Fikrət Cəfərlinin azadlıqdan məhrum edilməsi iki hüququn toqquşması kontekstində
Analiz
“İşgəncələr Əleyhinə Araşdırma Mərkəzi”nin rəhbəri, hüquq müdafiəçisi Fikrət Cəfərli 29 iyul 2025-ci ildə Binəqədi Rayon Məhkəməsinin hökmü ilə 4 ay müddətinə azadlıqdan məhrum edilib. O, Vəkillər Kollegiyasının İntizam Komissiyasının üzvü, vəkil Elvin Əliyevin Cinayət Məcəlləsinin (bundan sonra CM) 147.1-ci maddəsi ilə xüsusi ittiham qaydasında şikayəti əsasında azadlıqdan məhrum edilib.
Vəkilin iddiasına görə, F.Cəfərlinin rəhbərlik etdiyi Mərkəzin “Facebook” səhifəsində onun keçmiş müvəkkilinə istinadən yalan məlumat yayılıb.
Sözügedən paylaşımda məhkum Elvin Allahverdiyev Prezident İlham Əliyevə müraciət edərək, vəkil E.Əliyevi onu aldatmaqda ittiham edib. Allahverdiyev bildirib ki, vəkil qardaşından 10.500 (on min beş yüz) manat alaraq daha yüngül cəza vəd etsə də, nəticədə Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən 3 il azadlıqdan məhrum edilib. Elvin Allahverdiyev vəkilin həm müqavilədə daha az məbləğ göstərdiyini, həm də şikayət etməmələri üçün qardaşını hədələdiyini bildirir və dövlət başçısından bu məsələni araşdırmağı xahiş edir.
17 sentyabr 2025-ci ildə Bakı Apellyasiya Məhkəməsi F.Cəfərlinin apellyasiya şikayətini təmin etməyib və birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb.
“Tribunat” hüquq müdafiəçisinin azadlıqdan məhrum edilməsinin qanunauyğunluğunu araşdırıb.
Fikrət Cəfərlinin ittiham edildiyi CM-in 147.1-ci maddəsi böhtan cinayətini nəzərdə tutur. Bu normaya əsasən yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma pul cəriməsi, ictimai işlər, islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Hüquq müdafiəçisi azadlıqdan məhrum edilməmişdən əvvəl yerli mediaya ləkələyici məzmunda olduğu iddia edilən məlumatın, jurnalist Arzu Abdullanın “Facebook” səhifəsindən götürüldüyünü və yenidən paylaşıldığını bildirmişdi.
Həm A.Abdullanın, həm də “İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi”nin “Facebook” səhifələrinə nəzər yetirdikdə postun bu ilin aprelin 18-də jurnalist tərəfindən, 1 gün sonra - aprelin 19-da isə Mərkəzin səhifəsində paylaşıldığı məlum olur.
Azərbaycan Konstitusiyasının 50 və Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddələri məlumat və ideyaları almaq və yaymaq azadlığı da daxil olmaqla hər kəsin öz fikrini ifadə etmək azadlığı hüququna malik olduğunu bildirir.
Bu hüquq mütləq deyil və bir sıra legtim məqsədlərlə, o cümlədən də digər şəxslərin nüfuzu və ya hüquqlarının müdafiəsi məqsədi ilə məhdudlaşdırıla bilər.
Analiz edilən keysdə Konvensiyanın ifadə azadlığı hüququnu nəzərdə tutan 10-cu maddəsi ilə şəxsi və ailə həyatına hörmət hüququnu qoruyan 8-ci maddəsi toqquşur. İfadə azadlığı hüququ ilə şəxsi həyata hörmət hüququ balanslaşdırılarkən nəzərdə tutulan meyarlar aşağıdakılardır:
a) müzakirənin ictimai maraqlara xidmət edib-etməməsi;
b) diffamasiyaya yol verən şəxsin statusu;
c) diffamasiyaya məruz qalan şəxsin nə dərəcədə tanınması;
d) müzakirə olunan mövzu;
e) şəxsin əvvəlki davranışı, məlumatın əldə edilməsi üsulu və onun doğruluğu;
f) paylaşımın məzmunu, forması və nəticələri, tətbiq edilən sanksiyanın proporsionallığı.
“İşgəncələr Əleyhinə Araşdırma Mərkəzi”nin sosial şəbəkə səhifəsində edilən paylaşım vəkilin müştərisindən yalan vədlə pul alması, eyni zamanda onun öz müştərisini hədələməsi, vəkillik etikasnı pozması haqdadır. “Vəkillərin davranış qaydaları haqqında” Əsasnamənin 3.5-ci maddəsinə əsəsən, vəkil göstərdiyi hüquqi yardımın nəticəsi ilə əlaqədar vəd verməməlidir.
