logo

Platform for strengthening the rule of law and enlightening citizens in Azerbaijan

“Sputnik Azərbaycan”ın ev dustaqlığına buraxılan şef redaktorunun Azərbaycanı tərk etməsi qanunsuzdur

Analysis
“Sputnik  Azərbaycan”ın ev dustaqlığına buraxılan şef redaktorunun Azərbaycanı tərk etməsi qanunsuzdur

Bu ilin iyulunda Bakıda Rusiyaya məxsus xəbər agentliyi “Sputnik”in regional ofisi “Sputnik  Azərbaycan” nümayəndəliyinin əməkldaşlarına qarşı cinayət işi başlanıldı, bu media qurumunun iki əməkdaşı – icraçı direktoru İqor Kartavıx və şef redaktoru Yevgeni Belousov Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirləndirilərək, məhkəmənin qərarı ilə həbs edildilər

Lakin üstündən bir neçə ay keçmiş - okyabrın 9-da “Sputnik Azərbaycan”ın icraçı direktoru İqor Kartavıx azadlığa buraxıldı, cəmi 7 gün sonra -  oktyabrın 16-da isə o Rusiya Federasiyasına yola salındı. Onun barəsində həbsə alternativ hansı qətimkan tədbirinin seçildiyi haqda açıq mənbələrdə hər hansı məlumat yoxdur.  Rusiya Prezidentinin köməkçisi Yuri Uşakovun sözlərinə görə, bununla bağlı qərar 9 oktyabrda Düşənbədə Rusiya və Azərbaycan prezidentlərinin görüşü ərəfəsində qəbul edilib.

Daha sonra oktyabrın 24-də isə Xətai Rayon Məhkəməsinin qərarı ilə “Sputnik Azərbaycan”ın həbs edilmiş digər əməkdaşı Yevgeni Belusov barəsində seçilmiş həbs qətimkan tədbiri 3 aylıq ev dutaqlığı qətimkan tədbiri  ilə əvəz edildi.  Bundan sonra o da Moskvaya yola salındı. 

“Tribunat” barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş şəxslərin vəzifələrini, bu qətimkan tədbirinin mahiyyətini və icra mexanizmlərini analiz etməklə Y.Belousov haqda seçilmiş ev dustaqlığı qərarının faktiki icrası və şəxsə nəzarət məsələlərini araşdırıb.

Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsi (bundan sonra CPM) ev dustaqlığını azadlığın məhdudlaşdırılması ilə həm nəzarət, həm də təqsirləndirilənin prosessual davranışının təmin edilməsi məqsədi daşıyan qətimkan tədbiri kimi təsvir edir. 

Qətimkan tədbirləri o hallarda tətbiq oluna bilər ki, cinayət təqibi üzrə toplanmış materiallar təqsirləndirilən şəxs tərəfindən aşağıdakı hərəkətlərin edilməsi ehtimalına kifayət qədər əsas versin (CPM, maddə 155.1): 

...1. cinayət prosesini həyata keçirən orqandan gizlənmək; 

...2. cinayət prosesində iştirak edən şəxslərə qanunsuz təsir göstərməklə, cinayət təqibi üzrə əhəmiyyət kəsb edən materialları gizlətməklə və ya saxtalaşdırmaqla ibtidai istintaqın və ya məhkəmə baxışının normal gedişinə mane olmaq; 

...3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməli yenidən törətmək və ya cəmiyyət üçün təhlükə yaratmaq; 

...4. cinayət prosesini həyata keçirən orqanın çağırışlarına üzrlü səbəblər olmadan gəlməmək və ya digər yolla cinayət məsuliyyətinə cəlb edilməkdən və cəza çəkməkdən boyun qaçırmaq; 

...5. məhkəmə hökmünün icra edilməsinə maneə törətmək. 

 

Bu baxımdan ev dustaqlığı yalnız şəxsin nəzarət altında saxlanmasını zəruri edən hallarda tətbiq olunur. Yəni, məqsəd cinayət təqibinin gedişinə real təhlükə yaratma, ədalət mühakiməsindən yayınma ehtimalını minimuma endirməkdir. Əgər bu cür zərurət yoxdursa, qanunun məntiqinə görə qətimkan tədbiri ya seçilməməlidir, ya da daha yüngül tədbirlə əvəz olunmalıdır.

CPM-in 163-cü maddəsi ev dustaqlığına buraxılmış şəxsin üzərinə qoyulan öhdəlikləri konkret şəkildə sadalayır. Bu tələblər arasında:

  • şəxsin Azərbaycan Respublikasında daimi yaşayış yerinin olması (163.3-2);

  • yaşayış yerini məhkəmənin icazəsi olmadan tərk etməməsi və dəyişməməsi (163.3.1 və 163.3.4);

  • yanlız məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarında hərəkət etməsi (163.3.3);

  • zəruri hallarda elektron nəzarət vasitəsi gəzdirməsi (163.3.2)
    kimi məhdudiyyətlər var.

Üstəlik, CPM-in 155.6-cı maddəsinə əsasən, təqsirləndirilən şəxs barəsində həbs, ev dustaqlığı və girov qətimkan tədbirləri seçildikdə ittihamın tam həllinədək ondan şəxsiyyətini təsdiq edən pasport və ya digər sənəd götürülür və cinayət işi üzrə icraatın materiallarına əlavə olunur. Bu sənədlər yalnız o halda qaytarılır ki, qətimkan tədbiri qüvvədən düşmüş olsun; təqsirləndirilən şəxsdən müalicə və ya digər zərurətlə bağlı Azərbaycan Respublikası hüdudlarından kənara çıxması ilə əlaqədar əvvəlcədən məlumat vermək barədə yazılı iltizam alınmış olsun. Qanunvercilik digər zərurətin nədən ibarət ola biləcəyi barədə konkret müddəa müəyyən etmədiyi üçün belə hallar dedikdə nəyin nəzərdə tutulduğu məlum deyil. Lakin İqor Kartavıx və Yevgeni Belousovun ölkəni tərk etməsi ilə bağlı mediada müalicə məqsədi və ya digər zərurət halı göstərilməyib. 

