logo

Platform for strengthening the rule of law and enlightening citizens in Azerbaijan

Deputatın nifrət nitqi

Analysis
Deputatın nifrət nitqi


“Konkret.az” saytının paylaşdığı xəbərə görə, Vəhdət Partiyasının sədri, deputat Tahir Kərimli LGBTQI+ fərdlərinə qarşı nifrət təşviq edən çıxış edib.

“Xəstədirlərsə, gedib müalicə olunsunlar və ya onları müalicəyə göndərsinlər. Mən ona görə də onlara qarşı nifrətimi gizlətmirəm. Onu da qeyd edim ki, istər Lenin, istər Xomeyni hakimiyyətə gələndə, əxlaqsızlıq edənləri, bu kimi adamları traktorun, buldozerin qabağına verib uçurdur, hətta güllələyirdilər. Çünki əxlaqın, mənəviyyatın bərpa edilməsi üçün çox ciddi cəza tədbirləri görmək lazımdır” - deyə, deputat bildirib. 

“Tribunat” deputatın çıxışını analiz edib.

Nifrət nitqi nədir?

Məzmunundan göründüyü kimi, bu çıxış cinsi oriyentasiyaya ünvanlanan nifrət nitqidir. 

Azərbaycanın yerli qanunvericiliyində nifrət nitqinin anlayışı verilmir. Həmçinin bu günə qədər beynəlxalq insan hüquqları hüququnda nifrət nitqinin universal tərifi də yoxdur. 

BMT-nin Nifrət Nitqinə Qarşı Mübarizə üzrə Strategiya və Fəaliyyət Planı nifrət nitqini “nitqdə, yazıda və ya davranışda təhqiredici və ya ayrı-seçkilik yaradan ... bir şəxsə və ya qrupa kimliyindən, başqa sözlə, dinindən, etnik mənsubiyyətindən, milliyyətindən, irqindən, rəngindən, mənşəyindən, cinsindən və ya digər kimlik faktorundan asılı olaraq hər hansı bir ünsiyyət növü kimi müəyyən edir...”

Başqa sözlə, qrupa və ya fərdlərə xas xüsusiyyətlərə (irq, din və ya cins və s.) əsaslanan və sosial sülhü təhdid edə biləcək təhqiredici diskurs.

Avropa Şurasının Nazirlər Komitəsinin 30 oktyabr 1997-ci ildə R(97)20 Tövsiyəsində isə nifrət nitqi bu cür müəyyənləşdirilib: ““Nifrət nitqi - irqi nifrət, ksenofobiya, antisemitizm və ya dözümsüzlüyə əsaslanan nifrətin digər formalarını yayan, təhrik edən, təşviq edən və ya haqq qazandıran bütün ifadə formalarını əhatə edən, o cümlədən aqressiv millətçilik və etnosentrizmlə ifadə edilən dözümsüzlük, azlıqlara, miqrantlara və immiqrant mənşəli insanlara qarşı ayrı-seçkilik və düşmənçilik kimi başa düşülür”.

Azərbaycan qanunvericiliyində nifrət nitqinin anlayışı verilməsə də, Konstitusiyanın 47-ci maddəsinin 3-cü bəndi ədavət və düşmənçilik oyadan təşviqata və təbliğata yol verilmədiyini nəzərdə tutur. Həmin bənd irqi, milli, dini, sosial və hər hansı digər meyara əsaslanan ədavət və düşmənçilik təşviqatı və təbliğatını qadağan edir. 

Konstitusiyanın 47-ci maddəsi qeyd edilən əsasda təşviqat və təbliğatı ifadə azadlığı kontekstində qəbul etmir və bu cür çıxışların fikir və söz azadlığı çərçivəsində müdafiə edilmədiyini nümayiş etdirir. 

