Azərbaycanın Avropa Məhkəməsi qərarlarını icra vəziyyəti: Məhkəmənin qərarları niyə icra edilmir? Analiz

Azərbaycanın Avropa Məhkəməsi qərarlarını icra vəziyyəti: Məhkəmənin qərarları niyə icra edilmir?

13 Fevral, 2026
Azərbaycan Respublikası Avropa İnsan Hüquqları Konvensiyasını (AİHK) 2002-ci ildə ratifikasiya edib. Konvensiyanın 19-cu maddəsi Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) təsis edilməsini nəzərdə tutur və 46-cı maddəyə əsasən üzv dövlətlər Məhkəmənin onların tərəf olduğu işlər üzrə çıxardığı yekun qərarları icra etməyi öz öhdələrinə götürürlər.Bu öhdəlik Konstitusiya səviyyəsində də təsbit olunub. Azərbaycan Respublikasının Konstitusiyasının 12-ci maddəsinə görə, insan hüquq və azadlıqları dövlətin tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun şəkildə təmin edilməlidir. Konstitusiyanın 151-ci maddəsi isə açıq şəkildə bildirir ki, normativ hüquqi aktlarla (Konstitusiya və referendumla qəbul edilmiş aktlar istisna olmaqla) beynəlxalq müqavilələr arasında ziddiyyət yaranarsa, beynəlxalq müqavilənin müddəası tətbiq edilir. Bu o deməkdir...

Azərbaycan Respublikası Avropa İnsan Hüquqları Konvensiyasını (AİHK) 2002-ci ildə ratifikasiya edib. Konvensiyanın 19-cu maddəsi Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) təsis edilməsini nəzərdə tutur və 46-cı maddəyə əsasən üzv dövlətlər Məhkəmənin onların tərəf olduğu işlər üzrə çıxardığı yekun qərarları icra etməyi öz öhdələrinə götürürlər.

Bu öhdəlik Konstitusiya səviyyəsində də təsbit olunub. Azərbaycan Respublikasının Konstitusiyasının 12-ci maddəsinə görə, insan hüquq və azadlıqları dövlətin tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun şəkildə təmin edilməlidir. Konstitusiyanın 151-ci maddəsi isə açıq şəkildə bildirir ki, normativ hüquqi aktlarla (Konstitusiya və referendumla qəbul edilmiş aktlar istisna olmaqla) beynəlxalq müqavilələr arasında ziddiyyət yaranarsa, beynəlxalq müqavilənin müddəası tətbiq edilir. Bu o deməkdir ki, AİHK Azərbaycan hüquq sistemində birbaşa üstün hüquqi qüvvəyə malikdir.

Bununla belə, AİHM-in statistikası göstərir ki, indiyədək Məhkəmə tərəfindən Azərbaycanla bağlı 592  qərar qəbul olunub və onların nə az, nə çoxu, düz 393-ü hələ də icra edilməyib. Bu qərarların 66 faizinin icra edilmədiyi mənasına gəlir. Azərbaycan Respublikası AİHM qərarlarını icra etməmə statistikasında Rusiya Federasiyasından (69 faiz) sonra ikinci yerdə gəlir.

Keçən il Azərbaycanla bağlı 48 qərar qəbul olunub və onların 43-də Konvensiyanın ən azı 1 maddəsinin pozuntusu tanınıb. Pozuntuların əsas hissəsi mülkiyyətin müdafiəsi (1 saylı protokolun 1-ci maddəsi, 16 pozuntu), azadlıq və toxunulmazlıq hüququ (5-ci maddə, 15 pozuntu), ədalətli məhkəmə araşdırması hüququ (6-cı maddə, 9 pozuntu), şəxsi və ailə həyatına hörmət hüququ (8-ci maddə, 8 pozuntu) ilə bağlıdır.

Bəs Azərbaycanda AİHM qərarları niyə icra edilmir? 

“Tribunat” mövzunu araşdırıb.

