Avropa Məhkəməsinin Dilqəm Əsgərov və Şabhaz Quliyevlə bağlı qərarı
TranslationUzun müddət əsirlikdə qalmış hər iki şəxsin qohumlarının şikayəti hansı səbədən qəbuledilməz elan olundu?
Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) “Firuzə Əsgərova və Albina Veselova Ermənistana qarşı” (Firuze ASGAROVA and Albina VESELOVA v. Armenia Application no. 24382/15 )) işi üzrə qərarını elan edib.
2014-cü il iyulun 11-də azərbaycanlılar Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcər rayonunda öz ata-baba yurdlarını ziyarət edərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər. Həmin vaxt Azərbaycan vətəndaşı Həsən Həsənov isə qətlə yetirlib. Sonradan separataçı “Dağlıq Qarabağ Respublikası” məhkəmələrinin hökmü ilə Dilqəm Əsgərov ömürlük, Şahbaz Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib. 2020-ci il dekabrın 14-də Şahbaz Quliyev və Dilqəm Əsgərov girovluqdan azadlığa buraxılıb.
Onların həyat yoldaşları D.Əsgərov və Şahbaz Quliyevin Avropa İnsan Hüquqları Konvensiyası ilə ilə qorunan bir sıra hüquqlarının pozuntusu ilə bağlı Avropa Məhkəməsinə müraciət edib.
AİHM 5 oktyabr 2023-cü ildə həmin müraciətlərlə bağlı qərarını elan edib.
“Tribunat” həmin qərarın tərcüməsini təqdim edir.
A. Əsas məlumatlar
1. Ərizəçilər xanım Firuzə Əsgərova (birinci ərizəçi) və xanım Albina Veselova (ikinci ərizəçi) müvafiq olaraq Azərbaycan və Rusiya vətəndaşlarıdır. Birinci ərizəçi 1967-ci ildə anadan olub və Azərbaycanın Şəmkir rayonu, Çinarlı qəsəbəsində yaşayır. İkinci ərizəçi isə 1982-ci ildə anadan olub və Azərbaycanın Tərtər rayonunun Qarağacı kəndində yaşayır. Onları Məhkəmədə Bakıda fəaliyyət göstərən vəkil A.Bağırov təmsil edib.
2. Ermənistan Hökumətini (Hökumət) onların agenti cənab Q.Kostanyan, daha sonra isə Ermənistan Respublikasının Avropa İnsan Hüquqları Məhkəməsindəki nümayəndəsi cənab Y. Kirakosyan təmsil edib.
3. Tərəflərin təqdim etdikləri işin faktları aşağıdakı kimi ümumiləşdirilə bilər.
4. Birinci ərizəçinin həyat yoldaşı cənab Dilqəm Əsgərov və ikinci ərizəçinin əricənab Şahbaz Quliyev, müvafiq olaraq 1960 və 1968-ci il təvəllüdlü Azərbaycan vətəndaşlarıdır. Cənab Əsgərov və cənab Quliyev bundan sonra “ərizəçilərinpartnyorları” (həyat yoldaşları - tərc.) adlandırılacaqlar.
5. Ərizəçilərin fikrincə, onların partnyorlarının hər ikisi Azərbaycanın Kəlbəcər rayonundandır. 1993-cü ildən 2020-ci ilə qədər Kəlbəcər rayonu Şaumyan vilayəti adlandırılıb və Ermənistan Respublikasının effektiv nəzarəti altında olub. Oratanınmamış “Dağlıq Qarabağ Respublikası”nı (“DQR”) əhatə edən ərazilərin bir hissəsini təşkil edib (bax: Çıraqov və başqaları Ermənistana qarşı, № 13216/05, § 186, AİHM 2015).
6. İddia edilir ki, cənab Əsgərov və cənab Quliyev 29 iyun 2014-cü il tarixində Kəlbəcər rayonuna öz vətənlərini və qohumlarının məzarlarını ziyarət etməkməqsədilə gediblər.
