“Revenge pornography”: Azərbaycanda şəxsi həyata müdaxilə siyasi təzyiq vasitəsi kimi Analiz

“Revenge pornography”: Azərbaycanda şəxsi həyata müdaxilə siyasi təzyiq vasitəsi kimi

1 Fevral, 2026
42 baxış

Blogger Mehman Hüseynov Meydan TV-yə müsahibəsində gizli kamera ilə çəkilmiş intim görüntülərinin ailəsinə göstərildiyini və bunun şantaj məqsədi daşıdığını bildirib. “Tribunat”ın araşdırması göstərir ki, Azərbaycanda jurnalistlər və fəallar uzun illərdir gizli çəkilişlər, kiberhücumlar və şəxsi məlumatların yayılması yolu ilə təzyiqə məruz qalır. Xədicə İsmayılova və digər fəalların işləri üzrə Avropa İnsan Hüquqları Məhkəməsi şəxsi həyat hüququnun pozulduğunu tanıyıb. Qanunvericilik bu halları cinayət saysa da, praktikada effektiv istintaq aparılmır və cəzasızlıq mühiti formalaşır.

Blogger Mehman Hüseynov “Meydan” TV-yə müsahibəsində bildirib ki, bir müddət əvvəl Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları Bakıda yaşayan ailə üzvlərini harasa aparıb və yaxınlarına onun intim görüntülərini nümayiş etdiriblər. M.Hüseynov deyib ki, 2019-cu ildə həbsdən azad edildikdən sonra şantaj etmək və peşə fəaliyyətindən çəkindirmək məqsədilə yaşadığı otağa gizli kamera yerləşdirilib və intim görüntüləri çəkilib.

“Tribunat” jurnalistin dediklərini şəxsi həyatın toxunulmazlığı hüququ baxımından araşdırıb.

Əvvəla, bu iddialar yeni deyil. Son onillər Azərbaycan hakimiyyəti bu üsuldan müxaliflərə, müstəqil jurnalistlərə, vətəndaş cəmiyyəti nümayəndələrinə qarşı siyasi təzyiq vasitəsi kimi geniş şəkildə istifadə edir. Təzyiq formaları illər ərzində dəyişib, klassik fiziki zorakılıq və həbslərlə yanaşı, fəalların şəxsi həyatına müdaxilələr geniş yayılıb. Rəqəmsal zorakılıq xüsusilə tənqidi mövqedə olan şəxslərin susdurulması, nüfuzdan salınması və onları fəaliyyətlərindən çəkindirilməsi məqsədilə effektiv vasitə kimi istifadə olunur.

Bu mənada intim görüntülərin gizli şəkildə çəkilməsi və yayılması ilə hədələmə (revenge porn), şəxsi yazışmaların və məlumatların haker hücumları yolu ilə ələ keçirilməsi, eləcə də bu materialların şantaj aləti kimi istifadəsi Azərbaycanda jurnalistlər və aktivistlər üçün real təhlükə mənbəyinə çevrilib. Bu zaman təkcə hədəf alınanın şəxsi həyatı pozulmur, eyni zamanda onun peşə fəaliyyəti, ifadə azadlığı və ictimai nüfuzu da ciddi zərər görür.

2010-cu ildə, seçkilər ərəfəsində “Azadlıq” qəzetinin direktoru Azər Əhmədovun şəxsi həyatına aid intim videogörüntüləri internetdə yayılmışdı. Sözügedən materiallar əvvəlcə media redaksiyalarına göndərilmiş, daha sonra isə sosial şəbəkələrdə və müxtəlif platformalarda paylaşılmışdı. Həmin vaxt media nümayəndələri və müşahidəçilər bu cür halların təsadüfi olmadığını, əksinə, demək olar ki, hər seçki ərəfəsində tənqidi mövqedə olan şəxslərə qarşı istifadə edilən tanış bir üsul olduğunu deyirdilər.

