“Məhsəti” filminə qadağa nə dərəcədə qanunidir?
Analysis
Dekabrın 4-də rejissorunun Suad Qara olduğu “Məhsəti” filminin qadağan olunması barədə xəbərlər yayıldı. Məlumata görə, nümayişi Bakı Film Festivalında nəzərdə tutulan filmə Azərbaycan Respublikası Kino Agentliyinin nəzdindəki Bədii Şura lisenziyanın verilməsi və qeydiyyata alınmasını məqsədəuyğun hesab etməyib. Lisenziyanın verilməməsi səbəbindən film festivalın gündəliyindən çıxarılıb.
Qərarın mətni açıq informasiya ehtiyatlarında mövcud olmasa da, yayılan xəbərlərdə Bədii Şuranın qərarı üçün əsas “Məhsəti Gəncəvinin erotik səhnələrlə təqdimatı, normativ-etik xarakterli ciddi pozuntular və konseptual uyğunsuzluqlar” hesab edilib. Filmin qadağasının ətrafında diskussiyalar böyüyərək qalmaqallı müzakirələrə səbəb oldu. Filmdəki yanaşmaya neytral münasibət bildirənlər olsa da, mövqe bildirən əksər ictimai şəxslər filmi tarixi şəxsə hörmətsizlikdə və əxlaqsızlıqda ittiham ediblər.
Bu, ölkədə nümayişi rəsmi və ya qeyri-rəsmi qadağan edilmiş ilk film deyil, müstəqillik illərinin ilk qalmaqallı qadağası olan “Köpək” filmindən tutmuş, siyasi motivli olması iddia edilən “Ehram TV” filmi, qadağası ictimaiyyət tərəfindən birmənalı qarşılanmayan “Stalinin ölümü” filminə qədər bu cür qadağaların geniş tarixçəsi mövcuddur.
“Tribunat” “Məhsəti” filminə lisenziyanın verilməməsinin qanuniliyini və bunun yaratdığı hüquqi pozuntuları araşdırıb.
“Kinematoqrafiya haqqında” Qanun ölkədə filmlərin yayımını və nümayişini tənzimləyən əsas qanunvericilik aktıdır. Qanunun 7-ci maddəsinə əsasən, kino və videofilmlərin qanunsuz nümayişinin, pornoqrafiya və ya zorakılıq təbliğ edən filmlərin yayımının qarşısının alınması məqsədilə Azərbaycan Respublikası ərazisində kütləvi nümayiş (kinozal, videozal, video yayımı məntəqələri, yayım və retranslyasiya xidmətləri) üçün nəzərdə tutulmuş bütün filmlər qeydə alınır və filmlərin dövlət reyestrinə daxil edilir. Bu reyestr Mədəniyyət Nazirliyi tərəfindən aparılır.
Həmin maddəyə əsasən, filmlərin yayımı və nümayişi sözügedən Qanunun, “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikası Qanununun və kinematoqrafiya sahəsində digər normativ hüquqi aktların tələbləri nəzərə alınmaqla Mədəniyyət Nazirliyinin müəyyən etdiyi qaydada həyata keçirilir. Filmlərin yayım və nümayişi üçün reyestrə daxil edilməsi “Filmlərin yayımı və nümayişi Qaydaları” ilə tənzimlənir. Qaydaların 9-cu bəndinə əsasən, reyestrə daxil edilməməsi üçün səbəb kimi filmin milli, irqi və ya dini düşmənçiliyin yaradılmasına yönələn, həmçinin pornoqrafiya və zorakılığı təbliğ edən olması çıxış edə bilər. Bu halda ərizəçiyə 10 gün müddətində əsaslandırılmış yazılı məlumat verilir. Ərizəçi qəbul edilmiş qərarla razılaşmadıqda, məhkəməyə müraciət edə bilər. Qanunvericilikdə bu barədə qeyd olmasa da, Dövlət Xidmətləri Portalının məlumatına əsasən, ərizəçi məhkəməyə müraciət etməmişə qədər filmlərdə xoşagəlməz səhnələrin yumşaldılması və ya tamamilə çıxarılması qarşılıqlı razılaşma əsasında həll olunur. Əks təqdirdə, mübahisələr müvafiq qanunvericiliyə uyğun olaraq həll olunur. Habelə, Qaydaların 5-ci bəndində bildirilir ki, beynəlxalq kinofestivallarda, xarici ölkələrin kino günlərində nümayiş etdirmək üçün ölkəyə gətirilən və festivaldan sonra geri qaytarılan filmlər qeydiyyata alınmır. Yəni, onların yayımı və nümayişi üçün filmlərin dövlət reyestrində qeydiyyata alınmasına zəruriyyət yoxdur.
