AXCP fəalının cəzaçəkmə müəssisəsində müəmmalı ölümü: Dövlətin belə hallarda öhdəlikləri nədən ibarətdir?
Analiz
Dekabrın 12-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Elbəyi Kərimlinin saxlandığı 2 saylı Cəzaçəkmə Müəssisəsinin tibb məntəqəsində intihar etməsi barədə xəbər yayıldı. Siyasi məhbus hesab edilən Kərimli barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin 7 aprel 2024-cü il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 6 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Özü və hüquq müdafiəçiləri həbsinin əsl səbəbi kimi onun eks-prezident Heydər Əliyevin heykəlinin üstünə “Stalin” yazmasını göstəriblər.
Cəzaçəkmə müddətində E.Kərimli qeyri-insani davranışa məruz qalıb, cərimə təcridxanasına (“kars”) salınıb, aclıq aksiyası keçirib. Tənqidçilər onun intihar xəbərinə birmənalı yanaşmayaraq cəzaçəkmə müəssisələrində ölüm hallarının yayğın olmasından və bu cür faktlara dair effektiv araşdırma aparılmadığından gileylənirlər.
“Tribunat” Elbəyi Kərimlinin keysi nümunəsində dövlətin həbs yerlərində və cəzaçəkmə müəssisələrində saxlanılan şəxslərin həyat və sağlamlığının mühafizə olunması istiqamətində öhdəliklərini araşdırıb.
AXCP fəalının işi Azərbaycanda siyasi motivli cinayət işlərində şəxslərin müəmmalı ölümlərinə dair ilk hal deyil. 2007-ci ildə Azərbaycan Demokat Partiyasının üzvü Faina Kunqurovanın, 2017-ci ildə ictimai fəal Mehman Qələndərovun saxlanıldığı müəssisələrdə müəmmalı ölümünə və intihar etmələrinə dair xəbərlər yayılıb. Qeyd edilən hallarda da mərhumların yaxınları və hüquq müdafiəçiləri ölüm üçün aşkar səbəblərin olmadığını, baş verənlərə dair müstəqil araşdırma aparılmasına əngəl yaradılmasını, hüquq-mühafizə orqanları tərəfindən aparılan istintaqın isə nəticəsiz olduğunu və mərhumların qeyri-insani rəftara məruz qalmaq ehtimalının olduğunu bildiriblər. Oxşar tale ilə həmçinin keçmiş İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın İnkişafı Departamentinin sabiq rəhbəri Əlihüseyn Şalıyev, keçmiş Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin sabiq rəis müavini, polkovnik İlqar Əliyev və Daxili İşlər Nazirliyinin Cinayət Axtarış Baş İdarəsinin keçmiş baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Hacı Məmmədov da qarşılaşıb.
Şəxs məhkum olunarkən onun əsas hüquqlarından biri şəxsi təhlükəsizlik hüququdur. Bu mövqeyə Cəzaların İcrası Məcəlləsi (bundan sonra, CİM), “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Qanun və Cəzaçəkmə müəssisələrinin Daxili İntizam Qaydalarında rast gəlmək mümkündür. Məhkumun həyatına, sağlamlığına, yaxud şəxsiyyətinə qarşı digər məhkumlar və ya başqa şəxslər tərəfindən təhlükə yaranarsa, o, cəzaçəkmə müəssisəsinin müdiriyyətinə təhlükəsizliyini təmin etmək üçün ərizə və ya şifahi müraciət etmək hüququna malikdir. Cəzanı icra edən cəzaçəkmə müəssisəsinin müdiriyyəti təhlükənin aradan qaldırılması üçün məhkumun təhlükəsiz yerə köçürülməsi və ya başqa tədbirlər görülməsi barədə qərar qəbul edir. Cəzaçəkmə müəssisələrinin rejiminin əsas elementlərindən biri məhkumların üzərində daimi nəzarətdir. CİM-in 75-ci maddəsinə əsasən, müəsssisədə bunun üçün texniki nəzarət vasitələrindən istifadə edilir.
Daxili qanunvericilikdə məhkumların tibb-sanitariya təminatı, o cümlədən, psixoloji yardımla bağlı öhdəliklər də nəzərdə tutulur. Məhkumların cəzaçəkmə müəssisələrində psixiatrik yardım üçün müraciət etmək hüququ var. Penitensiar müəssisələrdə ixtisaslaşdırılmış psixoloji yardımı göstərmək üçün peşəkar kadrlar mövcud olmalıdır. Lakin hesabatlarda müxtəlif penitensiar müəssisələrdə psixiatriya yardımının əlçatan və qənaətbəxş olmamasına dair məlumatlar mövcuddur.
