Azərbaycanda mülkiyyət hüququnun bitib-tükənməyən pozuntuları
Analysis
Gədəbəy rayon sakini Lalə Sultanova iddia edir ki, rayonun icra başçısı Orxan Mürsəlov onun mülkiyyətində olan evləri qanunsuz olaraq sökdürüb. Sosial şəbəkələrdə yayılan, dağıdılmış evləri əks etdirən videolarda vətəndaş bildirir ki, həmin tikililər onun ailəsinə məxsus olub və heç bir rəsmi xəbərdarlıq edilmədən ağır texnika vasitəsilə uçurulub. Vətəndaşın sözlərinə görə, evlərin yerləşdiyi torpaq sahəsi onun şəxsi mülkiyyətində olub və bu barədə rəsmi sənədlər də mövcuddur. O bildirir ki, nə yerli icra hakimiyyətindən, nə də başqa dövlət qurumundan ona hər hansı rəsmi bildiriş və ya xəbərdarlıq göndərilib. Sadəcə, texnika gətirərək evini dağıdıblar.
“Tribunat” bu hadisəni mülkiyyət hüququna müdaxilə aspektindən təhlil edib.
Azərbaycanda mülkiyyət hüququ üzrə qanunvericilik və icra hakimiyyətlərinin səlahiyyətləri
Vətəndaşın mülkiyyət hüququ ilə ona məxsus olan torpaq sahəsi üzərində tikdiyi evlərin dağıdılması qanunsuzdur, mülkiyyət hüququna müdaxilənin hüquqi əsası yoxdur. Azərbaycan Respublikasının Konstitusiyasına və Mülki Məcəlləsinə əsasən, mülkiyyət hüququ toxunulmazdır.
Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ var, heç kəs məhkəmə qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz və hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.
Mülki Məcəllənin 152-ci maddəsinə əsasən, mülkiyyət hüququ şəxsin ona mənsub əmlaka sahib olmaq, ondan istifadə etmək və sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məcəlləyə görə, mülkiyyətçi öz hüququnun tanınmasını, qanunsuz sahibliyin aradan qaldırılmasını və əmlakına edilən müdaxilələrin dayandırılmasını tələb etmək ixtiyarına malikdir. Bu, mülkiyyətçinin əmlak üzərində sahiblik, istifadə və sərəncam vermək hüququnu təsbit edir və dövlət orqanlarının qanunsuz müdaxiləsini istisna edir. Heç bir icra strukturu və ya məmur məhkəmə qərarı olmadan vətəndaşın əmlakına toxuna bilməz. Yalnız ümumi maraq üçün, qanunla nəzərdə tutulmuş hallarda və ədalətli kompensasiya təmin edilməklə müdaxilə mümkündür.
Əgər tikili qanunsuz inşa edilibsə və ya şəhərsalma qaydalarına ziddirsə, bu, mülkiyyət hüququnun avtomatik məhdudlaşdırılması üçün əsas yarada bilməz. Ərazi yalnız ümumi və ya ictimai ehtiyaclar üçün tələb olunduqda, ədalətli kompensasiya ödənilməsi şərtilə dövlət tərəfindən satın alına bilər.
Hazırkı hadisədə vətəndaş xüsusi mülkiyyətində A-frame tipli evlər və seyrəngah quraşdırıb. Bu obyektlər nə ictimai marağa xidmət edir, nə də təhlükə yaradır. Buna baxmayaraq, icra hakimiyyəti tərəfindən evlər sökülüb, halbuki bu addım üçün nə məhkəmə qərarı təqdim olunub, nə də mülkiyyətçiyə rəsmi bildiriş göndərilib. Heç bir ictimai maraq da əsaslandırılmayıb.