Azərbaycanın yurisdiksiyası altında olduğu Avropa İnsan Haqları Konvensiyasının 10-cu maddəsinin 2-ci bəndində ifadə azadlığına məhdudiyyətlərin legitim əsaslarından biri də də ictimai asayiş maraqları, iğtişaşın və ya cinayətin qarşısını almadır. Aydındır ki, istənilən müdaxilə qanunla nəzərdə tutulmalı və demokratik cəmiyyətdə zəruri olmalıdır. 

Azərbaycan Cinayət Məcəlləsinin 283-cü maddəsi birbaşa nifrət nitqini nəzərdə tutmasa da, milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması zəminindəki əməlləri kriminallaşdırır. 

Bu maddənin dispozisiyasında nəzərdə tutulan hərəkətlər yalnız o halda cinayət əməli hesab edilir ki, həmin hərəkətlər aşkar surətdə və kütləvi informasiya vasitələrindən istifadə olunmaqla törədilmiş olsun. 

Başqa sözlə desək, sözügedən norma həmçinin bu və yaxud digər sosial qruplar arasında ədavət və düşmənçiliyin salınmasını cinayət təqibi qaydasında qadağan edir. 

Deputat Tahir Kərimlinin  cinsi oriyentasiyaya malik sosial qrupu ləğv etməyə yönəlik çıxışı bu normanın əhatə dairəsinə düşür. 

Eyni zamanda, Konstitusiyasının 25.3-cü maddəsi dövlətin ... cinsindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verdiyini, insan və vətəndaş hüquq və azadlıqlarını cinsi mənsubiyyətə görə məhdudlaşdırmağın qadağan olduğunu nəzərdə tutur. 

Cinayət Məcəlləsinin 154.1-ci maddəsi isə bərabərlik hüququnun pozulmasını cərimə və ya islah işləri ilə cəzalandırır.

Həmçinin Avropa Konvensiyasının 14-cü maddəsi  bütün növ ayrı-seçkiliyi qadağan edir.

Avropa İnsan Hüquqları Konvensiyası nifrət nitqini qorumur

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) nifrət nitqinin 10-cu maddə altında qorunmadığını təsbit edib. Məhkəmə “Jersild Danimarkaya qarşı” işində ((Ərizə no. 15890/89), 25§ 35) qeyd edib ki,  şəxs və qrupları təhqir edə biləcək nifrət nitqini ehtiva edən konkret ifadələr Konvensiyanın 10-cu maddəsi ilə qorunmur.

AİHM “Beizaras və Levickas v. Litvaya qarşı” işində plüralizm, tolerantlıq və genişfikirliliyin xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb. Məhkəmə qeyd edib ki, plüralizm və demokratiya müxtəlifliyin həqiqi tanınması və onlara hörmət edilməsi üzərində qurulur və müxtəlif kimliklərə malik olan şəxslərin və qrupların ahəngdar qarşılıqlı əlaqəsi sosial birliyə nail olmaq üçün əhəmiyyətlidir (§§ 106-7). Bir şəxsə və ya bir qrup şəxsə qarşı zorakılığı, nifrət və ya dözümsüzlüyü yayan, təhrik edən, təşviq edən və ya əsaslandıran bəyanatlar sosial birliyi təhdid edir və başqalarının hüquqlarının pozulması riski yaradır. Bu cür ifadə nifrət cinayəti üçün əlverişli mühit yarada və geniş miqyaslı münaqişələri alovlandıra bilər.

“Oqanevova Ermənistana qarşı” işində (Ərizələr  71367/12 və 72961/12 §119) Məhkəmə hər nifrət nitqinin mütləq şəkildə cinayət sanksiyası və ya təqibi ilə nəticələnməməli olduğunu bildirsə də, dövlətin nifrət nitqi və zorakılığı təhrik edən şərhlərlə bağlı müəyyən pozitiv tədbirlər görməsinin vacibliyini bildirir. Məhkəmə qeyd edir ki, nifrətin qızışdırılması mütləq zorakılıq və ya digər cinayət əməllərinə çağırış tələb etmir. Əhalinin konkret qruplarını məsxərəyə qoymaq və ya böhtan atmaqla şəxslərə qarşı törədilən hücumlar, məsuliyyətsiz şəkildə həyata keçirilən ifadə azadlığı şəraitində hakimiyyət orqanlarının irqçi nitqlə mübarizəyə üstünlük verməsi üçün kifayət ola bilər. 