Azərbaycan üzrə AİHM qərarlarının icra vəziyyəti göstərir ki, icra edilən və icra edilməyən işlər arasındakı əsas fərq onların mahiyyəti və tələb etdiyi tədbirlərin səviyyəsi ilə bağlıdır.

İcra edilən qərarlar əsasən fərdi və məhdud xarakterli pozuntulara aiddir. Bu işlərdə dövlətin öhdəliyi adətən kompensasiyanın ödənilməsi və ya konkret ərizəçi ilə bağlı texniki tədbirlərlə məhdudlaşır. Qanunvericilikdə və institusional sistemdə dəyişiklik tələb olunmadığı üçün bu qərarlar nisbətən tez icra olunur və iş Məhkəmə qərarlarının icrasına nəzarət edən Avropa Şurası Nazirlər Komitəsinin (AŞ NK) gündəliyindən çıxarılır.

İcra olunmayan qərarlar isə əsasən sistemli və struktur problemlərlə bağlıdır. Bu işlərdə AİHM eyni pozuntuların təkrarlandığını müəyyən edir və dövlətdən qanunvericilik islahatı, məhkəmə və icra praktikasının dəyişdirilməsi, institusional mexanizmlərin yenilənməsi kimi ümumi tədbirlər tələb olunur. Məhz bu səbəbdən bu işlər AŞ NK tərəfindən gücləndirilmiş nəzarət altında saxlanılır.

AİHM-in Azərbaycanla bağlı icra olunmayan qərarlarına qrup üzrə baxdıqda, problemin fərdi işlərdən daha çox təkrarlanan hüquqi mexanizmlər üzərində qurulduğu aydın görünür. İcra olunmayan işlər üzrə 53 aparıcı iş var.

“Mahmudov və Ağazadə qrupu” ifadə azadlığı sahəsində sistemli problemləri üzə çıxarır. AİHM bu işdə müəyyən edib ki, jurnalistlərin ictimai maraq doğuran məqaləyə görə cinayət məsuliyyətinə cəlb edilməsi və xüsusilə azadlıqdan məhrumetmə cəzasının tətbiqi Konvensiyanın 10-cu maddəsi baxımından qeyri-mütənasib müdaxilədir. Məhkəmə vurğulayıb ki, milli məhkəmələr jurnalistikanın “ictimai nəzarətçi” rolunu və daha yüngül sanksiyaların mümkünlüyünü nəzərə almayıb. Dövlət fərdi səviyyədə kompensasiya ödəsə də, diffamasiyaya görə azadlıqdan məhrumetmə riskini aradan qaldıran ümumi tədbirlər görmədiyindən, oxşar pozuntular sonrakı işlərdə də təkrarlanır və bu səbəbdən qrup üzrə icra uzun müddət açıq qalır.

AŞ NK-nin mövqeyinə görə, diffamasiya ilə bağlı qanunvericiliyin Konvensiya standartlarına uyğun olmaması və cinayət hüququnun ifadə azadlığını məhdudlaşdırmaq məqsədilə özbaşına tətbiqi məsələləri 2009-cu ildən onun nəzarətindədir və bu müddət ərzində real struktur islahatları həyata keçirilməyib. Hakimiyyət orqanları müxtəlif dövrlərdə qanunvericiliyin dəyişdiriləcəyini bəyan etsələr də, indiyədək qeydə alınan yeganə irəliləyiş 2014-cü ildə Ali Məhkəmənin Plenumunun qərarıdır.

Həmin qərarda məhkəmələrə ifadə azadlığı ilə şərəf və ləyaqətin müdafiəsi arasında balansın qorunması, AİHM-in presedent hüququndan geniş istifadə edilməsi və xüsusilə jurnalistlər barəsində azadlıqdan məhrumetmə cəzasının yalnız müstəsna hallarda tətbiq oluna biləcəyi açıq şəkildə vurğulanıb. Bununla belə, qərardan sonrakı dövrdə xüsusi ittiham qaydasında məhkəməyə müraciətlərin sayında və bu müraciətlər əsasında çıxarılan ittiham hökmlərinin ümumi statistikasında nəzərəçarpan azalma müşahidə olunmayıb.

