Penitensiar müəssisələrdə videozəng qadağası nə dərəcədə qanunauyğundur? Analiz

Penitensiar müəssisələrdə videozəng qadağası nə dərəcədə qanunauyğundur?

30 Yanvar, 2026
22 baxış
“İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının üzvü Möhyəddin Orucovun cəzaçəkmə müəssisəsində sistematik təzyiqlərə məruz qaldığı bildirilir.  Vəkili Nazim Musayev “Azadlıq Radiosu”na bildirib ki, Möhyəddin Orucov videozəng vasitəsilə danışarkən ailəsi ekran görüntüsünü çəkərək sosial şəbəkələrdə paylaşıb. Müəssisə rəhbərliyi Möhyəddin Orucovu həmin paylaşım səbəbindən tənbeh edib. Möhyəddin Orucov bundan xəbərsiz olduğunu bildirsə də rəhbərlik digər dustaqlara da görüntülü danışıq qadağası qoyub və bunu Möhyəddinə görə etdiyini bildirib. Vəkil məsələ ilə bağlı müəssisə rəhbərliyinə və Ədliyyə Nazirliyinə müraciət etsə də, iddialarla bağlı rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.Bakı Ağır Cinayətlər Məkəməsinin qərarı ilə 2025-ci il fevralın 25-də 3 il azadlıqdan məhrum edilən Orucov Cinayət...

“İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının üzvü Möhyəddin Orucovun cəzaçəkmə müəssisəsində sistematik təzyiqlərə məruz qaldığı bildirilir.  Vəkili Nazim Musayev “Azadlıq Radiosu”na bildirib ki, Möhyəddin Orucov videozəng vasitəsilə danışarkən ailəsi ekran görüntüsünü çəkərək sosial şəbəkələrdə paylaşıb. Müəssisə rəhbərliyi Möhyəddin Orucovu həmin paylaşım səbəbindən tənbeh edib. Möhyəddin Orucov bundan xəbərsiz olduğunu bildirsə də rəhbərlik digər dustaqlara da görüntülü danışıq qadağası qoyub və bunu Möhyəddinə görə etdiyini bildirib. Vəkil məsələ ilə bağlı müəssisə rəhbərliyinə və Ədliyyə Nazirliyinə müraciət etsə də, iddialarla bağlı rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Bakı Ağır Cinayətlər Məkəməsinin qərarı ilə 2025-ci il fevralın 25-də 3 il azadlıqdan məhrum edilən Orucov Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) ittiham edilsə də, özü və yaxınları ittihamı qəbul etmir, həbsinin əmək hüquqlarının müdafiəsindən irəli gəldiyini və siyasi motivli olduğunu bildirir

“Tribunat” Möhyəddin Orucova münasibətdə məhdudiyyətlərin qanunauyğun olub-olmadığını araşdırıb..
“Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Qanunun göstərişinə əsasən, Orucov məhkum olunmuş şəxs hesab edilir. Cəzaların İcrası Məcəlləsinin (bundan sonra, CİM) 84-cü maddəsinə əsasən, müəyyən müddətə azadlıqdan məhrum edilmiş şəxslər həftədə iki dəfə videogörüş keçirmək hüququna malikdirlər. Həmçinin, müstəsna hallarda məhkumun xahişi ilə cəzaçəkmə müəssisəsinin müdiriyyəti ona əlavə telefon danışığına və ya videogörüşə icazə verə bilər. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada telefonla danışmaq və ya videogörüş keçirmək məhkumun seçimi əsasında həyata keçirilir. Videogörüş digər məhkumlardan təcrid olunmuş şəraitdə xüsusi otaqda təşkil olunur.

