logo

Platform for strengthening the rule of law and enlightening citizens in Azerbaijan

Media Reyestrində qeydiyyatdan keçmək tələbinin qanunauyğunluğu...

Analysis
Media Reyestrində qeydiyyatdan keçmək tələbinin qanunauyğunluğu...

14 noyabr 2023-cü ildə Bakı Apellyasiya Məhkəməsi “dia.az” saytının fəaliyyətinin dayandırılması haqqında qərar verib.

Məhkəmənin bu qərarı Medianın İnkişafı Agentliyinin (MİA) qeydiyyatdan keçməmiş saytları məhkəməyə verməsi ilə əlaqədardır. 

“Tribunat” Media Reyestrində qeydiyyatdan keçməmiş onlayn media subyektinin fəaliyyətinin dayandırılmasının qanunauyğunluğunu analiz edib. 

30 dekabr 2021-ci ildə qəbul olunan və 8 fevral 2022-ci ildə qüvvəyə minən “Media haqqında” Qanun Media Reyestrinin yaradılmasını təsbit edib. 

Qanunda reyestrin yaradılmasının qanuni məqsədinin media subyektləri, onların redaksiyaları və jurnalistlərə dair məlumatları sistemləşdirməsi kimi izah edilib. 

Qanunun 73-cü maddəsinə əsasən Media Reyestri 5 bölmədən -  audiovizual (1), çap (2), onlayn media subyektləri (3), informasiya agentlikləri (4) və nəhayət jurnalistlərdən (5) ibarətdir. 

“Media haqqında” Qanununun tətbiqi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi barədə prezidentin 8 fevral 2022-ci il tarixli, 1589 saylı Fərmanında Nazirlər Kabinetinə iki ay müddətində Media Reyestrinin aparılması qaydalarının layihəsini hazırlamaq tapşırılıb. 

2022-ci il 26 sentyabr tarixli 1846 saylı Fərmanla təsdiq edilmiş Media Reyestrinin aparılması Qaydalarına əsasən reyestr – MİA tərəfindən idarə olunan, media subyektlərinə, onların redaksiyalarına, jurnalistlərə dair məlumatları əks etdirən elektron sənədlər və ya sənədlər toplusundan (sənədləşdirilmiş informasiyadan) ibarət informasiya ehtiyatıdır. 

Reyestrin saxlanması dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Media Reyestrinə daxil edilmiş media subyektinə Media Reyestri şəhadətnaməsi verilir.

Media Reyestrinə bir sıra məlumatlar -   media subyektinin, onun redaksiyasının adı, loqotipi (emblemi), hüquqi və faktiki ünvanı, media subyektinin VÖEN-i, onlayn media subyektinin domen adının sahibi, media subyektinin idarəetmə orqanının rəhbərinin, məsul redaktorunun adı, soyadı, atasının adı, yaşadığı yer, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi və verilmə tarixi, əlaqə məlumatları, media subyektində işləyən jurnalistlərin siyahısı və s. haqqında byük həcmdə məlumat daxil edilir.

“Media haqqında” Qanunun tətbiqi barədə prezidentin 8 fevral 2022-ci il tarixli Fərmanının 3.1-ci bəndində  MİA-ya Media Reyestrinin yaradılmasını altı ay müddətində təmin etmək tapşırılıb. 

Həmin bənddə bu prosesin “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları” nəzərə alınmaqla həyata keçrilməsi nəzərdə tutulur. 

Agentlik Media Ryestrinin Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiyası üçün Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (ASAN) ilə birlikdə zəruri tədbirlər görməlidir. 

14 oktyabr 2022-ci ildən etibarən MİA media subyektlərinin Media Reyestrində qeydiyyatı prosesinə başlayıb. 

“Dia.az” saylı Media Reyestrində qeydiyyatdan keçmək üçün nəzərdə tutulan altı aylıq müddətində MİA-ya müraciət etməyib. Bundan sonra adıçəkilən Agentlik həmin onlayn resursun fəaliyyətinin dayandırılması ilə bağlı məhkəməyə müraciət edib.