Bu qrupa Mahmudov və Ağazadə Azərbaycana qarşı işindən başqa Fətullayev Azərbaycana qarşı, Həsənov Azərbaycana qarşı, Azadlıq və Zayidov Azərbaycana qarşı, Əliyev Azərbaycana qarşı, Xural və Zeynalov (No.2) Azərbaycana qarşı, Azadlıq və Zayidov Azərbaycana qarşı, eləcə də Azadlıq və Cəbrayılzadə Azərbaycana qarşı işləri də daxildir. Bu işlərin hamısında ifadə azadlığına görə cinayət təqibinin qeyri-mütənasib və mətbuatın “ictimai nəzarətçi” kimi həyati əhəmiyyətli rolunu sərbəst şəkildə yerinə yetirə bilməsinin qarşısını alan təsiri əsas problem kimi çıxış edir. Nazirlər Komitəsi hesab edir ki, fərdi tədbirlər problemi həll etmir, əsas məsələ ümumi tədbirlərin görülməməsidir.

Komitə Azərbaycanın hakimiyyət orqanlarını Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrində (böhtan və təhqir) nəzərdə tutulan uzunmüddətli azadlıqdan məhrumetmə cəzalarını ləğv etməyə, milli məhkəmələrin təcrübəsini Konvensiyanın 10-cu maddəsi və AİHM presedent hüququna uyğunlaşdırmağa və bütün bu addımları əhatə edən aydın yol xəritəsi təqdim etməyə çağırır.

Azərbaycan hökuməti “Mahmudov və Ağazadə qrupu” üzrə müxtəlif illərdə AŞ NK-ya bir neçə fəaliyyət planı və hesabat təqdim etsə də, bu sənədlərin məzmunu xüsusilə kompensasiyaların ödənilməsi və tövsiyə xarakterli addımların sadalanması ilə məhdudlaşıb. Diffamasiyaya görə azadlıqdan məhrumetmə cəzalarının ləğvi ilə bağlı bütün sənədlərdə qanunvericilik islahatlarının “nəzərdən keçirildiyi” bildirilsə də, konkret qanun layihəsi, aydın vaxt cədvəli və ya institusional mexanizm təqdim olunmayıb. 2014-cü ildən 2024-cü ilə qədər ardıcıl yenilənən plan və hesabatlar struktur problemin mövcudluğunu dolayısı ilə etiraf etsə də, onu aradan qaldıran real ümumi tədbirlər irəli sürmür. Bu səbəbdən Nazirlər Komitəsi qrup üzrə nəzarətin bağlanmasını qəbul etməyib və hazırda icranı gücləndirilmiş nəzarət altında saxlayır.

“Məmmədli qrupu” işi azadlıqdan məhrumetmənin sui-istifadə xarakteri daşıması ilə əlaqədardır. AİHM bu işdə Konvensiyanın 5 və 18-ci maddələrinin pozulduğunu müəyyən edib. Məhkəmə bu nəticəyə gəlib ki, ərizəçinin həbsi onu seçki müşahidəçiliyi və vətəndaş cəmiyyəti fəaliyyəti ilə bağlı susdurmaq və cəzalandırmaq məqsədi daşıyıb və Konvensiyada nəzərdə tutulmayan hədəflərə xidmət edib. Bu səbəbdən icra fərdi kompensasiya və formal dəyişikliklərlə məhdudlaşdırıla bilməz. Problem cinayət təqibi sisteminin funksional məntiqinə toxunduğundan, ümumi tədbirlər görülmədikcə qrup üzrə icra açıq qalır.

Məmmədli qrupu”na Məmmədli Azərbaycana qarşı işindən əlavə Əliyev Azərbaycana qarşı, İbrahimov və Məmmədov Azərbaycana qarşı, Xədicə İsmayılova Azərbaycana qarşı (No. 2), Yunusova və Yunusov Azərbaycana qarşı (No. 2) işləri aiddir.