B. Cənab Əsgərov və cənab Quliyevə qarşı cinayət işi
7. Təhlükəsizlik xidmətlərinin 8 iyul 2014-cü il tarixli hesabatından və “DQR” Milli Təhlükəsizlik Xidmətinin müstəntiqinin verdiyi 9 iyul 2014-cü il tarixli qərardan görünür ki, cənab Quliyev 8 iyul 2014-cü ildə Şaumyan vilayətində heyvandarlıq fermasında həbs edilib. Onun səsboğucu tüfəngi, səsboğucu tapançası və döyüş sursatı olub.
8. “DQR” təhlükəsizlik xidmətinin 14 iyul 2014-cü il tarixli hesabatından görünür ki, cənab Əsgərov həmin gün Karvaçar şəhəri yaxınlığındakı magistral yolda həbs edilib. Onun üzərində silah və sursat olub.
9. Ərizəçilərin fikrincə, həbs olunarkən cənab Əsgərov və cənab Quliyev həm Ermənistan, həm də “DQR” rəsmiləri tərəfindən pis rəftara məruz qalıblar.
10. 9 iyul 2014-cü ildə cənab Quliyevə sərhədi qanunsuz keçməsi ilə bağlı cinayət işi açılıb.
11. Həmin gün cənab Quliyev müstəntiqə rusdilli tərcüməçinin xidmətinin təmin edilməsi və bütün iş sənədlərinin rus dilinə tərcümə edilməsi barədə əlyazma ərizəsi ilə müraciət edib. Rus dilində yazılmış sorğuda cənab Quliyevin bu dili mükəmməl bildiyi bildirilir.
12. Müstəntiq işə rusdilli tərcüməçi təyin edib və cənab Quliyevə pulsuz hüquqi yardım göstərib. Xalq Müdafiəçilərinin Aparatının rəhbəri İ.-ni cənab Quliyevin vəkili təyin edib.
13. Həmin gün müstəntiq cənab Quliyevin həbs edilməsi haqqında qərar verib. Sonra müstəniq 1988-ci ildən Rusiyada daimi yaşayıb işlədiyini bildirən Quliyevi dindirib.
14. 12 iyul 2014-cü ildə “DQR” Ümumi Yurisdiksiyasının Birinci İnstansiya Məhkəməsi cənab Quliyevin iki ay müddətinə həbsdə saxlanmasına qərar verib. Cənab Quliyevin vəkili İ. bildirib ki, onun həbs qərarına etirazı yoxdur.
15. 15 iyul 2014-cü ildə “DQR” Milli Təhlükəsizlik Xidmətinin müstəntiqi cənab Əsgərovun həbsi barədə göstəriş verib.
16. Elə həmin gün cənab Əsgərov müstəntiqə rusdilli tərcüməçinin xidmətinin təmin edilməsi və bütün iş sənədlərinin rus dilinə tərcümə edilməsi barədə əlyazma ərizəsi ilə müraciət edib. Rus dilində yazılmış sorğuda cənab Əsgərovun bu dili mükəmməl bildiyi bildirilir. Məhkəmədəki iş materialında cənab Əsgərovun sorğusunun nəticəsi ilə bağlı heç bir məlumat yoxdur.
17. Həmin gün müstəntiq cənab Əsgərova pulsuz hüquqi yardımla təminat qərarı verib və B. Əsgərovun vəkili təyin edilib.
18. 18 iyul 2014-cü ildə məhkəmə cənab Əsgərovun həbsdə saxlanmasına qərar verib
19. 18 və 21 iyul 2014-cü il tarixlərində cənab Quliyev və cənab Əsgərov sərhədi qanunsuz keçmə, casusluq, qeyri-qanuni silah saxlama, oğurluq, adam oğurluğu və bir neçə qətldə ittiham olunublar.
20. Cənab Quliyev və cənab Əsgərovun saxlanma müddəti 6 sentyabr 2014-cü ildə uzadılıb. Ərizəçilərin sözlərinə görə, onlar qeyri-insani şəraitdə saxlanılıb.
