logo

Azərbaycanda hüququn aliliyinin gücləndirilməsi və vətəndaşların maarifləndirilməsi üçün platforma

Təqsirləndirilən vəkilindən imtina edir. Məhkəmə isə imtinanı qəbul etmir. Məsələ necə tənzimlənməlidir?

Analiz
Təqsirləndirilən vəkilindən imtina edir. Məhkəmə isə imtinanı qəbul etmir. Məsələ necə tənzimlənməlidir?

İqtisadçı, siyasi məhbus Fazil Qasımovun avqustun 19-da Bakı Apellyasiya Məhkəməsində keçirilən məhkəmə iclasında vəkili Nemət Kərimlidən imtinasını və dövlət hesabına vəkillə təmin edilməsini tələb edən vəsatəti qəbul edilməyib. Ümumilikdə, ailəsinin sözlərinə görə, iclasda Qasımovun təqdim etdiyi beş vəsatətdən heç biri təmin edilməyib. Güman etmək olar ki, bu cür vəsatətin səbəbi F.Qasımovun məhkəmə tərəfindən vəsatətlərin təmin edilməməsinə yönələn etiraz aktı idi. 

Məhkəmə vəsatətin təmin edilməməsinə əsas kimi təqsirləndirilən şəxsin müdafiə hüquqları baxımından ərizənin qəbul edilməsinin yolverilməzliyini bildirib. İqtisadçı məhbusun vəkili Nemət Kərimli isə buna etirazını bildirib və növbəti məhkəmə iclasında iştirak etməyəcəyini deyərək məhkəmə zalını tərk edib.

“Tribunat” məhkəmə tərəfindən təqsirləndirilən şəxsin müdafiəçinin xidmətindən imtinasının qəbul edilməməsinin qanunauyğunluğunu araşdırıb.

Bu ilin martın 13-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Fazil Qasımov 9 il azadlıqdan məhrum edilib. Sentyabrın 29-da isə Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb.

Azərbaycan Respublikasının Konstitusiyasının 61 və Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra, CPM) 19-cu maddələrinə əsasən, təqsirləndirilən şəxs özünün seçdiyi müdafiəçi vasitəsi ilə müdafiə olunmaq, kifayət qədər vəsaiti olmadıqda, pulsuz hüquqi yardım almaq hüququna malikdir. CPM-in 91-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin hüquqlarına müdafiəçinin səlahiyyətinə xitam vermək daxildir.

CPM-in 92.12-ci maddəsinə əsasən, məhkəmə müdafiəçidən imtinanı yalnız o halda qəbul edir ki, şübhəli və ya təqsirləndirilən şəxs bu barədə ərizəni öz təşəbbüsü ilə könüllü və müdafiəçinin və ya müdafiəçi qismində təyin olunacaq vəkilin iştirakı ilə vermiş olsun. Habelə, CPM müdafiəçidən imtinanın qəbuledilməz olduğu halları aşağıdakı formada sadalayır:

  • Təqsirləndirilən şəxsin hüquqi yardımı ödəmək üçün vəsaitinin olmaması;
  • Təqsirləndirilən şəxs görmə, eşitmə və nitq qabiliyyəti tam məhdud olduğuna, danışmaq, eşitmək, görmək funksiyalarında digər ciddi pozuntular olduğuna, uzun sürən ağır xəstəliyinə, habelə əqli geriliyə, aşkar əqli zəifliyə və ya digər pozuntulara görə müdafiə hüququnu müstəqil həyata keçirə bilmədikdə;
  • Cinayət təqibi üzrə icraat aparılan anda təqsirləndirilən şəxsdə ruhi xəstəliyin kəskinləşməsi və ya müvəqqəti ruhi pozuntu aşkar edildikdə;
  • Təqsirləndirilən şəxs cinayət mühakimə icraatının aparıldığı dili bilmədikdə;
  • Təqsirləndirilən şəxs cinayəti törədərkən yetkinlik yaşına çatmadıqda;
  • Təqsirləndirilən şəxs məcburi qaydada xüsusi tibb (stasionar müalicə-psixiatriya) müəssisəsinə yerləşdirildikdə;
  • Cinayət təqibi cinayət qanunu ilə nəzərdə tutulmuş əməli anlaqsız vəziyyətdə törədən şəxs barəsində həyata keçirildikdə;
  • Təqsirləndirilən şəxsin fəaliyyət qabiliyyəti olmadıqda;
  • Məhkəmə baxışı təqsirləndirilən şəxsin iştirakı olmadan keçirildikdə

Maddi çətinliklərə görə müdafiəçidən imtinanın qəbuledilməzliyi dövlətin yurisdiksiyasında olan hər kəs üçün hüquqi yardım almaq hüququnu təmin etməsinə dair konstitusion öhdəliklərindən irəli gəlir. 

Məcəllədə sadalanan digər hallar isə təqsirləndirilən şəxsin fiziki və psixoloji sağlamlığı, dili, yaşı, prosesdə iştirakı və s. ibarətdir. CPM-ə əsasən, sadalanan hallar mövcud olduqda müdafiəçi məcburi təyin olunur (dövlət hesabına, ödənişsiz) və ya müdafiəçisi qismində təyin olunmuş vəkilin səlahiyyətləri saxlanılır. Məhkəmə təqsirləndirilən şəxsin müdafiəçidən imtina etməsini qəbul etmədikdə, müdafiəçinin cinayət prosesində iştirakına xitam verilmir. 