“Məhsəti” filminə dair qərarın substantiv və prosedural əsaslarına nəzər yetirdikdə uyğunsuzluqlar aşkar etmək mümkündür. Çünki “erotik səhnələrlə təqdimat, normativ-etik xarakterli ciddi pozuntular və konseptual uyğunsuzluqlar” filmin dövlət reyestrinə əlavə edilməməsi üçün əsas ola bilməz. Bu əsaslar milli, irqi və ya dini düşmənçiliyin yaradılması, pornoqrafiya və zorakılığı təbliği əsasları ilə uzlaşmır.
Problematik prosedural pozuntuya gəlincə isə, yayılmış xəbərlərdə filmin yayımı və nümayiş üçün məqsədəuyğun hesab edilməməsinə dair qərarın Kino Agentliyinin Bədii Şurasının verdiyi haqdadır. Kino Agentliyi Mədəniyyət Nazirliyinin nəzdində publik hüquqi şəxsdir. Nizamnaməsinə görə kinematoqrafiyanın inkişafı, o cümlədən yerli və müştərək kino istehsalının dəstəklənməsi, kino mədəniyyətinin təbliğinin təşkili, kinematoqrafiya müəssisələrinin və kino sənayesi iştirakçılarının fəaliyyətinin, eləcə də kinematoqrafiya sahəsində yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması, Azərbaycan kinematoqrafiyasının dünya kinematoqrafiyasına inteqrasiyası sahələrində fəaliyyət göstərir, Mədəniyyət Nazirliyinin tabeliyindəki kinematoqrafiya müəssisələrini idarə edir və onların fəaliyyətinə nəzarəti həyata keçirir. Qurumun Nizamnaməsində Bədii Şuranın səlahiyyətlərinə dair heç bir göstəriş mövcud deyil.
Bu məqam inzibati qanunvericiliyin aidiyyət prinsipi ilə ziddiyət təşkil edir. “İnzibati icraat haqqında” Qanunun 4-cü maddəsinə əsasən, inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. İnzibati orqan, Qanunun 14-cü maddəsinə əsasən, diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz.
Digər tərəfdən, inzibati orqanın bu cür addımı etimad hüququnun qorunması və mütənasiblik prinsipləri ilə də ziddiyət təşkil edir. Qanunun 13-cü maddəsinə əsasən, inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 17-ci maddəyə isə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Dövlət qurumu filmə lisenziyanın verilməsində ardıcıl davranış və etimadın qorunması prinsiplərini pozmuş olur. Filmə tətbiq olunan məhdudiyyət - onun nümayişinin və yayımlanmasının faktiki qadağan edilməsi filmdə ola biləcək iddia edilən nöqsanlardan daha ağır və mütənasib olmayan nəticələrə səbəb olur.
Bəs filmin yayımı və nümayişinin qadağan olunması hansı hüquqlara qəsd edir?
Konstitusiyanın 47-ci və Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsi hər kəsin ifadə azadlığını tanıyır. İfadə azadlığı prinsipindən irəli gələrək “Mədəniyyət haqqında” Qanunun 17-ci maddəsi mədəniyyət sahəsində məlumat azadlığına təminat verir. İfadə azadlığı nisbi hüquq olaraq tanınır, belə ki, Konvensiyanın 10(2)-ci maddəsinə əsasən, ifadə azadlığının həyata keçirilməsi milli təhlükəsizlik, ərazi bütövlüyü və ya ictimai asayiş maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün, digər şəxslərin nüfuzu və hüquqlarının müdafiəsi üçün, konfidensial şəkildə əldə edilmiş məlumatların açıqlanmasının qarşısını almaq üçün və ya ədalət mühakiməsinin nüfuz və qərəzsizliyini təmin etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan müəyyən rəsmi tələblərə, şərtlərə, məhdudiyyətlərə və ya sanksiyalara məruz qala bilər.
Təsvir edilən situasiyaya uyğunluğunu yoxlamaq üçün bu maddəyə dair Avropa İnsan Hüquqları Məhkəməsənin praktikasına nəzər yetirmək lazımdır. Məhdudiyyətlər üçün əsaslara baxdıqda hazırkı keys üçün uyğun olan əsaslar mənəviyyatın qorunması və digər şəxslərin nüfuzu və hüquqlarının müdafiəsidir.
