logo

Azərbaycanda hüququn aliliyinin gücləndirilməsi və vətəndaşların maarifləndirilməsi üçün platforma

Dövlətə xəyanətdə ittiham olunan tarixçinin dövlət hesabına vəkili…

Analiz
Dövlətə xəyanətdə ittiham olunan tarixçinin dövlət hesabına vəkili…

Bu ilin aprelin 16-da yayılan məlumatlara əsasən, Dövlət Təhlükəsizliyi Xidməti tarixçi Zahirəddin İbrahimovu həbs edib. İbrahimov dövlətə xəyanət də daxil olmaqla bir neçə cinayətdə ittiham edilir. Mövzuda maraq doğuran məqam Z.İbrahimovun dövlət hesabına təyin edilmiş vəkilinin açıqlamasıdır. Vəkil Səyyarə Əliyeva “OC Media”-ya açıqlamasında bildirib ki, o təqsirləndirilənin dindirilməsində iştirak edib və tarixçi Ermənistan Respublikasının qurumları ilə maddi maraq müqabilində əməkdaşlıq etdiyini etiraf edib. Jurnalistin işin detalları ilə bağlı suallarına cavabında vəkil bildirib ki, tarixçinin oğurlanması barədə heç nə bilmir, lakin onun həbs edilməsində hansısa etnik motiv mövcud deyil. “Onun haradansa oğurlandığını bilmirəm, amma dindirmə zamanı o, 2018, 2019 və 2020-ci illərdə etdiklərini etiraf edib, talışların hüquqlarından, talış təşkilatlarından, talışların hüquqlarının pozulmasından danışıb. O, axmaq şeylərdən danışıb (İbrahimovun talışlarla bağlı açıqlamalarına istinad edərək). Biz hamımız (sadəcə) azərbaycanlıyıq”, - deyə Əliyeva “OC Media”-ya bildirib. 

“Tribunat" vəkil Səyyarə Əliyevanın müdafiə etdiyi şəxsin cinayət işi ilə bağlı mediaya verdiyi açıqlamaların tərzi, onun ittiham olunduğu cinayət işinə münasibəti və bu zaman istifadə etdiyi leksikonu vəkillik fəaliyyətinə dair normaların işığında analiz edib. 

Konstitusiyanın 61-ci maddəsinə əsasən, hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ var. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanuna əsasən, vəkil “hüquqi yardımın göstərilməsi üçün müraciət etmiş şəxsin maraqlarına zidd və hüquqlarının həyata keçirilməsinə mane olan hər hansı hərəkəti, müdafiəçisi olduğu şəxsin mənafeyinə zidd olaraq onun törədilmiş cinayətlə əlaqəsini və təqsirini təsdiq etməməli, … müdafiəsinə yönəlmiş şikayəti geri götürməməli, mənafeyi təmsil edilən və ya müdafiə edilən şəxsin icazəsi olmadan hüquqi yardımın göstərilməsi ilə əlaqədar ona məlum olan faktları və sənədləri …yaymamalıdır”. O cümlədən, vəkil vəzifələrini həyata keçirərkən vəkil etikası kimi müəyyən edilmiş “... hüquq müdafiə fəaliyyəti ilə bir araya sığmayan hərəkətlərə ..., insanın şərəf və ləyaqətini alçaldan kobud, təhqiramiz hərəkətlərə və sözlərə yol verməmək” kimi tələblərə riayət etməlidir. Vəkil etikasına aid digər tələblər “Vəkillərin davranış qaydaları haqqında” Əsasnamədə təsbit edilir. Vəkil ona müraciət etmiş şəxsə münasibətdə vicdanlı davranış, loyallıq, konfidensiallıq və mədəni davranış nümayiş etdirməlidir. Bu cür tələblərin yerinə yetirilməməsi vəkilin intizam məsuliyyətinə cəlb edilməsi və hətta Kollegiya üzvlüyündən xaric edilməsinə səbəb ola bilər.

