logo

Platform for strengthening the rule of law and enlightening citizens in Azerbaijan

Polisin müvəqqəti saxlama yerində videomüşahidə altında saxlanma hansı hüquqa qəsd edir?

Analysis
Polisin müvəqqəti saxlama yerində videomüşahidə altında saxlanma hansı hüquqa qəsd edir?

Bu ilin yanvarında “Abzas işi” ilə bağlı saxlanılan jurnalist Elnarə Qasımova Xətai rayon Polis İdarəsinin müvəqqəti saxlanma yerində davamlı olaraq videomüşahidə altında saxlanılıb.

Onun vəkili Ayşə Abdel Qadir yerli mediaya bildirib: “Müvəqqəti saxlama yerində jurnalist Elnarə Qasımovaya bildirmişdilər ki, qadınların saxlanıldığı kameralar videomüşahidə altında deyil. Amma sonra təsadüfən monitora baxanda gördük ki, elə deyil, qadınların saxlanıldığı kameralar da videomüşahidə altındadır. Bu səbəbdən jurnalist məhkəməyə gedərkən paltarlarını tualetdə dəyişmək məcburiyyətində qaldı”.

 

“Tribunat” mövzunu analiz edib.

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 26 fevral tarixli 63 nömrəli qərarı ilə təsdiq edilmiş “Müvəqqəti saxlama yerlərinin daxili intizam Qaydaları”nda  tutulmuş və ya həbs edilmiş şəxslərin müvəqqəti saxlama yerlərində videomüşahidə altında saxlanması barədə hər hansı norma yoxdur.

 

Ancaq Daxili İşlər Nazirliyinin Kollegiyasının 14 yanvar 2013-cü ildə qəbul etdiyi “Polis orqanlarının müvəqqəti saxlama yerlərində saxlanılan şəxslərin mühafizəsi və müşayiəti qaydalarına” dair Təlimatın 1.12-ci maddəsində qeyd edilib ki, “tutulmuş və ya həbs edilmiş şəxslərin hərəkətlərinə nəzarət həyata keçirilərkən texniki vasitələrdən də istifadə edilir”.

 

Müvəqqəti  saxlama  yerinin texniki pasportunda videonəzarət avadanlığı da nəzərdə tutulub.

 

Lakin Təlimatda texniki vasitələrin hansı şəkildə istifadə olunması və çərçivəsi müəyyənləşdirilməyib.

 

Azərbaycan Konstitusiyasının 32.3-cü maddəsinə görə, qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan ... video və foto çəkilişinə ... məruz qoyula bilməz.

 

Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 12.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Məcəllənin 9.1.2-ci maddəsinə görə, cinayət mühakimə icraatının əsas prinsipləri və şərtlərindən biri də insan və vətəndaş hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırılması hallarından onun müdafiəsini təmin etməkdir.

 

CPM-in 16.1-ci maddəsi cinayət təqibi gedişində heç kəsin şəxsi (özünün və ailəsinin) həyatın sirrinin... bu Məcəllədə nəzərdə tutulmuş hallardan başqa məhdudlaşdırıla bilməzliyini nəzərdə tutur.

 

Məcəllənin 153.2.10-cu maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın və müvəqqəti saxlama yerlərinin əməkdaşları tutulmuş şəxslə davranışda onun şəxsiyyətini və ləyaqətini alçaltmamalı, qadınlara, yetkinlik yaşına çatmayanlara, qocalara, xəstələrə və əlilliyi olan şəxslərə isə xüsusi diqqət yetirməlidir.

Avropa İnsan Hüquqları Məhkəməsi şəxsin davamlı olaraq video-müşahidə altında saxlanmasını Konvensiyanın 8-ci maddəsi altında nəzərdə keçirir.

Məhkəmə şəxsin davamlı kamera müşahidəsi altında saxlanılmasına “Van der Qraaf Hollandiyaya qarşı” və “Vasilică Mocanu Rumıniyaya qarşı” işlərində münasibət bildirib. Məhkəmə qeyd edib ki, həbsdə olan şəxsin şəxsi həyatı kifayət qədər limitləndiyi üçün onun davamlı olaraq videomüşahidə altında saxlanması şəxsi həyatın pozulmasına gətirib çıxarır.  

“Qorlov və başqaları Rusiyaya qarşı” işində (Ərizələr nos. 27057/06,  &98) Məhkəmə bildirib ki, həbsin adi və ağlabatan tələblərini nəzərə alaraq istintaq və cəzaçəkmə müəssisələrində və ya daimi həbsdə olan bəzi məhbusların nəzarətin zəruri ola biləcəyini qəbul edir.

Lakin CCTV (təhlükəsizlik kameraları) sistemi daxil olmaqla Rusiyadakı mövcud qanunvericilik bazası ərizəçilərin şəxsi həyatına hörmət hüququna hakimiyyət orqanlarının özbaşına müdaxiləsinə qarşı lazımi müdafiəni təmin etmək üçün kifayət qədər aydın, dəqiq və təfərrüatlı hesab oluna bilməz

Beləliklə, göründüyü kimi, Elnarə Qasımovanın polis idarəsinin müvəqqəti saxlanma yerində davamlı videomüşahidə atlında saxlanması onun şəxsi həyat hüququnun pozuntusu olaraq qiymətləndirilməlidir.

 

Vəkil: “Jurnalisti kamerada videomüşahidə altında saxlayırlar”, https://gozetci.az/2024/01/31070

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 26 fevral tarixli 63 nömrəli qərarı ilə təsdiq edilmiş “Müvəqqəti saxlama yerlərinin daxili intizam Qaydaları”  haqqına Qərarı, https://e-qanun.az/framework/28268

Azərbaycan Respublikası Konstitusiyası, https://e-qanun.az/framework/897

Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi, https://e-qanun.az/framework/46950

Right to respect for private and family life, home and correspondence

Polis orqanlarının müvəqqəti saxlama yerlərində saxlanılan şəxslərin mühafizəsi və müşayiəti qaydalarına dair Təlimat,

https://e-qanun.az/framework/25287  

Müvəqqəti saxlama yerlərinin daxili intizam Qaydaları, https://e-qanun.az/framework/33805

Guide on Article 8 of the European Convention on Human Rights,  Updated August 31, 2022, https://www.echr.coe.int/documents/d/echr/guide_art_8_eng

CASE OF GORLOV AND OTHERS v. RUSSIA (Applications nos. 27057/06 and 2 others – see list appended)

 

 

 

21 February, 2024