Dövlətin əsas fərdi öhdəliyi qalan bütün ərizəçilərin məhkumluqlarının ləğv edilməsi, həmin məhkumluqların cinayət qeydlərindən silinməsi və cinayət təqibinin doğurduğu bütün mənfi hüquqi nəticələrin aradan qaldırılmasıdır. Eyni zamanda, bu məhkumluqların ərizəçilər barəsində başlanılan yeni cinayət işlərində hər hansı rol oynamaması təmin edilməlidir. Komitə xüsusilə qeyd edir ki, 2019-cu ildən bəri Ali Məhkəmədə baxılmayan işlər üzrə uzunmüddətli gecikmələr ərizəçilərin hüquqlarının pozulmasının davam etməsinə səbəb olur.

Eyni zamanda AŞ NK ildirir ki, bu işlər qrupu üzrə müəyyən edilmiş pozuntular struktur xarakter daşıyır. Cinayət hüququnun qanunun aliliyinə zidd şəkildə tətbiqi fərdi hallarla məhdudlaşmır və oxşar pozuntuların gələcəkdə də təkrarlanması riski qalır. 

Nazirlər Komitəsi Azərbaycan hakimiyyət orqanlarını icra prosesində uzunmüddətli səssizliyə və passivliyə son qoymağa, Katibliklə konstruktiv və nəticəyönümlü əməkdaşlığı bərpa etməyə və görülməsi nəzərdə tutulan tədbirlər barədə vaxtında və dolğun məlumat təqdim etməyə çağırır. 

Müşfiq Məmmədov və başqaları işi” vicdan azadlığı və alternativ xidmət mexanizminin olmaması ilə bağlı struktur problemi əks etdirir. AİHM bu işdə müəyyən edib ki, Azərbaycan Konstitusiyasında alternativ xidmət imkanının nəzərdə tutulmasına baxmayaraq, müvafiq qanunvericilik qəbul edilmədiyi üçün hərbi xidmətə getməyənlər faktiki olaraq cinayət məsuliyyətinə cəlb olunub. Milli məhkəmələr Konvensiyanın 9-cu maddəsinin tətbiqini real şəkildə qiymətləndirməyib, alternativ xidmətin olmamasını avtomatik əsas kimi qəbul edərək onları cinayət məsuliyyətinə cəlb edib. Bu işdə Məhkəmə açıq şəkildə vurğulayıb ki, alternativ xidmət haqqında qanunun qəbul edilməməsi sistemli problem xarakteri daşıyır və bu vəziyyət Konvensiya ilə qorunan vicdan azadlığını illüziya halına gətirir. Bu öhdəlik həm Azərbaycanın Avropa Şurasına üzv olarkən götürdüyü öhdəliklərdən, həm də Konstitusiyanın 76-cı maddəsindən irəli gəlir.  Kompensasiya ödənilməsi bu struktur çatışmazlığı aradan qaldırmır, çünki pozuntunun əsas səbəbi dəyişməz qalır. Qanunvericilik səviyyəsində ümumi tədbirlər görülmədiyi üçün eyni pozuntular yeni işlərdə təkrar olunur və bu səbəbdən qrup üzrə icra tamamlanmış hesab edilmir.

Sözügedən qanunun qəbul edilmədiyi müddətdə pozuntuların təkrarlanması riski qalır. Komitə eyni zamanda ərizəçilərin məhkumluqlarının bütün hüquqi nəticələrinin aradan qaldırılmasını və vicdani etiraz edən şəxslərin gələcəkdə cinayət təqibinə məruz qalmamasını tələb edir. Lakin uzun müddətdir ki, hakimiyyət orqanları tərəfindən bu məsələdə də irəliləyişə dair məlumat təqdim olunmur.