Eyni zamanda, cinayət işi çərçivəsində vəkilin ona müraciət etmiş şəxs qarşısında öhdəlikləri Cinayət-Prosessual Məcəllədə öz əksini tapır. Məcəllənin 92-ci maddəsinə əsasən, vəkilə “müdafiə etdiyi şəxsin qanuni mənafeyinə zidd olaraq hər hansı hərəkəti etmək, o cümlədən onun törədilmiş cinayətlə əlaqəsini və təqsirini təsdiq etmək” qadağan edilir.  Habelə, vəkilə şübhəli və ya təqsirləndirilən şəxsin hadisə ilə əlaqəsi, cinayət törətməkdə təqsiri olduğunu elan etmək və müdafiə tərəfin seçdiyi mövqe üzrə hərəkət etməmək qadağandır. Bu halda sözügedən Məcəllənin 114-cü maddəsinə əsasən, təqsirləndirilən şəxsin vəkilə etiraz etmək hüququ yaranır.

Zahirəddin İbrahimovun təqsirləndirildiyi cinayət işində təyinatlı vəkil S.Əliyevanın mediaya açıqlaması qanunvericiliyə əsasən, onun vəkil kimi öhdəliklərinə və cinayət-prosessual qanunvericiliyinə ziddir. Vəkil təqsirləndirilənin hüquqlarını və qanuni mənafelərini keyfiyyətli şəkildə müdafiə etməkdənsə, öz açıqlamalarında İbrahimovun ona irəli sürülmüş ittihamla əlaqəsini və təqsirini təsdiq edib, həmçinin onun nümayəndəsi olduğu milli azlığın hüquqları ilə bağlı fikirlərini "axmaq" adlandırıb. Halbuki, yuxarıda istinad edilən prosessual qanunvericilik normaları vəkilə müdafiə etdiyi şəxsin qanuni mənafeyinə zidd hər hansı hərəkəti etməyi, o cümlədən onun törədilmiş cinayətlə əlaqəsini və təqsirini təsdiq etməyi birmənalı şəkildə qadağan edir. 

Vəkillər Kollegiyasının rəsmi portalında yer alan açıq məlumatlara əsasən, Səyyarə Əliyevanın 35 illik vəkil stajı var.  Belə uzun müddətli peşə təcrübəsinə malik vəkilin maraq və mənafelərini müdafiə etməli şəxs barədə qanundankənar və etik cəhətdən problemli fikirlər səsləndirməsi, onun peşəkar yararlılığına şübhə yaratmaqla bərabər, habelə istintaq orqanları ilə müdafiə mövqeyinə zidd əməkdaşlıq etdiyi ehtimalını və qanuni tələblərin əksinə olaraq müstəqil və qərəzsiz olmadığı qənaətini yaradır. Bir çox hallarda, təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunduğu üçün onun ictimaiyyətlə əlaqəsi əsasən vəkil vasitəsilə təmin edilir. Vəkilin birbaşa və bilavasitə funksiyası təqsiriləndiriləni yalnız məhkəmədə deyil, o cümlədən ictimaiyyət qarşısında müdafiə etməkdir. Zahirəddin İbrahimovun, onun ailə üzvlərinin və o cümlədən onun təmsil etdiyi Talış Mədəniyyət Mərkəzinin, Talış Milli-Mədəni Muxtariyyətinin təmsilçilərinin ittihama münasibəti hələlik məlum olmadığı halda, vəkilin tarixçinin özünü təqsirli bildiyini, Ermənistan xüsusi xidmət orqanları ilə maddi maraq müqabilində əməkdaşlıq etdiyini etiraf etdiyini bildirməsi cəmiyyətdə onun neqativ obrazının formalaşmasına xidmət edir. 