Tövsiyə xarakteri daşıyan və yerli penitensiar qanunvericiliyin hazırlanmasında istifadə olunan Avropa Penitensiar Qaydalarının 24-cü bəndinə əsasən, məhbuslara mümkün qədər tez-tez öz ailələri, digər şəxslər və kənar təşkilatların nümayəndələri ilə poçt, telefon və yaxud digər əlaqə vasitələrinin köməyi ilə əlaqə saxlamasına, habelə göstərilən şəxslərin məhbuslara baş çəkməsinə icazə verilir. Qaydalar bəzi hallarda ünsiyyətə məhdudiyyət qoyula biləcəyini qeyd etsə də, “belə məhdudiyyətlər, məhkəmə tərəfindən müəyyən olunan xüsusi məhdudiyyətlər daxil olmaqla minimal əlaqə səviyyəsini saxlamalıdırlar”. Qaydaların Kommentariyasına əsasən, ünsiyyət ənənəvi olaraq məktub, telefon zəngi və ziyarətlər formasında baş tutsa da, penitensiar qurumlar müasir texnologiyaların ünsiyyət üçün yeni üsullar təklif etdiyini nəzərə almalıdırlar. Texnologiya inkişaf etdikcə onların idarə edilməsi də asanlaşır və nəticədə onların təhlükəsizliyə zərəri olmadan istifadə edilməsi də mümkün olur.

CİM-in göstərişlərindən aydın olur ki, videogörüşlər, bir qayda olaraq, konfidensial formada həyata keçirilir. Lakin 84.5-ci maddəyə əsasən, cinayət təqibinin, cəzanın icrası prosesində ictimai qaydanın, təhlükəsizliyin və rejim tələblərinin təmin edilməsi, yeni cinayətlərin və digər hüquqpozmaların törədilməsinin qarşısının alınması, onlardan zərər çəkmiş şəxslərin müdafiəsi zərurəti yarandıqda cəzaçəkmə müəssisəsinin müdiriyyətinin əsaslandırılmış qərarı ilə məhkumların telefon danışıqlarına və videogörüşlərinə nəzarət edilir. Bu əsasların Orucova şamil edilə bilməsinə dair əsaslı şübhələr mövcuddur. Barəsində qanuni qüvvəyə minmiş hökm mövcud olduğundan onun hərəkətlərinin zərar çəkmiş şəxslərin mənafelərinə zidd olması yaxud onun cinayət təqibinə məruz qalması mümkün görünmür. Digər tərəfdən, Orucovun davranışında penitensiar rejimin tələblərinin pozuntusu və hüquq pozuntularının qarşısının alınması elementi mövcud olsaydı, bu barədə əsaslandırılmış qərardan məlumat almaq mümkün olardı. Halbuki, penitensiar qurumun məsələyə dair hər hansısa bir qərarı və ya bildirişi kütləvi informasiya vasitələrində mövcud deyil.

Penitensiar müəssisələrdə rejim qaydalarını daha detallı şəkildə tənzimləyən Cəzaçəkmə müəssisələrinin Daxili İntizam Qaydalarının problemli tərəfi ondan ibarətdir ki, CİM-dən fərqli olaraq videogörüşlərə dair göstərişlər mövcud deyil. Habelə, CİM-lə uyğunsuzluq təşkil edən məqamlar mövcuddur. Məsələn, əgər CİM müəyyən müddətə məhkum edilmiş şəxslərin  həftədə iki dəfə telefon danışığı hüququnu tanıyırsa, Qaydaların 33-cü fəsili məhkumlara bu imkanı yalnız həftədə bir dəfə tanıyır. CİM videogörüşləri telefon danışıqları ilə analoji tənzimlədiyindən onların paralel müqayisəsi məqsədəuyğun olardı. Əgər CİM məhkumların ünsiyyətinə nəzarət tədbirini müstəsna hal kimi qəbul edirsə, Qaydaların 159-cu bəndi cəzaçəkmə müəssisəsinin işçi heyətinin məhkumların telefon danışıqlarına nəzarətini bir qayda olaraq nəzərdə tutur.

“Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun normativ hüquqi aktların kolliziyasını (uyğunsuzluğunu) tənzimləyən normalarının göstərişinə əsasən, CİM ilə Qaydalar arasında kolliziya mövcud olduqda CİM-in tənzimlənmələri tətbiq edilməlidir.
Bəs yerli qanunvericilik videogörüşlərə/telefon danışıqlarına məhdudiyyətlərin tətbiq edilməsinə dair nə bildirir? Və videogörüşdən ekran görüntüsünun yayılması bu cür məhdudiyyətlər üçün əsas təşkil edə bilərmi?
CİM-in 84.3-cü maddəsinə əsasən, tənbeh tədbiri kimi intizam və ya cərimə təcridxanalarında, kamera tipli otaqlarda və birnəfərlik kameralarda saxlanılan məhkumlara videogörüşə icazə verilməsi yalnız müstəsna hallarda mümkündür. CİM-in 107-ci maddəsi məhkumlara münasibətdə tənbeh tədbirlərini aşağıdakı kimi səciyyələndirir:
·       xəbərdarlıq;
·       töhmət;
·       cəzaçəkmə müəssisələrində və həbsxanalarda saxlanılan kişi məhkumları on beş günədək, qadın məhkumları isə on günədək müddətə cərimə təcridxanasına keçirmək;
·       xüsusi rejimli cəzaçəkmə müəssisələrində saxlanılan məhkumları adi yaşayış binalarından kamera tipli otaqlara keçirmək.