21. Məhkəmə zamanı cənab Əsgərovun müdafiəçisi B. mətbuata bildirib ki, Əsgərovun ifadəsində ziddiyyətlər var və məhkəmə-tibbi ekspertiza qətl qurbanlarından birinin cənab Əsgərovun pulemyotundan atəş açdığını sübut edib.
22. Ərizəçilər məhkəmə prosesi zamanı müdafiəçilərin dinləmədə fəal iştirak etmədiyini və müttəhimlərə məsləhət vermədiyini göstərmək məqsədi ilə video görüntüləri təqdim ediblər.
23. 29 dekabr 2014-cü ildə “DQR” Ümumi Yurisdiksiyasının Birinci İnstansiya Məhkəməsi cənab Quliyev və cənab Əsgərovu ittiham olunduqları maddələrləməhkum edib. Cənab Əsgərov ömürlük, Quliyev isə 22 (iyirmi iki) il müddətinə azadlıqdan məhrum edilib.
24. Hər iki şəxs apellyasiya şikayəti verib. 10 mart 2015-ci ildə “DQR” Apellyasiya Məhkəməsi birinci instansiyanın hökmünü qüvvədə saxlayıb.
25. Hər iki şəxs hüquqi məsələlərlə bağlı şikayət verib. 27 may 2015-ci ildə “DQR” Ali Məhkəməsi hökmü qüvvədə saxlayıb.
26. 19 yanvar 2018-ci ildə cənab Əsgərov B.-nin yenidən hüquqi yardımçı vəkili təyin edilməsini xahiş edib.
C. Xarici dünya ilə əlaqə
1. Ərizəçilərin versiyası
27. Ərizəçilərin fikrincə, onların partnyorları digər məhbuslarla təmasda olmadan və kənardan xəbərləri olmadan ciddi təcriddə saxlanılıblar. Cənab Əsgərov və cənab Quliyevə Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) səfərləri istisna olmaqla, poçt göndərmək və ya qəbul etmək və ya onların ailələrindən baş çəkmək və ya müstəqil hüquqşünaslarla əlaqə saxlamaq icazəsi verilməyib. Onlar həmçinin iddia ediblər ki, məhbuslara baş çəkmək praktiki olaraq qeyri-mümkün olub. “DQR”də onların həyatı üçün “real, yaxşı sənədləşdirilmiş risklər” olub. Həm ərazilərdə tapılan hər kəs həbs olunar və ittiham olunardı.
28. Cənab Əsgərov 23 mart 2021-ci il tarixli vəsatətində bildirib ki, o, BQXK nümayəndəsinə Məhkəməyə ərizə vermək istədiyini bildirib. O, bu arzusunu məhz BQXK ilə Ermənistan Respublikasının Ombudsmanı L.A.-nın da iştirak etdiyi görüşdə bildirib. L.A. hüquqlarının pozulmadığını bildirərək onu Məhkəməyə müraciət etməkdən çəkindirməyə çalışıb. Bununla belə, o, ərizə formasını doldurub. Həbsxana məmurlarının göstərişlərinə əsasən o, bunu hüquqi yardım göstərən vəkili B.-yə verib. Sonradan o, bu formanın aqibətinin necə olması ilə bağlı soruşub. Həbsxana rəsmiləri ona bildiriblər ki, B. ərizəsini L.A.-ya göndərib, lakin o, ərizəsini Məhkəməyə göndərməkdən imtina edib. Cənab Quliyev 23 mart 2021-ci il tarixli ifadəsində bildirib ki, o, həbsxana rəsmilərinə Məhkəməyə ərizə vermək istədiyini bildirib, lakin ona buna icazə verilməyib. Cənab Əsgərov və cənab Quliyev həmçinin BQXK-ya və ailələrinə ünvanladıqları bütün məktubların senzuradan keçirildiyini və bəzilərinin göndərilmədiyini iddia ediblər.