Məhkəmənin digər şəxslərin nüfuz və hüquqlarının müdafiəsinə dair mövqeyi bundan ibarətdir ki, bu əsas, mahiyyət etibarilə müvafiq dövrdə yaşayan insanlara şamil edilməlidir və artıq ölmüş şəxslərin müdafiəsinə yalnız məhdud situasiyalara aid ola bilər. Bu cür hallar ölmüş şəxsin nüfuzuna xitabların intensivliyindən asılıdır və bu intensivlik o səviyyəyə çatmalıdır ki, xitablar şəxsin ailə həyatına hörmət hüququnu pozmuş olsun (Cuqaşvili Rusiyaya qarşı; §27).
“Məshəti” filminə nüfuz və hüquqların müdafiəsi baxımdan yanaşma ağlabatan görünmür. XI-XII əsrlərdə yaşamış şairə Məhsəti Gəncəvinin həyatının obrazlı təsviri olan və sənədli əsaslarla çəkildiyinə iddiası olmayan filmin şairənin nüfuz və hüquqlarına toxunduğu əsaslı təsir bağışlamır. Filmin fabulası M.Gəncəvinin faktlara əsaslanan həyat və yaradıcılığından deyil, şairənin rolunu oynamağa hazırlaşan gənc aktrisanın sərgüzəştlərindən bəhs edir. Rejissorun sözlərinə görə, film şairənin hekayəsinə çağdaş yanaşma cəhdidir.
Digər məqam isə mənəviyyatın qorunmasına aiddir. Məhkəmə qeyd edir ki, Hökumətlərin mənəviyyatın qorunmasına əsaslanaraq ifadə azadlığını məhdudlaşdırmaq üçün geniş mülahizə sərbəstliyi olsa da (İsverçə Raelizm Hərəkatı İsveçrəyə qarşı, §76), bu mülahizə sərbəstliyi danılmaz və təftişə qapalı deyil (Open Dor və Dublin Vel Vumen İrlandiyaya qarşı; §68). Belə bir halla qarşılaşdıqda Məhkəmə müdaxiləni zəruri edən ictimai ethiyacın mövcud olmasını, tətbiq edilən məhduddiyyətin mütənasib olmasını və yerli qurumların əsaslandırılmasının uyğun və kifayət olduğuna diqqət yetirməlidir.
“Məhsəti” filminə dair kontekstual fərqi anlamaq üçün Məhkəmənin filmin “qadağasına” dair Hökumətin mövqeyini məqbul hesab etdiyi Otto Preminger İnstitutu Avstiraya qarşı işinə nəzər yetirmək olar. Bu işdə Avstriyanın yerli qurumları ərizəçi təşkilat tərəfindən satirik “Tanrının şurası” filminin nümayişinin təşkil olunmasına müdaxilə ediblər. Bu müdaxilənin səbəbi kimi nümayişin nəzərdə tutulduğu şəhərdə katoliklərin dini duyğularına görə filmin nümayişindən şikayət etmələri idi. Ərizəçi qadağanın onun Konvensiyanın 10-cu maddəsi ilə mühafizə olunan hüquqlarını pozmasını iddia edib.
Məhkəmə Hökumətin addımlarını haqlı sayaraq ərizəçinin şikayətini təmin etməyib. Məhkəmə qərarında bu cür müdaxilə formasının qanunvericilikdə nəzərdə tutulmasını, nümayişin planlaşdırıldığı şəhərdə inanclı katoliklərin əksəriyyət təşkil etməsini və bu addımla filmdə nümayiş olunacaq səhnələrin orada yaşayan katoliklərin əqidə azadlığının icrasına məhdudiyyət yaradacağını qət edib (§52-56).
Halbuki, bütün bunların heç birini “Məhsəti” filminə aid etmək olmaz.
Əvvəla, filmin nümayişini və yayımını məhdudlaşdırmağa yönələn qanunvericilikdə “Məhsəti” filminə dair səsləndirilmiş əsaslar mövcud deyil. Filmin fabulasının Məhsəti Gəncəvinin həyat və yaradıcılığının təsvirinə həsr olunmasına deyil, sadəcə, şairəyə allüziya (açıq şəkildə mədəniyyətdə və ya ictimai fikirdə otutuşmuş ədəbi, tarixi, əfsanəvi və ya siyasi fakta işarə və ya oxşatma) olduğunu nəzərə alaraq onun nüfuzunun qorunması məhdudiyyətlə uzlaşmır. Filmdə baş qəhrəmanın şəxsi həyatının anlarının göstərilməsi isə yerli qurumlara, AİHM təcrübəsinə əsaslanaraq, “mənəviyyatın qorunması” adı ilə məhdudiyyət tətbiq etməyə əsas vermir.