Konstitusiya Məhkəməsinin Plenumunun 20.05.2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 92.12-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Qərarına əsasən, müdafiəçidən imtina bir neçə şərtə əməl edildiyi təqdirdə həqiqi və real hesab olunmalıdır:

  • İmtina təqsirləndirilən şəxsin öz təşəbbüsü ilə könüllü həyata keçirilməlidir;
  • İmtina ərizə ilə ifadə olunmalıdır;
  • Məhkəmə təqsirlənidirilən şəxsə bu cür imtinanın gətirəcəyi və ya gətirə biləcəyi nəticələri aydın izah etməlidir.

Cinayət-prosessual qanunvericiliyin tələblərindən və KM-in mövqeyindən belə nəticə çıxarmaq mümkündür ki, Bakı Apellyasiya Məhkəməsinin iqtisadçının vəsatətini təmin etməməsi üçün hər hansı əsası yoxdur. Fazil Qasımov müqavilə üzrə müdafiəçisindən maddi vəsaiti olmadığından, yaxud fiziki və psixoloji sağlamlığındakı hər hansı problem və digər səbəblərdən imtina etmir. Qasımovun imtinasında KM-in qərarında vurğulanan məqamlara əks olacaq halların mövcud olmasını isbat edən hallar da mövcud deyil. 

 

Beləliklə, Bakı Apellyasiya Məhkəməsinin müqavilə üzrə vəkildən imtinanı qəbul etməməsi iqtisadçının prosessual hüquqlarını pozmuş olur.

Şərh edilməsinə ehtiyac duyulan daha bir məsələ vəkil Nemət Kərimlinin hərəkətləri ilə bağlıdır. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun 5 və 16-cı və CPM-in 92-ci maddələri və Vəkillərin Davranış Qaydaları haqqında Əsasnamənin 3-cü fəslinə əsasən, vəkil hüquqi yardım göstərdiyi şəxsin maraq və mənafelərini üstün tutmalıdır; onun seçdiyi mövqeyə zidd hərəkətlər həyata keçirməməlidir. 

İqtisadçı müqavilə üzrə vəkili Kərimlinin fəaliyyətinə xitam verərək onun maraqlarının başqa vəkil tərəfindən təmsil olunmasını tələb edir. Məhkəmə bu vəsatəti, təmin etməkdən əsassız olaraq imtina edir. Bu halda N.Kərimlinin israrla artıq xitam olunmuş təmsilçilik səlahiyyətini saxlamaqdansa, məhkəmə iclasında iştirakını davam etdirməsindən imtinasında vəkilin qanuni fəaliyyətinə zidd olacaq hər hansı hal mövcud deyil.

Müdafiəçidən imtina hallarının əsaslandırılması üzrə işlərə Avropa İnsan Hüquqları Məhkəməsi tərəfindən baxılıb. Bu cür işlərdə əsas nəzərə alınmalı məsələ Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsinin 3-cü bəndinin (c) paraqrafıdır. Ədalətli məhkəmə araşdırması hüququndan bəhs edən bu maddəyə əsasən, cinayət törətməkdə ittiham olunan hər kəs şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsi ilə özünü müdafiə etmək və ya müdafiəçinin xidmətini ödəmək üçün vəsaiti kifayət etmədiyi zaman, ədalət mühakiməsinin maraqları tələb etdikdə, belə müdafiədən pulsuz istifadə etmək hüququna malik olmalıdır.

Məhkəmənin qənaətinə əsasən, 6-cı maddə heç bir halda şəxsə ədalətli məhkəmə araşdırması hüququnun təminatlarından birbaşa və ya dolayı formada imtina etməyi məhdudlaşdıracaq formada təfsir edilməməlidir. Lakin bu cür imtina birmənalı olmalı, əhəmiyyətinə uyğun olaraq minimum təminatlar ehtiva etməli və vacib ictimai marağa zidd olmamalıdır (Seydoviç İtaliyaya qarşı; §86).

Məhkəmənin formalaşmış praktikasına əsasən, bu cür imtina aşağıdakı parametrlərə uyğun olmalıdır (Pişşalnikov Rusiyaya qarşı; §77):

  • Birmənalı şəkildə ifadə olunmalıdır;
  • Minimum təminatlar ehtiva etməlidir;
  • Könüllü olmalıdır;
  • Bu cür imtinaya qərar verən şəxs anlaşıqlı seçimə əsasən hərəkət etməlidir;
  • İmtina aydın olmalıdır: Şəxs hərəkətlərinin ağlabatan nəticələrindən agah olmalıdır;
  • İmtina vacib ictimai marağa zidd olmamalıdır.