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin Nizamnaməsinə əsasən Agentlik Media Reyestrini formalaşdırmaq, aparmaq, idarə etmək, ondan istifadə edilməsinə və məlumatların mühafizəsinə nəzarət etmək vəzifəsi daşıyır. Nizamnaməyə görə, MİA “Media haqqında” Qanunda nəzərdə tutulmuş hallarda çap mediası və onlayn media subyektlərinə xəbərdarlıq edir, habelə onların fəaliyyətinin və media məhsullarının yayımlanmasının dayandırılması, eləcə də həmin subyektlərin fəaliyyətinə xitam verilməsi barədə məhkəmə qarşısında iddia qaldırır. 

17 fevral 2023-cü il tarixli Qanunla İnzibati Prosessual Məcəlləyə Media ilə bağlı mübahisələrə dair işlər üzrə icraat adlı yeni fəsil əlavə edilib. 

Məcəllənin 128-ci maddəsinə əsasən çap mediası və onlayn media subyektlərinin fəaliyyətinin və media məhsullarının yayımlanmasının dayandırılması, həmin subyektlərin fəaliyyətinə xitam verilməsi, habelə “Media haqqında” Qanuna uyğun olaraq xarici çap mediası məhsullarının Azərbaycan Respublikasının ərazisinə gətirilməsinə və yayımına qadağa qoyulması, o cümlədən xarici çap mediasının artıq paylanmış məhsulunun satışdan yığışdırılması, həmçinin audiovizual yayımçının lisenziyasının ləğv edilməsi ilə bağlı mübahisələrə apellyasiya instansiyası məhkəmələri tərəfindən baxılır.

Məhkəmə ərizəyə onun daxil olduğu vaxtdan 15 gün müddətində baxır və qərar qəbul edir. Həmin qərarın tam formada təqdim olunduğu gündən 3 gün müddətində Ali Məhkəməyə şikayət verilə bilər.

Göründüyü kimi, “dia.az” saytının fəaliyyətinin dayandırılması yerli qanunvericilikdən – “Media haqqında” yeni Qanun, bu qanunun tətbiq barədə Fərman, MİA-nın Nizamnaməsi, İnzibati Prosessual Məcəlləyə əlavə edilən yeni fəsil və s.- dən irəli gəlir. 

Ancaq Avropa İnsan Hüquqları Məhkəməsi dəfələrlə bildirib ki, ifadə azadlığına legitim müdaxilə tələbi , başqa sözlə,  “qanunla nəzərdə tutulmuşdur” ifadəsi təkcə mübahisə edilən tədbirin daxili qanunvericilikdə hüquqi əsasa malik olmasını tələb etmir, həm də sözügedən qanunun keyfiyyətini nəzərdə tutur. Belə ki, qanun aidiyyəti şəxs üçün əlçatan olmalı, onun təsirləri proqnozlaşdırıla bilən olmaqla yanaşı hüququn aliliyinə də uyğun olmalıdır (Hrant Dink Türkiyəyə qarşı, §114).

Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsinə görə, audio-vizual yayım, həmçinin, televiziya və sinema müssisələrinin lisenziyalaşdırılması dövlət tərəfindən müəyyənləşdirilə bilər. Lakin heç yerdə çap mətbuatının qeydiyyata alınması ilə bağlı hər hansı bir müddəa yoxdur. Avropa Məhkəməsi bilərəkdən ifadə azadlığını daha geniş müdafiə edir və ifadə azadlığının demokratiyanın  gözətçisi olduğunu vurğulayıb.

Məhkəmə həmçinin ifadə azadlığını demokratik cəmiyyətin mühüm əsaslarından biri, onun tərəqqisi və hər bir fərdin özünü realizə etməsi üçün əsas şərtlərdən biri adalandırıb, sivil cəmiyyətdə mətbuatın oynadığı mühüm rolu dəfələrlə vurğulayıb, (Bladet Tromsö və Stensaas Norveçə qarşı [GC], № 21980/93, §§ 59 və 62).

Strasburq Məhkəməsinin zəngin presedent qərarlarından təqdim edilən bu istinadlar  Azərbaycanın yerli qanunvericiliyində nəzərdə tutulan media subyektlərinin Media Reyestrində qeydiyyata alınması normasının qanunun keyfiyyəti tələbinə cavab vermədiyini təsdiq edir. 

Elə Avropa Şurası Venesiya Komissiyasının (VK) “Media haqqında” Qanunla bağlı rəyində də Media Reyestrinin yaradılma məqsədinin aydın olmadığı bildirilib. Komissiya jurnalist və ya media qurumlarının Media Reyestrinə qeydiyyata düşmək üçün kifayət qədər ciddi tələblərin qoyulduğunu, onların  məlumat yaymaq və ictimaiyyəti məlumatlandırmaq hüququnun Konvensiyanın 10-cu maddəsi ilə bir araya sığmayan məhdudlaşdırma ilə üzələşə biləcəyini vurğulayıb.