Müşfiq Məmmədov və başqaları işi üzrə təqdim edilən fəaliyyət planında Hökumət tətbiq olunmuş azadlıqdan məhrumetmə cəzalarına görə təzminatların ödənildiyini və fərdi tədbirlərin tamamlandığını bildirir. Bununla yanaşı, alternativ xidmət haqqında qanunvericiliyin qəbul edilməsi məsələsi yalnız “məsləhətləşmələrin başlandığı” kimi ümumi və qeyri-müəyyən ifadələrlə təqdim olunur, konkret qanun layihəsi və vaxt cədvəli göstərilmir. Sənəd alternativ xidmətin olmamasını struktur problem kimi tanısa da, bu problemin aradan qaldırılmasına yönəlmiş real ümumi tədbirlər nəzərdə tutmur.

“Xədicə İsmayılova qrupu” jurnalistlərin ifadə azadlığı ilə şəxsi həyata hörmət hüququnun kəsişməsində yaranan struktur problemləri əks etdirir. AİHM bu işdə müəyyən edib ki, jurnalistin şəxsi həyatına yönəlmiş ciddi müdaxilələr onun peşə fəaliyyətinə birbaşa təsir göstərib və “ictimai nəzarətçi” rolunu yerinə yetirməsinə boğucu təsir göstərib. Məhkəmə vurğulayıb ki, dövlət yalnız bu müdaxilələrin qarşısını almaqda deyil, həm də onların effektiv şəkildə araşdırılmasında ciddi şəkildə uğursuz olub. İstintaq formal xarakter daşıyıb, açıq faktlar araşdırılmayıb və məsul şəxslər müəyyən edilməyib.

Məhkəmə açıq şəkildə göstərib ki, jurnalistlərin şəxsi həyatına hücumlar kontekstində dövlətin pozitiv öhdəlikləri yerinə yetirilmir. Kompensasiya ödənilməsi bu problemi aradan qaldırmır, çünki əsas məsələ media mühitində təhlükəsizliyin təmin olunmaması və hüquq-mühafizə orqanlarının jurnalistlərə qarşı yönəlmiş hücumlara real reaksiya verməməsidir. Bu struktur çatışmazlıqlar davam etdiyindən, qrup üzrə icra tamamlanmış hesab edilmir və işlər NK-nın nəzarətində qalır.

“Namazov qrupu” vəkillik peşəsinin müstəqilliyi və intizam mexanizmlərinin sui-istifadəsi ilə bağlı struktur problemləri üzə çıxarır. AİHM bu işdə müəyyən edib ki, vəkillərin peşə fəaliyyətinə görə Vəkillər Kollegiyasından xaric edilməsi Konvensiyanın tələblərinə uyğun olmayıb və bu tədbirlər hüquqi zərurətdən çox, cəzalandırıcı xarakter daşıyıb. Məhkəmə vurğulayıb ki, vəkillər ədalət mühakiməsinin ayrılmaz iştirakçılarıdır və onların peşə fəaliyyətinə müdaxilə xüsusilə ciddi əsaslandırma tələb edir. 

Bu qrupa Namazov Azərbaycana qarşı işindən başqa Aslan İsmayılov Azərbaycana qarşı, Bağırov Azərbaycana qarşı, Əfqan Məmmədov Azərbaycana qarşı, Fərhad Mehdiyev Azərbaycana qarşı işləri aiddir.

Bağırov Azərbaycana qarşı işində Məhkəmə Konvensiyanın 46-cı maddəsinə istinad edərək bildirib ki, dövlət yalnız kompensasiya ödəməklə kifayətlənə bilməz və vəkilin peşə fəaliyyətinin bərpasına yönəlmiş real tədbirlər görməlidir. Nazirlər Komitəsi isə qeyd edir ki, fərdi kompensasiyalar struktur problemi aradan qaldırmır, çünki vəkillərin intizam məsuliyyəti mexanizmi hələ də müstəqil və Konvensiya standartlarına uyğun şəkildə qurulmayıb.