2. Hökümətin versiyasi
29. Hökumət etiraf edib ki, hər iki şəxs təhlükəsizlik tədbiri olaraq digər məhbuslardan və bir-birindən təcrid olunmuş vəziyyətdə saxlanılıb. Bununla belə, mütəmadi olaraq vəkilləri və lazım gəldikdə həkimlər tərəfindən ziyarət ediliblər.
30. Hökumət ilkin olaraq bildirib ki, məhbusların məktub yazmaq və almaq hüququna heç bir məhdudiyyət qoyulmayıb. Lakin Azərbaycan “DQR” ilə bütün əlaqə vasitələrini kəsdiyi üçün onların poçt, elektron poçt və ya telefonla əlaqə saxlaması mümkün olmayıb. Daha sonra onlar bildiriblər ki, cənab Quliyev və cənab Əsgərova Azərbaycanın xüsusi xidmət orqanları ilə əlaqələrini yeniləmək üçün bu cür ünsiyyətdən istifadə etməyə cəhd edə biləcəklərindən qorxaraq məktub yazmağa və ya almağa icazə verilməyib.
31. Cənab Əsgərov və cənab Quliyev BQXK tərəfindən göndərilmiş məktublar vasitəsilə ailələri ilə yazışmaq imkanına malik olublar. Həmin məktublar senzuradan keçməyib. BQXK tərəfindən göndərilmiş (və ərizəçilər tərəfindən Məhkəməyə təqdim edilmiş) məktublardan birində cənab Əsgərov qohumlarından “görüş üçün BMT QAK-ın Ofisinə sorğu təqdim etməyi” xahiş edib.
32. “DQR” Xarici İşlər Nazirliyinin verdiyi məlumata görə, ərizəçilər heç vaxt “DQR”ə getməyə cəhd etməyiblər və ya qohumları ilə görüşlərin təşkili üçün hər hansı köməklik tələb etməyiblər. Hökumət vurğulayıb ki, ikinci ərizəçi Rusiya vətəndaşıdır və buna görə də “DQR”ə viza və ya pasport olmadan (sadəcə Rusiya şəxsiyyət vəsiqəsindən istifadə etməklə) gedə bilərdi və o, bunu etmək istəsəydi, əri ilə görüşə bilərdi.
33. Bundan əlavə, cənab Əsgərov və cənab Quliyev bir neçə dəfə insan hüquqları üzrə QHT-lərin nümayəndələri tərəfindən ziyarət ediliblər. Həmçinin, 18 iyul 2017-ci il tarixində “İtkin düşmüş şəxslərin və girovların axtarışı üzrə Beynəlxalq İşçi Qrupu”nun üzvləri onlara baş çəkib və onlarla məxfi şəkildə danışa biliblər.
34. Nəhayət, Hökumət bildirib ki, həmin vaxt L.A. (yuxarıda 28-ci bəndə bax) Ermənistan Respublikasının Ombudsmanı deyil, insan hüquqları üzrə QHT-nin rəhbəri olub.
D. Cənab Quliyevin və Cənab Əsgərovun azadlığa buraxılması və sonrakı hadisələr
35. 14 dekabr 2020-ci ildə ərizəçilərin partnyorları azad edilərək Azərbaycana qaytarılıb.
36. 23 mart 2021-ci il tarixində cənab Əsgərov və cənab Quliyev Məhkəməyə ifadələr veriblər və orada onlar öz həyat yoldaşlarının onların adından verdiyi ərizəni dəstəklədiklərini bildiriblər.
