logo

Azərbaycanda hüququn aliliyinin gücləndirilməsi və vətəndaşların maarifləndirilməsi üçün platforma

Dövlət ittihamçısının təhqiramiz ritorikası: pozulan yalnız məhkəmə iclasında qayda və etik davranış deyil

Analiz
Dövlət ittihamçısının təhqiramiz ritorikası: pozulan yalnız məhkəmə iclasında qayda və etik davranış deyil

“Abzas Media” işi üzrə həbsdə olan Azadlıq Radiosunun əməkdaşı Fərid Mehralızadə aprelin 29-u keçirilən məhkəmə prosesində dövlət ittihamçısı Rauf Malışovun onun ünvanına səsləndirdiyi “kloun” ifadəsinə görə üzr istəməsini tələb edib. O bildirib ki, hakimlər prokurorun belə davranışına göz yumsa, təhqirə görə üzr istənilməsə, buna uyğun cavabı olacaq: “Mən çıxışlarımda bənzətmə xarakterli ifadələrdən istifadə edə bilərəm, amma heç kimin şəxsiyyətini təhqir etmirəm. Sözümün arxasında da dayanıram. Buna baxmayaraq, prokuror Malışov məni təhqir edib. Tələb edirəm ki, buna görə məndən üzr istəsin. İstəməsə, məhkəmə də göz yumsa, mən də onun ünvanına gen-bol istifadə edəcəyəm”.

“Tribunat” prokurorun təqsirləndirilən şəxsə yönəltdiyi təhqiramiz ifadəni hüquqi müstəvidə təhlil edib və bu cür ritorikanın məhkəmə etikası və prosessual normalara uyğunluğunu araşdırıb.

Cinayət təqibi zamanı prokurorun rolu sadəcə ittiham irəli sürmək və onu müdafiə etməklə bitmir. O, prosesin obyektiv və ədalətli aparılmasına nəzarət edən əsas fiqurlardan biridir. Bu isə yalnız hüquqi prosedurlara riayətlə deyil, həm də insan ləyaqətinə hörmətlə həyata keçirilməlidir. BMT-nin prokurorların roluna dair təlimatında da göstərilib ki, prokurorlar qanuna uyğun olaraq öz vəzifələrini ədalətli, ardıcıl və operativ şəkildə yerinə yetirməli, insan ləyaqətinə hörmət etməli və onu qorumalıdır. 

Azərbaycan Respublikası Prokurorluğu İşçilərinin Etik Davranış Kodeksinin 3.2-ci bəndində isə açıq şəkildə yazılır ki, prokurorluq əməkdaşları vəzifələrini icra edərkən insanların hüquq və azadlıqlarına, xüsusilə də şərəf və ləyaqətlərinə zidd hərəkətlərə yol verə bilməzlər. Prokurorun ritorikası qanunun dili olmalıdır, şəxsi hücumların, emosional ifadələrin deyil. Kodeksin tələblərinin pozulması prokurorluq işçisinin intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır (36.1).

Bu yanaşma beynəlxalq sənədlərdə də əksini tapır. Azərbaycanın qoşulduğu Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt ləyaqəti azadlığın və ədalətin əsas şərti kimi tanıyır. Eyni prinsip Azərbaycan Konstitusiyasının 46-cı maddəsində təsbit olunub – dövlət hər bir şəxsin ləyaqətini qorumağa borcludur, istənilən formada alçaldılma yolverilməz sayılır.

Cinayət Prosessual Məcəllənin 13.1-ci maddəsi isə bu prinsipi məhkəmə prosesinə də aid edir: heç bir şəxsin, o cümlədən təqsirləndirilən şəxsin şərəf və ləyaqəti alçaldıla bilməz. Məcəllənin 84.7.1-ci maddəsinə əsasən dövlət ittihamçısı məhkəmə iclasında qaydaya riayət etməlidir. 310.2.9-cu maddəyə görə isə məhkəmə baxışında iştirak edən və ya məhkəmə iclasında olan bütün şəxslər təhqiredici və nalayiq ifadə və hərəkətlərdən...çəkinməlidir.