Miqrasiya Məcəlləsinə əsasən isə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin barələrində hər hansı qətimkan tədbiri seçildikdə həmin qətimkan tədbirinin müddəti bitənədək və ya qətimkan tədbiri ləğv edilənədək onların Azərbaycan Respublikasından getmələri məhdudlaşdırılır (maddə 17.1.2).

“Giriş-çıxış və qeydiyyat” idarələrarası məlumat-axtarış sistemi — müxtəlif dövlət qurumlarının (DİN, DGK, DSX və s.) istifadə etdiyi xüsusi dövlət informasiya bazasıdır. Bu sistemə barəsində qətimkan tədbiri seçilən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər haqqında məlumatlar daxil edilir və həmin şəxslərin “aktiv” statusu açıq şəkildə görünür (“Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında” Əsasnamə).

“Məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxslərə tətbiq edilən elektron nəzarət vasitələrinin siyahısının və onların tətbiqi qaydalarının təsdiq edilməsi haqqında” Əsasnamədə isə göstərilib ki, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş şəxsin ayağına onun coğrafi yerdəyişməsini izləyən və məlumatı monitorinq mərkəzinə ötürən elektron qolbaq bağlanır. Qolbaqla birgə istifadə olunan şəxsin daim yanında saxlanmalı olan və qolbaqdan daxil olan izləmə məlumatlarını eyniləşdirərək monitorinq mərkəzinə ötürən mobil nəzarət qurğusu, şəxsin yaşadığı evdə quraşdırılan və onun həmin yerdə olması haqda məlumatları monitorinq mərkəzinə ötürən ev nəzarət stansiyası quraşdırılır. Şəxsin Azərbaycanda daimi yaşayış yerinin olmaması,  ev dustaqlığı qətimkan tədbiri seçilmiş şəxslər üçün məcburi olan bu cihazların quraşdırılmasını və istifadəsini də mümkünsüz edir.

Bu müddəaların sistemli təhlili göstərir ki, ev dustaqlığına buraxılmış şəxsin ölkəni tərk etməsi hüquqi baxımdan mümkün deyil. Çünki qanunverici konkret olaraq Azərbaycan Respublikası hüdudları daxilində daimi yaşayış yeri olmayan şəxslər barəsində ev dustaqlığı qətimkan tədbiri seçilməsini qadağan edib. Üstəlik, pasport və ya digər sənəd olmadan sərhədi keçmək mümkün deyil. Pasportun qaytarılması üçün əsaslar isə Yevgeni Belousovun vəziyyətində mövcud deyil.

“Sputnik Azərbaycan”ın əməkdaşlarına qarşı Cinayət Məcəlləsinin 178.3.1-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 192.2.2 (küllü miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 192.2.3 (mütəşəkkil dəstə tərəfindən törədilən qanunsuz sahibkarlıq), 193-1.3.1 (Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə), 193-1.3.2 (Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma - xeyli miqdarda törədildikdə) maddələri ilə açılmış cinayət işinə cinayət tərkibini istisna edən hallarla bağlı xitam verilməsi ilə bağlı məlumat da yoxdur. Bu isə həmin cinayət təqibinin davam etdiyini və seçilən ev dustaqlığı qətimkan tədbirinin qüvvədə olduğunu göstərir. Belə olan halda isə Belousovun bu tədbir təyin edildikdən sonra Azərbaycanı tərk etməsi bu qərarın faktiki olaraq icra edilmədiyini və formal olaraq tətbiq edildiyini deməyə əsas verir..

Hər iki şəxsin həbsdən azad edilməsi və Rusiya Federasiyasına yola salınmasının məhz iki ölkə prezidentlərinin görüşündən sonra baş verməsi və Rusiya prezidentinin köməkçisinin bu barədə qərarın görüşdə verilməsini təsdiq etməsi də ev dustaqlığı qətimkan tədbiri barəsində qərarın hüquqi deyil, siyasi müstəvidə qəbul edilməsini göstərir.

"Tribunat" bu nəticəyə gəlir ki, ev dustaqlığı qətimkan tədbiri Azərbaycan hüquq sistemində təqsirləndirilən şəxsin istintaqdan yayınmasının, sübutlara təsir göstərməsinin və ya prosessual davranış pozuntularının qarşısını almaq üçün nəzərdə tutulmuş ciddi nəzarət tədbiridir. Bu tədbirin tətbiqi şəxsin faktiki olaraq nəzarət altında saxlanmasını və Azərbaycan Respublikası ərazisində daimi yaşayış yerinin olmasını tələb edir. “Sputnik  Azərbaycan”ın şef redaktoru Yevgeni Belousovun ev dustaqlığı təyin edildikdən sonra ölkəni tərk etməsi isə həm qanunvericiliyə ziddir, həm də qətimkan tədbirinin nəzərdə tutduğu nəzarətin tətbiqini mümkünsüz edir. Bu baxımdan, onun haqqında seçilmiş ev dustaqlığı qərarı formal xarakter daşıyır və qətimkan tədbirinin mahiyyəti olan nəzarət və prosessual davranışın təmin edilməsi funksiyası real olaraq həyata keçirilməmiş qalır.

21 November, 2025