Bu tədbirlərən yalnız sonuncu ikisi penitensiar müəssisəyə əsas verir ki, məhkumun videogörüşlərinə məhdudiyyət tətbiq etsin. CİM-in 109.1-ci maddəsinə əsasən, tənbeh tədbirlərinin tətbiqi zamanı xətanın törədilmə şəraiti, məhkumun şəxsiyyəti və cəzanın çəkilməsi müddətindəki davranışı nəzərə alınır. Halbuki, Orucovun özünün məlumatı olmadan videogörüşdən ekran görüntüsünün yayılmasına görə videogörüşlərin məhdudlaşdırılması formasında tənbeh tədbirinin tətbiq edilməsi qeyri-mütənasibdir.
Bəs Orucovun videogörüşdən ekran görüntüsünün yayılması cəzanın icrası qaydalarının pozuntusu kimi təfsir edilə bilər? Müəyyən müddətdə azadlıqdan məhrum edilməsi halında cəzanın icrası qaydasını CİM və Qaydalar tənzimləyir. Bu barədə sadalanan normativ hüquqi aktlarda hər hansı göstəriş mövcud deyil. Lakin nəzərə alsaq ki, ekran görüntüsünün yayılması cinayət təqibinin, cəzanın icrası prosesində ictimai qaydanın, təhlükəsizliyin və rejim tələblərinin təmin edilməsinə, yeni cinayətlərin və digər hüquqpozmaların törədilməsinin qarşısının alınmasına, onlardan zərər çəkmiş şəxslərin müdafiəsinə xələl gətirmədiyindən bu formada tənbeh tədbirinin tətbiq edilməsinə əsas mövcud deyil. Habelə, Orucova münasibətdə tətbiq edilən videozəng məhdudiyyətin digər məhkumlara tətbiq edilməsi tənbeh tədbirlərinin şəxsiliyi prinsipinin kobud pozuntusudur.

Məhkumların görüş və ümumilikdə xarici aləmlə əlaqələrə dair hüquqlarının pozulması yerli penitensiar praktikada geniş yayılmış problemlərdən biridir. Beynəlxalq və yerli aktorlar tərəfindən də vurğulanan vəkillə konfidensial ünsiyyət hüququnun pozulması, məhkumların yaxınları ilə ünsiyyətinə yaradılan qeyri-qanuni məhdudiyyətlər, vəkillə telefon danışığına qoyulan qadağa, həbs olunmuş şəxsin ev heyvanı ilə görüşmək imkanının əsassız şəkildə məhdudlaşdırılması, məhkumun telefon danışıqlarına nəzarət edilməsi kimi problemləri “Tribunat” da əvvəllər araşdırıb. İşgəncələrin və qeyri-insani və ləyaqəti alçaldan rəftarın və ya cəzanın qarşısının alınması üzrə Avropa Komitəsinin 2022-ci ildə Azərbaycana etdiyi ad hoc səfərinin Hesabatında videogörüşlərin həyata keçirilməsi imkanın təqdim edilməsini müsbət addım kimi qarşılasa da, görüşlərin həyata keçirilməsi qaydalarının təkmilləşdirilməsini, görüşlərin fərdi risk və ehtiyac qiymətləndirilməsinin mütəmadi təşkil edilməsini, məhkumların kateqoriyası və rejimindən asılı olmayaraq həftədə ən azı bir saat ekvivaletində görüşün təmin edilməsinin əhəmiyyətini vurğulayıb. İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) nəzdində fəaliyyət göstərən İşgəncələr Əleyhinə Milli Preventiv Mexanizmin Fəaliyyətinə dair 2023-cü il üzrə Hesabatında da penitensiar müəssisələrdə görüşlərin həyata keçirilməsinə dair problemlər ümumi olaraq vurğulanıb, videogörüşlərin həyata keçirilməsi tənzimlənməsinin inkişaf etdirilməsi tövsiyə edilib.

