logo

Platform for strengthening the rule of law and enlightening citizens in Azerbaijan

Konstitusiya Məhkəməsinin yetkinlik yaşına çatmayanların ölkədən getməsi ilə bağlı qərarı

News
Konstitusiya Məhkəməsinin yetkinlik yaşına çatmayanların ölkədən getməsi ilə bağlı qərarı

1 fevral 2024-cü ildə Konstitusiya Məhkəməsinin Plenumu Miqrasiya Məcəlləsinin 11.2-ci maddəsinin üçüncü cümləsinin Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin III hissəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair qərarını elan edib.

“Triunat “ həmin qərarın icmalını hazırlayıb.

Ali Məhkəmə Konstitusiya Məhkəməsi Plenumuna Əmək Məcəlləsinin 11.2-ci maddəsinin üçüncü cümləsinin Konstitusiyaya uyğunluğu şərh etməsini xahiş edib. Belə ki, həmin cümlədə nəzərdə tutulmuş “yetkinlik yaşına çatmayan vətəndaşın ölkədən getməsinə valideynlərindən birinin razılığı olmadıqda, yetkinlik yaşına çatmayan vətəndaşın ölkədən getməsi məsələsini həll edən məhkəmənin qərarı” ifadəsinin Ailə Məcəlləsinə uyğun olaraq uşağın valideynlərdən birinin yanında saxlanılmasına dair məhkəmə qətnaməsini ehtiva edib-etməməsi baxımından şərhə ehtiyac duyulub.

Müraciətə əsasən Ali Məhkəmənin Mülki Kollegiyasının icraatında L.Abbasovanın E.Abbasovaya qarşı uşağın digər valideynin razılığı olmadan ölkədən çıxarılması tələbinə dair iddiası ilə bağlı mülki iş var.

Hazırda bu kimi mübahisələrə baxılması ilə bağlı məhkəmə təcrübəsi “Uşaqların ölkədən getməsinə icazənin verilməsi ilə əlaqədar valideynlər arasında yaranan mübahisələr üzrə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Ali Məhkəmənin Plenumunun 2021-ci il 24 dekabr tarixli qərarında göstərilən izahlara əsaslanır.

Müraciətedən qeyd edir ki, uşağın ölkədən çıxarılması və hansı valideynin yanında qalması ilə bağlı iddialara baxılarkən məhkəmələr oxşar məsələləri təkrarən araşdırmaq zərurəti ilə qarşılaşırlar. Belə ki, məhkəmə qərarı ilə uşağın hansı valideynin yanında qalmasının müəyyən edilməsi zamanı onun üstün mənafeyinin nəzərə alınması zəruri olduğu kimi, yetkinlik yaşına çatmayan vətəndaşın ölkədən getməsi məsələsinin həllində də həmin meyarın təkrar araşdırılması və əsas götürülməsi məsələsi ortaya çıxır. Bu isə eyni halın təkrar araşdırılmasına, yəni eyni tərəflər arasında müəyyən edilmiş faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi kimi prosessual pozuntuların baş verməsinə şərait yaradır.

Halbuki Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

Miqrasiya Məcəlləsinin 11.2-ci maddəsinin dispozisiyasında yetkinlik yaşına çatmayan vətəndaşın ölkədən getməsinə "notariat qaydasında təsdiq edilmiş razılığı” verməli olan valideyn, yaxud razılığı olmadığı halda məsələnin "məhkəmənin qərarı” ilə həll edilməli olduğu dedikdə, razılığı tələb olunan valideynlərin dairəsi dəqiq müəyyən edilmədiyindən, həmin valideynlərin aralarında nikah sazişi olan valideynlər, yaxud aralarında yaranan mübahisə üzrə məhkəmə qərarı ilə uşağın kiminlə qalması məsələsi qət edilmiş valideynlər olub-olmamasını müəyyən etmək mümkün deyildir.

Müraicətdə həmçinin Ali Məhkəmə qeyd edib ki, uşağın mənafeyinə uyğun olaraq hansı valideynin yanında qalmasını müəyyən edən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olduğu halda, yetkinlik yaşına çatmayan uşağın ölkədən getməsi məsələsinin həlli zamanı təkrarən məhkəmə qərarının tələb olunması, bir-biri ilə qərəzli münasibətdə olan tərəflərin məhkəmələrdən süründürməçilik aləti kimi istifadə etmələrinə, bununla da uşaqla yaşayan valideynin sərbəst hərəkət etmək hüququnun, habelə uşağın hüquq və mənafelərinin pozulmasına gətirib çıxarar.

