Keçən ilin dekabrında Astara Rayon Məhkəməsinin hakimi İlqar Məmmədovun hakimlik səlahiyyətlərinə xitam verilib. Qərar hakimin Hakimlərin Etik Davranış Kodeksinin tələblərinə əməl etməməsi ilə əsaslandırılıb. Yerli mediada yayılan məlumatlara əsasən, hakim dolu yağışı zamanı şəxsi avtomobilinin zədələnməsinin qarşısını almaq məqsədilə mantiyasını avtomobilin üstünə sərib. Hadisə haqqında məlumat Astara Rayon Məhkəməsinin sədri Bəxtiyar Məmmədov tərəfindən Məhkəmə-Hüquq Şurasın sədrinə göndərilib.
Məsələ ilə əlaqədar nə Astara Rayon Məhkəməsinin, nə də Məhkəmə-Hüquq Şurasının hər hansı açıqlaması olub.
“Tribunat” İ.Məmmədovun hakimlik səlahiyyətinə iddia edilən əsasla xitam verilməsinin Hakimlərin Etik Davranış Kodeksinə uyğunluğunu və tətbiq edilən sanksiyanın proporsionallığını dəyərləndirib.
“Məhkəmələr və hakimlər haqqında” Qanunun 113-cü maddəsinə əsasən etik və ya intizam xarakterli davranışlara görə hakimlərin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi yalnız iki halda mümkündür: təqvim ili ərzində eyni əsaslarla iki dəfə intizam cəzası tətbiq edildikdə və ya “Məhkəmə-Hüquq Şurası haqqında” Qanuna uyğun aparılmış təkrar qiymətləndirmə nəticəsində hakimin fəaliyyətində yenidən peşəkar çatışmazlıqlar aşkar edildikdə.
Qanunun 111-ci maddəsi isə hakim barəsində intizam icraatının başlanılması üçün səbəbləri sadalayır. Məmmədovun işi üzrə bu hallardan nə fiziki və ya hüquqi şəxslərin şikayəti, nə mediada dərc edilmiş material, nə də yuxarı instansiya məhkəmələrinin xüsusi qərarı barədə məlumat mövcuddur. Eyni zamanda, AİHM və ya Konstitusiya Məhkəməsinin bu hakimlə bağlı qərarına, yaxud hakim fəaliyyətinin qiymətləndirilməsi zamanı aşkar edilmiş sistemli qanun pozuntularına istinad edilir. Məlum faktlar göstərir ki, icraat yalnız məhkəmə sədrinin təqdim etdiyi məlumat əsasında başlanıb ki, bu da 111-ci maddədə nəzərdə tutulan “müraciət hüququ olan şəxslərin əldə etdikləri digər məlumatlar” bəndinə uyğun gəlir.
Lakin intizam icraatının başlanması özü-özlüyündə hakimin məsuliyyətə cəlb edilməsi üçün kifayət deyil. Bunun üçün 111-1-ci maddədə göstərilən maddi əsaslardan hər hansı birinin mövcudluğu sübuta yetirilməlidir. Həmin maddəyə əsasən, hakim yalnız qanunvericiliyin kobud və ya təkrar pozulmasına, hakim etikasının pozulmasına, əmək və icra intizamının pozulmasına, korrupsiya ilə bağlı tələblərə əməl edilməməsinə və ya hakim adına ləkə gətirən hərəkətə yol verdikdə intizam məsuliyyətinə cəlb oluna bilər. Müzakirə edilən davranış isə məhkəmə fəaliyyəti ilə bağlı deyil və prosessual səlahiyyətlərin icrası ilə əlaqələndirilmir. Bu baxımdan, yalnız “hakim etikasının pozulması” və ya “hakim adına ləkə gətirən hərəkət” anlayışlarına istinad nəzəri cəhətdən mümkün görünə bilər.
Hakimlərin Etik Davranış Kodeksi hakimin xidmətdən kənar davranışında da hakim andına sadiq qalmasını, cəmiyyətdə məhkəmə hakimiyyətinə hörmətin artmasına xidmət edən davranış nümayiş etdirməsini tələb edir (1 və 2-ci bəndlər). Kodeksin 5-ci maddəsində hakimin məhkəmə hakimiyyətinin nüfuzuna və hakimin yüksək adına xələl gətirə biləcək hər cür davranışdan çəkinməli olduğu vurğulanır.
Lakin Kodeksin peşə fəaliyyətindən kənar davranış qaydalarına dair müddəaları da hakimin şəxsi həyatında yol verdiyi hər bir davranışı avtomatik olaraq etik pozuntu kimi qiymətləndirməyə imkan vermir. Əsas meyar ondan ibarətdir ki, belə davranış hakimin ədalətliliyinə, obyektivliyinə və qərəzsizliyinə kölgə salmasın (19-cu bənd).