Daxili İntizam Qaydalarının 224-cü maddəsinə əsasən, intihar hallarında məhkumlara əl qandalları tətbiq edilir.
Eləbəyi Kərimlinin iddia edilən intiharı fonunda üzə çıxan problemlərdən biri Azərbaycanda penitensiar müəssisələrdə özünə xəsarət, intihar və ölüm halları ilə bağlı müfəssəl statistikanın aparılmamasıdır. Uyğun dövlət qurumları tərəfindən bu göstərici üzrə statistik məlumatlar toplanmır. Avropa Şurasının İllik Penitensiar Statistikasının (SPACE) hesabatına əsasən, 2023-cü ildə məhbusların 2 faizi, yəni 178 nəfər vəfat edib. Bu ölüm hadisələrinin 6-sı intiharın payına düşür. İlk növbədə bu rəqəm o qədər də böyük görünməsə də, onun reallığa uyğun olub-olmadığına dair suallar mövcuddur, belə ki, penitensiar sahədə ictimai nəzarət rolu üçün imkanlar geniş deyil. Bu rolu həyata keçirməyə iddialı Ombudsman yanında İşgəncələr Əleyhinə Milli Preventiv Mexanizmin hesabatlarında sadalanan hallarla bağlı heç bir məlumat mövcud deyil.
Məlumatlara dair şəffaflığın olmaması penitensiar müəssisələrdə məhbusların qarşılaşdığı problemlərin həlli istiqamətində hər hansı işlərin aparılıb-aparılmamasına dair informasiya əldə etməyə də imkan vermir. Dövri mətbuatda Kərimlinin saxlandığı 2 saylı Cəzaçəkmə Müəssisəsi ilə bağlı qeyri-insani rəftar, məhbuslara qarşı təzyiq və hədə-qorxu, maddi-məişət təminatın qənaətbəxş olmaması, rüşvətxorluğun yayğın olmasına dair iddialar mövcuddur. Bu kontekstdə penitensiar müəssisələrdə özünə xəsarət və intihar hallarına dair preventiv addımaların atılıb-atılmamasını və ümumi vəziyyəti qiymətləndirmək mümkün deyil.
İsyənilən intihar faktı, o cümlədən penitensiar müəssisələrdə intihar faktına dair hüquq-mühafizə orqanları Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə (özünü öldürmə həddinə çatdırma) cinayət işi açır və araşdırma aparır. E.Kərimlinin intihar faktı ilə bağlı yayılan xəbərlərdə də Sabunçu Rayon Prokurorluğunda cinayət işi açıldığı qeyd edilsə də, cinayət işinin ilkin nəticələri məlum deyil və ümumilikdə onun səmrəli olacağına dair suallar mövcuddur. Məsələn, yuxarıda vurğulanan Mehman Qələndərovun işində də cinayət işi başlansa da, daha sonra cinayət tərkibi olmadığından cinayət işinə xitam verilib.
Həbs edilmiş şəxslərin və məhkumların təhlükəsizlik hüququ öz əksini beynəlxalq və regional sənədlərdə də tapır. Yerli aktlara münasibətdə əhəmiyyətli fərq isə beynəlxalq sənədlərin intihar hallarının qarşısının alınması yönündə daha spesifik olmasıdır. Avropa Penitensiar Qaydalarının 47-ci və Məhbuslara beynəlxalq minimal standart davranış qaydalarının (Nelson Mandela Qaydaları) 30-cu maddələrinin tələblərinə əsasən, penitensiar müəssisələr özünə xəsarət yetirmə və intihar hallarına xüsusi diqqət ayırmalı və müvafiq psixoloji və psixiatriya yardımı təmin etməlidir. Avropa Penitensiar Qaydalarının Kommentariyasına əsasən isə, həbs şəraiti məhbusların psixi vəziyyətinə ciddi təsir göstərə bilər. Həbsxana rəhbərliyi bu təsirin miqyasını azaltmağa çalışmalı və həmçinin onun məhbuslara təsirinə nəzarət etmək üçün prosedurlar yaratmalıdır. Özünə xəsarət vermə və ya intihar riski altında olan məhbusları müəyyən etmək üçün tədbirlər görülməlidir. Kadrlar potensial özünə zərərin əlamətlərini tanımaq üçün lazımi qaydada öyrədilməlidir. Məhkumlara ruhi xəstəlik diaqnozu qoyulduqda, onlar həbsxanada saxlanılmamalı və psixiatriya müəssisəsinə köçürülməlidirlər.