Konstitusiya Məhkəməsi bildirib ki, Miqrasiya Məcəlləsinin 11-ci maddəsinə əsasən, bu Məcəllənin 11.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, yetkinlik yaşına çatmayan vətəndaş ölkədən valideynləri, övladlığa götürəni, himayəçisi və ya qəyyumu ilə gedə bilər.  Yetkinlik yaşına çatmayan vətəndaş ölkədən valideynlərinin biri ilə getdikdə digər valideynin notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. Yetkinlik yaşına çatmayan vətəndaş ölkədən tək getdikdə valideynlərinin, valideyn himayəsindən məhrum olduqda isə onu övladlığa götürən şəxsin, himayəçisinin və ya qəyyumunun notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. Həmin şəxslərdən birinin razılığı olmadıqda, yetkinlik yaşına çatmayan vətəndaşın ölkədən getməsi məsələsi məhkəmənin qərarı əsasında həll edilir. Yetkinlik yaşına çatmayan vətəndaşın valideynlərindən birinin ölüm haqqında şəhadətnaməsi, ölmüş və ya itkin düşmüş elan edilməsi, valideynlik hüququndan məhrum edilməsi barədə məhkəmənin qərarı və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş doğum haqqında akt qeydində ata barədə məlumatın ananın göstərişi üzrə yazılması haqqında arayış olduqda, digər valideynin razılığı tələb olunmur. Qeyd olunan sənədlərlə birgə digər valideynin notariat qaydasında təsdiq edilmiş razılığını təqdim edən yetkinlik yaşına çatmayan vətəndaş Azərbaycan Respublikasından gedə bilər.

Göstərilən norma, bir tərəfdən uşaqların qeyri-qanuni şəkildə ölkədən getmələrinin, bununla da onların beynəlxalq oğurlanmasının qarşısının alınmasına, digər tərəfdən isə uşaq və valideynlərinin qarşılıqlı hüquq və vəzifələrinin realizəsinə yönəlib.

Konstitusiya Məhkəməsi  qeyd edib ki, Miqrasiya Məcəlləsinin 11.2-ci maddəsinə əsasən, valideyn himayəsindən məhrum olmuş uşağın nənə, baba və ya digər qohumu və ya müvafiq orqanın himayəsinə və yaxud qəyyumluğuna verildiyi, həmçinin bir nəfər tərəfindən övladlığa götürüldüyü hallarda həmin şəxslər ilə birlikdə uşağın ölkədən çıxması üçün hər hansı başqa şəxsin razılıq verməsi tələb olunmur.

Bundan başqa, Məhkəmə bildirib ki, uşaqdan ayrı yaşayan valideyn tərəfindən uşağın ölkədən getməsinin onun mənafelərinə uyğun olmamasına və bununla da uşaqla bağlı hüquqlarının pozulmasına dair qaldırılmış iddialara baxarkən məhkəmələr, məhz ölkədən getmə kontekstində uşağın mənafelərini və uşaqdan ayrı qalan valideynin dəlillərini ad hoc araşdırmalı, uşağın yaşı buna imkan verdiyi hallarda o, bu məsələ ilə əlaqədar öz fikrini bildirmək hüququnu həyata keçirmək imkanına malik olmalıdır. Əks yanaşma uşaqdan ayrı yaşayan valideynin onun tərbiyəsində iştirak etmək hüquq və borcunu “xəyali” etmiş, eyni zamanda dövlətin Konstitusiyanın 17-ci maddəsinə əsasən üzərinə düşən pozitiv öhdəliklərinin yerinə yetirilməməsi ilə nəticələnmiş olar.

Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd edib ki, müddət baxımından bu qəbildən olan mübahisələrin məhkəmələrdə baxılması qaydaları son nəticədə, təcrübədə uşağın üstün mənafelərinin təmin edilməsi üçün uzunmüddətli maneələr yarada bilər. Xüsusilə uşağın həyatı və sağlamlığı üçün təhlükə yarana biləcək hallarda məhkəmə baxışının uzun zaman ərzində davam etməsi yolverilməzdir. Mülki Prosessual Məcəllənin 172.3-cü maddəsinə əsasən, ayrı-ayrı kateqoriya işlərə baxılması və onların həllinə dair qətnamə və ya qərardad çıxarılması üçün bu Məcəllə ilə qısaldılmış müddətlər müəyyən edilə bilər. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, bu kateqoriyadan olan məsələlərin həlli üçün xüsusi prosessual müddətlərin müəyyən edilməsi Milli Məclisə tövsiyə edilməlidir.

Sonda Konstitusiya Məhkəməsi aşağıdakı qərara alıb.

1. Miqrasiya Məcəlləsinin 11.2-ci maddəsinin üçüncü cümləsində nəzərdə tutulmuş “yetkinlik yaşına çatmayan vətəndaşın ölkədən getməsi məsələsini həll edən məhkəmə qərarı” ifadəsi Ailə Məcəlləsinə uyğun olaraq uşağın hansı valideynin yanında saxlanılmasına dair qətnaməni ehtiva etmir.

2. Konstitusiyanın 17-ci maddəsinin VI hissəsi, 28-ci maddəsinin III hissəsi və 129-cu maddəsinin I hissəsi baxımından Miqrasiya Məcəlləsinin 11-ci maddəsinə uşağın valideynlərdən biri ilə saxlanılmasına dair məhkəmə qərarının mövcud olduğu halda, onun həmin valideyn ilə ölkədən getməsi üçün digər valideynin razılığının tələb olunmamasına dair müddəanın əlavə edilməsi Milli Məclisə tövsiyə edilsin.

3. Yetkinlik yaşına çatmayan vətəndaşın ölkədən getməsi ilə bağlı məsələlərin məhkəmə tərəfindən həlli üçün qısaldılmış prosessual müddətlərin müəyyən edilməsi Milli Məclisə tövsiyə edilsin.

Qərarın tam mətni ilə bu linkdən tanış olun.

 

01.02.24, Azərbaycan Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 11.2-ci maddəsinin üçüncü cümləsinin Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin III hissəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Qərarı, https://constcourt.gov.az/az/decision/1413

10 February, 2024