Azərbaycanda oxşar insidentlərlə bağlı vaxtaşırı məlumatların ictimailəşməsi paylaşımın ictimai maraqlara xidmət etdiyini göstərir.
Diffamasiyaya yol verdiyi iddia edilən şəxs - Fikrət Cəfərli QHT rəhbəridir. Onun rəhbərlik etdiyi Mərkəz “ictimai gözətçi” funksiyası yerinə yetirir və AİHM presedentlərində də vurğulandığı kimi qurumun fəaliyyəti mətbuatla eyni əhəmiyyətə malikdir. Mərkəz insan hüquqları pozuntularını ictimailəşdirir və insanlara hüquqi, psixoloji yardım göstərməklə məşğuldur. Mərkəz rəhbəri kimi onun bu paylaşımı “ictimai gözətçi” fəaliyyətlərinin sərhədləri daxilindədir.
Elvin Əliyev vəkil olmaqla yanaşı, həm də Vəkillər Kollegiyasının İntizam Komissiyasının üzvüdür. Onun Kollegiyada tutduğu mühüm vəzifə “tanınmış şəxs” kriteriyasına cavab verir.
Paylaşımın məzmunu və forması iddia məzmunludur və vəkil Əliyevin hazırda azadlıqdan məhrum edilmiş sabiq müştərisinin ölkə başçısına publik müraciətidir.
F.Cəfərli məlumatı jurnalist Arzu Abdullanın səhifəsindən götürdüyünü bildirir və iki sosial şəbəkədə qısa araşdırma da media təmsilçisinin ləkələyici məzmun olduğu iddia edilən məlumatı bir gün əvvəl paylaşdığını göstərir.
Binəqədi Rayon Məhkəməsi isə yalan və ya şübhəli bir məlumatın şəxs tərəfindən müstəqil şəkildə yenidən yayılmasının yeni bir yayım aktı olduğunu və yenidən paylaşmanın şəxsi məsuliyyətdən azad etmədiyini bildirib.
Məlumatın doğru olub-olmaması ilə bağlı hər hansı bir iddia irəli sürmək mümkün deyil. Məlumatın ictimailəşməsi hüquq mühafizə orqanlarını onu araşdırmağa məsul etsə də, buvaxtadək araşdırma aparılıb-aparılmaması və nəticəsi halda hər hansı rəsmi açıqlama verilməyib. Mərkəzin 4 iyul 2025-ci ildə “Facebook” səhifəsində yayılan bəyənatda bildirilib ki, məlumat onlara ilkin olaraq Elvin Allahverdiyevin həyat yoldaşı Əfsus Allahverdiyeva tərəfindən bildirilib. Bununla əlaqədar dövlət qurumlarına müraciət edilib. Ancaq məsələ ilə bağlı heç bir rəsmi araşdırma başladılmayıb.
Fikrət Cəfərlinin ittiham olunduğu maddənin ən ağır sanksiyası ilə cəzalandırılması onun proporsionallığı ilə bağlı ciddi suallar doğurur. 147-ci maddənin sanksiyasında pul cəriməsi, ictimai və islah işləri olsa da, hüquq müdafiəçisinə münasibətdə ən ağır - azadlıqdan məıhrum etmə cəzasının tətbiqi adekvat hesab edilə bilməz.
Bu, iki hüquq balanslaşdırılarkən kriteriyalara əməl edilib-edilməməsi ilə bağlı.
Digər tərəfdən, məlumat hüquq müdafiəçisinin öz profilində yox, “İşgəncələr Əleyhinə Araşdırma Mərkəzi”nin səhifəsində paylaşılıb. Paylaşımın məhz onun tərəfindən edildiyini təsdiq edən heç bir fakt yoxdur. Bu halda yerli qanunvericiliyin tələbinə əsasən Binəqədi Rayon Məhkəməsi işi icraata götürməkdən imtina etməli idi.
Belə ki, Ali Məhkəmənin “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Plenum Qərarına əsasən internet informasiya ehtiyatlarında təhqir və böhtan xarakterli məlumatı yaymış şəxs özünü bəlli etmədikdə, belə məlumatlar anonim şəkildə yayılmış məlumatlar hesab edilir. Məhkəmə bu şikayətləri Cinayət-Prosessual Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olmayan şikayət kimi qiymətləndirir. Onların yayılması ilə bağlı xüsusi ittiham qaydasında verilmiş şikayəti isə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında qərar qəbul edir (12-ci bənd).