Şikayətlər
37. Ərizəçilər Konvensiyanın 3, 5, 6, 7, 8, 13 və 14-cü maddələrinə və 4 saylı Protokolun 2-ci maddəsinə əsasən cavabdeh dövlətdə partnyorlarının həbsindən və onlara qarşı cinayət təqibindən şikayət ediblər. Xüsusilə, onlar 6.3-cu maddənin (c) və (e) bəndlərinə əsasən şikayət ediblər ki, onların partnyorlarının məhkəmə tərəfindən təyin edilmiş vəkilləri məhkəmə prosesi boyu tamamilə passiv qalıb və müştərilərinə səmərəli hüquqi yardım göstərməyiblər. Onlar daha sonra şikayət ediblər ki, partnyorları məhkəmə prosesini rus dilinə tərcümə edən tərcüməçinin xidməti ilə təmin olunsalar da, bu xidmətdən kifayət qədər razı qalmayıblar. Onlar həmçinin şikayət ediblər ki, cavabdeh dövlət onların partnyorlarının Konvensiyanın 34-cü maddəsinə uyğun olaraq fərdi ərizə vermək hüququnu həyata keçirməsinə mane olub.
HÜQUQ
Ərizəçilərin yerləşdiyi yer və ərizəçilərin qurban statusu ilə bağlı tərəflərin təqdimatları
1. Hökumət
38. Hökumət birinci olaraq bildirib ki, ərizəçilər partnyorlarının iddia edilən hüquqlarının pozulmasının birbaşa təsirinə məruz qaldıqlarını iddia etməyiblər. Buna görə də dolayı qurban olduqlarını iddia edə bilməzlər. Cənab Əsgərov və cənab Quliyev sağ olublar. Onlar itkin düşmüş şəxslər olmayıblar, çünki ərizəçilər həmişə onların harada olduqlarını biliblər və BQXK vasitəsilə onlarla əlaqə saxlayıblar. Buna görə də, “dolayı qurbanlar”la bağlı Məhkəmənin presedent hüququ onların vəziyyətinə tətbiq oluna bilməzdi.
39. Hökumət daha sonra bildirib ki, ərizəçilərin Məhkəmədəki proseslərdə partnyorları adından çıxış etmək hüququ yoxdur. Onlar qeyd ediblər ki, ərizəçilər təmsil olunmağı seçdikləri halda (Məhkəmə Reqlamentinin 36-cı Qaydasının 1-ci bəndi ilə icazə verildiyi kimi) 45-ci Qaydanın 3-cü bəndinə əsasən, onların irəli sürdükləri nümayəndələrinin onların adından hərəkət etmələri üçün lazımi qaydada imzalanmış yazılı səlahiyyət təqdim etmələri tələb olunurdu. Hazırkı işdə belə bir yazılı sənəd təqdim edilməyib. Hökumət Valentin Câmpeanu adından Hüquq Resursları Mərkəzi Rumıniyaya qarşı (№ 47848/08, AİHM 2014) işindəki prinsiplərə istinad edərək qurbanların işində Konvensiyanın 2, 3 və ya 8-ci maddələrinin pozulması ilə bağlı xüsusi mülahizələrin ortaya çıxa biləcəyini etiraf edib.
40. Hökumətin fikrincə, ərizəçilər partnyorlarının adından çıxış etmək mövqeyini dəstəkləmək üçün heç bir arqument təqdim edə bilməyiblər. Hökumətə görə ərizəçilərin partnyorları bir şəxsin məhkum edildiyi və cəzasını xarici ölkədə çəkdiyi standart vəziyyətdə olublar. “DQR”in Azərbaycan tərəfindən tanınmaması və müharibə vəziyyətinin olması ərizəçilərin öz partnyorlarına baş çəkmələrini istisna etməyib. Xüsusilə, ikinci ərizəçi rus idi (yuxarıda 1-ci bəndə bax), bu da “DQR”ə səfəri daha da asanlaşdırırdı (yuxarıda 32-ci bəndə bax). “DQR” orqanları ərizəçilərin öz qohumlarını ziyarət etmək üçün lazımi addımları atmamasına (və ya ən azı buna cəhd etməməsinə) görə məsuliyyət daşımamalıdırlar. Buna görə də, ərizəçilər və onların həbsdə olan partnyorları arasında hər hansı görüşlərin olmamasını “DQR” hakimiyyəti ilə əlaqələndirmək olmaz.
