logo

Azərbaycanda hüququn aliliyinin gücləndirilməsi və vətəndaşların maarifləndirilməsi üçün platforma

Cəzaçəkmə müəssisəsində ölümlə nəticələnən hadisəyə görə 2 min manatlıq cərimə...

Analiz
Cəzaçəkmə müəssisəsində ölümlə nəticələnən hadisəyə görə 2 min manatlıq cərimə...

Bu ilin fevral ayının 28-də həbsdə olan məhkum - Salyan rayon sakini, Vətən Müharibəsi iştirakçısı Sübhan Ağayevin cəzaçəkmə müəssisəsində öldüyü müəyyən olunub. “Qafqazinfo”nun məlumatına görə, S.Ağayev oğurluqda təqsirli bilinərək yanvar ayında 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. O, Salyan rayonundakı 5 saylı cəzaçəkmə müəssisəsində saxlanılıb və 28 fevralda orda ölüb. Onun ölümündə təqsirləndirilən şəxs isə müəssisənin baş inspektoru, eyni zamanda, rəisin köməkçisi, mayor Hümmət Məmmədovdur.

Bəlli olub ki, 25 fevralda cəzaçəkmə müəssisəsinə yerləşdirilən məhbus Ağayev karantinə alınıb. 27 fevralda istehsalat və yaşayış sahələrində axtarışların keçirilməsi barədə aylıq cədvələ uyğun olaraq karantin binasına baxış keçirilən zaman S.Ağayevin üzərində natamam axtarış, şəxsi əşyalarına baxış keçirilib. Bu zaman məhbus axtarışa kəskin etiraz edib, özünü və şəxsi əşyalarını yoxlayıcıya təqdim etməkdən imtina edib. Buna görə də, onun barəsində 5 günlük el arasında “kars” adlanan cərimə təcridxanasına keçirilməklə bağlı tənbeh tədbiri görülüb. 

Azadlıq Radiosuna istinadən qeyd edək ki, aqresiv davranış nümayiş etdirildiyi iddia olunan məhkum “karsda” əlləri çarpayıya qandalla bağlı vəziyyətdə saxlanılıb, eyni zamanda, ayaqları da qandallanmış halda olub.

Fevralın 28-də səhər saat 9 radələrində onun qandalları açılanda artıq vəziyyəti ağır olub, ayaq üstə dayana bilməyib. Həbsxana həkimi Fədai Dadaşovu “kars” otağına çağırıblar və o, məhbusun vəziyyətinin ağır olduğunu görəndə dərhal Təcili Tibbi Yardım çağırılmasını istəyib. Özü təzyiqini, nəbzini yoxlayıb və məlum olub ki, artıq Sübhan Ağayevin həyatını xilas etmək mümkün deyil. Bildirilib ki, S.Ağayev qandallanmış vəziyyətdə olduğu üçün öz qida və su ehtiyaclarını ödəyə bilməyib. 

Hadisə ilə bağlı istintaq başlanıb və məhbusun ölümündə təqsirli olan Hümmət Məmmədova Cinayət Məcəlləsinin 293-cü maddəsinin (İşgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza) 2-ci bəndi ilə cinayət işi açılıb. Məcəllənin 293.2-ci maddəsində qeyd olunur ki, xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar dövlət orqanının vəzifəli şəxsi və ya bu qisimdə çıxış edən digər şəxs tərəfindən, yaxud onun təhriki və ya razılığı ilə, yaxud o, xəbərdar olduğu halda başqa şəxslər tərəfindən işgəncə vermə–üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

“Meydan TV” bildirib ki, istintaqın gedişində aparılan ekspertizada Sübhan Ağayevin baş, boyun, çiyin nahiyələrində və başqa hissələrində xəsarətlər müəyyən olunub. Ekspert öz rəyində göstərib ki, həmin xəsarətlər həyati olub və ölümündən bir qədər əvvəl bərk küt əşyanın təsirindən əmələ gəlib. 

Lakin məhkəmədə tədqiq olunmuş məhkəmə-tibbi ekspertizasının 27 mart 2023-cü il tarixli rəyinə əsasən meyitdə aşkar edilmiş morfoloji dəyişikliklərə əsasən, ölümün bilavasitə səbəbi kimi toksiki hepatit, toksiki miokardit, ağciyər ödəmi, baş beyin ödəmi, kəskin qaraciyər çatışmazılığı fonunda neyrosilkulyator və ürək-ağciyər funksiyalarının pozulması ilə əlaqədar kəskin ağciyər-ürək çatışmazlığı göstərilib.

Baş verən hadisədə özünü təqsirli bilən 5 saylı cəzaçəkmə müəssisəsinin rəsmisi H.Məmmədov məhbusun özünə xəsarət verməməsi üçün onu qandalladığını bildirib. 