Məhkumun xarici aləmlə əlaqə hüquqlarına məhdudiyyətin tətbiq edilməsi Avropa İnsan Hüquqları Konvensiyasının 8-ci maddəsi ilə mühafizə olunan hüquqlarının pozulmasına səbəb ola bilər. 8-ci maddəyə əsasən, hər kəs öz şəxsi və ailə həyatına, evinə və yazışma sirrinə hörmət hüququna malikdir. Milli təhlükəsizlik, ictimai asayiş və ölkənin iqtisadi rifah maraqları naminə, iğtişaş və ya cinayətin qarşısını almaq üçün, sağlamlığı, yaxud mənəviyyatı qorumaq üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan hallar istisna olmaqla, bu hüququn həyata keçirilməsinə dövlət hakimiyyəti orqanları tərəfindən müdaxiləyə yol verilmir.

Avropa İnsan Hüquqları Məhkəməsinin praktikasına əsasən, 8-ci maddənin təminatları məhkumların ailə həyatına şamil edilir. Dövlət qurumları məhkumların ailə həyatının təmin edilməsi üçün şərait yaratmalıdır. Bu, penitensiar qanunvericiliyin reabilitasiya, yəni, məhkum olunmuş şəxsin cəmiyyətə yenidən inteqrasiya edilməsi prinsipindən irəli gəlir (Xoroşenko Rusiyaya qarşı; §106, §§121-122). Məhkumların ünsiyyətinin bəzi aspektlərinə dair nəzarət tədbirləri Məhkəmə tərəfindən məqbul hesab edilsə də (Aliev Ukraynaya qarşı; §187), məhdudiyyətlərin tətbiq edilməsi zamanı məhkumun törətdiyi pozuntunun xarakteri və onun şəxsiyyəti nəzərə alınamlıdır (Hagyo Macarıstana qarşı; §84).

Ünsiyyətin metodlarına gəldikdə, Məhkəmə telefon zəngləri və ya videogörüşlər olmasından asılı olmayaraq azadlığın məhdudlaşdırılmasının şərtlərini nəzərə almaqla məhdudiyyətlərin tətbiq edilməsini məqbul hesab edib (Kiupersesku Rumıniyaya qarşı (no.3); §§104-111). Lakin məhdudiyyət tətbiq edilərkən Konvensiyanın 8-ci maddəsinin 2-ci bəndinin tələbləri və “demokratik cəmiyyətdə zəruriyyət” nəzərə alınmalıdır (Lebua Bolqarıstana qarşı; §62).

Yuxarıda qeyd edilənlərin işığında Orucovun videogörüşlərinə qoyulan məhdudiyyətin onun Konvensiyanın 8-ci maddəsi ilə qorunan hüquqlarını pozduğu qənaətinə gəlmək mümkündür. Yerli penitensiar qanunvericilik videogörüşlərə məhdudiyyətin qoyulması üçün bəlli əsaslar müəyyən edir – bunlar Orucovun nümunəsində keçərli deyil. Habelə, videogörüşdən ekran görüntüsünün yayılması milli təhlükəsizlik, ictimai asayiş və ya cinayətin qarşısının alınması üçün əhəmiyyətsiz olduğundan demokratik cəmiyyətdə zəruriyyətlə uyğunluq təşkil etmir.

“Tribunat” yekun olaraq qeyd edir ki, Möhyəddin Orucova ailə üzvləri ilə videogörüşdən ekran görüntüsünün yayımlanması səbəbi ilə videogörüşlərə qadağa qoyulması yerli penitensiar qanunvericiliyi ilə uyğunsuzluq təşkil edir. Tənbeh tədbiri kimi məhkum olunmuş şəxsin xarici aləmlə əlaqələrinin məhdudlaşdırılması qanunvericiliklə bəlli edilən çərçivədə mümkündür və hazırkı keys bu çərçivələrdən kənara çıxır. Bu cür məhduddiyət, Orucovun, Avropa İnsan Hüquqları Konvensiyasının 8-ci maddəsi ilə mühafizə olunan şəxsi və ailə həyatına hörmət hüququnun pozuntusunu təşkil edir.


