logo

Platform for strengthening the rule of law and enlightening citizens in Azerbaijan

Yeni təyin olunan hakimlərin Prezidentin etimadını doğrultmaq vədi…

Analysis
Yeni təyin olunan hakimlərin Prezidentin etimadını doğrultmaq vədi…

2023-cü ilin 17 oktyabrında Ali Məhkəmənin Plenumunda yeni təyin edilmiş hakimlərin andiçmə mərasimi keçirilib. 

Birinci instansiya məhkəmələrinə təyinat alan 32 hakim Məhkəmələr və hakimlər haqqında” Qanuna əsasən and içiblər.

Yeni təyin olunmuş hakimlərdən Vüsalə Musayevə və Fərman Həmidli ölkə Prezidentinə minnətdarlıq ediblər və onlara göstərilən etimadı doğruldacaqlarına söz veriblər.

Bəs, yeni təyin olunmuş hakimin icra hakimiyyətinin rəhbərinə, yəni Prezidentə minnətdarlıq ifadəsi hakimiyyətlərin bölgüsü prinsipini və hakimlərin davranış kodeksini pozmurmu?

Hakimiyyətin bölünməsi prinsipi, hakimiyyətin bir nəfər və ya qrupun əlində cəmlənməsinin qarşısını almaq və hakimiyyət qollarının bir-birini yoxlamaq və balanslaşdırmaq imkanını yaratması üçündür.

Azərbaycan Konstitusiyasının 7-ci maddəsinin 3-cü bəndinə görə, Azərbaycan dövləti hakimiyyətlərin bölünməsi prinsipinə əsaslanır və qanunverici hakimiyyəti Milli Məclis, icra hakimiyyətini Prezident, məhkəmə hakimiyyətini isə Azərbaycan Respublikasının məhkəmələri həyata keçirir. 

 Əsas Qanuna görə, Konstitusiya Məhkəməsinin, Ali Məhkəmənin və apellyasiya məhkəməsinin hakimləri Prezidentin təqdimatı ilə Milli Məclis tərəfindən təyin edilir. 

Müstəqil Məhkəmə Şurasının Konstitusiyada yer almaması və 2016-ci ildən etibarən Prezidentə Milli Məclisi buraxmaq səlahiyyətinin verilməsi məhkəmə hakimiyyətinin icra hakimiyyətindən asılılığını artırır. 

Əsas Qanunun 109-cu maddənin 9-cu bəndinə görə isə, Azərbaycan Respublikasının digər məhkəmə  hakimlərini Prezident təyin edir. 

Bu 32 hakim Prezident İlham Əliyevin 2023-cü il 11 oktyabr tarixli Sərəncamı ilə birinci instansiya məhkəmələrinə təyinat alıb. 

Konstitusiyaya və “Məhkəmələr və hakimlər haqqında” Qanuna görə, hakimlər ... siyasi fəaliyyətlə məşğul ola bilməz və siyasi partiyalara üzv ola bilməzlər... 

“Hakimlərin davranışı üzrə Banqalor prinsipləri”nə əsasən məhkəmə orqanlarının müstəqilliyi hüquq qaydasının təmin olunmasının ilkin şərti və işin məhkəmədə ədalətli həll edilməsinin əsas təminatı sayılır. Müvafiq olaraq, hakim məhkəmə orqanlarının müstəqilliyi prinsipini həm fərdi, həm də institusional aspektlərdə həyata keçirməli və müdafiə etməlidir.

Hakimlərin Etik Davranış Kodeksinə görə isə, hakim siyasi partiyalara və hərəkətlara mənsub ola, onlara bu və ya digər formada dəstək göstərə, siyasi xarakter daşıyan kütləvi tədbirlərdə iştirak edə, siyasi baxışlarını açıq ifadə edə bilməz.

Göründüyü kimi, sadalanan hüquqi sənədlər hakimin siyasətsizləşdirilməsi və müstəqilliyi prinsiplərini təsbit edir. 

Ali Məhkəmənin Plenumunda Prezidentinə minnətdarlıq ifadəsi və “göstərilən yüksək etimadı doğrultmağa söz vermə” vədi hakimin siyasətsizləşdirilməsi və müstəqilliyi prinsiplərini zədələyir, “Hakimlərin davranışı üzrə Banqalor prinsipləri” və Hakimlərin Etik Davranış Kodeksi ilə ziddiyyət təşkil edir. 

 Yeni təyin olunan hakimlərin məhkəmə hakimiyyətinin təmsilçiləri olduqları halda, icra hakimiyyətinin başçısının, yəni Prezidentin etimadını doğruldacağını söz vermələri həmçinin hakimiyyət bölgüsü prinsipinə ziddir.


 

Ali Məhkəmədə yeni təyin olunmuş hakimlərin andiçmə mərasimi keçirilib, https://supremecourt.gov.az/az/media/xeberler/ali-mehkemede-yeni-teyin-olunmus-hakimlerin-andicme-merasimi-kecirilib 

Separation of Powers: An Overview, National Conferences of State Legislatures, https://www.ncsl.org/about-state-legislatures/separation-of-powers-an-overview 

Azərbaycan Respublikasının Konstitusiyası, https://e-qanun.az/framework/897, 17 oktyabr, 2023

Comments on Preliminary Opinion of the Venice Comission on the Draft Modifications to the Constituion of the Republic of Azerbaijan submitted to the referendum of 26 September, 2016,https://www.venice.coe.int/webforms/documents/default.aspx?pdffile=CDL-REF(2016)057-e 

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyinedilməsi və bəzi birinci instansiya məhkəmələri hakimlərinin vəzifələrinin dəyişdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı, 11 oktyabr, 2023, https://president.az/az/articles/view/61540 

Məhkəmələr və hakimlər haqqında Azərbaycan Respublikasının Qanunu, https://e-qanun.az/framework/3933 

The Banglore Principles of Judicial Conduct, United Nations, Vienna, 2018,https://www.unodc.org/documents/ji/training/bangaloreprinciples.pdf 

Hakimlərin Etik Davranış Kodeksləri, 22 iyun, 2007 https://e-qanun.az/framework/16075 


 

18 October, 2023