İntiharın qarşısının alınmasına dair göstərişlər Avropa Şurasının İşgəncə, Qeyri-İnsani və Ləyaqəti Alçaldan Rəftarın Qarşısının Alınmasına dair Komitəsinin (bundan sonra, CPT) praktikasında da geniş yer alır. CPT-nin 3-cü Ümumi Hesabatında qeyd edilir ki, intiharın qarşısının alınması cəzaçəkmə müəssisəsinin tibbi təminatının əsas elementlərindən biridir. Penitensiar müəssisə bu xidmətlərin yerinə yetirilməsi üçün müvafiq prosedurlar təşkil etməlidir. Məhkumlar müəssisələrə köçürüldükdə intihar riski yoxlanılmalı və nəzərə alınmalıdır; bu, preventiv tədbirlərin həyata keçirilməsini asanlaşdırır. Müəsssisə əməkdaşları intihar riskinin əlamətlərinin tanınması barədə məlumatlı olmalı və təlimatlardan keçməlidirlər. CPT sonuncu, 2022-ci ildəki ad hoc səfərində də intiharların qarşısının alınmasına dair tövsiyələrini Hökumətlə bölüşüb.
Penitensiar müəssisələrdə saxlanılan şəxslərin ölümü ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinin (bundan sonra, AİHM) geniş praktikası mövcuddur. Avropa İnsan Hüquqları Konvensiyasının 2-ci maddəsinə əsasən, hər kəsin yaşamaq hüququ qanunla qorunur. Heç kəs, qanunla ölüm cəzası nəzərdə tutulmuş cinayət törətməyə görə, məhkəmə tərəfindən çıxarılmış belə hökmün icrasından başqa, həyatından məhrum edilə bilməz. Bu maddə Hökumətlərin üzərində şəxsi həyatından məhrum etməkdən çəkindirmək kimi neqativ öhdəlikdən əlavə həmçinin şəxsin həyatını mühafizə etmək kimi pozitiv öhdəlik də qoyur. AİHM-ə görə, məhkumlar həssas mövqedə olan şəxslərdir və dövlət qurumlarının onları qorumaq öhdəliyi mövcuddur. Hökumətin məhkumları qorumaq öhdəliyi və buna dair hesabatlılıq şəxs öldükdə daha sərt xarakter daşıyır (Salman Türkiyəyə qarşı, §99).
Penitensiar qurumlar şəxsin hüquq və azadlıqlarını nəzərə almaq şərtilə onun həyatını mühafizə etməyə yönələn fəal addımlar atmalıdırlar. Daha sərt və şəxsin hüquq və azadlıqlarını poza biləcək addımları atmağa ehtiyac yarandığı halda, bu vəziyyət qarşıda duran keysə uyğun qiymətləndirilir (Renolde Fransaya qarşı; §83). Bu öhdəlik şəxsi yalnız cəzaçəkmə müəssisələrindəki digər şəxslərdən deyil, habelə, özündən qorumaq öhdəliyini də ehtiva edir. Bu isə Azərbaycanın üzərinə penitensiar müəsssisələrdə olan şəxslərin həyat və sağlamlığını mühafizə etmək, ölüm halında isə bədbəxt hadisəni adekvat formada araşdırmaq öhdəliyini qoymuş olur.
Praktiki cəhətdən bu öhdəliyi anlamaq üçün AİHM-in 2-ci maddəyə dair Azərbaycana qarşı verilmiş bəzi qərarlarına nəzər yetirmək mümkündür. İndiyə qədər Azərbaycanın 2-ci maddənin pozuntusunu təsbit edən 15 iş üzrə qərar mövcuddur. Penitensiar müəssisələrdə müəammalı ölüm hadisələri ilə bağlı keyslərə Mustafayev Azərbaycana qarşı, Məmmədov və digərləri Azərbaycana qarşı və Şüriyyə Zeynalov Azərbaycana qarşı işlərini qeyd etmək olar. Birinci işdə şikayətin mahiyyəti ərizəçinin Qobustan həbsxanasında məhkum olan oğlunun müəssisədə yanğın zamanı ölməsi, ikinci və üçüncü işdə, müvafiq olaraq talış ictimai fəalının və sürücünün Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasında keçinməsi faktları çıxış edir. Hər üç işdə məhkumların yaxınları dövlət qurumları tərəfindən təqdim edilən səbəblərə skeptik yanaşaraq ölümdən sonra keçirilən istintaqın kifayət etmədiyini bildiriblər.
