logo

Azərbaycanda hüququn aliliyinin gücləndirilməsi və vətəndaşların maarifləndirilməsi üçün platforma

Vəkil adından qanunsuz istifadə...

Analiz
Vəkil adından qanunsuz istifadə...

Hüquq peşəsinin və vəkillərin fəaliyyətinə aşkar dövlət nəzarəti? 

e-huquq.az” saytının məlumatına görə, vətəndaş Pərvanə Babayeva Camal Bağırzadənin özünü Vəkillər Kollegiyasının (VK) üzvü olaraq təqdim edib, ondan pul aldığına görə Baş Prokurorluğa şikayət edib. 

Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 227 (xırda talama) və 399-cu (vəkil adından qanunsuz istifadə) maddələri ilə icraata başlayıb və inzibati xəta haqqında işi baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərib. 

Həmin məhkəmənin qərarı ilə C.Bağırzadə 350 (üç yüz əlli) manat inzibati qaydada cərimə edilib.

Camal Bağırzadə hüquqşünasdır, uzun müddət vəkillik fəaliyyəti göstərib. O, yeni Vəkillər Kollegiyasının təsisində iştirak etmədiyi üçün vəkil adından məhrum olduğunu bildirir. VK-ya yenidən üzvlük üçün imtahan verib və yazılı test mərhələsindən uğurla keçib. İmtahanın ikinci - müsahibə mərhələsindən də uğurla keçdiyini ona desələr də, sonradan texniki səhv olduğunu və bu mərhələni keçmədiyini bildiriblər. 

C.Bağırzadə VK-ya qəbul üçün ondan rüşvət tələb etdiklərini də iddia edib və hüququnun pozulduğunu bildirib.

Bəs vəkil adı hansı şəxslərə məxsusdur? Kimlərə vəkil deyilir və yaxud da bu addan kimlər istifadə edə bilər? Vəkil adından qanunsuz istiadə dedikdə nələr nəzərdə tutulur? Yerli və beynəlxalq yanaşmalar nədən ibarətdir? 

“Tribunat” mövzunu analiz edib. 

“Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun 4.1-ci maddəsinə görə, vəkillik fəaliyyəti ilə VK-ya qəbul olmuş və vəkil andı içmiş şəxslər məşğul ola bilərlər. Qanunun 9.1-ci maddəsində görə isə, VK üzv olmayan şəxslər vəkillik fəaliyyəti ilə məşğul ola bilməzlər.

Göründüyü kimi, yerli qanunvericilik birmənalı şəkildə  vəkil adını VK-ya üzvlüklə məhdudlaşdırır və bu statusun müstəsna olaraq yalnız qanunla müyyən olunmuş prosedurları keçməklə həmin quruma üzv olan şəxslərə məxsus olduğunu nəzərdə tutur.

Həmin prosedur yazılı test, şifahi müsahibə və tədris-elm müəssisəsində icbari təlimdən ibarətdir.   

Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 92 və Mülki Prosessual Məcəlləsinin 66-cı maddələrində cinayət və mülki prosesdə müdafiəçi və vəkil qismində yalnız Azərbaycan Respublikasının ərazisində vəkillik fəaliyyətini həyata keçirmək hüququna malik olan vəkilin iştirak edə biləcəyi (vəkil kimi Azərbaycan Respublikasında müəyyən olunmuş qaydada səlahiyyəti təsdiq olunmuş vəkillər iştirak edirlər) nəzərdə tutulub. 

Bu normalar və eləcə də “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun 4.1 və 9.1-ci maddələri İXM-nin 399-cu maddəsindən fərqli olaraq vəkil adının başlanmış, davam edən cinayət, mülki və  yaxud da inzibati prosesdə icraat zamanı istifadəsini nəzərdə tutur.

İXM-nin 399-cu maddəsi vəkil adından qanunsuz istifadəyə belə anlayış verir:

“Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada vəkil statusunu əldə etməmiş şəxs tərəfindən gəlir əldə etməklə vəkil adından istifadə olunması”.