41. Bundan əlavə, adamlar xüsusilə həssas vəziyyətdə deyildilər: onlar cinayət əməllərinə görə məhkum edilib və məhkum edilmiş hər hansı digər şəxsdən daha həssas olmayıblar. Onlar vəkillərin və tərcüməçilərin köməyindən istifadə edibər (yuxarıda 12 və 17-ci paraqraflara bax) və BQXK vasitəsilə müntəzəm olaraq məktub qəbul edib və göndəriblər (yuxarıda 27 və 31-ci bəndlərə bax). Buna görə də Hökumət iddia edib ki, hər iki şəxs istənilən vaxt Məhkəməyə ərizə ilə müraciət edə və ya öz qohumlarına bu barədə onların adından göstəriş verə bilərdilər.
42. Nəhayət, Hökumət iddia edib ki, ərizəçilərin maraqları ilə onların partnyorlarının maraqları arasında ziddiyyət var. Onlar cənab Əsgərovun qohumlarına “görüş üçün BMT QAK-ın Ofisinə sorğu təqdim etmələrini” xahiş edən məktubuna istinad ediblər (yuxarıda 31-ci bəndə bax). Hər iki şəxs qohumlarına Məhkəməyə şikayət vermək üçün heç bir göstəriş verməyib. Hökumət bir faktı vurğulayıb ki, ərizəçilər öz partnyorları haqqında məlumat almaq üçün bir dəfə də olsun cəhd etməyiblər.
2. Ərizəçilər
43. Ərizəçilər partnyorları adından müraciət etdiklərini təsdiqləyiblər və işin müstəsna halları fonunda onların lazımi hüquqa malik olduqlarını bildiriblər. Onlar etiraf ediblər ki, ərizə qurbanın özü tərəfindən verilmədiyi halda, Məhkəmə ümumiyyətlə həmin qurbanın adından hərəkət etmək üçün yazılı səlahiyyət verilməsini tələb edir. Bununla belə, ərizəçilər iddia edibər ki, xüsusi hallar hazırkı işə aiddir. Hökumətin iddiasının əksinə olaraq, bu şəxslər adi cinayət prosesində mühakimə olunmayıblar. Əksinə, qurbanlar zorla girov götürülüb və heç bir legitimliyi olmayan qeyri-qanuni, tanınmayan və silahlı bir qurum tərəfindən təcrid olunmuş həbsxanada saxlanılıblar. Onların səhhəti pisləşib. Bu, onların həssas və zəif` vəziyyətindən xəbər verirdi.
44. Ərizəçilər iddia edibər ki, onların tərəfdaşları xarici aləmlə heç bir əlaqə olmadan ciddi təcriddə saxlanılıb, onlara məktub göndərmək və ya qəbul etmək icazəsi verilməyib (BQXK nümayəndələrinin səfərləri istisna olmaqla) və müstəqil vəkillərlə və ya hüquqşünaslarla əlaqə saxlamaq və ailə üzvlərini görmək hüquqları olmayıb. Buna görə də onlar Məhkəməyə ərizə ilə müraciət edə və ya onların adından bunu etmək üçün qohumlarına icazə verə bilməyiblər.
45. Ərizəçilərin fikrincə, Lambert və başqaları Fransaya qarşı ([GC], № 46043/14, AİHM 2015 (çıxarışlar)) hazırkı işdə göstərilən meyarlara aydın şəkildə cavab verir. Heç nə birbaşa qurbanlarla ərizəçilər arasında maraqların toqquşmasına səbəb olmayıb. Əksinə, qurbanlar azad olmaq və ailələrinə qovuşmaq üçün bütün imkanlardan istifadə etmək istəyiblər.