Bir il sonra - 2011-ci ildə isə “Azadlıq” qəzetinin digər əməkdaşları Natiq Ədilov və hazırda “kulis.az” saytının baş redaktoru olan Qan Turalının (Tural Cəfərov) Oğuz rayonunda qaldıqları otel otağında gizli şəkildə çəkilmiş videogörüntüləri “Lider” TV tərəfindən yayımlamışdı. 2012-ci ildə hər iki jurnalist bu faktla bağlı prokurorluğa dəvət olunmuş, Cinayət Məcəlləsinin 156.1-ci maddəsi (şəxsi həyatın toxunulmazlığının pozulması) üzrə açılmış cinayət işi çərçivəsində zərərçəkmiş şəxs kimi tanınmışdılar. Bununla belə, jurnalistlərin “Lider” kanalı və “Afra” otelə qarşı şəxsi həyata müdaxilə, şərəf və ləyaqətin müdafiəsi ilə bağlı qaldırdıqları mülki iddia üzrə aparılan məhkəmə icraatında şikayətləri təmin edilməmiş və onlara hər hansı kompensasiya ödənilməmişdi. Daxili hüquqi müdafiə vasitələrinin effektiv olmaması səbəbindən jurnalistlər Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) müraciət etmişdilər. Məhkəmə Tural Cəfərovun işində ədalətli məhkəmə araşdırmasının olmaması ilə bağlı şikayəti tanımış və bu pozuntuya görə ona kompensasiya ödənilməsi barədə qərar qəbul etmişdi.

2012-ci ildə həmçinin araşdırmaçı jurnalist Xədicə İsmayılovanın korrupsiya araşdırmalarına görə şəxsi həyatına müdaxilə edildi. Onun yaşadığı evdə gizli kameralar quraşdırılmış, şəxsi və intim həyatını əks etdirən görüntüləri çəkilmişdi. Daha sonra həmin materiallar jurnalistə göndərilərək ondan peşə fəaliyyətini dayandırması tələb edilmiş, əks halda görüntülərin yayımlanacağı ilə hədələnmişdi. Araşdırmalarını dayandırmaqdan imtina etdikdən sonra X.İsmayılovaya məxsus video müxtəlif media orqanlarına göndərilmiş və yayılmışdı. AİHM bu iş üzrə qərarında dövlət orqanlarının jurnalistin şəxsi həyatına müdaxilə ilə bağlı effektiv araşdırma aparmamasını qanunsuz hesab etmiş və Avropa İnsan Hüquqları Konvensiyasının (Konvensiya) 8-ci maddəsinin (şəxsi və ailə həyatına hörmət hüququnun) pozulduğunu tanımışdı. 

2020-ci ildə Beynəlxalq Qadınlar Günü ərəfəsində Bakıda keçirilən yürüşün təşkilində iştirak etdikdən sonra ictimai fəal Gülnara Mehdiyevanın “Facebook”, “Gmail”, “Protonmail” və “Telegram” hesabları kiberhücum nəticəsində ələ keçirilmiş, şəxsi sənədləri, fotoşəkilləri və yazışmaları qanunsuz şəkildə əldə olunmuşdu. Nəticədə qadın hüquqları və LGBTI mövzularına həsr olunmuş qapalı onlayn qruplar deaktiv edilmiş, bu qruplarda yer alan minlərlə istifadəçinin məlumatları təhlükəsizlik baxımından risk altına düşmüşdü. Hadisədən bir il sonra, 25 fevral 2021-ci ildə isə əvvəlki kiberhücum zamanı əldə edilmiş şəxsi səsli mesajlar internetdə yayımlanmış və G.Mehdiyeva məqsədli şəkildə nüfuzdan salma kampaniyasının hədəfinə çevrilmişdi. Bu faktlarla bağlı hüquq mühafizə orqanlarına müraciət edilsə də, polis orqanları araşdırma aparmaqdan imtina etmiş, təqdim edilmiş IP ünvanlarının müəyyən edilməsi üçün “texniki imkanlarının olmadığını” əsas gətirərək işi tamamilə dayandırmış, edilən müraciətlərə baxmayaraq cinayət işi açmamışdı. Gülnara Mehdiyeva hüquq-mühafizə orqanlarının hərəkətsizliyindən məhkəməyə şikayət etsə də, məhkəmə onun şikayətinə mahiyyəti üzrə baxmaqdan imtina etmişdi.

