logo

Platform for strengthening the rule of law and enlightening citizens in Azerbaijan

İnzibati həbslərin yeni dalğası: Rəsmiləri tənqidin yol verilən həddi hara qədərdir?

Analysis
İnzibati həbslərin yeni dalğası: Rəsmiləri tənqidin yol verilən həddi hara qədərdir?

Yerli mediada gedən məlumatlara görə, son günlər bir sıra ictimai-siyasi fəallar inzibati qaydada həbs edilib. AXCP-nin 8 fəalının, Demokratiya və Rifah Partiyasının iki üzvünün və digər ictimai fəallarının ölkə başçısının ünvanına sosial şəbəkədə yazdıqları tənqidi fikirlərə görə inzibati həbsə məruz qaldığı iddia olunur. 

Həmin ictimai və siyasi fəallar bunlardır: Kənan Zeynalov, Ramin Əhmədov, Emin Axundov, Orxan Baxış, Ramid Nağıyev, Ayət İsmayılov, Vüsal Zeynalov, Hüseyn Məlik, Emin Axundov və Məhəddin Orucov.

Saxlanılan şəxslər İnzibati Xətalar Məcəlləsinin əsasən iki maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib. Həmin maddələrdən biri xırda xuliqanlıq (510-cu maddə), digəri isə polis işçisinin qanuni tələbinə qəsdən tabe olmamadır (535.1-ci maddə). 

“Tribunat” mövzunu analiz edib.

Azərbaycan Konstitusiyasının 47-ci maddəsi hər kəsin fikir və söz azadlığı hüququnun olduğunu tanıyır. Konstitusiyanın 57-ci maddəsinin 2-ci bəndində yazılır: “Vətəndaşlarının dövlət orqanlarının və onların vəzifəli şəxslərinin, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, habelə ayrı-ayrı vətəndaşların fəaliyyətini və ya işini tənqid etmək hüququ vardır. Tənqidə görə təqib qadağandır. Təhqir və böhtan tənqid sayıla bilməz”.

Həmçinin, Azərbaycanın da ratifikasiya etdiyi Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu və Beynəlxalq Mülki və Siyasi Hüquqlar haqqında Paktın 19-cu maddələrində hər kəsin sərbəst şəkildə öz fikrini ifadə etmək hüququ təsbit olunub.

Mülki və Siyasi Hüquqlar haqqında Paktın 19.3-cü bəndinə görə, bu hüquqa başqa şəxslərin hüquqlarına və nüfuzlarına hörmət edilməsi, dövlət təhlükəsizliyinin, ictimai asayişin, əhalinin sağlamlığının və mənəviyyatının qorunması üçün məhdudiyyət qoyula bilər. 

Avropa İnsan Hüquqları Konvensiyasında isə bu hallarla bərabər məhdudiyyət sırasına ərazi bütövlüyü, iğtişaşın və ya cinayətin, o cümlədən konfidensial şəkildə əldə edilmiş məlumatların açıqlanmasının qarşısını almaq və ya ədalət mühakiməsinin nüfuz və qərəzsizliyini təmin etmək daxildir. 

Hər iki sənəddə müdaxilənin qanunla müəyyən edilməsi və zəruri olması tələbi mövcuddur.  

Cinayət Məcəlləsinin 323-cü maddəsi Azərbaycanın dövlət başçısının - Prezidentin şərəf və ləyaqətini kütləvi çıxışda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında ləkələmə və ya alçaltmaya görə cinayət məsuliyyəti müəyyən edir. 

Bu norma dövlət başçısının reputasiyasını ləkələmə və ya alçaltmağa görə bir sıra cəzalar nəzərdə tutur.

Siyasi və ictimai fəalların həbsinə səbəb kimi ehtimal olunan sosial şəbəkə statuslarından bəzi nümunələr bunlardır:

ADR üzvü Vüsal Zeynalov: “Prezident İlham Əliyev,  Qazax rayonunda həkim yoxdur,  qırılıb hamısı. Biz bu ölkədə dərdimizi kimə deyək? Əgər vətəndaş olaraq dərdimizi deməyə yer yoxdusa,  mən və  ailəm  bu  ölkədən imtina edəkmi? Dərdimizi kimə deyək? İlham Əliyev, rayonlarda vətəndaşa xidmət edəcək heç kim yoxdur. Yalandan çıxıb basıb bağlama. Açıq-aşkar de ki, kasıb təbəqə  qırılın,  ya da rədd olun bu ölkədən. Mən neçə gündür həkim tapıb uşağımı göstərə bilmirəm”;

ADR üzvü Hüseyn Məlikin həbs olunmamışdan əvvəl paylaşdığı son statuslar bunlar olub: 

“ADR Partiyasının sədri professor Qubad İbadoğlu 80 gündür Rusiyanın Azərbaycan quberniyasının qubernatoru İlham Əliyevin girovluğundadır. AZADLIQ TƏLƏB EDİRİK !!!”;

“Nə qədər ki , Qarabağda rus əsgəri var (hansı adda olmasından asılı olmayaraq) Qarabağımız azad deyil”;

“Cənubi Qafqazda Rus işğalçılarına qarşı mübarizənin ön səngərində Nikol Paşinyan dayanır”.