Göründüyü kimi, İXM bu normayla vəkil adının istifadəsinin sərhədlərini genişləndirir və bu addan istifadə altına qeyri-müəyyən çərçivədə anlayışları toplayır. 

Vəkil adı altında vətandaşlara hüquqi məsələhətlərin verilməsi və eləcə də distant hüquq xidmətinin qeyri-vəkil, hüquqşünas tərəfindən həyata keçirilməsi həmin anlayışlardan biri hesab edilə bilər.    

Sözügedən norma hər hansı şəxsin əvvəllər uzun illər praktik vəkillik fəaliyyəti ilə məşğul olmasını və peşəkarlığını şübhə altına almaq üçün hər hansı ağlabatan əsasın yoxluğunu istisna qayda kimi nəzərdə tutmur, məsələyə selektiv yox, ümumi, şablon yanaşmanı tətbiq edir.     

Bu normayla inzibati məsuliyyətin yaranması üçün vəkil statusuna malik olmama və gəlir əldə etmə kifayət edir.  

31 oktyabr 2017-ci  ildə Mülki Prosessual və İnzibati Prossesual məcəllələrə və “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanuna edilən dəyişikliklərdən sonra Azərbaycanda nümayəndəlik institutu ləğv olundu. Bu dəyişikliklərdən sonra VK-nın inhisarçılığının yaranması Kollegiya üzv olmayan praktiki hüquqşünasların məhkəmədə müştərilərini təmsil etməkdən məhrum olmaları ilə yanaşı, əhalinin hüquqi məsləhət və təmsilçiliyə çıxışına da mənfi təsir göstərdi.

Bu inhisarçılığı gücləndirən başqa bir fakt isə Azərbaycanda yalnız bir VK-nın mövcudluğudur. 

“Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun 9.1-ci maddəsi bütün vəkillərin həmin yeganə quruma üzv olmasını icbari qaydada nəzərdə tutur. 

Bəs beynəlxalq praktika necədir?

Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) Reqlamentinin 36-cı Qaydasının 4a bəndinə əsasən ərizəçinin adından çıxış edən nümayəndə Razılığa gələn tərəflərin hər hansı birində fəaliyyət göstərmək səlahiyyətinə malik olan və onlardan birinin ərazisində sakin və ya Palatanın sədri tərəfindən təsdiq edilmiş istənilən digər şəxs ola bilər.

Bir az da sadələşdirsək, Konvensiyanın iştirakçı dövlətlərindən birində hüquqi praktika ilə məşğul olmaq səlahiyyəti olan və ya bu işə baxan Palatanın Sədri tərəfindən səlahiyyət verilən istənilən şəxs Məhkəmədə ərizəçini təmsil edə bilər.

Göründüyü kimi, Strasburq Məhkəməsi hüquqi praktika ilə məşğuluğu istisna olaraq hər hansı bir qurumun tərkibində təsəvvür etmir. 

Bir neçə il bundan əvvəl Azərbaycan Hökuməti Avropa Məhkəməsində şikayətlərin kommunikasyası zamanı davamlı olaraq ərizəçiləri təmsil edən hüquqşünasların Kollegiyanın üzvü olmadığı əsası ilə şikayətlərin qəbuledilənliyini mübahisələndirirdi. Ancaq Məhkəmə bu arqumentləri qəbul etmədi və VK üzvü olmayan hüquqşünasıların təmsilçiliyi davam etdirməsinə icazə verdi. 

“Avropada vəkil peşəsinə dair əsas prinsiplər haqqında Xartiya”nın əsas prinsiplərindən biri - vəkillik fəaliyyətinin özünüidarəedilməsi prinsipidir. Bu prinsip hüquq peşəsinin və vəkillərin fəaliyyətinə aşkar və ya gizli dövlət nəzarətini istisna edir və bunu qeyri-azad cəmiyyətlərin əlamətlərindən biri kimi qiymətləndirir. 