2021-ci ildə “8 Mart – Haqlarımız uğrunda” yürüşünün təşkilatçılarından olan ictimai fəal Nərmin Şahmarzadənin “Facebook” hesabı kiberhücum nəticəsində ələ keçirilmiş, profilin adı dəyişdirilmiş, onun adından saxta mesajlar göndərilmiş və şəxsi şəkilləri paylaşılmışdı. N.Şahmarzadə həmin vaxt bildirmişdi ki, hesabına edilən hücumlar 8 Mart yürüşü ilə bağlı məlumatları paylaşmağa başladıqdan sonra baş verib.

2023-cü ilin fevralında isə ictimai fəal Bəxtiyar Hacıyevin həbsindən sonra onun şəxsi həyatına dair görüntülər və yazışmalar sosial şəbəkələrdə və “Telegram” kanallarında yayılmış, edilən şikayətlərə baxmayaraq, effektiv araşdırma aparılmamış və hüquqi nəticə əldə olunmamışdı.

Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsinin (OCCRP) 2021-ci ilin iyulunda həyata keçirdiyi “Pegasus Project” araşdırması çərçivəsində müəyyən edilib ki, İsrailin “NSO Group” şirkətinin hazırladığı “Pegasus” adlı casus proqramı müxtəlif ölkələrdə jurnalistlərə, insan hüquqları müdafiəçilərinə və ictimai fəallara qarşı istifadə edilib. Bu proqram vasitəsilə şəxslərin mobil telefonlarına gizli şəkildə daxil olunub, onların yazışmaları, zəngləri, fotoşəkilləri və digər şəxsi məlumatları izlənilib. Araşdırmada vurğulanır ki, rəsmi olaraq cinayətkarlıqla mübarizə aləti kimi təqdim edilən bu casus proqramı əslində dünyada korrupsiya və demokratik nəzarət problemləri olan rejimlərə istənilən şəxsin şəxsi məlumatlarına geniş həcmdə çıxış imkanı yaradır. Jurnalistlər 50 min telefon nömrəsindən ibarət, casus proqramının hədəfi kimi seçildiyi iddia olunan siyahıya çıxış əldə etdikdən sonra bu praktikaların geniş yayıldığı üzə çıxıb. Həmin siyahıda bir sıra Azərbaycan vətəndaşlarının, müstəqil jurnalistlərin, fəalların da yer aldığı və onların telefonlarından əldə edilən şəxsi məlumatların sonradan ictimaiyyətə sızdırıldığı bildirilib.

Casus proqramı vasitəsi ilə izlənildiyini bildirən şəxslər şikayət etsələr də, həmin müraciətlər yerli məhkəmələr tərəfindən effektiv şəkildə araşdırılmayıb və hazırda Azərbaycana qarşı bu işlər üzrə 33 iş AİHM tərəfindən baxılır, kommunikasiya mərhələsindədir.

Qanunvericilikdə şəxsi həyatın toxunulmazlığı

Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsinə əsasən hər kəsin şəxsi toxunulmazlıq və  şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ var. Qanunla nəzərdə tutulan hallardan başqa, şəxsi və ailə həyatına müdaxilə etmək qadağandır. Hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ var. Öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz. Hər kəsin yazışma, telefon danışıqları, poçt, teleqraf və digər rabitə vasitələri ilə ötürülən məlumatın sirrini saxlamaq hüququna dövlət təminat verir. Bu hüquq qanunla nəzərdə tutulmuş qaydada cinayətin qarşısını almaqdan və ya cinayət işinin istintaqı zamanı həqiqəti üzə çıxarmaqdan ötrü məhdudlaşdırıla bilər.

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 156-cı maddəsi şəxsi həyatın toxunulmazlığının pozulmasını cinayət əməli kimi tanıyır. Şəxsi və ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən sənədlərin, video və foto çəkilişi materiallarının, səs yazılarının yayılması, habelə satılması və ya başqasına verilməsi, qanunsuz toplanılması min manatdan iki min manatadək miqdarda cərimə, iki yüz qırx saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır. Eyni əməllər vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə və ya pilotsuz uçuş aparatlarından istifadə etməklə törədildikdə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Şəxsi həyatın toxunulmazlığına müdaxilə üzrə cinayət təqibi ya zərərçəkmiş şəxsin prokurorluğa şikayəti əsasında, ya da zərərçəkmiş şəxsin şikayəti olmadan prokurorun təşəbbüsü ilə prokurorluq orqanları tərəfindən aparılır.