Digər tərəfdən, tarixçinin dövlətə xəyanətdə ittiham olunduğunu nəzərə alsaq, burada dövlət sirri təşkil edən hansısa məlumatların olduğu danılmazdır. Cinayət-Prosessual Məcəllənin 200-cü maddəsinə əsasən, cinayət prosesini həyata keçirən orqan, konkret halda isə İbrahimovun istintaqını aparan Dövlət Təhlükəsizliyi Xidməti dövlət sirrini təşkil edən məlumatların qorunması üçün tədbirlər görməlidir. Habelə, eyni Məcəllənin 222-ci maddəsinə əsasən, ibtidai araşdırma məlumatlarının yayılması, istisna halları çıxmaq şərtilə, qadağandır. Müstəntiqin vəkili ibtidai araşdırma məlumatlarının yayılmasının yolverilməzliyi barədə xəbərdarlıq edib-etməməsi barədə açıq mənbələrdə məlumat olmasa da,  xüsusilə ağır cinayət əməli hesab edilən dövlətə xəyanət ittihamında istintaq orqanı əməkdaşının cinayət prosesi iştirakçılarını, o cümlədən müdafiəçini yazılı xəbərdarlığı "unutması" şübhə doğurur. Ancaq bütün hallarda isə Əliyevanın regional mediaya verdiyi açıqlamasının ibtidai araşdırmanın maraqlarına zidd olması və cinayət prosesinin əsas iştirakçısı olan təqsirləndirilən şəxsin hüquq və qanuni mənafelərini pozması ortalıqdadır. 

Azərbaycanın cinayət qanunvericiliyi təhqiqat və ya ibtidai istintaq məlumatlarını yaymaya görə məsuliyyət nəzərdə tutur. Normaya əsasən qanunla xəbərdarlıq edilmiş şəxs, yəni bu kontekstdə vəkilin təhqiqatçının, müstəntiqin, prokurorun və ya məhkəmə nəzarəti funksiyasını həyata keçirən hakimin icazəsi olmadan təhqiqat və ya ibtidai istintaq məlumatlarını yayması qadağandır. Yayılma faktı ibtidai araşdırmanın aparılmasına mane olmalı və ya  maraqlı şəxsə mənəvi/maddi ziyan vurmalıdır. Səyyarə Əliyevanın açıqlamasının ibtidai araşdırmanın gedişinə nə qədər mane olduğunu müəyyən etmək çətin olsa da, bu açıqlamanın təqsirləndirilən şəxsi mənəvi baxımdan təsirləndirməsini istisna etmək olmaz.  

Başqa bir tərəfdən isə, vəkilin publik mülahizələri Z.İbrahimovun təqsirsizlik prezumpsiyasını zədələməklə, onun cinayəti törətməkdə şübhəli bilinməsinə dair həddi keçib. 

Dövlət hesabına göstərilən hüquqi yardımın keyfiyyəti ilə bağlı vaxtaşırı şikayətlər səslənir. Bu şikayətlər əsasən təyinatlı vəkillərin göstərdiyi hüquqi yardımın keyfiyyətinin qənaətbəxş olmaması, istintaq hərəkətlərində və məhkəmə iclaslarında iştiraklarının nominal xarakter daşıması və bəzi hallarda təqsirləndirilənin mənafelərinə zidd olaraq istintaqla əməkdaşlığı və s. əhatə edir. Bir qayda olaraq, professional jarqonda bu cür vəkillərə “paykavoy” (rus dilində olan пайковый sözünün azərbaycanca tələffüzünü əks etdirir, “payoka”, yəni, müəyyən müddətə və müəyyən sayda verilən azuqəyə aid sifətdir. Bu cür işlədilməsi vəkilin də dövlət hesabına verilməsini ehtiva edir – red.) ifadəsi işlədilir. Formal təmsil edilmə ilə bağlı həm siyasi, həm də digər işlərdə müttəhimlər və müqavilə üzrə vəkillər şikayətçi olurlar.  Təyinatlı vəkilliyin səbəb olduğu problemlərlə Vəkillər Kollegiyasının mübarizə apardığı bildirilsə də, Kollegiya bu cür müzakirələrin vəkillər arasında aparılmasının qeyri-məhsuldar olduğu fikrindədir. Halbuki, Vəkillər Kollegiyasına dövlət büdcəsindən yalnız 2024-cü ildə ayrılan vəsaitin az qala yarısı - 5 milyon 500 manat məhz dövlət hesabına işləyən vəkillərə yönləndirilib. Müqayisə üçün 2023-cü ildə bu məbləğ 4 999 982,10 manat, 2020-ci ildə isə 2 664 167,0 manat təşkil edib. 