Avropa Məhkəməsi bir sıra qərarlarında siyasətçilərin öz publik çıxışlarında nifrət nitqlərindən yayınmasının zəruriliyi də vurğulayıb.

Məhkəmə “Erbakan Türkiyəyə qarşı” işində (Ərizə No 59405/00, §64) ictimai xadimlərin vəzifə və öhdəliklərinin olduğunu və siyasətçilərin özlərini ifadə edərkən qeyr-tolerantlığı təşviq edəcək şərhlərdən çəkinmələrinin vacibliyini bildirib.

“Behar və Gutman Bolqarıstana qarşı” işində (Ərizə no. 29335/13, §109) Məhkəmə əvvəlki presedent hüququna istinad edib və ictimai maraq doğuran məsələlərə dair ifadələrin Konvensiyanın 10-cu maddəsi altında qorunduğunu bildirib. Lakin Məhkəmə bir daha vurğulayıb ki, zorakılığı, nifrəti, ksenofobiyanı və ya dözümsüzlüyün başqa formasını təşviq edən və ya buna haqq qazandıran ifadələr müdafiə oluna bilməz. Məhkəmə demokratik cəmiyyətdə medianın oynadığı mühüm rolu və parlament üzvləri üçün ifadə azadlığının vacibliyini ardıcıl olaraq vurğulayaraq, eyni zamanda, nifrət nitqi və ya zorakılığa çağırış hallarında jurnalistlərə və ya siyasətçilərə qarşı hətta ciddi cinayət-hüquqi sanksiyaların tətbiq edilməsinin əsaslı ola biləcəyini də qəbul edir. Məhkəmə bəyan edib ki, hətta parlament üzvlərinin verdiyi bəyanatların məzmunu Konvensiya sisteminin demokratik dəyərlərinə ziddirsə, 10-cu maddənin 2-ci bəndində qeyd olunan “vəzifə və məsuliyyətləri” daşıyır.

Azərbaycanda LGBTQI+ fərdlərinin vəziyyəti 

Baxmayaraq ki, 2000-ci ildən etibarən Azərbaycanda homoseksuallıq dekriminallaşdırılıb, Azərbaycan LGBTQI+ fərdlərinin vəziyyətinə görə Avropa dövlətləri arasında ən aşağı 49-cu yerdədir. 

Bir sıra yerli və beynəlxalq təşkilatların məlumatlarına görə, Azərbaycanda davamlı şəkildə LGBTQI+ fərdlərinin hüquqları pozulur.

2017-ci ilin sentyabrında LGBTQI+ fərdlərinə qarşı kütləvi reydlər keçirilib və 200-dən çox insan təqib olunub. Daxili Işlər Nazirliyi kütləvi həbslərin keçici xəstəliklərin müayinəsini aparmaq üçün edildiyini bildirib. Həmin dövrdə 100-dən çox LGBTQI+ fəalı məcburi müayinədən keçirilib, polis bölməsində zorakılğıa məruz qalıb.

Həmin kütləvi inzibati həbslərlə bağlı Konvensiyanın 3, 5, 6, 8, 13 və 14-cü maddələri ilə şikayət Avropa Məhkəməsinə göndərilib. 25 ərizəçinin şikayəti ilə bağlı məlumat Məhkəmənin saytında yerləşdirilib:  https://hudoc.echr.coe.int/?i=001-192028

7 iyul 2021-ci ildə influenser Sevinc Hüseynova “İnstagram” sosial şəbəkəsində LGBTI+ fərdlərini, xüsusən də trans qadınları təhqir edən və nifrət yayan video paylaşıb. 9 iyul 2021-ci ildə bir qrup trans qadın S.Hüseynova ilə bağlı 17-ci polis bölməsinə şikayətlə müraciət etsə də, ona qarşı heç bir hüquqi tədbir görülməyib. Həmin dövr LGBTQI+ fərdlərinin hücumlara məruz qalması və öldürülməsi ilə səciyyəlidir.