Şəhərsalma və Tikinti Məcəlləsinə görə, sahəsi 100 kvadratmetr və hündürlüyü 5 metrdən çox olmayan bir mərtəbəli yardımçı tikililərin tikintisinə ümumiyyətlə icazə tələb edilmir. Vətəndaşın mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü isə 12 metrdən çox olmayan fərdi yaşayış evlərinin və müəyyən yardımçı tikililərin inşası üçün ayrıca icazə tələb olunmur, belə hallarda yerli icra hakimiyyətinə məlumat verilməsi kifayətdir. Vətəndaş sadəcə tikinti barədə yerli icra hakimiyyətinə məlumat verir, layihənin əsas planını, mülkiyyət hüququnu təsdiq edən sənədləri təqdim edir və 10 gün ərzində etiraz edilmədiyi halda, tikintiyə qanuni şəkildə başlaya bilər. Məlumatlandırma icraatı tətbiq edilən tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinə uyğun tikilməsinə nəzarəti isə Fövqəladə Hallar Nazirliyi həyata keçirir. Əgər həmin obyektlər sahibkarlıq və ya turizm məqsədilə inşa edilibsə belə, onların müvafiq məhkəmə qərarı olmadan sökülməsi və dağıdılması yolverilməzdir. Belə müdaxilə mülkiyyət hüququnun pozulması kimi qiymətləndirilir. Əgər şəxs öz xüsusi mülkiyyətində qeyri-yaşayış təyinatlı A-frame ev tikibsə, Prezidentin 2023-cü il 1 iyunadək inşa olunmuş qeyri-yaşayış tikililərlə bağlı fərmanına əsasən bu obyekt qanunsuz tikili kimi sökülməməli, əksinə, texniki müayinə, qeydiyyat və istismara icazə mərhələlərindən keçərək leqallaşdırılmalıdır.
Digər tərəfdən, “ictimai maraq” anlayışı dövlət ehtiyacları üçün torpağın alınması kimi başa düşülür. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanuna əsasən, torpaq yalnız bu qanunda müəyyən edilmiş hallar üzrə dövlət tərəfindən alına bilər və bu zaman mütləq ədalətli kompensasiya ödənilməlidir. Qanunun 3-cü maddəsinə görə, belə hallar sırasında dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin, magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin və hidrotexniki qurğuların çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi, dəniz limanının ərazisinin artırılması kimi məqsədlər yer alır. Bu proses yalnız Nazirlər Kabinetinin qərarı və məhkəmə təsdiqi ilə həyata keçirilə bilər.
Rayon (şəhər) icra hakimiyyətlərinin əsas funksiyası yerli idarəetməni həyata keçirmək, dövlət siyasətini yerli səviyyədə icra etmək və inzibati nəzarəti təmin etməkdən ibarətdir. Rayon (şəhər) icra hakimiyyətləri mülkiyyət və tikinti məsələsində yalnız inzibati və nəzarət funksiyasını yerinə yetirir, onlar tikililəri sökmək və ya mülkiyyət hüququna müdaxilə etmək səlahiyyətinə malik deyillər. İcra hakimiyyətləri dövlət obyektlərinin təmiri və tikintisinə nəzarət, tikinti layihələrinin təsdiqi və tikinti icazəsi vermək, zəruri hallarda tikinti barədə aidiyyəti orqan qarşısında məsələ qaldırmaq funksiyalarını yerinə yetirir.
Şəhərsalma və Tikinti Məcəlləsinə görə, rayon icra hakimiyyətləri tikintiyə nəzarət və məlumatlandırma icraatını aparır ki, bu da inzibati nəzarət xarakteri daşıyır. Rayon icra hakimiyyətləri qanunsuz və təhlükəli tikililər barədə akt tərtib edə və iddia ilə məhkəməyə müraciət edə bilər. Amma onlar özbaşına söküntü aparmaq səlahiyyətinə malik deyillər. Tikililərin sökülməsini yalnız məhkəmə qərarı əsasında Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin İcra Xidməti, onun tərkibində fəaliyyət göstərən icra şöbələri təmin edir. Məhkəmə qərarı olmadan heç bir ev, obyekt və ya tikili sökülə bilməz.
Tikintiyə dövlət nəzarəti Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Baş Dövlət Tikinti Müfəttişliyi tərəfindən həyata keçirilir. Fövqəladə Hallar Nazirliyinin əsas vəzifəsi tikinti və söküntü proseslərində təhlükəsizlik qaydalarına, texniki normalara və şəhərsalma qanunvericiliyinə əməl olunmasına nəzarət etməkdir. Fövqəladə Hallar Nazirliyi yalnız insan həyatı üçün real və təxirəsalınmaz təhlükə yarandığı hallarda, məsələn, bina uçmaq, partlayış və ya yanğın riski olduqda, insanların təhlükəsizliyini təmin etmək məqsədilə söküntü işlərini həyata keçirə bilər.
AİHM qərarları
Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs yalnız cəmiyyətin maraqları naminə və qanunla, həmçinin beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş hallar istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) presedent hüququna görə, mülkiyyət hüququna hörmət öhdəliyi təkcə dövlətin müdaxilədən çəkinməsi ilə məhdudlaşmır. Dövlət bu hüququn real və effektiv şəkildə təmin olunması üçün müsbət tədbirlər görməlidir. Yəni o, yalnız vətəndaşın mülkiyyətinə birbaşa müdaxilədən çəkinməməli, həm də mülkiyyəti üçüncü şəxslərin və ya dövlət orqanlarının qanunsuz hərəkətlərindən qorumaq üçün qanunvericilik, inzibati və məhkəmə mexanizmləri vasitəsilə effektiv tədbirlər görməlidir.