Prokurorun alçaldıcı ifadələri yalnız etik normanı pozmur – həm də hüququn mahiyyətinə, tərəflərin bərabərliyinə və ümumilikdə məhkəməyə ictimai etimada zərbə vurur.

Dövlət ittihamçısı R.Malışovun məhkəmə iclasında F.Mehralızadənin ünvanına səsləndirdiyi  “kloun” sözü,  təlxək sözünün ingilis dilində qarşılığını ifadə edir (clown).

Bu söz adətən komik və satirik nömrələr ifa edən sirk artistini ifadə edir. Bu ifadə bir şəxsin düşüncə və davranışlarını qeyri-ciddi, mənasız və məsxərə doğuracaq şəkildə təqdim etmək məqsədilə istifadə olunur. Bu mənada dövlət ittihamçısının jurnalistə dediyi bu ifadə onun cəmiyyətdəki nüfuzunu, etibarını və şərəfini alçaltmaq niyyəti daşıyır. 

Cinayət prosesinin iştirakçılarının təhqiramiz ifadələrinə məhkəmə tərəfindən müdaxilə edilməməsi isə daha ciddi nəticələrə gətirib çıxarır. Əgər məhkəmə alçaldıcı ritorikaya göz yumursa, bu, artıq prosesin qərəzsiz və ədalətli aparılmasına dair ciddi suallar doğurur. Hüquqi baxımdan isə bu, Cinayət Məcəlləsinin 289.1-ci maddəsində nəzərdə tutulan “məhkəmə baxışı iştirakçılarını təhqir etməklə məhkəməyə hörmətsizlik etmə” cinayət əməlinin tərkib əlamətlərini yaradır. Bu əməlin törədilməsi min manatadək cərimə, dörd yüz saatadək ictimai iş və ya altı ayadək azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilər.

Fərid Mehralızadənin prokurorun təhqiramiz ifadəsinə etiraz etməsi onun hüquqi cəhətdən əsaslandırılmış və konstitusion hüququnun müdafiəsidir. Onun prokurordan üzr tələb etməsi Azərbaycan qanunvericiliyində və ölkənin qoşulduğu beynəlxalq hüquq normalarında nəzərdə tutulan ləyaqət və insan hüquqlarının qorunmasına söykənir. Bu, həmçinin məhkəmə prosesinin ədalətli və obyektiv aparılmasına, hüquqi etimadın bərpasına xidmət edir. 

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Moris Fransaya qarşı işində qeyd edir ki, hüquqşünaslar, xüsusilə də dövlət vəzifəliləri, ifadə azadlığından istifadə edərkən ictimai maraq və şəxsi ləyaqət arasında balansı qorumağa borcludurlar. AİHM bu qərarda vurğulayır ki, hüquqi müzakirə zamanı ifadələrin sərtliyi bəzən qəbul oluna bilər, lakin şəxsi təhqir və ya alçaldıcı ritorika yolverilməzdir. Dövlət ittihamçısı Rauf Malışovun “kloun” ifadəsi bu balansı pozur və hüquqi etikadan kənara çıxır. “Hakimlərin və prokurorların demokratik cəmiyyətdə rolu” haqqında Bordo Bəyannaməsində qeyd olunur ki, prokurorlar və hakimlər öz vəzifələrini ədalətlə, qərəzsiz, obyektiv və ardıcıl şəkildə yerinə yetirməli, insan hüquqlarına hörmət etməli, onların qorunmasını təmin etməli və ədalət mühakiməsi sisteminin operativ və səmərəli işləməsinə səy göstərməlidirlər. 

“Tribunat”ın gəldiyi nəticəyə görə, məhkəmə proseslərində qarşılıqlı hörmət və etik davranış prinsipləri təkcə məhkəmə iclasında qayda və mədəni davranış məsələsi deyil, həm də ədalətli məhkəmə araşdırmasının əsas təminatlarından biridir. Prokurorun alçaldıcı ritorikası yalnız təqsirləndirilən şəxsin ləyaqətinə zərbə vurmur, eyni zamanda məhkəmə sisteminə olan ictimai etimadı da sarsıdır. Belə halların qarşısını almaq üçün hüquqi, etik və intizam məsuliyyəti mexanizmlərinin işlək və şəffaf olması vacibdir.


 

15 May, 2025