Qeyd edək ki, inzibati qaydada həbs olunan digər şəxslərin yazdığı statusların mətnlərini əldə etmək mümkün olmadı. 

Ancaq təqdim edilən statuslardan Prezidentin reputasiyasını ləkələyən və ya alçaldan hər hansı bir məzmun olmadığı aşkar şəkildə görünür. 

İctimai fəal Məhəddin Orucovun yaxınlarının dediyinə görə isə, o, 18 oktyabr 2023-cü ildə Prezidenti sosial şəbəkədəki səhifəsində tənqid etdiyinə görə 32-ci polis bölməsinə çağırılıb və daha sonra buraxılmayıb.

AXCP-nin iddiasına görə isə partiyanın üzvlərinin həbsi onların sosial şəbəkələrdəki tənqidi fikirlərinə görədir.

Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) Azərbaycan hökumətinin ictimai fəalları məhdudlaşdırmaq üçün inzibati həbs üsulundan istifadə etməsi ilə bağlı bir sıra qərarları mövcuddur.

“Qafqaz Məmmədov Azərbaycana qarşı” işində Məhkəmə bildirib ki, ərizəçinin üzləşdiyi tədbir (həbs və həbsdən sonra beş günlük saxlanma) azadlıqdan məhrum olunmağa haqq qazandırmaq  üçün tələb olunan əsaslarla bağlı olmayan məqsədlər güdüb və polis əməkdaşlarının xoş niyyətli olmaması ilə bağlı olub. Məhkəmə qeyd edib ki, ərizəçi rəsmi olaraq polisə tabe olmama ilə saxlanılsa da, faktiki saxlanma səbəbi icazəsiz dinc nümayişdə iştirak etmək olub.

“Hüseynli və Başqaları Azərbaycana qarşı” işində isə Məhkəmə ərizəçilərin xırda xuliqanlıq və polis əməkdaşının qanuni əmrinə tabe olmamaq ittihami ilə inzibati həbslə üzləşmələrinin 2 aprel 2011-ci il tarixli nümayişdə iştirakının qarşısını almaq və müxalifətin etiraz aksiyalarında iştirak etmələrinin cəzalandırılması məqsədi güddüyünü təsbit edib. Həmçinin, Məhkəmə bu cür qanunsuz tədbirlərin aidiyyəti şəxləri və ümumilikdə ictimaiyyəti nümayişlərə qatılmaqdan və açıq siyasi debatda iştirakdan “çəkindirmə effekti” yaratması potensialı olduğunu vurğulayıb.

Məhkəmə digər işlərdə siyasətçi və ictimai xadimlərin tənqidə dözümlülüyünün daha geniş olmasını təsbit edib.

“Vellutini və Michel Fransaya qarşı” (Ərizə № 32820/09) işində Məhkəmə qeyd edib ki, məqbul tənqidin hüdudları fərdi şəxslə müqayisədə siyasətçiyə münasibətdə daha genişdir. Siyasətçilər istər-istəməz və bilə-bilə hər söz və hərəkətlərinin izlənilməsi üçün həm jurnalist, həm də bütövlükdə ictimaiyyətə qarşı açıqdırlar. Buna görə də onlar tənqidə qarşı daha çox dözümlülük nümayiş etdirməlidir.

“Fətullayev Azərbaycana qarşi” (Ərizə № 40984/07) iş üzrə qərarında isə Məhkəmə vurğulayır ki, siyasi çıxışlara və ya ictimai maraq doğuran məsələlərə dair debatlara məhdudiyyətin qoyulması üçün 10-cu maddənin 2-ci bəndi çox az imkan yaradır. Məhkəmə təkrar edir ki, tənqidin icazə verilən hədləri Hökumətə gəldikdə daha genişdir, nəinki vətəndaşa və ya siyasətçiyə. Demokratik cəmiyyətdə hökumətin hərəkətləri və ya nöqsanları nəinki qanunverici və məhkəmə hakimiyyətinin, həmçinin ictimai fikrin tənqidi araşdırmasına da məruz qalmalıdır. Bundan başqa, hökumətin tutduğu dominant vəzifə tələb edir ki, rəqiblərinin əsassız hücumlarına və tənqidinə cavab verərkən (xüsusən də digər vasitələr əlçatan olduqda) cinayət təqibinə əl atmamaq üçün təmkinlik nümayiş etdirsin (bax: Incal v. Turkey, 9 iyun 1998, § 54, Reports 1998-IV) .