Komitə Aslan İsmayılov işi üzrə ərizəçinin vəkillik statusunun bərpasını müsbət presedent kimi xatırlatsa da, bu yanaşmanın Namazov və Bağırov işlərinə şamil edilmədiyini vurğulayır. Bu səbəbdən NK hesab edir ki, ümumi tədbirlər görülmədiyi müddətdə oxşar pozuntuların təkrarlanması riski qalır və “Namazov qrupu” üzrə icra tamamlanmış sayıla bilməz.

“Namazov qrupu” üzrə təqdim edilən fəaliyyət planlarında (2022, 2024) hökumət əsasən fərdi tədbirlərə istinad edir və bu hissənin tamamlandığını bildirir. Ümumi tədbirlər çərçivəsində vəkillərin intizam məsuliyyəti mexanizmlərinin islahatı məqsədilə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanuna dəyişiklik layihəsinin hazırlandığı qeyd olunur, lakin sənədlərdə bu layihənin qəbul tarixi və icra mexanizmi göstərilmir. Nəticə etibarilə, təqdim olunan tədbirlər vəkillik peşəsinin müstəqilliyini təmin edən struktur zəmanətlər yaratmadığı üçün Nazirlər Komitəsi qrup üzrə icranı tamamlanmış hesab etmir.

Onu da qeyd edək ki, keçən il “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanuna və bir sıra məcəllələrə dəyişikliklər edildi. Dəyişikliklərdə müəyyən texniki və qismən müsbət yeniliklər olsa da, ümumi mənzərə vəkillik institutunun müstəqilliyi baxımından riskləri artırır. Xüsusən, Kollegiyanın Rəyasət Heyəti sədrinin iki dəfədən artıq seçilməsinə qoyulan limitin aradan qaldırılması, Rəyasət Heyəti qərarlarının açıq səsvermə yolu ilə qəbul edilməsi və RH-ya “monitorinq” səlahiyyətinin verilməsi Kollegiya daxilində güc konsolidasiyası ehtimalını yüksəldir. Daha kritik məqamlar isə intizam tənbehinin tətbiq müddətlərinin uzadılması, tənbeh növlərinin genişləndirilməsi (o cümlədən cərimə və xaric etmə), eləcə də vəkilin Kollegiyadan xaric edilməsi üçün məhkəmə qərarı tələbinin ləğvi “Namazov qrupu” işinin məğzində duran “ixtiyari intizam təqibi” riskini azaltmaq əvəzinə daha da artırır. Bu mənada, hökumətin fəaliyyət planlarında “ümumi tədbir” kimi təqdim etdiyi qanunvericilik islahatı, Nazirlər Komitəsinin gözləntisinə uyğun olaraq müstəqillik zəmanətlərini gücləndirmək yerinə problemi daha da kəskinləşdirib. Qanunla əlaqədar daha geniş şəkildə yazımızdan oxuya bilərsiniz.

AŞ NK 5 dekabr 2017-ci il tarixli qətnamədə Azərbaycan Respublikasının AİHM-in azadlıq hüququ və siyasi motivli həbslərlə bağlı yekun qərarına əməl etməkdən imtina etdiyini açıq şəkildə bəyan edib. Komitə bu qətnamədə siyasətçi İlqar Məmmədov işi üzrə fərdi tədbir kimi tələb olunan dərhal və qeyd-şərtsiz azad etmənin yerinə yetirilmədiyini, bunun isə Konvensiyanın 46-cı maddəsinin 1-ci bəndi üzrə öhdəliyin pozulması anlamına gəldiyini vurğulayıb. Bu səbəbdən Nazirlər Komitəsi tarixində nadir hallarda tətbiq edilən mexanizmdən istifadə edərək, ilk dəfə Azərbaycanla bağlı olaraq 46-cı maddənin 4-cü bəndi üzrə icraatın başlanmasına qərar verib.

Həmin vaxt məsələ AİHM Böyük Palatasına çıxarıldı və Məhkəmə 2019-cu ildə təsdiq etdi ki, Azərbaycan AİHK-nin 46-cı maddəsi üzrə öhdəliklərini pozub. Bunun ardınca artan beynəlxalq siyasi və hüquqi təzyiq fonunda İ.Məmmədova bəraət verildi.