Şəxsi həyatın toxunulmazlığı hüququ şəxsiyyət hüquqlarının ayrılmaz tərkib hissəsi olmaqla, şərəf və ləyaqətin müdafiəsini təmin edir, bu hüquqa müdaxilə isə şəxsin şərəf və ləyaqətinə zərər vurur.

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2025-ci il tarixli “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” Qərarına əsasən şəxsin şərəf və ləyaqətini ləkələyən məlumatlar dedikdə, şəxsiyyətini alçaldan və həqiqətə uyğun olmayan yazılı (mətn, şəkil, karikatura, audio, video və s.), habelə şifahi informasiyalar başa düşülür. İşgüzar nüfuzu ləkələyən məlumatlar isə üçüncü şəxslərdə şəxsin işgüzar fəaliyyəti və bu fəaliyyətin keyfiyyəti barədə mənfi rəyin yaradılmasına yönəlmiş və həqiqətə uyğun olmayan məlumatlardır. Hər hansı məlumatın şərəf və ləyaqəti, habelə işgüzar nüfuzu ləkələyən məlumat hesab edilməsi üçün sadalanan iki şərt birlikdə mövcud olmalıdır. Şəxsi və ailə həyatına hörmət hüququ dedikdə, şəxsi və ailə həyatının sirrini saxlamaq, şəxsi və ailə həyatına hüquqazidd müdaxilədən, yəni, öz razılığı olmadan şəxsi həyatı haqqında məlumatın toplanılmasından, saxlanılmasından, istifadəsindən və yayılmasından, habelə qanunla müəyyən edilmiş hallar istisna olmaqla, xəbəri olmadan və ya etirazına baxmadan izlənilməkdən, video və ya foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qalmaqdan müdafiə olunmaq, o cümlədən yazışma, telefon danışıqları, poçt, teleqraf və digər rabitə vasitələri ilə ötürülən məlumatın sirrini qorumaq hüquqlarını əhatə edir.

Ali Məhkəmənin Plenumunun mövqeyinə görə, şəxsi və ailə sirri təşkil edən məlumatlar həqiqətə uyğun olsa belə, həmin məlumatların şəxsin razılığı olmadan istifadəsi, yayılması və ya ona pis niyyətlə bildirilməsi şəxsi həyatın toxunulmazlığına hüquqazidd müdaxilə hesab oluna bilər. Belə müdaxilə hər zaman şərəf və ləyaqətin ləkələnməsi ilə nəticələnməsə də, şəxsi toxunulmazlıq və digər şəxsiyyət hüquqlarının pozulmasına səbəb olur. Xüsusilə sağlamlıq vəziyyəti, intim münasibətlər, ailə vəziyyəti və yazışmalar kimi məxfi məlumatların kütləvi informasiya vasitələrində və ya sosial şəbəkələrdə yayılması daha ağır mənəvi zərər doğura bilər. Eyni zamanda, həqiqətə uyğun olmayan məlumatların toplanılması, saxlanılması və yayılması da şəxsi toxunulmazlıq hüququna müdaxilə təşkil edə bilər. Belə məlumatlar şəxsin şərəf və ləyaqətini birbaşa ləkələməsə belə, onun şəxsi həyatına qanunsuz müdaxilə kimi qiymətləndirilir. 

Buna baxmayaraq, Plenum qərarında şəxsi həyatın toxunulmazlığı ilə bağlı cinayət təqibi və prosessual mexanizmlər barədə aydın təlimatlar verilmir. Qərarda gizli çəkilişlər və bu cür müdaxilələrin hüquqi qiymətləndirilməsi ayrıca tənzimlənmir. 