“Vedat Şorli Türkiyəyə qarşı” işində  (Ərizə 42048/19) Prezidenti təhqir etməyə görə nəzərdə tutulan cinayət cəzasının mütənasibliyinə gəlincə, Məhkəmə qeyd edir ki, dövlət qurumlarını təmsil edən şəxslərin institusional ictimai asayişin təminatçısı qismində səlahiyyətli orqanlar tərəfindən müdafiə olunması tamamilə qanuni olsa da, bu qurumların tutduğu dominant mövqe hakimiyyət orqanlarından cinayət prosesindən istifadə zamanı təmkinli olmağı tələb edir. Məhkəmə xatırladır ki, 10-cu maddə ilə qorunan hüquqlara müdaxilənin mütənasibliyinin qiymətləndirilməsi bir çox hallarda hakimiyyət orqanlarının mülki tədbirlər kimi cinayət cəzası istisna olmaqla, başqa vasitələrdən istifadə edə bilməsindən asılı olacaq. Hətta sanksiya mümkün qədər orta səviyyədə olsa belə (məsələn, cinayət cəzasından azad edilmə ilə müşayiət olunan məhkumluq və təzminat kimi “simvolik avro” ödəmək öhdəliyi) o, cinayət cəzasını təşkil edir və istənilən halda ifadə azadlığı hüququna müdaxiləyə haqq qazandırmaq üçün özlüyündə kifayət ola bilməz (bax, sözügedən qərar §44).

İctimai-siyasi fəalların inzibati həbsinə səbəb olan sosial şəbəkə statuslarının isə heç birində təhqir elementi yoxdur, sadəcə tənqid kontenti var.  

Yerli QHT-lərin Azərbaycanda siyasi motivli inzibati həbslərlə bağlı hesabatları var. Demokratik Təşəbbüslər İnstitutunun  (IDI) 2018-ci ilə aid olan məlumatında 78 nəfərin siyasi motivlə həbs olunduğu, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədris Mərkəzinin (SMDT) hesabatında isə 2018-ci ilin yanvar ayından 2019-cu ilin fevral ayına qədər 128 nəfərin siyasi motivli inzibati həbslə üzləşdiyi qeyd edilir. 

Demokratik Təşəbbüslər İnstitutunun 2022-ci ildə hazırladığı digər hesabata görə isə, Azərbaycanda 2020-2021-ci illərdə 88 siyasi və ictimai fəal inzibati qaydada həbs olunub.

Həmin hesabatlardan məlum olur ki, siyasi motivli inzibati həbslər sərbəst toplaşmaq və ifadə azadlıqlarını məhdudlaşdırmaq məqsədi güdüb.

“Tribunat”-ın gəldiyi nəticəyə görə, siyasi və ictimai fəalların sosial şəbəkələrdə ifadə etdiyi tənqidi fikirlərə görə “xırda xuliqanlıq” və “polisin qanuni tələbinə tələb olmama” ittihami ilə inzibati həbslə üzləşmələri demokratik cəmiyyətdə zəruri olan müxtəlif fikirliliyin qarşısını almaq məqsədi daşıyır və legitim niyyət güdmür.


 

AXCP-nin iki fəalı həbsə məhkum edilib, https://www.turan.az/ext/news/2023/10/free/Social/az/10087.htm  

Vüsal Zeynalovla bağlı Facebook sosial şəbəkəsində post, https://www.facebook.com/photo?fbid=2293108887543930&set=a.452439771610860 

Azərbaycan Respublikasının Konstitusiyası, https://frameworks.e-qanun.az/0/f_897.html 

Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt, https://migration.gov.az/content/pdf/5acb034968016_Mülki%20v%C9%99%20siyasi%20hüquqlar%20haqqında%20Pakt.pdf 

Avropa İnsan Hüquqları Konvensiyası və onun protokolları, https://www.coe.int/az/web/compass/the-european-convention-on-human-rights-and-its-protocols 

İctimai fəal Məhəddin Orucov 30 sutka həbs edilib, https://www.turan.az/ext/news/2023/10/free/Social/az/10047.htm 

Həbs olunan ictimai fəalın polis bölməsində döyüldüyü bildirilir, 19 oktyabr, 2023, https://www.meydan.tv/az/article/hebs-olunan-ictimai-fealin-polis-bolmesinde-doyulduyu-bildirilir/ 

CASE OF GAFGAZ MAMMADOV v. AZERBAIJAN  (Application no. 60259/11

CASE OF HUSEYNLI AND OTHERS v. AZERBAIJAN (Applications nos. 67360/1167964/11 and 69379/11)

Fətullayev Azərbaycana qarşi” (Ərizə № 40984/07)

AFFAIRE VEDAT ŞORLİ c. TURQUIE  (Requête no 42048/19)

İnzibati Həbslərlə bağlı qanunvericiliyin analizi və pis rəftarın vəziyyətinə dair Araşdırma Sənədi,  

https://www.idi-aze.org/huquq/azerbaycanda-inzibati-hebslerle-bagli-qanunvericiliyin-analizi-ve-pis-reftarin-veziyyetine-dair-arasdirma-senedi 

Azərbaycanda Siyasi Motivli İnzibati həbslərin monitorinqi (2020-2021)- Hesabat https://www.idi-aze.org/files/pdf/2023-05-11/vBsRL2MiWOIUon5qDLnnjLgItlrllrDrcmjJSTJy.pdf 

Siyasi Motivli İnzibati həbslər, https://smdtaz.org/wp-content/uploads/2019/03/SMDT-İNZİBATİ.pdf 


 

25 October, 2023