AİHM Xalikova Azərbaycana qarşı işində müəyyən edib ki, ərizəçinin əmlakının “dövlət ehtiyacları üçün alınması” prosesi qanunla nəzərdə tutulmuş şərtlərə uyğun aparılmayıb. Ərizəçinin evi Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamı ilə sökülüb, səlahiyyətli dövlət orqanı – Nazirlər Kabineti tərəfindən rəsmi qərar qəbul edilməyib. Məhkəmə bu nəticəyə gəlib ki, Bakı Şəhər İcra Hakimiyyəti özəl mülkiyyəti müsadirə etmək səlahiyyətinə malik deyildi, səlahiyyətli dövlət orqanı tərəfindən qanuni qərar qəbul edilməyib və nəticədə ərizəçinin əmlakına müdaxilə faktiki (de-fakto) müsadirə xarakteri daşıyıb. AİHM həmçinin qeyd edib ki, əmlak söküldükdən sonra ərizəçi ilə icra hakimiyyəti nümayəndəsi arasında bağlanmış satış müqaviləsi vəziyyətə hüquqi əsas qazandırmır və müdaxiləni qanuniləşdirmir.
Həmçinin AİHM-in Bagirova və digərləri Azərbaycana qarşı işi, Azərbaycanda icra hakimiyyəti tərəfindən həyata keçirilən qanunsuz söküntülərlə bağlı ən mühüm presedentlərdən biridir. İşdə Bakının Yasamal rayonunda evlərin yol və abadlıq işləri adı altında sökülməsi, lakin rəsmi qərar olmadan mülkiyyət hüququnun pozulması araşdırılıb. Məhkəmə müəyyən edib ki, Azərbaycan qanunvericiliyində nəzərdə tutulan prosedurlar pozulub, Nazirlər Kabineti yalnız hazırlıq mərhələsi üçün qərar qəbul edib, lakin torpaqların və evlərin dövlət ehtiyacları üçün alınmasına dair əsas qərar verilməyib və nəticədə söküntü qanunsuz hesab olunub.
AİHM qeyd edir ki, istənilən söküntü və ya əmlak müsadirəsi yalnız qanunilik, ictimai maraq və ədalətli balans prinsiplərinə əsaslana bilər; bu tələblərdən biri pozularsa, müdaxilə qanunsuz sayılır.
Mülkiyyət hüququnun pozulması – Azərbaycan təcrübəsi
Azərbaycanda son illərdə mülkiyyət hüququnun pozulması ilə bağlı çoxsaylı hallar qeydə alınıb. Bu hallar təkcə Bakıda deyil, ölkənin müxtəlif regionlarında da baş verir. Qanunsuz söküntülər, kompensasiya ödənilmədən aparılan köçürmələr və məhkəmə nəzarətindən kənar inzibati müdaxilələr vətəndaşların mülkiyyət hüququna müdaxilə edir.
2008-ci ildən etibarən Bakı şəhərinin mərkəzi hissələrində “şəhər abadlaşdırılması”, “dövlət ehtiyacları üçün tikinti” və “infrastruktur layihələri” adı altında çoxsaylı evlər sökülüb.
Human Rights Watch-un 2012-ci il tarixli “They Took Everything from Me: Forced Evictions, Unlawful Expropriations, and House Demolitions in Azerbaijan’s Capital” adlı hesabatında göstərilir ki, 2008-ci ildən başlayaraq Bakı şəhərində həyata keçirilən “şəhər abadlaşdırılması” və “infrastruktur inkişafı” layihələri çərçivəsində dövlət orqanları yüzlərlə vətəndaşın mülkiyyətində olan evləri və obyektləri məhkəmə qərarı olmadan, xəbərdarlıq etmədən və kompensasiya ödənilmədən sökmüşdür. Bəzi hallarda ev sahiblərinə nə yazılı, nə də şifahi bildiriş verilib, hətta gecə saatlarında söküntü işləri aparılıb. Sakinlər evlərində olduqları vaxt binaların damı, qapı-pəncərələri, pilləkənləri və daşıyıcı divarları dağıdılıb, bu isə insan həyatı üçün birbaşa təhlükə yaradıb. Ən azı 24 belə hadisə sənədləşdirilib və bu halların hamısında söküntü prosesi “daxildən dekompozisiya” – yəni, binanın iç hissələrinin əvvəlcə dağıdılması üsulu ilə həyata keçirilib.
