Bakıda LGBTQİ+ fərdlərinə qarşı növbəti polis reydi: Pozulan hüquqlar
Analiz
Dekabrın 26-da Bakının mərkəzində Kuir icmasına yaxın olan klublardan birində polis reydi keçirilib. Reyd zamanı azı 106 nəfər LGBTQİ+ fərdinin saxlanıldığı, onların fiziki və psixoloji zorakılığa, alçaldıcı rəftara məruz qaldığı, bəzilərinin döyüldüyü, təhqir edildiyi və zorlanmaqla hədələndiyi bildirilir. Saxlanılan şəxslərin əksəriyyəti Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinə aparılıb, burada onların saatlarla soyuq havada açıq havada saxlanıldığı, saxlanılanlardan birinin saçının qırxıldığı, eləcə də polis əməkdaşları tərəfindən pul tələb edildiyi iddia olunur.
Baş verənlərlə bağlı indiyədək Daxili İşlər Nazirliyi və ya digər rəsmi dövlət qurumları tərəfindən hər hansı bir açıqlama verilməyib.
Azərbaycanda Kuir icma üzvlərinə qarşı bənzər rəftar ilk dəfə baş vermir. Bu ilin yanvar ayında da LGBTQİ+ fərdlərinin polis tərəfindən saxlanıldığı, şantaj edilərək onlardan pul tələb olunduğu barədə məlumatlar yayılmışdı. Həmin iddialara görə, polis əməkdaşları saxlanılan şəxsləri pul verilmədiyi təqdirdə bölmədə saxlamaq, ailələrinə seksual orientasiyaları barədə məlumat vermək və intim şəkillərini yaymaqla hədələmişdilər. Bundan əvvəl isə 2017 və 2019-cu illərdə də Azərbaycanda polis tərəfindən LGBT fərdlərinə qarşı kütləvi saxlanmalar həyata keçirilib.
“Tribunat” 26 dekabr,2025-ci il reydi zamanı baş verən hadisələri Azərbaycanda LGBTQİ+ fərdlərə qarşı diskriminasiya və pis rəftar baxımından təhlil edib.
“Polis haqqında” Qanuna əsasən polis öz fəaliyyətini insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət, qanunçuluq və humanistlik prinsipləri əsasında qurmalıdır (4-cü maddə). Qanunun 5-ci maddəsi polisin hər hansı şəxslə insan ləyaqətini alçaldan şəkildə rəftar etməsini qadağan edir. 13-cü maddə isə polis əməkdaşlarının tutulmuş və ya həbsə alınmış şəxslərin hüquqlarının və qanuni mənafelərinin pozulmamasını təmin etmək vəzifəsini müəyyən edir. Saxlanılan şəxslərin pis rəftara məruz qalması və onlardan pul tələb edilməsi ilə bağlı iddialar bu vəzifənin də pozulduğunu göstərir.
Bilə-bilə qanunsuz tutma cinayət əməli hesab olunur və üç ilədək müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə iki ilədək azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır (Cinayət Məcəlləsi, 292.1-ci maddə).
Polis reydi zamanı LGBTQİ+ fərdləri polis bölməsində təxminən iki saat saxlanılıblar.
Azərbaycan Respublikasının qanunvericiliyi tutmanın yalnız iki hüquqi formasını tanıyır: inzibati qaydada tutma və cinayət prosesində tutulma. Hər iki halda tutmanın tətbiqi üçün qanunda dəqiq müəyyən edilmiş əsaslar, prosedur qaydaları və müddət məhdudiyyətləri mövcuddur.
Saxlanılan şəxslərin dediklərinə görə, onlara klubda narkotik vasitələrdən istifadə etdiklərinə görə saxlanıldıqları bildirilib. Lakin sonradan bu iddianı təsdiqləyən sübutların olmadığı etiraf olunub və nəticədə 106 nəfərin hamısı qapalı məkanda siqaret çəkməyə görə cərimələnib. Fərdlərin sözlərinə görə, onlara bildirilib ki, cəriməni ödəmədikləri halda buraxılmayacaqlar.
İnzibati Xətalar Məcəlləsinin 61-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs qərardan şikayət vermək, müdafiəçinin hüquqi yardımından istifadə etmək hüququna malikdir (61.1, 61.1.5, 61.1.6). 130-cu maddəyə görə isə, inzibati tənbeh qərarından 10 gün müddətində yuxarı orqana və ya məhkəməyə şikayət vermək mümkündür. Saxlanılan şəxslərin sözlərinə görə, onlara bu hüquqlar izah edilməyib və inzibati cərimələrlə bağlı şikayət vermək imkanı yaradılmayıb, cərimələrin yerində ödənilməsi tələb edilib.