Kollegiya rəsmiləri formal vəkilliklə mübarizə aparıldığını iddia etsə də və dövlət büdcəsinin səmərəli xərclənməsi üçün mexanizmlər mövcud olsa da, bu sahədə uğur hesab ediləcək əsas məsələ uzun illərdən sonra dövlət hesabına ödənilən hüquqi yardımın saatbaşı məbləğinin artırılmasıdır

Səyyarə Əliyeva keysi Azərbaycanda vəkillik institutunun müstəqil olmaması ilə bağlı mövzunu yenidən aktuallaşdırır. Yerli və beynəlxalq təşkilatlar, uyğun qanunvericilikdə Kollegiyanın qeyri-dövlət və müstəqil olduğunun nəzərdə tutulmasına baxmayaraq, onun fəaliyyətinin birmənalı olmadığı qənaətindədirlər. Beynəlxalq Vəkillər Kollegiyasının İnsan Hüquqları İnstitutunun 2021-ci ilə aid “Azərbaycanda Kollegiya və vəkillər” sərlövhəli hesabatında qurum yerli və beynəlxalq insan hüquqları təşkilatlarına istinad edərək milli Kollegiyanın müstəqil olmadığı qənaətinə gəlib. Bu,  Kollegiyanın hüquqi praktikaya monopoliyasının mövcudluğundan,  müstəqil vəkillərə qərəzli münasibətindən və hüquqi yardıma çatımlılığın aşağı səviyyədə olmasından qaynaqlanır. Vəkillərin maraqlarını təmsil edən qurumun müstəqilliyinin şübhə doğurduğu kontekstdə bütövlükdə təyinatlı vəkillyin səmərəli olmaması ilə bağlı qənaətlər geridönməz xarakter alır. Bu cür halların əksi siyasi məzmunlu cinayət işlərində özünü daha qabarıq əks etdirir. Cinayət prosesini həyata keçirən orqanlarla əməkdaşlıq edilmədiyi təqdirdə vəkillər təzyiqlə və Kollegiyadan çıxarılmaqla üzləşirlər. Bu presedentə aid Namazov qrupu işlərində Avropa İnsan Hüquqları Məhkəməsi Kollegiyanın üzvlüyündən çıxarılma praktikasının mütənasib olmadığını və Konvensiyanın 8-ci maddəsinin pozduğunu qeyd edib. Yerli və beynəlxalq insan hüquqları təşkilatları qərarların icrasının və Kollegiyanın islahatı ilə bağlı müddəaların yerinə yetirilməməsinin bilavasitə formal hüquqi yardıma yol açdığını vurğulayıblar

AİHM Qafqaz Məmmədov qrupu işlərində formal hüquqi təmsilçiliyin ərizəçilərin Konvensiyanın 6-cı maddəsi ilə qorunan hüquqi yardıma olan haqqını pozduğunu bildirib.

“Tribunat” bu nəticəyə gəlir ki, Zahirəddin İbrahimovun  təyinatlı vəkilinin onun təqsirləndirildiyi cinayət işiylə bağlı mediaya verdiyi açıqlamalar hansısa təcrid olunmuş, əlahiddə hadisə deyil, vəkillik institutu ilə əlaqədar sistematik problemlərin mövcudluğunun başqa bir təzahürüdür. Bu cür problemlər ölkədə insan hüquqlarının vəziyyətinin günü-gündən pisləşməsi fonunda özünü daha kəskin şəkildə göstərir və nəticə etibari ilə vəkillik haqda qanunvericiliyin və vəkil etikasının pozulması faktlarının siyahısı genişlənir. Son illər vəkillərin sayının artmasına, Kollegiyanın beynəlxalq əməkdaşlıq sahəsində əlaqələrinin yaranmasına baxmayaraq, vəkilləri birləşdirən yeganə təsisatın müstəqilliyi problemi dövlətin keyfiyyətli hüquqi yardımla bağlı konstitusion öhdəliyini təhlükəyə qoyur.  