Hər üç işdə Məhkəmə Hökumətin Konvensiyanın 2-ci maddəsinin pozduğu nəticəsinə gəlib. Məhkəmə pozuntunu mahiyyəti və prosedural olaraq iki hissəyə ayırır. Mahiyyəti pozuntu dedikdə, məhkumun penitensiar müəssisədə keçinməsi, bu halın baş verməməsi üçün dövlət qurumları tərəfindən müvafiq addımların atılması və ölüm faktının aydın və aşkar şəkildə açıqlanması başa düşülür (Şüriyyə Zeynalov, §72-75). Prosedural pozuntu dedikdə isə, ölümün baş verməsi hallarının istintaqının nəticələrinin effektiv olub-olmaması anlaşılır (Mustafayev, §78-82). Mahiyyəti və prosedural pozuntular müstəqil xarakter daşıyır, Məmmədov və digərləri işindəki kimi Məhkəmə keysə dair 2-ci maddənin subsantiv pozuntusunun olmamasına baxmayaraq, prosedural pozuntusunun olduğunun nəticəsinə gələ bilər.
“Tribunat” yekun olaraq bildirir ki, AXCP fəalı Elbəyi Kərimlinin müəmmalı intihar hadisəsində dövlətin məhkumların həyat və sağlamlığının qorunmasına dair pozitiv öhdəliyinin pozuntusunu müşahidə etmək mümkündür. Yerli və beynəlxalq penitensiar qanunvericilik dövləti məhkumların həyat və sağlamlığının qorunması üçün fəal tədbirlər görməyə mükəlləf edir və intihar hallarından çəkindirmək öhdəliyini müəyyən edir. Müəmmalı ölüm, dövlətin hadisəyə dair təfərrüatlı informasiya təqdim edə bilməməsi və qeyri-effektiv araşdırma isə Konvensiyanın 2-ci maddəsi ilə qorunan hüquqların pozulmasına gətirib çıxara bilər.
Heydər Əliyevin heykəlinə “Stalin” yazan AXCP üzvünün həbsxanada intihar etdiyi bildirilir; https://www.facebook.com/MeydanTelevision/posts/h%C9%99bsd%C9%99-olan-az%C9%99rbaycan-xalq-c%C9%99bh%C9%99si-partiyas%C4%B1n%C4%B1n-axcp-%C3%BCzv%C3%BC-elb%C9%99yi-k%C9%99rimli-dekabr/1293295526163800/
Azərbaycan Respublikası Cinayət Məcəlləsi; https://e-qanun.az/framework/46947
LIST OF POLITICAL PRISONERS; Union for the Freedom for Political Prisoners of Azerbaijan; On 7 October 2025; https://www.ipd-az.org/wp-content/uploads/2025/10/7okt2025ENG.pdf
“Azadlıq” qəzetinin feysbuk səhifəsindən paylaşım; https://www.facebook.com/azadliqqazeti/posts/heyd%C9%99r-%C9%99liyevin-heyk%C9%99lin%C9%99-stalin-yazan-elb%C9%99yi-k%C9%99rimli-d%C3%B6y%C3%BCl%C3%BCb-v%C9%99-karsa-sal%C4%B1n%C4%B1b%C5%9F%C9%99/1048068960774412/
Əliyevin heykəlinə “Stalin” yazan AXCP üzvü həbsdə aclıq edir; https://toplummedia.tv/olke/peliyevin-heykeline-ldquostalinrdquo-yazan-axcp-uumlzvuuml-hebsde-acliq-edirp
Elbəyi Kərimlinin ölümü: “Dövlət məhkumun həyatına görə birbaşa məsuliyyət daşıyır”; https://toplummedia.tv/siyaset/pelbeyi-kerimlinin-oumlluumlmuuml-ldquodoumlvlet-mehkumun-heyatina-goumlre-birbasa-mesuliyyet-dasiyirrdquop
Siyasi məhbus həbsxana xəstəxanasında öldü; https://www.bbc.com/azeri/news/story/2007/11/071126_kunqurova
ABŞ Mehman Qələndərovun ölümü ilə bağlı "şəffaf istintaqa" çağırır; https://www.bbc.com/azeri/azerbaijan-39801836
Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsindən intihar xəbəri; https://www.bbc.com/azeri/news/story/2006/08/printable/060824_suicide