Qanunsuz olaraq narkotik vasitələrin istehlakı inzibati xəta hesab olunur və üç yüz manatdan dörd yüz manatadək cərimə, yaxud iki ayadək müddətə inzibati həbslə cəzalandırılır (İnzibati Xətalar Məcəlləsi, 206-cı maddə).
Azərbaycan qanunvericiliyinə görə polis şəxsi yalnız məhdud və konkret hallarda inzibati qaydada tuta bilər. İnzibati Xətalar Məcəlləsində bu hallar əsasən xırda xuliqanlıq, polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmama, icazəsiz kütləvi tədbirlər, avaralıq, miqrasiya qaydalarının pozulması, habelə fövqəladə, hərbi vəziyyət və ya dini ekstremizmə qarşı xüsusi əməliyyat zonalarında rejim tələblərinin pozulması ilə məhdudlaşdırılır. Bu siyahıdan kənar hallarda inzibati qaydada tutma qanunla nəzərdə tutulmur (İXM, 88.1, 88.1.1-88.1.7-ci maddələr, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Qanunun tətbiqi barədə Prezidentin Fərmanı, 4.4, 4.9, 4.11-1-ci bəndlər).
İnzibati Xətalar Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs, qanunda nəzərdə tutulmuş istisnalar istisna olmaqla, üç saatdan artıq müddətə tutula bilməz. Narkotik vasitələrin istehlakı əsası ilə saxlanılan şəxslərin 48 saatadək inzibati qaydada tutulması mümkün olsa da (89.4-cü maddə), bu yalnız işin araşdırılmasının gecikdiyi və ya başqa formada çətinlik yaratdığı hallarda, habelə şəxsin narkomaniyadan məcburi müalicəyə ehtiyacının olub-olmamasını müəyyənləşdirmək məqsədilə tibbi müayinəyə göndərilməsi zərurəti yarandıqda tətbiq edilə bilər.
İndiki halda isə bu əsasların heç biri mövcud olmayıb. Saxlanılan şəxslər nə tibbi müayinəyə göndərilib, nə də narkotik vasitələrin istehlakı ilə bağlı hər hansı araşdırma aparılıb.
Azərbaycan Respublikasının Konstitusiyası (maddə 25 və 46) və Avropa İnsan Hüquqları Konvensiyası (maddə 14 və 3) heç kəsin ayrı-seçkiliyə və qeyri-insani rəftara məruz qalmamalı olduğunu bildirir.
Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Bouyid Belçikaya qarşı işində qeyd edib ki, şəxs hüquq-mühafizə orqanlarının nəzarəti altında olarkən, onun davranışından irəli gələn real zərurət olmadıqda ona qarşı tətbiq edilən istənilən güc insan ləyaqətini alçaldan rəftar hesab olunur və Konvensiyanın 3-cü maddəsinin pozuntusunu təşkil edir (100-cü bənd).
Konvensiyanın 3-cü maddəsi polis əməkdaşları tərəfindən həbs zamanı güc tətbiqini tam qadağan etmir. Lakin belə güc mütləq zəruri və mütənasib olmalıdır. Bu baxımdan, şəxsin həbsə müqavimət göstərəcəyi, qaçacağı, başqasına xəsarət yetirəcəyi, əmlaka ziyan vuracağı və ya sübutları məhv edəcəyi barədə əsaslı səbəblərin mövcudluğu həlledici əhəmiyyət daşıyır (Mafalani Xorvatiyaya qarşı işi, 120-ci bənd). Saxlanılan LGBTQİ+ fərdlərinin hərəkətlərində bu halların heç biri mövcud olmayıb. Bu da güc tətbiqinin zərurət və mütənasiblik meyarlarına cavab vermədiyini göstərir.
Rəftar o hallarda “ləyaqəti alçaldan” hesab edilir ki, o, zərərçəkmiş şəxslərdə onları alçalda və rüsvay edə biləcək, hətta fiziki və ya mənəvi müqavimətlərini sındıra biləcək dərəcədə qorxu, əzab və alçaldılmış hissləri doğursun (Qafgen Almaniyaya qarşı işi, 89-cu bənd).
Yankov Bolqarıstana qarşı işində isə Məhkəmə ərizəçinin təcrid kamerasında saxlanılmaqla cəzalandırılması kontekstində onun saçlarının qırxılmasını ləyaqəti alçaldan davranış və AİHK-in 3-cü maddəsinin pozuntusu kimi qiymətləndirib (121-ci bənd).