Cinayət-Prosessual Məcəllənin sözügedən 293.3. və 293.3.3-cü maddələrinə əsasən də böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda haqqında şikayət verilən əməlin kim tərəfindən törədilməsi və məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi göstərilməlidir.
AİHK-in 10-cu maddəsi üzrə Bələdçidə qeyd olunur ki, mətbuatla bağlı cinayətə görə azadlıqdan məhrumetmə cəzası yalnız istisna hallarda - məsələn, digər fundamental hüquqlar ciddi şəkildə pozulduqda, xüsusilə də nifrət nitqi və ya zorakılığa təhrik hallarında - ifadə azadlığı ilə uyğun hesab oluna bilər. Eyni zamanda, diffamasiya hallarında cinayət təqibinə müraciətdə ölçülülük prinsipi yalnız jurnalistlərə deyil, bütün şəxslərə şamil edilir.
Beynəlxalq Heyvan Müdafiəçiləri Birləşmiş Krallığa qarşı işində AİHM bildirir ki, QHT ictimai maraq doğuran məsələlərə diqqəti cəlb edərkən, mətbuatla eyni əhəmiyyətə malik “ictimai gözətçi” rolunu həyata keçirir (103-cü bənd).
Avropa Şurası Parlament Assambleyasının tövsiyə xarakterli 1577 saylı “Diffamasiyanın dekriminallaşdırılmasına doğru” qətnaməsində (4 oktyabr 2007) üzv dövlətləri böhtana görə azadlıqdan məhrumetmə cəzasını ləğv etməyə çağırır.
“Tribunat”ın gəldiyi qənaətə görə, Fikrət Cəfərlinin böhtan cinayətinə görə azadlıqdan məhrum edilməsi AİHM presedentlərinə əsasən “zəruri” məhdudiyyətin qoyulması hüdudlarından kənara çıxır, qeyri-mütənasibdir və Konvensiyanın 10-cu maddəsinin pozuntusudur.
Fikrət Cəfərli həbs olunub, https://toplummedia.tv/mehkeme/pfikret-ceferli-hebs-olunubp
Hüquq müdafiəçisi Fikrət Cəfərlinin məhkəməsi 22.07.2025, https://youtu.be/VUcQkUZ031I?si=OnkQu5QUz-izBznW
Azərbaycan Respublikasının Cinayət Məcəlləsi, https://e-qanun.az/framework/46947
Binəqədi Rayon Məhkəməsinin hökmü, https://e-mehkeme.gov.az/signed/ShowPdf?guid=12becce91289453484d49108551a39d6.pdf
Arzu Abdulla tərəfindən müraciət postu, https://www.facebook.com/share/p/1G61Cq79nB/
“İşgəncələr Əleyhinə Araşdırma Mərkəzi”nin eyni müraciətlə bağlı paylaşımı, https://www.facebook.com/share/p/1JEEFvRCET/
Azərbaycan Respublikasının Konstitusiyası, https://e-qanun.az/framework/897#_ednref23
İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya, https://e-qanun.az/framework/1405
AİHK-in 8-ci maddəsi üzrə Təlimat, https://globalfreedomofexpression.columbia.edu/wp-content/uploads/2020/11/Guide-to-Art.-8-of-the-ECtHR-COE-and-ECtHR.pdf
Vəkillərin İntizam Komissiyası, https://barassociation.az/discipline
AİHK-in 10-cu maddəsi üzrə Təlimat, https://rm.coe.int/guide-on-article-10-freedom-of-expression-eng/native/1680ad61d6
AİHM Beynəlxalq Heyvan Müdafiəçiləri Birləşmiş Krallığa qarşı işi, https://hudoc.echr.coe.int/eng?i=001-119244
Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenum Qərarı, https://e-qanun.az/framework/47295
Cinayət-Prosessual Məcəllə, https://e-qanun.az/framework/46950
AŞPA-nın 1577 saylı “Diffamasiyanın dekriminallaşdırılmasına doğru” qətnaməsi, https://assembly.coe.int/nw/xml/XRef/Xref-XML2HTML-en.asp?fileid=17588
Məhkəmə Fikrət Cəfərli barəsində qərar verdi, https://qaynarinfo.az/mehkeme-fikret-ceferli-baresinde-qerar-verdi-2
“İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi”nin bəyanatı, https://www.facebook.com/share/p/19Zazh368Q/