Üçüncü tərəfin müdaxiləsi
46. Azərbaycan Hökuməti bildirib ki, ərizəçilərin “DQR”dəki tərəfdaşlarına baş çəkmələri mümkün olmayıb. Azərbaycan və Ermənistan faktiki olaraq müharibə vəziyyətində olublar. Ərizəçilərin patnyorları Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə saxlanılıb. Ora səyahət ərizəçilərin həyatı və sağlamlığı üçün böyük riskə səbəb olardı. Ermənistan Hökuməti özü də Məhkəməyə təqdim etdiyi təqdimatlarda azərbaycanlılarla ermənilər arasında “ümumi etnik dözümsüzlük və mənfi münasibət mühitinin” mövcud olduğunu bildirib.
Məhkəmənin qiymətləndirməsi
47. Ərizəçilərin özlərini Konvensiyanın iddia edilən pozuntularının qurbanı olduqlarını iddia etmədikləri tərəflər arasında mübahisələndirilmir. Onlar hazırkı ərizəni iddia edilən pozuntuların birbaşa qurbanları olan partnyorları cənab Əsgərov və cənab Quliyevin adından veriblər. Onlara zərərçəkmişlərin adından hərəkət etmək üçün hər hansı yazılı səlahiyyət verilməyib, lakin iddia edirlər ki, müstəsna hallar onların tərəfdaşları adından ərizə vermək mövqeyini əsaslandırır.
48. Məhkəmə təkrar edir ki, ərizə qurbanın özü tərəfindən verilmədiyi halda, Məhkəmə Reqlamentinin 45-ci Qaydasının 3-cü bəndi hərəkət etmək üçün lazımi qaydada imzalanmış yazılı səlahiyyətin təqdim edilməsini tələb edir. Nümayəndələrin adından Məhkəmə qarşısında çıxış etmək fikrində olduqları iddia edilən qurbandan konkret və açıq göstərişlər aldıqlarını nümayiş etdirmələri vacibdir. Bununla belə, Məhkəmə qərara alıb ki, milli hakimiyyət orqanları tərəfindən Konvensiyanın 2, 3 və 8-ci maddələrinin pozulması iddiası ilə bağlı qurbanların işində, hətta etibarlı formada olmasa belə, həmin qurbanlar adından şəxslər tərəfindən verilmiş ərizələr qəbuledilən elan edilə bilər. Belə hallarda, qurbanların Məhkəməyə şikayət edə bilməməsinə səbəb olan əlverişsiz amillərə xüsusi diqqət yetirilib. Həmçinin, ərizə verən şəxslə qurban arasında mövcud əlaqəyə də lazımi diqqət yetirilib (bax: H.F. və başqaları Fransaya qarşı [GC], № 24384/19 və 44234/20, § 149, 14 sentyabr 2022-ci il və istinad edilən səlahiyyətlilər orada).
49. Xülasə, üçüncü tərəf müstəsna hallarda aşağıdakı iki əsas meyarın təmin edildiyi halda təmsil etmək üçün lazımi qaydada imzalanmış yazılı səlahiyyəti olmadan həssas şəxsin adından hərəkət edə bilər: hüquqlarının səmərəli müdafiəsindən məhrum olmuş birbaşa qurbanın zərər çəkmə riski və zərərçəkmişlə ərizəçi arasında maraqların toqquşmasının olmadığı hallarda (bax: Lambert və başqaları, yuxarıda adı çəkilən, §102).
50. Məhkəmə qərara alıb ki, Lambert və Digərlərində (yuxarıda qeyd olunan, § 92) – “yaşı, cinsi və ya əlilliyi ilə əlaqədar” – insanı həssas edə bilən amillərin siyahısı tam deyil. Şəxslər bir çox digər amillərə görə onların adından Məhkəməyə verilən şikayətin mahiyyəti baxımdan həssas hesab edilə bilər (bax: N. və M. Rusiyaya qarşı, № 39496/14 və 39727/ 14, § 60, 26 aprel 2016). Ərizəçilər iddia ediblər ki, onların partnyorları tam təcrid olunmuş vəziyyətdə saxlandıqları üçün həssasdırlar (yuxarıda 43 və 44-cü bəndlərə bax). Məhkəmə qəbul edir ki, ünsiyyətsiz saxlanılan məhbus Konvensiyaya uyğun olaraq hüquqlarının səmərəli müdafiəsindən məhrum olmaq riski altında olan həssas şəxs kimi qəbul edilə bilər.