Konvensiyanın 3-cü maddəsi dövlətlərin yalnız pis rəftardan çəkinmək deyil, həm də bu cür rəftar riskindən şəxsləri qorumaq üçün operativ tədbirlər görmək və mümkün işgəncə və ya pis rəftar iddiaları üzrə effektiv rəsmi araşdırma aparmaq kimi pozitiv öhdəliklərini də nəzərdə tutur (AİHK-in 3-cü maddəsi üzrə Təlimat, 3, 4-cü bəndlər). Məhkəmənin presedent hüququna görə, şəxs işgəncəyə və ya pis rəftara məruz qaldığına dair “mümkün iddia” irəli sürdükdə, dövlət bu iddia üzrə effektiv araşdırma aparmalıdır (Nəcəfli Azərbaycana qarşı işi, 45-ci bənd). Araşdırma effektiv olmaq üçün müstəqil, qərəzsiz, ictimai nəzarətə açıq olmalıdır. Eyni zamanda, səlahiyyətli orqanlar nümunəvi səy və operativliklə hərəkət etməlidirlər (Məmmədov (Cəlaloğlu) Azərbaycana qarşı işi, 73-cü bənd).
26 dekabrda baş verən reydlə bağlı isə indiyədək hər hansı araşdırmanın başladığına dair açıq məlumat yoxdur. Zərəeçəkmişlərin rəsmi qurumlara müraciət edərək araşdırma tələb edib-etmədikləri barədə də ictimaiyyətə açıqlanmış məlumat mövcud deyil.
14-cü maddə üzrə Təlimatda bildirilir ki, fərqli rəftar obyektiv və əsaslandırılmış səbəbi olmadıqda, yəni, legitim məqsəd daşımadıqda və ya istifadə olunan vasitələrlə əldə edilmək istənilən məqsəd arasında məntiqli proporsionallıq əlaqəsi olmadıqda, ayrı-seçkilik təşkil edir (72-ci bənd).
Məhkəmə eyni zamanda bildirir ki, cinsi oriyentasiya Konvensiyanın 14-cü maddəsi ilə qorunur. Bu səbəbdən, fərqli rəftar şəxsin şəxsi həyatının bu qədər intim və həssas sahəsinə aid olduqda, dövlət tərəfindən irəli sürülən əsaslandırmalar xüsusilə ciddi və inandırıcı olmalıdır. Belə hallarda dövlətə tanınan qiymətləndirmə sərbəstliyi dar olur və proporsionallıq prinsipi yalnız tədbirin ümumi məqsədə uyğunluğunu deyil, həm də konkret şəraitdə zəruri olmasını tələb edir. Məhkəmənin mövqeyinə görə, əgər fərqli rəftar üçün irəli sürülən səbəblər mahiyyət etibarilə yalnız şəxsin cinsi oriyentasiyasına əsaslanırsa, bu, Konvensiya mənasında ayrı-seçkilik təşkil edir (X Türkiyəyə qarşı işi, 50-ci bənd).
2017-ci ildə LGBT icmasına qarşı həyata keçirilmiş polis reydləri ilə bağlı Konvensiyanın 3, 5, 6, 8 və 14-cü maddələrinin pozuntusu iddiaları ilə AİHM-ə müraciət edilib. A və digərləri Azərbaycana qarşı işində Azərbaycan Hökuməti birtərəfli bəyanat təqdim edərək ərizəçilərin Konvensiya ilə qorunan hüquqlarının pozulduğunu etiraf edib və onlara kompensasiya ödəməyə hazır olduğunu bildirib (8-ci bənd).
Məhkəmə bildirib ki, Konvensiya pozuntularının etirafı baxımından Hökumətin bəyanatının daha konkret və dəqiq olması üstün olardı, bununla belə, Məhkəmənin qənaətinə əsasən Hökumətin bəyanatı ərizəçilərin şikayətlərində qaldırdıqları müvafiq Konvensiya maddələri üzrə pozuntuların etirafını ehtiva edir (28-ci bənd).
2024-cü ilin yanvarında Azərbaycan parlament nümayəndə heyətinin səlahiyyəti AŞPA-da təsdiq edilməyəndən sonra AİHM qərarlarının icrası tam dayandırılıb, hətta fərdi tədbirlər belə yerinə yetirilmir. Bu səbəbdən hazırda A və digərləri Azərbaycana qarşı işində fərdi kompensasiyalar ödənilməyib.
Yuxarıda göstərilən faktlar, zərərçəkmişlərin ifadələri, qanunvericiliyin tələbləri və AİHM-in formalaşmış presedent hüququ birlikdə qiymətləndirildikdə 26 dekabr,2025-ci il reydi zamanı tətbiq edilən tədbirlərin hüquqi əsasının olmadığı aydın olur. Kütləvi saxlanmaların məhz LGBTQİ+ icmasına yaxın məkanda aparılması, sonradan ilkin iddiaların (narkotik istifadəsi) sübuta yetirilməməsi və hüquqi əsasların dəyişdirilməsi, reydin məqsəd və motivləri baxımından onun selektiv xarakter daşıdığını göstərir.