Beynəlxalq Vəkillər Kollegiyasının 28 may 2011-ci ilə qəbul etdiyi Hüquq Peşəsinin həyata keçirilməsi üçün Beynəlxalq Prinsiplərin 9.2-ci bəndində qeyd olunur ki, hüquq peşəsinin üzvü kimi vəkilin hüquq praktikasında bilikli, bacarıqlı və yetərli oması nəzərdə tutulur. 

Prinsiplərin 4-cü bəndinə görə, “vəkil yalnız müvafiq peşə hazırlığı ilə öz peşəsini layiqincə yerinə yetirə bilər” və  vəkillər peşə hazırlığını “əldə etməli, saxlamalı və bütün karyerası boyunca davam etdirməlidir”. Həmin sənəddə, eləcə də qeyd olunub ki, “vəkil müştərini məlumatlandırdıqdan sonra yalnız vəkilin səriştəli olduğu sahələrdə və ya peşəkar həmkarlarının və ya ekspertlərin köməyi ilə hər hansı hüquqi və ya digər sahələrdə xidmətlərin göstərilməsinə razılıq verə bilər”

AİHM-in Azərbaycan vəkillik peşəsi məhdudlaşdırılan şəxslərlə bağlı bir sıra qərarları var. Məsələn, “Hacıbəyli və Əliyev Azərbaycana qarşı” (Applications nos. 6477/08 and 10414/08) işində Məhkəmə Hökumət və yerli məhkəmələrin Azərbaycanda Vəkillər Kollegiyasına qəbulun “Rəyasət Heyətinin müstəsna səlahiyyətindədir” arqumentini qəbul etməyib. Məhkəmə Avropa Şurası Nazirlər Komitəsinin 21 saylı R Tövsiyəsinə istinad edib və qeyd edib ki, vəkillərin ifadə azadlığından istifadə etmək hüququ var və peşəyə çıxışla bağlı qərarlar müstəqil və tərəfsiz məhkəmə tərəfindən nəzərdən keçirilməlidir.
Vəkillərin peşə faəliyyətlərini yerinə yetirmələri üçün dövlətlər onların fəaliyyətlərinə ola biləcək hər hansı qeyri-qanuni müdaxilənin qarşısını almalıdır. Qanunsuz müdaxilələrə vəkillərin  müştəriləri ilə əlaqə saxlamağa maneələr, təhdidlə üzləşmələri və ya fiziki zorakılığa məruz qalmaları aid olunur.

“e-huquq.az”, Məhkəmə vəkil adından qanunsuz istifadə edən şəxsi cəzalandırdı

İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi,  https://www.youtube.com/watch?v=hhmQVVL15n0

“Vəkillik və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunu, https://e-qanun.az/framework/257 

Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi, https://e-qanun.az/framework/46950 

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi, https://e-qanun.az/framework/46945 

Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi, https://e-qanun.az/framework/46960 

ICJ Recommendations to the Azerbaijan Bar Association on the Role and Independence of Lawyers, https://www.icj.org/wp-content/uploads/2019/05/Azerbaijan-ICJ-Recommendations-Bar-Ass-Advocacy-Analysis-Brief-2019-ENG.pdf S.2 

Rules of Court, European Court of Human Rights, https://www.echr.coe.int/documents/d/echr/rules_court_eng

IBA International Principles on Conduct for the Legal Profession, https://www.icj.org/wp-content/uploads/2014/10/IBA_International_Principles_on_Conduct_for_the_legal_prof.pdf 

Core Principles of Legal Profession, International Association of Lawyers, https://www.uianet.org/sites/default/files/core_principles_of_the_legal_profession_-_final_porto.pdf

“Hacıbəyli və Əliyev Azərbaycana qarşı” (Applications nos. 6477/08 and 10414/08)

International Principles on the Independence and Accountability of Judges, Lawyers and Prosecutors,   International Commission of Jurists, https://www.refworld.org/pdfid/4a7837af2.pdf

19 Oktyabr, 2023