“Qazetçi” portalının “Facebook” hesabından paylaşım; https://www.facebook.com/photo?fbid=122158427324864647&set=a.122137805726864647Möhyəddin Orucovun həbsdə təzyiqlə üzləşdiyi deyilir; https://www.azadliq.org/a/mohyeddin-orucov-hokm-isci-masasi/33328005.html

Möhyəddin Orucov 3 il azadlıqdan məhrum edildi; https://toplummedia.tv/mehkeme/pmoumlhyeddin-orucov-3-il-azadliqdan-mehrum-edildip

  Azərbaycan Respublikasının Cinayət Məcəlləsi; https://e-qanun.az/framework/46947

  Institute for Peace and Democracy, List of Political Prisoners on 15 January 2026;  https://www.ipd-az.org/political-prisoners-on-15-january2026/

 Azərbaycan Respublikasının “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Qanunu; https://e-qanun.az/framework/23933

 Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi; https://e-qanun.az/framework/46951

Avropa Penitensiar Qaydaları; https://cdn.penalreform.org/wp-content/uploads/2021/09/PRI_Short-guide-to-the-European-Prison-Rules_WEB.pdf 

Avropa Penitensiar Qaydalarının Kommentariyası; https://rm.coe.int/european-prison-rules-978-92-871-5982-3/16806ab9ae 

  Cəzaçəkmə müəssisələrinin Daxili İntizam Qaydaları; https://e-qanun.az/version/4140

  Azərbaycan Respublikasının “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanunu; https://e-qanun.az/framework/21300

 İnzibati Həbs Olunanların Saxlanılma Mərkəzində konfidensial ünsiyyətin yeni “üsulu”; https://tribunat.info/analiz/inzibati-hebs-olunanlarin-saxlanilma-merkezinde-konfidensial-unsiyyetin-yeni-usulu

 Lənkəran Penitensiar Kompleksində jurnalistin yaxın qohumlarının məruz qaldıqları qanun pozuntuları; https://tribunat.info/analiz/lenkeran-penitensiar-kompleksinde-jurnalistin-yaxin-qohumlarinin-meruz-qaldiqlari-qanun-pozuntulari

Həbs edilmiş şəxsin vəkili ilə telefon danışığına qoyulan qadağa…; https://tribunat.info/analiz/hebs-edilmis-sexsin-vekili-ile-telefon-danisigina-qoyulan-qadaga

Həbsdə olan şəxsin itiylə görüşü problemi; https://tribunat.info/analiz/hebsde-olan-sexsin-itiyle-gorusu-problemi

 Məhkumun telefonla danışıqlarına nəzarət edilməsi onun hansı hüquqlarına qəsd edir?; https://tribunat.info/analiz/mehkumun-telefonla-danisiqlarina-nezaret-edilmesi-onun-hansi-huquqlarina-qesd-edir

 İşgəncələrin və qeyri-insani və ləyaqəti alçaldan rəftarın və ya cəzanın qarşısının alınması üzrə Avropa Komitəsinin 2022-ci ildə keçirilmiş ad hoc səfərinin Hesabatı; https://rm.coe.int/1680b08fa3

 İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) nəzdində fəaliyyət göstərən İşgəncələr Əleyhinə Milli Preventiv Mexanizmin Fəaliyyətinə dair 2023-cü il üzrə Hesabatı; https://ombudsman.az/storage/0Fryp1IVWwZyrcXKg82Mv43uxEp58sfC7HWI3Nii.pdf

Avropa İnsan Hüquqları Konvensiyası; https://www.echr.coe.int/documents/d/echr/convention_aze

 Xoroşenko Rusiyaya qarşı; https://hudoc.echr.coe.int/eng?i=001-156006

Aliev Ukraynaya qarşı; https://hudoc.echr.coe.int/eng?i=001-61063

 Hagyo Macarıstana qarşı; https://hudoc.echr.coe.int/eng?i=001-118647

 Kiupersesku Rumıniyaya qarşı (no.3); https://hudoc.echr.coe.int/eng?i=001-200045

 Lebua Bolqarıstana qarşı; https://hudoc.echr.coe.int/fre?i=001-177698

Etiketlər


Məqaləni paylaş