M.Ș.D. Rumıniyaya qarşı işində (Ərizə № no. 28935/21, §125) AİHM qeyd etdi ki, “revenge pornography” hallarında, yəni zərərçəkmiş şəxsin intim fotoşəkillərinin onun razılığı olmadan keçmişdə yaxın münasibətdə olduğu şəxs tərəfindən internetdə açıq şəkildə yayılması zamanı, Konvensiyanın 8-ci maddəsi ilə qorunan şəxsi həyatın toxunulmazlığı hüququnun müdafiəsi cinayət-hüquqi reaksiya tələb edir

Xədicə İsmayılova Azərbaycana qarşı işində (Ərizə № 65286/13 57270/14, §116-120) isə Məhkəmə bildirdi ki, ərizəçinin şikayət etdiyi hərəkətlər çox ağır xarakter daşıyır və insan ləyaqətinə ciddi hörmətsizlik təşkil edir. Bu hərəkətlərə onun mənzilinə icazəsiz daxil olunması, evində məxfi video kameraların quraşdırılması, şəxsi həyatının ən intim məqamlarının evinin toxunulmaz mühitində icazəsiz şəkildə çəkilməsi və həmin görüntülərin sonradan ictimaiyyətə yayılması, habelə onu ictimai şəkildə alçaltmaqla hədələyən məktubun göndərilməsi daxildir. 

Məhkəmə vurğulayıb ki, bu hüquq pozuntusu hökuməti kəskin şəkildə tənqid edən tanınmış araşdırmaçı jurnalistə qarşı törədilib. Ərizəçiyə göndərilmiş hədələyici məktubda ondan fəaliyyətini dayandırmasının tələb olunması, işin ümumi kontekstində bu hədələrin onun peşə fəaliyyəti ilə bağlı olduğunu açıq şəkildə göstərir. Ərizəçi cəmiyyətdə məhz jurnalist fəaliyyəti ilə tanındığı üçün, ona qarşı yönəlmiş ictimai alçaltma hədələrinin bu fəaliyyətdən kənar başqa motivlərlə izah edilməsi çətin görünür və bu ehtimal yalnız effektiv və inandırıcı araşdırma aparıldığı halda istisna edilə bilər. Bu səbəbdən, hədələrin ərizəçinin peşə fəaliyyəti ilə əlaqəsinin və onların kim tərəfindən edildiyinin araşdırılması hakimiyyət orqanları üçün xüsusi əhəmiyyət daşıyır.

Şəxsi həyatın toxunulmazlığı ilə bağlı faktların araşdırılması təcrübəsi göstərir ki, hüquq-mühafizə orqanları müxtəlif səbəblərlə araşdırma aparmaqdan imtina edir, cinayət işinin başlanmasını rədd edir və ya iş üzrə araşdırma uzun müddət hərəkətsizliklə nəticələnir. Nəticədə əksər hallarda bu cür işlər məhkəmə mərhələsinə qədər çatmır.

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin kibercinayətkarlıqla bağlı 2005–2024-cü illəri əhatə edən məlumatlarına əsasən, 2006-cı ildə cəmi 1 cinayət faktı qeydə alınıbsa, 2024-cü ildə bu rəqəm 24-ə yüksəlib, lakin bu rəqəmlər reallığa uyğun deyil. Cinayət Məcəlləsinin 156-cı maddəsinə dair ayrıca statistika təqdim olunmur. Bununla belə, həmin maddənin aid olduğu fəsil (İnsan və vətəndaşın Konstitusiya hüquq və azadlıqları əleyhinə olan cinayətlər) üzrə 2022-ci ildə qeydə alınmış ən yüksək göstərici 214 cinayət faktıdır. Birinci instansiya məhkəmələrinə daxil olmuş işlər üzrə 156-cı maddə ilə bağlı rəsmi statistika da mövcud deyil. Vətəndaşların konstitusiya hüquqları ilə əlaqədar prokurorluğa daxil olan ərizə və şikayətlərin təmin olunma göstəricilərinə nəzər saldıqda isə, 2019-cu ilə qədər olan statistikalar hər il azalan dinamikanı təsdiq edir və həmin il bu rəqəm 8-ə enib.

“Tribunat”ın gəldiyi nəticəyə əsasən milli qanunvericilikdə şəxsi həyatın toxunulmazlığı cinayət əməli kimi tanınsa da, praktikada bu hüququn effektiv müdafiəsi problemlidir. Xüsusilə gizli çəkilişlər və rəqəmsal zorakılıq kimi müdaxilə formaları ilə bağlı cinayət təqibi və prosessual mexanizmlərin yetərincə işlək olmaması cəzasızlıq mühitinin formalaşmasına səbəb olur.