Hesabatda o da qeyd olunur ki, təklif olunan kompensasiyalar ədalətli bazar dəyərinə uyğun olmayıb, bir çox hallarda məhkəmə müdafiəsinə çıxış hüququ təmin edilməyib, dövlət qurumları məhkəmə iclaslarına qatılmayıb, qərar çıxarılmadan söküntülər həyata keçirilib və vətəndaşların şikayətləri aylarla baxılmadan saxlanılıb.
Bundan əlavə, bu layihələrin davamı olaraq “Qış Parkı” layihəsi çərçivəsində onlarla ailə evindən çıxarılıb. Ərazidə yüzlərlə sakin xəbərdarlıq edilmədən, bəzən gecə saatlarında evlərindən zorla köçürülüb, bəzi hallarda evlər sakinlərin əşyaları içəridə olduğu halda sökülüb. Kompensasiya məbləğləri ədalətli bazar qiymətlərindən dəfələrlə aşağı müəyyən edilib, bir çox hallarda isə rəsmi məhkəmə qərarı olmadan söküntü aparılıb. Onların əksəriyyəti daha sonra Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edib və nəticədə hüquqlarının pozuntusu tanınıb.
2025-ci ildə qəbul olunmuş Salamova və digərləri Azərbaycana qarşı işi “Qış Parkı” ərazisindəki məcburi köçürmələrin və söküntülərin qanunsuz xarakterini təsdiqləyən son AİHM qərarlarından biridir. Bu işdə AİHM eyni faktlar üzrə qərar çıxararaq, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozulduğunu tanıyıb və ərizəçilərin ədalətli kompensasiya hüququnun bərpa olunmasını tələb edib. Bu, məcburi köçürmələrin və söküntülərin qanunsuz və ədalətsiz olduğunu bir daha təsdiqləyib.
Ümumiyyətlə, Avropa İnsan Hüquqları Məhkəməsi 2011-ci ildən 2025-ci ilin oktyabr ayı da daxil olmaqla, Azərbaycanla bağlı 1 saylı Protokolun 1-ci maddəsi (mülkiyyətin müdafiəsi) əsasında ümumilikdə 73 qərar qəbul edib, 63 qərarda mülkiyyət hüququnun pozuntusunu tanıyıb.
Son dövrlərdə isə Azərbaycanda mülkiyyət hüququna müdaxilələr daha da geniş vüsət alıb. Hazırda Bakının “Bayırşəhər” ərazisində də analoji hadisələr baş verir. 2025-ci ilin may ayında Bakı Şəhər İcra Hakimiyyəti yeni baş plan çərçivəsində “köhnə və yararsız” hesab edilən binaların söküləcəyini elan edib və həmin ərazilərdə yaşayan sakinlərə köçürülmə bildirişləri göndərilib.
Bu hallar təkcə dövlət qurumları deyil, həm də özəl tikinti şirkətləri tərəfindən də həyata keçirilir. 2024-cü ilin mart ayında “Melissa Group” tikinti şirkəti Bakının Yasamal rayonunda bir evi içərisində sakin olduğu halda söküb. Hadisənin görüntüləri sosial mediada yayıldıqdan sonra ekskavatorun sürücüsü, briqadir və şirkət rəhbəri saxlanılıb və söküntü faktı ilə bağlı “Melissa Group” şirkətinin rəhbəri Qalib Məmmədov və əməkdaşlar barəsində cinayət işi açılıb.
Həmçinin hazırkı hadisə ilə də əlaqəli olaraq, regionlarda fərdi sahibkarlıq və kənd turizmi layihələri çərçivəsində tikilən evlərin icra hakimiyyətlərinin müdaxiləsi ilə dağıdılması halları da artıb. Bu hallar zamanı çox vaxt müvafiq məhkəmə qərarı təqdim olunmur, rəsmi bildiriş göndərilmir və vətəndaşlara zərərin ödənilməsi təmin edilmir.