AİHM qərarlarının icrası üzrə Departamentin saytında AİHM qərarlarının icra edilməməsi ilə əlaqədar Azərbaycanla bağlı 79 qətnamənin qəbul edildiyi göstərilir. Bu qətnamələr icra prosesində davamlı gecikmələri, struktur problemlərin aradan qaldırılmamasını və hökumət tərəfindən təqdim olunan tədbirlərin yetərsizliyini əks etdirir.

2024-cü ilin yanvarında Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin Avropa Şurası Parlament Assambleyası tərəfindən təsdiq edilməməsindən sonra isə AİHM qərarlarının icrasında yeni mərhələ başlayıb. Əvvəllər problem əsasən ümumi tədbirlərin yerinə yetirilməməsi ilə bağlı idisə, bu tarixdən sonra artıq fərdi tədbirlərin icrasından da faktiki imtina müşahidə olunur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 9 aprel 2025-ci ildə ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” adlı forumda çıxışı zamanı Azərbaycanın AİHM qərarlarını tanımayacağını bəyan edib. Prezident bu mövqeyini Azərbaycanın nümayəndə heyətinin Avropa Şurası Parlament Assambleyasındakı statusu ilə əsaslandırıb və bildirib ki, əgər Azərbaycan nümayəndələri Assambleyanın iclaslarında iştirak etmir və AİHM hakimlərinin seçilməsində səsvermə hüququndan məhrum edilirsə, bu halda Məhkəmənin Azərbaycanla bağlı çıxardığı qərarlar da etibarsız hesab olunmalıdır.

Nəticə etibarilə 2024-cü ilin əvvəlindən etibarən AİHM qərarları üzrə təzminatların ödənilməsi də dayandırılıb. Bu, icranın ən minimal hissəsinin belə yerinə yetirilmədiyini göstərir. Pozuntuya qədərki vəziyyətin bərpası və ya işə yenidən baxma kimi tədbirlər isə praktik olaraq gündəmdən çıxıb.

“Tribunat”ın qənaətinə görə, AİHM qərarlarının icra edilməməsi, Azərbaycanın Konvensiyanın 46-cı maddəsi üzrə üzərinə götürdüyü öhdəliklərin və Konstitusiyanın tələblərinin tanınmaması mənasına gəlir.



Avropa İnsan Hüquqları Konvensiyası, https://www.echr.coe.int/documents/d/echr/convention_aze

Azərbaycanda Avropa İnsan Haqları Konvensiyasının implementasiya problemləri, https://bakuresearchinstitute.org/azerbaycanda-avropa-insan-haqlari-konvensiyasinin-implementasiya-problemleri/

Azərbaycan Respublikasının Konstitusiyası, https://e-qanun.az/framework/897

Avropa Şurasının AİHM qərarlarının icrası üzrə Azərbaycana dair ölkə profili, https://www.coe.int/en/web/execution/azerbaijan

Avropa İnsan Hüquqları Məhkəməsi Mahmudov və Ağazadə Azərbaycana qarşı işi, https://hudoc.echr.coe.int/eng?i=001-90356

“Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Ali Məhkəmə Qərarı, https://e-qanun.az/framework/47295

CM/ResDH(2025)251 aralıq qətnamə, https://search.coe.int/cm?i=0912594880286ced

Avropa İnsan Hüquqları Məhkəməsi Fətullayev Azərbaycana qarşı işi, https://hudoc.echr.coe.int/eng?i=001-98401

Avropa İnsan Hüquqları Məhkəməsi Həsənov Azərbaycana qarşı işi, https://hudoc.echr.coe.int/eng?i=001-210839

Avropa İnsan Hüquqları Məhkəməsi Azadlıq və Zayidov Azərbaycana qarşı işi, https://hudoc.echr.coe.int/eng?i=001-218077