Avropa Şurası Parlament Assamblyesının Demokratiyada Media İndikatoru adlı qətnaməsinin 8.15-ci maddəsində qeyd olunub ki, dövlətlər çap və ya internet mediasından biznes və ya vergi qeydiyyatından başqa lisenziya tələb etməməlidir.

ATƏT-ə üzv dövlətlərdə media qurumlarının tanınması ilə müxtəlif yanaşmalar mövcuddur. Bunlara bildiriş, qeydiyyat və lisenziyalaşdırma daxildir. Bildiriş vasitəsilə media qurumu mövcudluğu və fəaliyyəti haqqında  aidiyyəti orqanlara məlumat verir və xüsusi reyestrə daxil edilir.  “Qeydiyyat” tələb olunan dövlətlərdə media orqanlarının bazarda fəaliyyətə başlamazdan əvvəl səlahiyyətli orqanlardan icazə almasını tələb edir. “Lisenziyalaşdırma”  məhdud resursların (məsələn, radiotezliklər) bölüşdürülməsi rejimi ilə faəliyyət göstərdiyindən radio və televiziyalar üçün xarakterikdir. ATƏT standartlarına görə isə onlayn media platformalarında ötürmə qabiliyyətinə məhdudiyyətlər olmadığı üçün onların qeydiyyata alınması və ya lisenziyalaşdırılmasına ehtiyac və ya tələb yoxdur.

“Media haqqında” Qanunun və onunla bağlı digər sənədlərin bu tələbi həmçinin Azərbaycan Konstitusiyasının 47 (Fikir və söz azadlığı) və 50 (Məlumat azadlığı) maddələri ilə də uzalaşmır və Əsas Qanunun 80-ci maddəsi ilə ziddiyyət təşkil edir. Həmin maddəyə əsasən Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. 

Bundan başqa, Media Reystrinin məcburiliyi “Media haqqında” Qanunun 5.2-ci maddəsinin tələbləri ilə ziddiyyət təşkil edir. Həmin normaya görə, media sahəsində dövlət senzurası, habelə bu məqsədlə dövlət orqanlarının (qurumlarının) və ya vəzifələrin yaradılması və maliyyələşdirilməsi qadağandır. Qanunun 73-74-cü maddələri isə senzura yaradan tələblər qoyur, media subyektlərinin fəaliyyəti ilə həm şəxs, həm də qurum olaraq kimlərin məşğul ola biləcəyini dar çərçivəyə salır, media məhsullarının kontentinə qədər tənzimləmələr edir ki,  bu da ifadə azadlığı və informasiya əldə etmə hüququnu məhdudlaşdıracaq vəziyyət yaradır. 


 

Bakı Apellyasiya Məhkəməsi dia.az saytının fəaliyyətini dayandırıb, https://turan.az/az/cemiyyet/baki-apellyasiya-mehkemesi-diaaz-saytinin-fealiyyetini-dayandirib 

“Media haqqında” Azərbaycan Respublikasının 2021-ci il 30 dekabr tarixli 471-VIQ nömrəli Qanununun tətbiqi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı, https://e-qanun.az/framework/49125 

“Media Reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı, https://e-qanun.az/framework/52488 

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin Nizamnaməsi, https://media.gov.az/qanunvericilik/nizamname/ 

Indicators for media in a democracy, http://assembly.coe.int/nw/xml/xref/xref-xml2html-en.asp?fileid=17684&lang=en   

RECOMMENDATIONS ON PROTECTING MEDIA FREEDOM AND FREEDOM OF EXPRESSION IN THE REGULATION OF ONLINE CONTENT IN SOUTH EAST EUROPE, https://www.osce.org/files/f/documents/2/1/392999.pdf 
CASE OF BLADET TROMSØ AND STENSAAS v. NORWAY (Application no. 21980/93)

AFFAIRE DİNK c. TURQUIE  (Requêtes nos 2668/07, 6102/08, 30079/08, 7072/09 et 7124/09)
AZƏRBAYCAN RESPUBLİKASININ KONSTİTUSİYASI, https://e-qanun.az/framework/897

20 November, 2023