Kodeksdə və “Məhkəmələr və hakimlər haqqında” Qanunda geyimlə bağlı yeganə birbaşa normada məhkəmə iclaslarında hakimin xüsusi geyimdə çıxış etməsi nəzərdə tutulur (16-cı bənd və 6-cı maddə). Hakim mantiyasının məhkəmədən kənar, şəxsi məqsədlərlə istifadəsini açıq şəkildə qadağan edən ayrıca bənd mövcud deyil. Eyni zamanda, Kodeksin tələblərinin pozulması hadisənin baş verdiyi an deyil, hakimin fəaliyyətinin qiymətləndirilməsi zamanı nəzərə alınır (24-cü bənd).
Hakimlərin fəaliyyətinin qiymətləndirilməsi ədalət mühakiməsinin təkmilləşdirilməsi, tədris prosesinin düzgün qurulması, habelə onların vəzifədə irəli çəkilməsi, hakimlik və sədrlik fəaliyyətini davam etdirməyə yararlılıqlarının müəyyən edilməsi məqsədilə aparılır (Hakimlərin fəaliyyətinin qiymətləndirilməsi Qaydaları, 1.2-ci bənd). Qiymətləndirmə zamanı hakimin peşə fəaliyyətindən kənar etik davranışı ayrıca meyar kimi nəzərə alınır (2.1 və 2.1.4-cü bəndlər). İlk dəfə vəzifəyə təyin olunmuş hakimlərin fəaliyyəti üç ilin sonunda qiymətləndirilir. İlqar Məmmədov da 2022-ci ilin dekabr ayında Astara Rayon Məhkəməsinə hakim kimi təyin edilib.
Qaydaların 3.5-ci bəndinə əsasən, Məhkəmə-Hüquq Şurasının fəaliyyətin qiymətləndirilməsi üzrə qəbul edə biləcəyi qərarlar yalnız iki variantla məhdudlaşır: hakimin tutduğu vəzifəyə yararlı olması və ya fəaliyyətində peşəkar çatışmazlıqların mövcudluğu.
“Fəaliyyətində peşəkar çatışmazlıqlar var” kimi qiymətləndirilmiş hakimin fəaliyyəti Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunmuş vaxtda təkrarən, lakin 6 aydan tez və 2 ildən gec olmamaqla qiymətləndirilir. Təkrar qiymətləndirmə zamanı hakimin fəaliyyətində yenidən peşəkar çatışmazlıqlar aşkar edildikdə, onun səlahiyyətlərinə “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada vaxtından əvvəl xitam verilir (3.7-ci bənd). Lakin bu təkrar qiymətləndirmə ilk dəfə hakim təyin edilmiş şəxsləri əhatə etmir (3.8-ci bənd).
Avropa Şurası Nazirlər Komitəsinin “Hakimlər: müstəqillik, səmərəlilik və məsuliyyət” başlıqlı Tövsiyəsi etik davranışla intizam məsuliyyəti arasında aydın fərq qoyur və sanksiyaların proporsional olmalı olduğunu bildirir (69 və 72-ci bəndlər). Tövsiyədə həmçinin etik prinsiplərin bu məqsədi daşıyan kodeksdə göstərilməli olduğu vurğulanır (73-cü bənd).
Kodeksdə isə bir daha vurğulayaq ki, hakimin mantiyasından məhkəmə iclasından kənar, şəxsi məqsədlərlə istifadə etməsini birbaşa qadağan edən və ya bunu etik davranış pozuntusu kimi xarakterizə edən norma mövcud deyil.
BMT-nin “Hakimlərin davranışı üzrə Banqalor prinsipləri”ndə hakimlərin düzgün olmayan davranışdan, eləcə də düzgün olmayan davranış təəssüratının yaranmasından çəkinməli olduğu, adi vətəndaş üçün ağır və ya məhdudlaşdırıcı görünə bilən şəxsi məhdudiyyətləri qəbul etməli və bunu könüllü və istəkli şəkildə riayət etməli olduğu bildirilir (4.1, 4.2-ci bəndlər). Prinsiplərin şərhində isə düzgün olmayan davranışın meyarı kimi həmin davranışın hakimin vəzifəsini dürüstlük, qərəzsizlik, müstəqillik və peşəkarlıq prinsiplərinə uyğun şəkildə yerinə yetirmək qabiliyyətini zəiflətdiyi və ya belə təəssürat yaratdığı hallar nəzərdə tutulur (112-ci bənd). İlqar Məmmədovun mantiyasını yeni avtomobilinin üzərinə sərməsi isə vəzifəsini yuxarıda sadalanan prinsiprlərə uyğun olmayan şəkildə yerinə yetirməsi mənasına gəlmir.
Hüquqi müəyyənlik prinsipinə görə, şəxsin davranışı yalnız əvvəlcədən müəyyən edilmiş və aydın norma mövcud olduqda hüquqi məsuliyyətə səbəb ola bilər. Etik davranışın qiymətləndirilməsi mövcud normativ çərçivəyə əsaslanmalıdır.
Nəticədə “Tribunat” bu qənaətə gəlir ki, hakim mantiyasının məhkəmədən kənar şəxsi məqsədlərlə istifadəsini açıq şəkildə qadağan edən norma mövcud olmadığından, İlqar Məmmədovun davranışının etik pozuntu kimi qiymətləndirilməsi və bunun nəticəsində hakimlik fəaliyyətinə xitam verilməsi hüquqi müəyyənlik prinsipinə ziddir.