 

DTX Rusiyada yaşayan talış tarixçini həbs edib; https://toplummedia.tv/olke/pdtx-rusiyada-yasayan-talis-tarixccedilini-hebs-edibp 

DTX Rusiya vətəndaşı olan talış tarixçisini Azərbaycana xəyanətdə ittiham edir; https://abzas.net/en/2025/4/dtx-rusiya-vtndas-olan-tal06e508fa-e/ 

Vəkil Səyyarə Əliyeva barədə məlumat; https://barassociation.az/lawyersearch?community=3&page=2&per-page=10 

Azerbaijan State Security Service kidnaps Russian citizen of Talysh origin; https://oc-media.org/azerbaijan-state-security-service-kidnaps-russian-citizen-of-talysh-origin/ 

Azərbaycan Respublikasının Konstitusiyası; https://e-qanun.az/framework/897 

Azərbaycan Respublikasının “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunu; https://e-qanun.az/framework/257#_edn71 

“Vəkillərin davranış qaydaları haqqında” Əsasnamə; https://barassociation.az/uploads/attachments/vekillerin_davranish_qaydalari_haqqinda_asasname_2245c0c648bbfbdaccc5ff171bd0a691.pdf 

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi; https://e-qanun.az/framework/46950 

Keçmiş MTN-nin “Eurovizion məhbusları”; https://arqument.az/az/kemis-mtn-nin-eurovizion-mehbuslar/javascript()

“VƏKİL OLDUĞUMA GÖRƏ ÇOX MƏNƏVİ ƏZAB ÇƏKİRƏM!”; https://www.facebook.com/100085855214128/videos/vəkil-olduğuma-görə-çox-mənəvi-əzab-çəkirəm-yenilənibramil-rüstəmov-daxili-işlər/1139644683402932/ 

“Azərbaycan Vəkili” jurnalı, 18-ci say; https://barassociation.az/uploads/journal/jurnal_xviii.pdf 

"Vəkillərin öz həmkarlarını müzakirəyə çıxarması yolverilməzdir" - Anar Bağırov; https://teleqraf.az/news/toplum/364612.html 

Ötən il dövlət hesabına göstərilən hüquqi yardımla əlaqədar vəkillərə 5 milyon 500 manat ödəniş edilib; https://serqqapisi.az/butun-xeberler/oten-il-dovlet-hesabina-gosterilen-huquqi-yardimla-elaqedar-vekillere-5-milyon-500-manat-odenis-edilib 

Dövlət hesabına göstərilən hüquqi yardıma görə vəkillərə nə qədər ödəniş edilib? - HESABAT: https://oxu.az/cemiyyet/dovlet-hesabina-gosterilen-huquqi-yardima-gore-vekillere-ne-qeder-odenis-edilib-hesabat

Bu il dövlət hesabına hüquqi yardım göstərən 973 vəkilin ödənişi təmin edilib; https://report.az/daxili-siyaset/bu-il-dovlet-hesabina-huquqi-yardim-gosteren-973-vekilin-odenisi-temin-edilib/ 

"Dövlət hesabına göstərilən hüquqi yardıma görə ödənilən vəsaitin artırılması vəkillər üçün stimul olar" - Anar Bağırov; https://www.e-huquq.az/az/news/vekillik/25321.html 

Vəkillər Kollegiyasının sədri: "Dövlət hesabına ayrılan vəsaitin xərclənməsi ciddi nəzarət altındadır"; https://pravda.az/news/124019

Vəkillərə dövlət hesabına ödənilən hüquqi yardımın məbləği artırılıb; https://oxu.az/siyaset/vekillere-dovlet-hesabina-odenilen-huquqi-yardimin-meblegi-artirilib 

International Bar Association Human Rights Institute, “The Bar and lawyers in Azerbaijan”; https://www.ibanet.org/document?id=IBAHRI-The-Bar-and-Lawyers-in-Azerbaijan-English 

Namazov qrupu işləri; https://hudoc.exec.coe.int/#{%22execidentifier%22:[%22004-55353%22]} 

Rule 9.2 - Communication from NGOs (Human Rights Advocacy Centre (EHRAC), International Partnership of Human Rights (IPHR) and the Baku-based Independent Lawyers Network (ILN)) (02/05/2024) concerning the group of cases Namazov v. Azerbaijan (Application No. 74354/13); https://hudoc.exec.coe.int/?i=DH-DD(2024)568E 

Qafqaz Məmmədov qrupu işləri; https://hudoc.exec.coe.int/eng?i=004-1743 

Amnesty International, “Azerbaijan: No sign of hope for the human rights situation in Azerbaijan: Systemic and serious breaches of human rights must be strongly condemned”; https://www.amnesty.org/en/documents/eur55/8963/2025/en/

7 May, 2025