Avropa İnsan Hüquqları Məhkəməsi Əliyev Azərbaycana qarşı işi, https://hudoc.echr.coe.int/eng?i=001-222787

Avropa İnsan Hüquqları Məhkəməsi Xural və Zeynalov Azərbaycana qarşı işi, https://hudoc.echr.coe.int/?i=001-222409

Avropa İnsan Hüquqları Məhkəməsi Azadlıq və Zayidov Azərbaycana qarşı işi, https://hudoc.echr.coe.int/eng?i=001-233622

Avropa İnsan Hüquqları Məhkəməsi Azadlıq və Cəbrayılzadə Azərbaycana qarşı işi, https://hudoc.echr.coe.int/eng?i=001-238023

Avropa İnsan Hüquqları Məhkəməsi Məmmədli Azərbaycana qarşı işi, https://hudoc.echr.coe.int/eng?i=001-182178

CM/ResDH(2025)252 saylı aralıq qətnamə, https://search.coe.int/cm?i=0912594880286cef

Avropa İnsan Hüquqları Məhkəməsi Əliyev Azərbaycana qarşı işi, https://hudoc.echr.coe.int/eng?i=001-186126

Avropa İnsan Hüquqları Məhkəməsi İbrahimov və Məmmədov Azərbaycana qarşı işi, https://hudoc.echr.coe.int/eng?i=001-200819

Avropa İnsan Hüquqları Məhkəməsi Xədicə İsmayılova Azərbaycana qarşı (No. 2) işi, https://hudoc.echr.coe.int/?i=001-201340

Avropa İnsan Hüquqları Məhkəməsi Yunusova və Yunusov Azərbaycana qarşı (No. 2) işi, https://hudoc.echr.coe.int/eng?i=001-203562

Avropa İnsan Hüquqları Məhkəməsi Müşfiq Məmmədov və başqaları Azərbaycana qarşı işi, https://hudoc.echr.coe.int/?i=001-197066

Fəaliyyət planı (06.10.2023) - Müşfiq Məmmədov və başqaları Azərbaycana qarşı işi üzrə Azərbaycan hökumətinin təqdim etdiyi kommunikasiya sənədi, https://hudoc.exec.coe.int/?i=DH-DD(2023)1184E

Avropa İnsan Hüquqları Məhkəməsi Xədicə İsmayılova Azərbaycana qarşı işi, https://hudoc.echr.coe.int/eng?i=001-188993

Avropa İnsan Hüquqları Məhkəməsi Namazov Azərbaycana qarşı işi, https://hudoc.echr.coe.int/?i=001-200444

Avropa İnsan Hüquqları Məhkəməsi Bağırov Azərbaycana qarşı işi, https://hudoc.echr.coe.int/?i=001-209834

Fəaliyyət planı (14.10.2022) – Namazov Azərbaycana qarşı işi üzrə Azərbaycan hökumətinin təqdim etdiyi kommunikasiya sənədi, https://hudoc.exec.coe.int/?i=DH-DD(2022)1100E

Fəaliyyət planı (04.04.2024) – Namazov Azərbaycana qarşı işi üzrə Azərbaycan hökumətinin təqdim etdiyi kommunikasiya sənədi, https://hudoc.exec.coe.int/?i=DH-DD(2024)387E

Avropa Şurası Nazirlər Komitəsi 5 dekabr 2017-ci il tarixli qətnamə, https://rm.coe.int/168076f1fd

İlqar Məmmədov Azərbaycana qarşı işi üzrə Konvensiyanın 46-cı maddəsinin 4-cü bəndinə əsasən icraat, https://hudoc.echr.coe.int/fre?i=001-193543

İlham Əliyev: “Avropa Məhkəməsinin qərarlarını tanımayacağıq”, https://toplummedia.tv/siyaset/pilham-eliyev-span-stylecolore74c3cldquoavropa-mehkemesinin-qerarlarini-tanimayacagiqrdquospanp


Məqaləni paylaş