Meydan TV, Mehman Hüseynov: “Məni yolumdan çəkindirmək üçün intim görüntülərlə şantaj edirlər”, 29 dekabr 2025; https://www.youtube.com/watch?v=dKXEGeYYekI 

Azadlıq Radiosu, Seçkiqabağı növbəti qara piar?, 13 oktyabr 2010; https://www.azadliq.org/a/2189685.html

Institute for Reporters’ Freedom and Safety: “Natiq Adilov və Qan Turalı zərərçəkən şəxs kimi tanındılar”, 4 July 2012; https://www.irfs.org/az/news-feed/natig-adilov-and-gan-turali-recognized-as-victims/

Avropa İnsan Hüquqları Məhkəməsi, Tural Cəfərov Azərbaycana qarşı (17 dekabr 2013, Ərizə № 3197/14); https://hudoc.echr.coe.int/eng?i=001-215270

Amnesty International UK, Podcast: Khadija Ismayilova, blackmailed and imprisoned for investigating corruption, 7 January 2026 ; https://www.amnesty.org.uk/podcast-in-their-own-words-khadija-ismayilova-journalist-azerbaijan 

Meydan TV, Xədicə İsmayılova evinə necə kamera qoyulduğunu araşdırıb, 17 dekabr 2012; https://www.youtube.com/watch?v=X_Nxoxb_YvA 

Azerbaijan Internet Watch, Activist’s personal messages leaked after hacking (26 February 2021); https://www.az-netwatch.org/news/activists-personal-messages-leaked-after-hacking/ 

Media Defence, Media Defence files application to the European Court on behalf of LGBTI/women’s rights activist Gulnara Mehdiyeva, subject to serious cyberattack, 20 May 2021; https://www.mediadefence.org/news/media-defence-files-application-to-the-european-court-on-behalf-of-lgbti-womens-rights-activist-gulnara-mehdiyeva-subject-to-serious-cyberattack/ 

Amerika İcmalı, Nərmin Şahmarzadə: “Qadın fəalların seksual həyatı müzakirə mövzusu olmalı deyil”, 12 Mart 2021; https://www.amerikaninsesi.org/a/5812257.html 

Azadlıq Radiosu, Bəxtiyar Hacıyevin şəxsi görüntülərini kimlər və niyə yayır, 01 Mart 2023; https://www.azadliq.org/a/bextiyar-haciyev-goruntuler/32294558.html 

Azerbaijan Internet Watch, Targeted harassment via Telegram channels and hacked Facebook accounts, 9 Mart 2021; https://www.az-netwatch.org/news/targeted-harassment-via-telegram-channels/ 

Organized Crime and Corruption Reporting Project (OCCRP), The Pegasus Project, 18 July 2021; https://www.occrp.org/en/project/the-pegasus-project 

Organized Crime and Corruption Reporting Project (OCCRP), Who’s on the List – The Pegasus Project, 18 July 2021; https://www.occrp.org/interactives/project-p/#/ 

European Court of Human Rights, Application no. 45877/22 Aynur GANBAROVA against Azerbaijan and 24 other applications; https://hudoc.echr.coe.int/eng?i=001-245577 

European Court of Human Rights, Application no. 30573/22 Javad JAVADOV and Others against Azerbaijan and 7 other applications; https://hudoc.echr.coe.int/eng?i=001-245593 

Azərbaycan Respublikasının Konstitusiyası; https://e-qanun.az/framework/897 

Azərbaycan Respublikasının Cinayət Məcəlləsi; https://e-qanun.az/framework/46947

Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsi; https://e-qanun.az/framework/46950 

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu, Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında Qərar, 24 dekabr 2025; https://supremecourt.gov.az/storage/pages/2308/sexsiyyet-huquqlarinin-mudafiesine-dair-plenum-qerari.pdf 

Avropa İnsan Hüquqları Məhkəməsi, M.Ș.D. Rumıniyaya qarşı (3 dekabr 2024, Ərizə № no. 28935/21); https://hudoc.echr.coe.int/eng?i=001-238271 

Avropa İnsan Hüquqları Məhkəməsi, Xədicə İsmayılova Azərbaycana qarşı (10 aprel 2024, Ərizə № 65286/13 57270/14); https://hudoc.echr.coe.int/eng?i=001-188993 




Məqaləni paylaş