Şəxsiyyət vəsiqəsinin fəaliyyətsiz edilməsi hansı hüquqlara qəsd edir?
Analiz
İqtisadçı, təqsirləndirildiyi cinayət işi üzrə barəsində polisin nəzarətinə vermə qətimkan tədbiri seçilmiş Qubad İbadoğlunun “Amerikanın səsi”nə verdiyi müsahibəyə görə, onun şəxsiyyət vəsiqəsi fəaliyyətsiz edilib. O bildirib ki, şəxsiyyət vəsiqəsi 2031-ci ilin avqust ayına qədər etibarlı olsa da, sənədlə hər hansı əməliyyat aparmaq mümkün deyil. Bununla əlaqədar Daxili İşlər Nazirliyinə müraciət olunsa da, problem həll edilmir.
“Tribunat” barəsində polisin nəzarətinə vermə qətimkan tədbiri seçilmiş təqsirləndirilən şəxsin şəxsiyyət vəsiqəsinin fəaliyyətsiz edilməsinin qanuniliyini araşdırıb.
Əvvəla, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Qanun və qeyd olunan Qanununun tətbiqi barədə Əsasnamədə şəxsiyyət vəsiqəsinin fəaliyyətsiz edilməsi anlayışı və onun yaratdığı hüquqi nəticələr nəzərdə tutulmayıb. Hər iki normativ sənəddə vəsiqənin etibarlılıq müddətləri, vəsiqənin dəyişdirilməsi üçün əsaslar və s. sadalanır.
Güman etmək olar ki, söhbət şəxsiyyət vəsiqəsinin və onun aktiv statusunun dəyişdirilməsi barədə məlumatların "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminə (İAMAS) daxil edilməsi ilə əlaqədardır.
Şəxsiyyət vəsiqəsi haqda Qanunun 6-cı maddəsində və Əsasnamənin 4-cü bəndində müəyyən olunur ki, barəsində həbs, ev dustaqlığı və ya girov qətimkan tədbirləri seçilmiş, müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş və ya qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsinə göndərilən vətəndaşdan şəxsiyyət vəsiqəsi təhqiqat, ibtidai istintaq, məhkəmə orqanları və cəzanı icra edən orqanlar və ya qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsi tərəfindən müvəqqəti alınır və həmin şəxs haqqında iş üzrə icraata və ya şəxsi işə əlavə edilir. Bu əsaslar aradan qalxdıqda isə şəxsiyyət vəsiqəsi dərhal sahibinə qaytarılır.
2023-cü ilin iyulun 23-də həbs edilən Qubad İbadoğlu 2024-cü ilin aprelin 22-də ev dustaqlığına buraxılıb. Həmin ilin 21 mayında isə onun barəsində seçilən ev dustaqlığı qətimkan tədbiri müstəntiqin qərarı ilə polisin nəzarətinə verilmə ilə əvəz olunub. 2024-cü ilin iyulun 29-da İbadoğlunun təqsirləndirildiyi cinayət təqibi üzrə icraat qeyri-müəyyən vaxtadək dayandırılıb.
Professor İbadoğlu ev dustaqlığına buraxılandan bir müddət sonra təqsirləndirildiyi cinayət işinin istintaqını aparan Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi onun şəxsiyyət vəsiqəsini geri qaytarıb. İqtisadçının sözlərinə görə, bundan sonra şəxsiyyət vəsiqəsi deaktiv edilib.
Cinayət Prosessual Məcəlləyə (CPM) görə, polisin nəzarətinə vermə qətimkan tədbiri, şübhəli və ya təqsirləndirilən şəxsin təhqiqatçının, müstəntiqin, prokurorun və ya məhkəmənin icazəsi olmadan başqa yerə getməməsini, yaşayış məntəqəsi hüdudlarında daimi yaşayış yerini və ya müvəqqəti olduğu yeri dəyişə bilməməsini nəzərdə tutur. Həmçinin təqsirləndirilən şəxs polisin müəyyən etdiyi cədvəl üzrə polis orqanına gəlməli və gəlişini qeyd etdirməlidir. Şübhəli və ya təqsirləndirilən şəxs davranışına nəzarəti həyata keçirmək üçün istənilən anda polis orqanına çağırıla və ya polis əməkdaşları təqsirləndirilən şəxsi çağırılmaq məqsədi ilə onun mənzilinə gedə bilərlər.