Dvorski Xorvatiyaya qarşı işində Məhkəmə yuxarıda sadalanan standartların təmin olunduğu halda müdafiəçidən imtinanın əsaslı olduğu qənaətinə gəlib. Sklyar Rusiyaya qarşı işində isə Məhkəmə bu cür imtinanın standartlara uyğun keçirildiyi hallarda ədalətli məhkəmə araşdırılmasının pozulmadığını bildirib (§26).

Məhkəmənin bu cür imtinaları nəzərdə keçirdiyi halda nəzərə aldığı məsələ “vacib ictimai maraqlar” məfhumudur. Əgər imtina vacib ictimai maraqlara zidd olarsa, yerli məhkəmələr müdafiəçidən imtina etmək vəsatətini təmin etməməkdə haqlıdırlar. Kroysant Almaniyaya qarşı Mayzit Rusiyaya qarşı işlərində Məhkəmənin bu cür qənaətə gəldiyi hallar, müvafiq olaraq cinayət işinin çətinliyi və məhkəmə baxışının bilərəkdən uzadılması olub.

AİHM-in praktikasından çıxış edəndə də Bakı Apellaysiya Məhkəməsinin Fazil Qasımovun müdafiəçidən imtinasını təmin etməkdən imtina etməsini əsaslı hesab etmək olmaz. Müdafiəçi tərəfindən təqsirləndirilən şəxsin hüquqlarının təmsil edilməsi mütləq hüquq deyil və standartlara uyduğu təqdirdə imtina hüquqazidd nəticələrə gətirib çıxarmır. Məhkəmə “vacib ictimai marağa” istinad edərək qərarını əsaslandıra bilərdi. Lakin, burada iki problematik məqam mövcuddur: “vacib ictimai maraq” məhkəmə tərəfindən qeyd edilməyib; sadəcə “bu cür imtinanın yolverilməzliyini” qeyd edib və məhkəmənin bu cür qənaətə gəlməsi üçün yerli cinayət-prosessual qanunvericiliyində əsaslar mövcud deyil. CPM-in müdafiəçidən imtinanı qəbul etməməsi üçün qapalı siyahıda verilmiş əsasları Qasımovun situasiyası üçün keçərli deyil. Habelə, yerli cinayət-prosessual qanunvericiliyi təqsirləndirilən şəxsin özünü müdafiə etməsini istisna etmir, əksinə, bu hüququ birbaşa olaraq tanıyır. Müdafiəçinin iştirakının məcburi olmasını istisna etmək şərtilə, təqsirləndirilən şəxs vəkilindən imtina edərsə, özünü müdafiə edə və, imkan daxilində, müdafiəçinin səlahiyyətlərindən yararlana bilər.

“Tribunat” bu qənaətə gəlir ki, Bakı Apellyasiya Məhkəməsinin Fazil Qasımovun müdafiəçisindən imtina etməsinə dair vəsatətini təmin etməməsi onun prosessual hüquqlarının pozulmasına səbəb olub. Burada yerli cinayət-prosessual qanunvericilikdə nəzərdə tutulmuş imtinanın qəbuledilməzliyi əsasları mövcud deyil. Digər tərəfdən, AİHM-in təcrübəsinə əsaslanaraq, yerli məhkəmə F. Qasımovun işində olan “vacib ictimai marağa” istinad edə bilərdi. Lakin məhkəmə qərarı prosessual qanunvericiliyin tələbinə uyğun olaraq əsaslandırmayıb və nəticədə Qasımovun prosessual hüquqlarının pozulmasına səbəb olub.


 

Vəkil Fazil Qasımovun məhkəməsini yarımçıq tərk edib; https://toplummedia.tv/mehkeme/pvekil-fazil-qasimovun-mehkemesini-yarimccediliq-terk-edibp

Məhkəmə Fazil Qasımov barəsində qərar verib; https://www.azadliq.org/a/fazil-qasimov-hakim-etiraz/33508594.html

Azərbaycan Respublikasının Konstitusiyası; https://e-qanun.az/framework/897

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi; https://e-qanun.az/framework/46950

Konstitusiya Məhkəməsinin Plenumunun 20.05.2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 92.12-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Qərarı; https://e-qanun.az/framework/21754

Azərbaycan Respublikasının “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunu; https://e-qanun.az/framework/257 

Vəkillərin Davranış Qaydaları haqqında Əsasnamə; https://barassociation.az/uploads/attachments/vekillerin_davranish_qaydalari_haqqinda_asasname_2245c0c648bbfbdaccc5ff171bd0a691.pdf 

Avropa İnsan Hüquqları Konvensiyası; https://www.echr.coe.int/documents/d/echr/convention_aze \

 Seydoviç İtaliyaya qarşı; https://hudoc.echr.coe.int/eng?i=001-72629

Pişşalnikov Rusiyaya qarşı; https://hudoc.echr.coe.int/eng?i=001-94293

Dvorski Xorvatiyaya qarşı; https://hudoc.echr.coe.int/eng?i=001-158266

Sklyar Rusiyaya qarşı; https://hudoc.echr.coe.int/eng?i=001-175680

Kroysant Almaniyaya qarşı; https://hudoc.echr.coe.int/eng?i=001-57736

Mayzit Rusiyaya qarşı; https://hudoc.echr.coe.int/eng?i=001-68067

17 Oktyabr, 2025