51. Bununla belə, cənab Əsgərov və cənab Quliyevin xarici dünya ilə təmaslarına qoyulan məhdudiyyətlərə baxmayaraq (bunlar cavabdeh Hökumət tərəfindən etiraf olunub – yuxarıda 29 və 30-cu bəndlərə baxın), Məhkəmə iki şəxsin tam təcrid olunmuş vəziyyətdə saxlandığına əmin deyil. Ərizəçilər tərəfindən mübahisələndirilmir ki, BQXK bir neçə dəfə onların tərəfdaşlarına baş çəkib və onların məktublarını ailələrinə göndərib (yuxarıda 27-ci bəndə bax). Qeyd etmək vacibdir ki, BQXK vasitəsilə göndərdiyi və ərizəçilər tərəfindən Məhkəməyə təqdim edilmiş məktublarından birində (yuxarıda 31-ci bəndə bax) cənab Əsgərov ailəsindən xahiş etmişdir ki, “BMT QAK Ofisinə görüş üçün sorğu təqdim etsinlər”. Bununla belə, ərizəçilər partnyorlarının niyə onların adından Məhkəməyə müraciət etmələrini xahiş etmədiklərini izah etməyiblər.
52. Bundan başqa, ərizəçilər tərəfindən bu məsələ ilə bağlı mübahisələndirilməyən Hökumətin təqdimatlarına əsasən (yuxarıda 33-cü bəndə bax), 18 iyul 2017-ci ildə itkin düşmüş şəxslərin və girovların axtarışı üzrə bir sıra ölkələrin vətəndaş cəmiyyətinin nümayəndələrindən ibarət Beynəlxalq İşçi Qrupun nümayəndələri bu iki şəxsə baş çəkiblər. Bununla belə, ərizəçilər nə üçün cənab Əsgərov və cənab Quliyevin həmin təşkilata Məhkəməyə müraciət etmək səlahiyyəti vermədiklərini və ya onlardan belə səlahiyyəti öz ailələrinə və ya seçdikləri vəkillərə vermələri üçün xahiş etmədiklərini əsaslandıra bilməyiblər.
53. Bu halları nəzərə alaraq, Məhkəmə hesab edir ki, ərizəçilər cənab Əsgərov və cənab Quliyevin BQXK tərəfindən göndərilmiş məktublardan biri vasitəsilə öz adlarından Məhkəməyə müraciət etmək üçün nümayəndə təyin etmək və ya qohumlarına və yaxud da 18 iyul 2017-ci il tarixində təşkilatla görüş zamanı onların adından müraciət etmək imkanı verən etibarnamə blankını imzalamaq üçün real imkanlarının olmamasını inandırıcı şəkildə sübut edə bilməyiblər.
54. Yuxarıda qeyd olunanlarla əlaqədar olaraq, Məhkəmə hazırkı işdə ərizəçilərə lazımi qaydada imzalanmış yazılı səlahiyyət olmadan cənab Əsgərov və cənab Quliyevin adından hərəkət etməyə imkan verən heç bir müstəsna hal görmür.
Buradan belə nəticə çıxır ki, ərizə 35.3-cü maddənin (a) bəndinə əsasən, Konvensiyanın müddəaları ilə ratione personae baxımından bir araya sığmır və 35-ci maddənin 4-cü bəndinə uyğun olaraq rədd edilməlidir. Bu səbəblərə görə, Məhkəmə yekdilliklə, ərizəni qəbul edilməz elan edir.
Qərarın ingilis dilində olan versiyası ilə bu linkdən tanış ola bilərsiniz.
Firuze ASGAROVA and Albina VESELOVA v. Armenia (Application no. 24382/15