Bəs bu cür məhdudiyyət “demokratik cəmiyyətdə zərurilik” prinspinə uyğundurmu?
Məhkəmənin praktikasına əsasən, zərurilik dedikdə “faydalılıq”, “məntiqli” və ya “arzuolunan” nəzərdə tutulmur. Hökumətlərin zəruriliyin təyin edilməsinə dair geniş mülahizə sərbəstliyi mövcud olsa da, bu məfhum özündə “əhəmiyyətli sosial ehtiyac”ın olmasını ehtiva edir (Vavriçka və digərləri Çex Respublikasına qarşı; §§273-275). Bu cür zəruriliyin iki sütunu mövcuddur - tolerantlıq və geniş fikirlilik (Dadcn Birləşmiş Krallığa qarşı; §§51-53).
“Məhsəti”yə tətbiq edilən məhduddiyət bu standartlara uyğun gəlmir. Dövlət qurumu “əhəmiyyətli sosial ehtiyac”ın mövcudluğunu əsaslandırmağa müyəssər olmayıb. Bədii Şura bu cür qərar verərkən filmin qayəsi və süjetinə dair tolerant və genişfikirli yanaşmalı olduğu halda bunun tam əksinə hərəkət edərək zəruri olmayan və qeyri-mütənasib qərar qəbul edib.
“Tribunat” yekun olaraq bildirir ki, Kino Agentliyinin “Məhsəti” filminə lisenziya verməməsi rejissorun ifadə azadlığını pozmuş olur. Tətbiq edilən məhdudiyyət qanunvericilikdə qeyd olunan substantiv və prosedural əsaslara uyğun olaraq həyata keçirilməyib. Bunu nəzərə alaraq, yerli qurumların məhdudiyyətin tətbiq edilməsinə dair əsasları məqbul hesab edilə biləcək praktika ilə uzlaşmır.
Əbülfəs Qarayevin qızının filminə qadağa qoyuldu - Məhsəti Gəncəvini əxlaqsız kimi göstərib; https://qafqazinfo.az/news/detail/ebulfes-qarayevin-qizinin-mehseti-gencevini-exlaqsiz-qadin-kimi-teqdim-etmesinin-qarsisi-alindi-491037
"Köpək" filminin uğursuz taleyi; https://www.anl.az/down/meqale/525/2020/fevral/205.htm
Ayaz Salayevin filmi niyə nazirliyin xoşuna gəlmədi?; https://kulis.az/xeber/kino/ayaz-salayevin-filmi-niye-nazirliyin-xosuna-gelmedi-40842
Rusiyanın ardınca Azərbaycanda da “Stalinin ölümü” filmi qadağan edilib; https://jam-news.net/az/rusiyanin-ardinca-azərbaycanda-da-stalinin-olumu-filmi-qadagan-edilib/
Azərbaycan Respublikasının “Kinematoqrafiya haqqında” Qanunu; https://e-qanun.az/framework/3297
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Fərmanı; https://e-qanun.az/framework/39127
Azərbaycan Respublikası Nazirlər Kabinetinin ““Filmlərin yayımı və nümayişi Qaydaları”nın təsdiq edilməsi haqqında” Qərarı; https://e-qanun.az/framework/12302
Dövlət Xidmətləri Portalının rəsmi veb-səhifəsi; https://www.dxr.az/xidmet/28872?lang=az
Azərbaycan Respublikası Kino Agentliyinin Nizamnaməsi; https://president.az/az/articles/view/57878
Azərbaycan Respublikasının “İnzibati icraat haqqında” Qanunu; https://e-qanun.az/framework/11254
Azərbaycan Respublikasının Konstitusiyası; https://e-qanun.az/framework/897
Avropa İnsan Hüquqları Konvensiyası; https://www.echr.coe.int/documents/d/echr/convention_aze
Azərbaycan Respublikasının “Mədəniyyət haqqında” Qanunu; https://e-qanun.az/framework/25303
Cuqaşvili Rusiyaya qarşı; https://hudoc.echr.coe.int/eng?i=001-150568
İsveçrə Raelizm Hərəkatı İsveçrəyə qarşı; https://hudoc.echr.coe.int/eng?i=001-112165
Open Dor və Dublin Vel Vumen İrlandiyaya qarşı; https://hudoc.echr.coe.int/eng?i=001-57789
Otto Preminger İnstitutu Avstriyaya qarşı; https://hudoc.echr.coe.int/eng?i=001-57897
Vavriçka və digərləri Çex Respublikasına qarşı; https://hudoc.echr.coe.int/eng?i=001-209377