Saxlanılan şəxslərin fiziki və psixoloji zorakılığa, alçaldıcı və ləyaqəti zədələyən rəftara məruz qalması, dövlət nəzarəti altında olan şəxslərlə davranışın Konvensiyanın 3-cü maddəsi üzrə müəyyən edilmiş minimum standartlara cavab vermədiyini ortaya qoyur.
Eyni zamanda, baş verənlərlə bağlı indiyədək effektiv, müstəqil və qərəzsiz araşdırmanın aparılmaması, dövlətin Konvensiyanın 3-cü maddəsi üzrə pozitiv öhdəliklərinə əməl etmədiyini göstərir. Bu vəziyyət əvvəlki illərdə LGBT icmasına qarşı həyata keçirilmiş oxşar reydlər fonunda qiymətləndirildikdə, hüquq-mühafizə praktikasında dəyişiklik edilmədiyini və təkrarlanan davranış modelinin mövcudluğunu görürük.
“Tribunat” bu qənaətə gəlir ki, 26 dekabr,2025-ci il tarixində keçirilmiş polis reydi, azı 106 şəxsin kütləvi şəkildə saxlanılması və tutulması, onların qeyri-insani və ləyaqəti alçaldan rəftara məruz qalması, azadlıq hüquqlarının pozulması, habelə ayrı-seçkiliyə məruz qalması ilə müşayiət olunub. Sözügedən reyd nəticəsində Avropa İnsan Hüquqları Konvensiyasının 3, 5 və 14-cü maddələri pozulub.
Bakıda LGBTQ+ fərdlərinə qarşı polis reydi: “Dedilər ki, kimsə tərpənsə, zorlayacağıq”, https://www.meydan.tv/az/article/bakida-lgbtq-f%C9%99rdl%C9%99rin%C9%99-qarsi-polis-reydi-dedil%C9%99r-ki-kims%C9%99-t%C9%99rp%C9%99ns%C9%99-onu-zorlayacagiq/
Polis LGBTQ vətəndaşlardan hədə-qorxu ilə pul alır?, https://qiyvaar.org/polis-lgbq-vetendaslardan-hede-qorxu-ile-pul-alir/
TƏCİLİ XƏBƏR: Bakıda polisin LGBTQ ovu, https://minorityaze.org/198-tecili-xeber-bakida-polisin-lgbtq-ovu
“Polis haqqında” Qanun, https://e-qanun.az/framework/2937
Cinayət Məcəlləsi, https://e-qanun.az/framework/46947
İnzibati Xətalar Məcəlləsi, https://e-qanun.az/framework/46960
“Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Qanunun tətbiqi barədə Prezidentin Fərmanı, https://e-qanun.az/framework/32186
Azərbaycan Respublikasının Konstitusiyası, https://e-qanun.az/framework/897
Avropa İnsan Hüquqları Konvensiyası, https://www.echr.coe.int/documents/d/echr/convention_aze
Avropa İnsan Hüquqları Məhkəməsi Bouyid Belçikaya qarşı işi, https://supremecourt.gov.az/storage/pages/204/bouyid-belcikaya-qarshi.pdf
Avropa İnsan Hüquqları Məhkəməsi Mafalani Xorvatiyaya qarşı işi, https://hudoc.echr.coe.int/eng?i=001-155826
Avropa İnsan Hüquqları Məhkəməsi Qafgen Almaniyaya qarşı işi, https://hudoc.echr.coe.int/eng?i=001-99015
Avropa İnsan Hüquqları Məhkəməsi Yankov Bolqarıstana qarşı işi, https://hudoc.echr.coe.int/eng?i=001-61539
Avropa İnsan Hüquqları Konvensiyasının 3-cü maddəsi üzrə təlimat, https://ks.echr.coe.int/documents/d/echr-ks/guide_art_3_eng
Avropa İnsan Hüquqları Məhkəməsi Nəcəfli Azərbaycana qarşı işi, https://hudoc.echr.coe.int/eng?i=001-113299
Avropa İnsan Hüquqları Məhkəməsi Məmmədov (Cəlaloğlu) Azərbaycana qarşı işi, https://hudoc.echr.coe.int/eng?i=001-78978
Avropa İnsan Hüquqları Məhkəməsi R.R. və R.D. Slovakiyaya qarşı işi, https://hudoc.echr.coe.int/eng?i=001-204154
Avropa İnsan Hüquqları Konvensiyasının 14-cü maddəsi 12 saylı Protokolun 1-ci maddəsi üzrə təlimat, https://ks.echr.coe.int/documents/d/echr-ks/guide_art_14_art_1_protocol_12_eng
Avropa İnsan Hüquqları Məhkəməsi X Türkiyəyə qarşı işi, https://hudoc.echr.coe.int/eng?i=001-113876
Avropa İnsan Hüquqları Məhkəməsi A və digərləri Azərbaycana qarşı işi, https://hudoc.echr.coe.int/eng?i=001-233251