Məhkəmədə həbsxana rəsmisi barəsində irəli sürülən ittiham dəyişib, daha yüngülü ilə əvəz olunub və nəticədə Hümmət Məmmədov Cinayət Məcəlləsinin 309.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunub və ona 2000 (iki min) manat cərimə cəzası tətbiq edilib.

Cinayət Məcəlləsinin 309-cu maddəsi vəzifə səlahiyyətini aşmanı nəzərdə tutur. Maddənin 1-ci bəndi isə vəzifəli şəxs tərəfindən xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsinin fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyət və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmasını təsbit edir. Maddənin sanksiyasına görə, bu əmələ yol vermiş təqsirləndirilən şəxs iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə  üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.  

Hümmət Məmmədovun ittiham maddəsinin (CM-nin 293.2-ci maddəsi) daha yüngül cəza nəzərdə tutan maddəyə (CM-nin 309.1-ci maddəsi) tövsifi və ona minimum cərimə cəzasının tətbiq olunması mərhum Sübhan Ağayevin yaxınlarının haqlı narazılığına səbəb olub.

Sözügedən hadisədə ölüm faktının baş verməsini nəzərə alsaq, təqsirləndirilən şəxsə qarşı irəli sürülən ittihamın sonradan nəyə görə daha yüngül cəza nəzərdə tutan maddə ilə tövsif olunması bir sıra suallar doğurur. 

Məhbusun ac-susuz əlləri və ayaqları qandallı vəziyyətdə saxlanması, ekspert rəyinin də təsdiqlədiyi bədəndəki həyati sayıla biləcək xəsarət izlərinin mövcudluğu Ağayevə qarşı fiziki güc, daha dəqiq desək işgəncə tətbiq olunduğunu deməyə əsas verir. 

Lakin buna baxmayaraq, məhkəmə çıxardığı hökmdə bütün bunları nəzərə almayıb, hətta əməli CM-nin 309.1-ci maddəsinə tövsif eləsə belə, həmin maddənin sanksiyasındakı alternativ cəzalardan ən yüngülünü – cərimə cəzasının ən minimum məbləğində həddini seçib. 

Cəzaların İcrası Məcəlləsinin (CİM) 78-ci maddəsinin 2-ci hissəsində qeyd olunub ki, cəzaçəkmə müəssisələrində qalmaqal salan, işçi heyətinə fiziki müqavimət göstərən, zorakılıq edən məhkumlara qarşı əl qandalı tətbiq oluna bilər. 

Ədliyyə Nazirliyi tərəfindən 19.10.2010-cu ildə qəbul edilən “Cəzaçəkmə müəssisələrinin Daxili İntizam Qaydaları”nda məhkumlara əl qandallarının tətbiq edilməsinin əsasları və qaydaları göstərilib. Həmin Qaydalara əsasən, məhkumlar qalmaqal saldıqda, müəssisənin işçi heyətinə qarşı çıxdıqda, onlara müqavimət göstərib zor tətbiq etdikdə, müəssisə müdiriyyətinin tələbi ilə cərimə (intizam) təcridxanasına, kamera tipli otağa və birnəfərlik kameraya getməkdən imtina etdikdə onlara qarşı əl qandalları tətbiq edilə bilər. 

Yerli medianın işin halları ilə bağlı təqdimatından görünür ki, S.Ağayev üzərində natamam axtarış, şəxsi əşyalarına baxış keçirilməsinə kəskin etiraz edib, özünü və şəxsi əşyalarını yoxlayıcıya təqdim etməkdən imtina edib.

Kəskin etiraz, əşyaları təqdim etməkdən imtina CİM və nazirliyin təsdiq etdiyi Qaydalara əsasən əl qandalının tətbiqi üçün əsasdır. Belə ki, S.Ağayev həbsxana işçilərinin qanuni tələblərinə qarşı çıxıb və qalmaqal yaradıb. Bu isə onu deməyə əsas verir ki, həbsxana rəsmisi tərəfindən qandalın tətbiq olunması hüquqazidd olmayıb.

Lakin, hətta hesab eləsək belə ki, əl qandalı Ağayevə Qaydalara uyğun tətbiq edilib, elə həmin qaydalara əsasən, məhkumun həyatı üçün təhlükə yarandıqda əl qandalları çıxarılmalı idi. Hümmət Məmmədov isə əl qandalını gec açıb, bu da həkimlərin şəxsin həyatını xilas etmək cəhdini gecikdirib və Sübhan Ağayevin ölümü ilə nəticələnib. 

Cinayət Prosessual Məcəllənin 353-cü maddəsinin 2-ci bəndində qeyd olunur ki, əgər təqsirli şəxsin hərəkətlərinin tövsifi məhkəmə tərəfindən dəyişdirilirsə, bunun motivləri məhkəmənin ittiham hökmündə qeyd olunmalıdır. Yəni, hakim məhbus Ağayevin ölümündə təqsirli olan şəxsə qarşı ittihamı hansı səbəblərdən daha yüngül cəza nəzərdə tutan maddə ilə tövsif etdiyini əsaslandırmalı idi. 