Hacı Məmmədov həbsdə özünü asdı – Şok; https://qafqazinfo.az/news/detail/haci-memmedov-intihar-edib-204313
Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi; https://e-qanun.az/framework/46951
Azərbaycan Respublikasının “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Qanunu; https://e-qanun.az/framework/23933
Cəzaçəkmə müəssisələrinin Daxili İntizam Qaydaları; https://e-qanun.az/version/4140
Avropa Şurasının İllik Penitensiar Statistikası, SPACE-I 2024; https://wp.unil.ch/space/files/2025/09/250924_rapport-space-i-2024.pdf
İşgəncələr Əleyhinə Milli Preventiv Mexanizmin Fəaliyyətinə dair Hesabat (2023-cü il üzrə); https://ombudsman.az/storage/0Fryp1IVWwZyrcXKg82Mv43uxEp58sfC7HWI3Nii.pdf
Azərbaycan həbsxanaları yayda: “20 nəfərə bir sərinkeşləri var, o da qırılıb”; https://www.bbc.com/azeri/azerbaijan-44679201
Afiəddin Məmmədov 2 saylı CÇM-də siyasi məhbusların təzyiq və hədələrə məruz qaldıqlarını deyir; https://abzas.info/az/2025/11/afiddin-mmmdov-2-sayl-ccmb240385b-6/
2 saylı Cəzaçəkmə Müəssisəsindən ŞİKAYƏT VAR; https://mediatv.az/karusel/75967-2-sayli-cezacekme-muessisesinden-skayet-var.html
2 saylı Cəzaçəkmə Müəssisəsində ÖZBAŞINALIQ... - "Məgər çörək yeməyə görə rüşvət verərlər?"; https://xalqxeber.az/social/66323-leyla-quliyeva-koronavirusa-yoluxdu.html
Fəalın həbsxanada “intiharı” ilə bağlı cinayət işi açılıb; https://www.bbc.com/azeri/azerbaijan-39762020
Bloqqer Mehmanın cinayət işinə XİTAM VERİLDİ; https://www.gununsesi.info/bloqqer-mehmanin-cinayət-isinə/
Avropa Penitensiar Qaydaları; https://rm.coe.int/european-prison-rules-978-92-871-5982-3/16806ab9ae
Məhbuslara beynəlxalq minimal standart davranış qaydaları (Nelson Mandela Qaydaları); https://www.unodc.org/documents/justice-and-prison-reform/Nelson_Mandela_Rules-E-ebook.pdf
Avropa Penitensiar Qaydalarının Kommentariyası; https://rm.coe.int/european-prison-rules-978-92-871-5982-3/16806ab9ae
Avropa Şurasının İşgəncə, Qeyri-İnsani və Ləyaqəti Alçaldan Rəftarın Qarşısının Alınmasına dair Komitəsinin 3-cü Ümumi Hesabatı; https://rm.coe.int/1680696a40
Report to the Azerbaijani Government on the visit to Azerbaijan carried out by the European Committee for the Prevention of Torture and Inhuman or Degrading Treatment or Punishment (CPT) from 12 to 19 December 2022; https://rm.coe.int/1680b08fa3
Avropa İnsan Hüquqları Konvensiyası; https://www.echr.coe.int/documents/d/echr/convention_aze
Salman Türkiyəyə qarşı; https://hudoc.echr.coe.int/eng?i=001-58735
Renolde Fransaya qarşı; https://hudoc.echr.coe.int/eng?i=001-88972
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi veb-səhifəsi; https://hudoc.echr.coe.int/eng#{"languageisocode":["ENG"],"respondent":["AZE"],"documentcollectionid2":["GRANDCHAMBER","CHAMBER"],"violation":["2"]}
Mustafayev Azərbaycana qarşı; https://hudoc.echr.coe.int/eng?i=001-173365
Məmmədov və digərləri Azərbaycana qarşı; https://hudoc.echr.coe.int/eng?i=001-189960
Şüriyyə Zeynalov Azərbaycana qarşı; https://hudoc.echr.coe.int/eng?i=001-204156