Polisin nəzarətinə verilən şəxsə tətbiq oluna biləcək məhdudiyyətlər prosessual qanunvericilikdə göstərilən siyahı ilə tam əhatə olunub. Bunlara əsasən şübhəli və ya təqsirləndirilən şəxsin icazəsiz tərk edə bilməyəcəyi dəqiq ərazi, daimi yaşayış yerini və ya müvəqqəti olduğu yeri dəyişə bilməzliyi, nəzarəti həyata keçirən polis orqanının müəyyən etdiyi cədvəl üzrə polis orqanına gəlməsi və gəlişini qeyd etdirməsi və s. aiddir.
Lakin şəxsiyyət vəsiqəsi ilə hər hansı əməliyyatı apara bilməməsi ilə bağlı vəzifə bu məhdudiyyətlər arasında yoxdur.
Həmçinin ev dusaqlığı qətimkan tədbirindən fərqli olaraq, polis nəzarətinə verilmədə təqsirləndirilən şəxsin şəxsiyyət vəsiqəsinin ondan müvəqqəti alınması da nəzərdə tutulmayıb.
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 19.09.2012-ci il tarixli Q48-001-12 saylı qərarı ilə təsdiq edilmiş “Polisin nəzarəti altına vermə və ev dustaqlığı qətimkan tədbirlərinin tətbiq edilməsi qaydası haqqında” Təlimatın 5.10-cu bəndinə görə, polisin nəzarəti altına vermə və ev dustaqlığı qətimkan tədbiri tətbiq edilmiş şübhəli və ya təqsirləndirilən şəxslərin cinayət prosessual qanunvericilikdə məhdudiyyət qoyulmamış digər hüquqlarının pozulması yolverilməzdir.
Eyni zamanda Birləşmiş Millətlər Təşkilatının “Həbslə əlaqədar olmayan tədbirlərə dair minimal standart” Qaydalarında qeyd olunur ki, həbslə əlaqədar olmayan tədbirlərin həyata keçirilməsi zamanı təqsirləndirilən şəxslərin hüquqları ilkin qərarı qəbul etmiş səlahiyyətli orqan tərəfindən icazə veriləndən artıq məhdudlaşdırıla bilməz (bənd 3.10). Həmçinin bu tədbirlərin tətbiqi zamanı hüquq pozuntusuna yol vermiş şəxsin eləcə də, ailəsinin şəxsi toxulmazlıq hüququna hörmət edilməlidir (bənd 3.11). Qaydaların 2.6-cı bəndinə əsasən həbslə əlaqədar olmayan tədbirləri minimal müdaxilə prinsipinə uyğun tətbiq etmək lazımdır.
İkincisi, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Qanun və qeyd olunan Qanununun tətbiqi barədə Əsasnamə polisin nəzarətində olan şəxsin şəxsiyyət vəsiqəsi ilə hər hansı əməliyyat aparmağını qadağan etmir.
Azərbaycan Konstitusiyasının 32-ci maddəsinin 2-ci bəndi və ölkənin tərəfdar çıxdığı Konvensiyanın 8-ci maddəsi hər kəsi şəxsi həyatına qanunsuz müdaxilədən qoruyur. Şəxsi həyat hüququ şəxsin kənar müdaxilələrdən azad şəkildə hüquqlarını icra edərək şəxsi həyatını tənzimləməsi hesab olunur. Bu maddə dövlətin şəxslərin şəxsi həyatına müdaxilə etməməsi hüququnu təmin edir.
Qubad İbadoğlunun 2031-ci ilin avqust ayına qədər etibarlı olan şəxsiyyət vəsiqəsi ilə hər hansı əməliyyat apara bilməməsi, polisin nəzarətinə verilən şəxsə tətbiq edilən məhdudiyyətlərin əhatə dairəsindən kənara çıxmaqla, Azərbaycan Konstitusiyasının 32 və Avropa İnsan Haqları Konvensiyasının 8-ci maddəsi ilə nəzərdə tutulan şəxsi həyata hörmət hüququna müdaxilə hesab olunmalıdır.