Avropa Şurası Nazirlər Komitəsi tərəfindən 2006-cı ildə qəbul edilən və Azərbaycanın da qoşulduğu “Avropa Penitensiar Qaydaları”nda qeyd olunub ki, məhbuslara qarşı qandal və zəncirlərdən istifadə qadağandır. Məhbusun özünə və ya digərlərinə zərər vurmasının, qaçmasının qarşısını almaq məqsədilə əl qandalı, sakitləşdirici köynəklər və hərəkəti məhdudlaşdıran vasitələr tətbiq oluna bilər. Lakin sakitləşdirici vasitələr lazım olduğundan çox tətbiq edilməməlidir.

Nəticə olaraq, Sübhan Ağayevin əl və ayaqlarından yatağa qandallanması, onun öz ehtiyaclarını ödəyə bilməyib haldan düşənə qədər bağlı vəziyyətdə qalması və bədəninin digər hissələrində küt alət izlərinin olması ona qarşı tətbiq olunan “sakitləşdirici tədbirlərin” gərəyindən artıq olduğunu deməyə əsas verir.

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) “Dzieciak Polşaya qarşı” işində (Dzieciak v. Poland, 2008, § 91) qeyd edib ki, dövlət tərəfindən bütün məhbusların insan ləyaqətinə uyğun olan həbs şəraiti hüququ təmin olunmalı, tətbiq edilən tədbirlərin icra üsulu və metodu onları sıxıntıya məruz qoymamalı, onların sağlamlığı və rifahı təmin olunmalıdır. 

“Renolde Fransaya qarşı” işində (Renolde v. France, § 83) Məhkəmə bildirib ki, cəzaçəkmə müəssisəsinin rəhbərləri öz vəzifələrini müvafiq şəxsin hüquq və azadlıqlarına uyğun şəkildə yerinə yetirməlidirlər.

Həmçinin, “Naçova və digərləri Bolqarıstana qarşı” işində (Case of Nachova and others v. Bulgaria, §110) AİHM qeyd edib ki, Avropa İnsan Hüquqları Konvensiyasının 2-ci maddəsinə (Yaşamaq hüququ) uyğun olaraq dövlət orqanları tərəfindən effektiv araşdırmanın əsas məqsədi yaşamaq hüququnu təmin edən daxili qanunların səmərəli icrasını təmin etmək və dövlət orqanlarının iştirak etdiyi hallarda onların məsuliyyəti altında baş vermiş ölümlərə görə tam cavabdehliyi təmin etməkdir. 

Beləliklə, “Tribunat”ın gəldiyi nəticəyə görə, Salyan Rayon Məhkəməsinin 5 saylı cəzaçəkmə müəssisəsinin sabiq rəsmisi Hümmət Məmmədov haqqında çıxardığı hökm, işin faktiki hallarına və törədilən əmələ adekvat deyil və qanunsuzdur.


 

Azərbaycan Respublikasının Cinayət Məcəlləsi

Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsi

Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsi

AR Ədliyyə Nazirliyi tərəfindən 19.10.2010-cu ildə qəbul edilən “Cəzaçəkmə müəssisələrinin Daxili İntizam Qaydaları” 

Avropa Şurası Nazirlər Komitəsinin iyun 2006-cı il tarixli “Avropa Penitensiar Qaydaları”

AİHM, “Dzieciak Polşaya qarşı” qərarı  (Case of Dzieciak v. Poland, Application no. 77766/01, 9 march 2009)

AİHM, “Renolde Fransaya qarşı” qərarı (Case of Renolde v. France, Application no. 5608/05, 06 january 2009)

AİHM “Naçova və digərləri Bolqarıstana qarşı” qərarı (Case of Nachova and others v. Bulgaria, Applications nos. 43577/98 and 43579/98, 6 july 2005

Həbsdə olan qazini vəzifəli şəxslər işgəncə ilə öldürüb”/Qafqazinfo - 16.04.2023https://qafqazinfo.az/news/detail/hebsde-olan-qazini-vezifeli-sexsler-isgence-ile-oldurub-resmi-397233?fbclid=IwAR2q7zNo--MeGIYQ8U4m0f-hK1D6EQG9Ly0NhBT_CHzl5wWK-kNFc7JYbEY

“Məhbusun “kars”da ölümünə görə rəisin köməkçisinə 2 min manat cərimə...”/Azadlıq Radiosu – 04.09.2023https://www.azadliq.org/a/32578231.html 

“Məhkəmə hökmü: Qarabağ veteranının həbsdə öldürülməsinə görə cəmi 2 min manat cərimə…” / Meydan.tv – 04.09.2023,https://www.meydan.tv/az/article/mehkeme-hokmu-qarabag-veteraninin-hebsde-oldurulmesine-gore-cemi-2-min-manat-cerime/

9 Oktyabr, 2023