Ötən il Ali Məhkəmənin Cinayət və İnzibati kollegiyalarının iş yükü artıb
Xəbərlər![Ötən il Ali Məhkəmənin Cinayət və İnzibati kollegiyalarının iş yükü artıb](https://tribunat.info/images/2025-02/1738620372992.webp)
2024-cü ildə Ali Məhkəmə tərəfindən vahid məhkəmə təcrübəsinin formalaşdırılması və məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyinin təmin edilməsi məqsədilə 68 yeni 3 ulduzlu qərar, Kollegiyaların məhkəmə təcrübəsinin vahidliyini təmin edən 2 qərardadı qəbul edilib, bir sıra Plenum qərarlarına dəyişikliklər olunub.
24 yanvar 2025-ci ildə keçirilən Ali Məhkəmənin Plenumunun iclasında belə deyilir.
Ali Məhkəmənin icraatında ötən ildə 2023-cü ilə nisbətən 309 iş, yəni 2,2 faiz daha çox iş olub. Kollegiyalar üzrə isə statistika fərqlidir. Mülki kollegiyada 12,5 faiz azalma olsa da, Cinayət kollegiyasında 8,8 faiz, İnzibati kollegiyada 18,2 faiz, Kommersiya kollegiyasında 3,9 faiz artım var.
İcraatda olmuş işlərin sayı ilə yanaşı, yekunlaşdırılan işlərin sayı 3,5 faiz artıb. Növbəti ilə qalıq keçən işlərin sayı isə 2,6 faiz azalıb.
Mülki kollegiya üzrə 2024-cü ildə Ali Məhkəməyə, həmçinin əlavə kassasiya qaydasında Plenuma daxil olan işlərin sayında 2023-cü illə müqayisədə ciddi azalma müşahidə olunur. Mülki işlər üzrə ümumilikdə respublika məhkəmələrinə 215 min 338 iş daxil olub ki, bu da ötən dövrlə müqayisədə 2,7 faiz, apelyasiya şikayəti verilən işlərin sayı 22,4 faiz, kassasiya şikayəti verilən işlərin sayı isə 13,1 faiz azalıb. Yekunlaşmış işlər isə 89 faiz təşkil edir.
2024-cü il ərzində Cinayət kollegiyasının icraatında olmuş 3688 işdən 70,8 faizinə mahiyyəti üzrə baxılıb. Baxılmış 2611 işdən 84,2 faizində iş üzrə qərar dəyişdirilmədən saxlanılıb, 6,9 faiz iş üzrə qərar ləğv edilib, 8,9 faiz iş üzrə qərar isə dəyişdirilib.
İnzibati kollegiyanın icraatında olmuş 4438 işdən 76,7 faizi yekunlaşdırılıb. Yekunlaşmış işlərdən 88 faiz işə mahiyyəti üzrə baxılıb, 8,8 faiz kassasiya şikayəti formal əsaslarla mümkün sayılmayıb, 2,9 faiz iş üzrə kassasiya icraatına xitam verilib. Baxılmış 2997 işdən 52,9 faizinin məhkəmə aktı dəyişdirilmədən saxlanılıb, 28,9 faiz kassasiya şikayəti mübahisələndirilən məhkəmə qərarının vahid məhkəmə təcrübəsinə uyğun hesab edildiyindən mümkün sayılmayıb, 17 faiz qərar ləğv edilib, 0,4 faiz iş üzrə icraata xitam verilib, 0,8 faiz qərar dəyişdirilib.
Kommersiya kollegiyasının icraatında isə 832 iş olub, onlardan 95,6 faiz iş kommersiya mübahisələri üzrə, 4,4 faiz iş xarici məhkəmələrin qətnamələrinin Azərbaycanda tanınması və icrası ilə bağlı olub. İcraatda olmuş kommersiya mübahisələri ilə bağlı 795 işdən 68,2 faiz işə mahiyyət üzrə baxılıb. Baxılmış işlərdən 82,3 faiz işlə bağlı məhkəmə aktı dəyişdirilmədən saxlanılıb, 17,3 faiz iş üzrə məhkəmə aktı ləğv edilib, 0,4 faiz iş üzrə isə məhkəmə aktı dəyişdirilib.
Daha ətraflı linkdən tanış ola bilərsiniz.