Avropa İnsan Hüquları Məhkəməsi (AİHM) Smirnova Rusiyaya qarşı işində də açıqlayır ki, daxili pasport (şəxsiyyət vəsiqəsi) şəxsin gündəlik həyatında tibbi yardım almaq və ya maliyyə əməliyyatları kimi vacib ehtiyaclar üçün də tələb olunur. Buna görə də pasportdan məhrumetmə ərizəçinin şəxsi həyatına davamlı müdaxiləni ifadə edir. Bu halda əsas məsələ bu müdaxilənin 8-ci maddənin 2-ci bəndinə əsasən əsaslandırılması, xüsusən də həmin bənddə sadalanan məqsədlərdən hər hansı biri üçün onun “qanunvericiliyə uyğun” və “demokratik cəmiyyətdə zəruri” olub-olmamasıdır (Smirnova Rusiyaya qarşı, bənd 98).
Müdaxilə Konvensiyanın 8.2-ci maddəsində qeyd edilən şərtlərdən birinə (milli təhlükəsizlik, ictimai asayiş, ölkənin iqtisadi rifah maraqları, iğtişaş və ya cinayətin qarşısını almaq, sağlamlığı yaxud mənəviyyatı mühafizə etmək üçün, digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün) cavab vermədiyi halda məhkəmə tərəfindən şəxsi həyat hüququnun pozuntusu hesab olunur. Məhkəmə xatırladır ki, “qanuna uyğunluq” ifadəsi, ilk növbədə, şikayət edilən tədbirin daxili hüquqda bir əsasının olmasını tələb edir (bənd 100).
Professor İbadoğlunun keysi onu nümayiş etdirir ki, barəsində polisin nəzarətinə vermə qətimkan tədbiri seçilmiş şəxsin şəxsiyyət vəsiqəsinin deaktiv edilməsi daxili qanunla nəzərdə tutulmayıb. Bu səbəbdən də onun şəxsiyyət vəsiqəsinin aktiv statusunun dəyişdirilməsinin (fəaliyyətsiz edilməsinin) üçlü testin digər iki şərtini - Konvensiyanın 8.2-ci maddəsində sadalanan hər hansı legitim məqsəd güdüb-güdməməsini və demokratik cəmiyyətdə zəruri olub-olmamasını yoxlamağa ehtiyac qalmır.
“Tribunat”ın gəldiyi qənaətə görə, iqtisadçı Qubad İbadoğlunun şəxsiyyət vəsiqəsinin aktiv statusunun dəyişdirilməsi onun şəxsi həyatın toxunulmazlığı hüququnun pozuntusunu yaradır. Bu müdaxilə, şəxsin gündəlik həyatında tibbi yardım və maliyyə əməliyyatları kimi vacib fəaliyyətlərinin həyata keçirilməsində çətinliklər yaradır. Həmçinin, şəxsiyyət vəsiqəsinin aktivliyinin dayandırılması fərdin şəxsiyyətini təsdiqləyən və hüquqi münasibətlərdə iştirakını təmin edən mühüm hüquqi vasitənin əlindən alınması deməkdir.
“ameriakninsesi.org”, Qubad İbadoğlunun vəsiqəsi fəaliyyətsiz edilib
“E-qanun”, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında Qanun
“E-qanun”, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə əsasnamə
“E-qanun”,Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllə
“E-qanun”, “Polisin nəzarəti altına vermə və ev dustaqlığı qətimkan tədbirlərinin tətbiq edilməsi qaydası haqqında” Təlimatı
“unodc.org”, Birləşmiş Millətlər Təşkilatının “Həbslə əlaqədar olmayan tədbirlərə dair minimal standart” Qaydaları
“E-qanun”, Azərbaycan Respublikası Konstitusiyasının
“Hudoc.echr”, Avropa İnsan Hüquq və Azadlıqları Konvensiyası
“Hudoc.echr”, Smirnova Rusiyaya qarşı