ki-bizi-qoruyurlar.html
What is a neck gaiter? Unraveling the most versatile garment in our ultimate guide; https://www.buff.com/blog/en/neck-head-clothing-accessories/what-is-neck-gaiter/
“Polis haqqında” Qanun; https://e-qanun.az/framework/2937
“Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin rəis və sıravi heyətinin geyim formasının və fərqlənmə nişanlarının təsvirinin və nümunəsinin təsdiq edilməsi haqqında” prezident fərmanı; https://e-qanun.az/framework/30081
“Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin rəis və sıravi heyətinin geyim formasının və fərqlənmə nişanlarının təsvirinin təsdiq edilməsi haqqında” prezident sərəncamı; https://e-qanun.az/framework/796
Polisin etik davranış kodeksi; https://mia.gov.az/az/menu/29795/
Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə; https://e-qanun.az/framework/4364
Avropa Polis Etik Davranış Kodeksi; https://rm.coe.int/the-european-code-of-police-ethics-pdf/1680b003e0
Qubad İbadoğlunun xanımı: "Saxlanılarkən başıma yumruqla vururdular"; https://www.youtube.com/watch?v=5DuQD038U_Y
"Abzas Media" direktoru Ülvi Həsənli kimdir? Niyə saxlanılıb?; https://www.youtube.com/watch?v=vQ62w-WmeBY
Ələsgər Məmmədlini “qara maskalılar” saxlayıb; https://www.instagram.com/meydantv/reel/C4QHyhYoTkR/?hl=tr
Söyüdlü kəndinin sakinləri: "Təzyiq altındayıq, evlərə düşüb, hamıya təzyiq edirlər"; https://www.bbc.com/azeri/azerbaijan-65968546
“Normativ hüquqi aktlar haqqında” Qanun; https://e-qanun.az/framework/21300
Şəhər, rayon nəqliyyatda polis orqanlarının rəhbər vəzifəli əməkdaşları üçün Mühazirə, Mövzu. Polis əməkdaşı tərəfindən fiziki gücün, odlu silahın və xüsusi vasitələrin tətbiqinin hüquqi əsasları; https://www.pa.edu.az/library/59/60/odlu_silahin_tetbiqinin_huquqi_esaslari.pdf
The Human Choice: Individuation, Reason, and Order versus Deindividuation, Impulse, and Chaos; https://stacks.stanford.edu/file/gk002bt7757/gk002bt7757.pdf
“Əməliyyat-axtarış fəaliyyəti haqqında” Qanun; https://e-qanun.az/framework/2938
“Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət müdafiəsi haqqında” Qanun; https://e-qanun.az/framework/5099
The deindividuation effects of the police uniforms and the implications for policing practices; https://www.researchgate.net/publication/351970819_The_deindividuation_effects_of_the_police_uniforms_and_the_implications_for_policing_practices
Strasbourg court upholds complaints by Azerbaijani opposition members; https://jam-news.net/strasbourg-court-upholds-complaints-by-azerbaijani-opposition-members/
Azerbaijan: latest police violence against peaceful protesters; https://www.amnesty.org/en/documents/eur55/5110/2021/en/
Həbsdəki jurnalist: "Şübhələnirəm ki, zorakılıqdan sonra səhhətimə daha ciddi zərər dəyib"; https://jam-news.net/az/hebsdeki-jurnalist-subhelenirem-ki-zorakiliqdan-sonra-sehhetime-daha-ciddi-zerer-deyib/
"Qaramaskalılar oğlumu apardılar"- Etiraz edən TIR sürücüsünün atası; https://www.youtube.com/watch?v=3iM3byqxwao
"60-dan çox qara maskalılar bizi döydü ki, evimizdən çıxaq"; https://www.facebook.com/BakuTimes.Tv/videos/60-dan-çox-qara-maskalılar-bizi-döydü-ki-evimizdən-çıxaq/970039581593508/