Qeyd olunan faktlar mülkiyyət hüququna müdaxilə balansının çox vaxt pozulduğunu, qanunsuz və kompensasiyasız söküntülərin sistematik xarakter aldığını nümayiş etdirir. Dövlət orqanlarının vəzifəsi yalnız inzibati qərarlar qəbul etmək deyil, həm də vətəndaşların hüquqlarını təmin etməkdən ibarətdir. Mülkiyyət hüququnun pozulması təkcə ev və yaşayış yerinin itirilməsi ilə məhdudlaşmır, bu, həm də şəxsi həyatın toxunulmazlığına, insan ləyaqətinə və təhlükəsizliyinə birbaşa təsir göstərir.
“Gədəbəy sakini Lalə Sultanova iddia edir ki, rayonun icra başçısı Orxan Mürsəlov ona məxsus evləri qanunsuz olaraq sökdürüb” (Facebook 2025); https://www.facebook.com/reel/1642341706463616
Sonxeber.az, “Gədəbəydə icra başçısı Orxan Mürsəlov mülkümü dağıtdırdı-Şikayət-Video”; https://sonxeber.az/367737/gedebeyde-icra-bascisi-orxan-murselov-mulkumu-dagitdirdi-sikayet-video
Azərbaycan Respublikası Konstitusiyası; https://e-qanun.az/framework/897
Azərbaycan Respublikasının Mülki Məcəlləsi; https://e-qanun.az/framework/46944
Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi; https://e-qanun.az/framework/46958
Azərbaycan Respublikası Prezidentinin “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” fərmanı (1 iyun 2023); https://e-qanun.az/framework/54404
“Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasinin Qanunu; https://e-qanun.az/framework/19613
Azərbaycan Respublikası Prezidentinin “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Fərmanı (6 iyun 2012-ci il); https://e-qanun.az/framework/23701
“İcra haqqında” Azərbaycan Respublikasının Qanunu; https://e-qanun.az/framework/1406
Azərbaycan Respublikası Prezidentinin “Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında Fərmanı ( 17 noyabr 2014-cü il); https://e-qanun.az/framework/28677
“Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi haqqında” Əsasnamə (19 aprel 2006-cı il); https://e-qanun.az/framework/11596
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi; https://fhn.gov.az/az/nazirlik/umumi-melumat
Avropa İnsan Hüquqları Konvensiyası; https://www.echr.coe.int/documents/d/echr/convention_ENG
Avropa İnsan Hüquqları Məhkəməsi, Khаlikova Azərbaycana qarşı (Ərizə № 42883/11, 14 mart 2016); https://hudoc.echr.coe.int/eng?i=001-157964
Avropa İnsan Hüquqları Məhkəməsi, Bagirova və digərləri Azərbaycana qarşı (Ərizə № 37706/17, 30 noyabr 2023); https://hudoc.echr.coe.int/eng?i=001-226389
Human Rights Watch, “They Took Everything from Me”: Forced Evictions, Unlawful Expropriations, and House Demolitions in Azerbaijan’s Capital (29 February 2012); https://www.hrw.org/report/2012/02/29/they-took-everything-me/forced-evictions-unlawful-expropriations-and-house
Human Rights Watch, ‘Azerbaijan: Stop Forced Evictions, Illegal Demolitions – Winter Garden Party No Celebration for Many Baku Residents’ (6 May 2013); https://www.hrw.org/news/2013/05/06/azerbaijan-stop-forced-evictions-illegal-demolitions
Avropa İnsan Hüquqları Məhkəməsi, Salamova və digərləri Azərbaycana qarşı (Ərizələr № 66345/12 və 52066/13, 4 fevral 2025); https://hudoc.echr.coe.int/?i=001-241567
European Court of Human Rights, HUDOC Database, Selected Case-Law of Azerbaijan under Article 1 of Protocol No. 1
OC Media ‘Residents of Baku Old Town Receive Eviction Orders Amidst Plans for New Construction’ (5 May 2025); https://oc-media.org/residents-of-baku-old-town-receive-eviction-orders-amidst-plans-for-new-construction/
“Yasamalda tikinti şirkəti sakinlər evdə olduğu halda binanın bir hissəsini söküb” (Facebook, 19 May 2025; https://www.facebook.com/reel/1193659188863006
Qafqazinfo, “‘Melissa Group’un rəhbəri ilə bağlı həbs qərarı verildi – Yenilənib” (29 Mart 2025); https://qafqazinfo.az/news/detail/melissa-groupun-rehberi-ile-bagli-hebs-qerari-verildi-yenilenib-465927
Musavat.com, “Sahibkar Mingəçevirdə icra başçısını 33 min manat cərimələtdirib” (29 January 2016); https://musavat.com/news/son-xeber/sahibkar-mingechevirin-icra-bashchisini-33-min-manat-cerimeletdirib_322157.html