2022-ci ildə jurnalist Əvəz Şıxməmmədov cinsi oriyentasiyasına görə əmisioğlu Əmrulla Quliyev tərəfindən qətlə yetirlib. Baxmayaraq ki, Quliyev əmisioğlunu seksual oriyentasiyasına görə öldürdüyünü etiraf edib, dövlət qurumları cinayət işini nifrət cinayəti olaraq nəzərdən keçirməyiblər.

“Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” Qanunun 4-cü maddəsində qeyd olunur ki, “Deputat öz fəaliyyətində insanların hüquqlarını, azadlıqlarını, qanuni maraqlarını pozan, şərəf və ləyaqətini alçaldan, işgüzar nüfuzuna xələl gətirən kobud, təhqiramiz söz və ifadələrə yol verməməli, hüquqi şəxslərin işgüzar nüfuzunu ləkələyən qərəzli hərəkətlər etməməlidir”.

Tahir Kərimli həm də Milli Məclisdə İnsan hüquqları komitəsinin üzvüdür. Kərimlinin tutduğu vəzifəyə baxmayaraq, mediada davamlı nifrət nitqini ehtiva edən çıxışları mövcuddur. T.Kərimlinin deputat və siyasətçi olduğunu nəzərə alaraq, ictimai məsuliyyətinin adi insanlardan daha çox olması, onun nifrət nitqi və ya nifrət cinayətinə təşviqedici çıxışını demokratik cəmiyyətin inkişafına zərərli hal hesab etmək olar


 

"Lenin, Xomeyni əxlaqsızlıq edənləri traktorun qabağına verir, hətta güllələyirdi"

Mass Arrests and Abuse of LGBT People in Azerbaijan, 22 september, 2017, https://crd.org/2017/09/22/mass-arrests-and-abuse-of-lgbt-people-in-azerbaijan/

Country Ranking, https://rainbow-europe.org/country-ranking 

Azərbaycan Respublikası Konstitusiyası, https://e-qanun.az/framework/897 

Azərbaycan Respublikası Cinayət Məcəlləsi,  https://e-qanun.az/framework/46947 

“Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” Qanun, https://e-qanun.az/framework/36300 

Avropa İnsan Hüquqları Konvensiyasi və onun protokolları, https://www.coe.int/az/web/compass/the-european-convention-on-human-rights-and-its-protocols 

Council of Europe Committe of Ministers, Recommendation No.R (97) 20 of the Committe of Ministers to Member States on “Hate Speech” ,  30 October, 1997, https://rm.coe.int/1680505d5b 

Guide on the case-law of the European Convention on Human Rights, Rights of LGBTI persons, updated on 31 August 2022, https://www.echr.coe.int/documents/d/echr/Guide_LGBTI_rights_ENG 

CASE OF JERSILD v. DENMARK (Application no. 15890/89)

Affaire Erbakan c. Turquie ( Requête no 59405/00)

CASE OF BEHAR AND GUTMAN v. BULGARIA ,(Application no. 29335/13)

Azərbaycanda LGBTİ+ hüquqları (2019), https://www.idi-aze.org/files/pdf/2023-05-16/YRfgrtGqYJvE6BOxJtUTEM6rjDl8kYzjpe0qb9sf.pdf 

The Timeline Leading from Anti-LGBTİ Instagram Posts to the “Honour Killing” of an LGBTI activist in Azerbaijan, https://www.ilga-europe.org/blog/the-timeline-leading-from-anti-lgbti-instagram-posts-to-the-honour-killing-of-an-lgbti-activist-in-azerbaijan/ 

Azerbaijan, Freedom in the World, 2023, https://freedomhouse.org/country/azerbaijan/freedom-world/2023 


 

30 October, 2023