logo

Azərbaycanda hüququn aliliyinin gücləndirilməsi və vətəndaşların maarifləndirilməsi üçün platforma

Həbsdə olan jurnalistə nikah qadağası

Analiz
Həbsdə olan jurnalistə nikah qadağası

“Meydan TV” işi üzrə həbs edilən və Bakı İstintaq Təcridxanasında saxlanılan jurnalist Aytac Tapdıq istintaq orqanının - Bakı Şəhər Baş Polis İdarəsinin ona yaratdığı problemdən şikayətlənir. Jurnalistin sözlərinə görə, müvafiq formada müraciət etməsinə baxmayaraq, istintaq ona nikaha daxil olmaq üçün əngəl yaradır. Aytac Tapdıq bildirir ki, bu ilin yanvarında ərizə yazmasına və istintaqın ilk ərəfələrdə razılıq verməsinə baxmayaraq, sonradan onun nikaha daxil olmasından şifahi şəkildə imtina edilib.

“Tribunat” bu imtinanın qanunauyğunluğunu araşdırıb.

Azərbaycan Konstitusiyasının 33-cü maddəsi hər kəs üçün nikah hüququnu tanıyır. Nikah üçün əsas tələblər qanunla müəyyən edilmiş həddi-büluq yaşına çatma və könüllülük prinsipidir. Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Qanunun 15-ci və “İstintaq təcridxanalarının  daxili intizam Qaydaları”nın 8.1.26 və 29.1-ci maddələri tutulan şəxslərin nikah bağlamaq, habelə, digər ailə-hüquq münasibətlərinə iştirak etmək hüququnu ehtiva edir. Qaydaların hazırlanması zamanı istifadə olunan, mətndə birbaşa istinad edilən və qeyri-məcburi xarakter daşıyan Avropa Penitensiar Qaydaları spesifik olaraq nikah barədə tövsiyələr verməsə də, hazırki keys üçün bir neçə vacib prinsipi vurğulayır. Hər bir həbs edilənin şəxsi həyatına və seçimlərinə hörmətlə yanaşılmalıdır, kənar dünya ilə əlaqələri ixtiyari formada kəsilməməlidir, səlahiyyətli qurumlar hüquqların həyata keçirilməsinə əsassız məhdudiyyətlər tətbiq etməməlidirlər. 

Beləliklə, nə Qanunda, nə də Qaydalarda həddi-büluğa çatmış və könüllü əsaslarla nikaha daxil olmaq istəyən şəxslər üçün məhdudiyyətlər nəzərdə tutulub. 

Nikahın bağlanmasını tənzimləyən sahəvi qanunvericilik, Ailə Məcəlləsinə əsasən isə, nikaha daxil olmaq istəyən şəxslər yazılı şəkildə vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını həyata keçirən orqana müraciət edirlər. Müraciətin edilməsindən əlavə, şəxslər bir neçə zöhrəvi xəstəlikləri əhatə edən tibbi müayinədən keçməlidirlər. Yazılı müraciətin edilməsindən 1 ay sonra nikah şəxslərin iştirakı ilə bağlanır. 

Burada müzakirə olunası digər məsələ müstəntiqin jurnalistə verdiyi şifahi imtinanın qanunauyğunluğudur. Nə adı yuxarıda çəkilən Qanunda, nə də Cinayət-Prosessual Məcəllədə nikaha daxil olmaq istəyən təqsirləndirilən şəxsin bu barədə müstəntiqi məlumatlandırmaq öhdəliyi nəzərdə tutulmayıb. Əksinə, belə müraciətlərə təqsirləndirilən şəxsin saxlandığı istintaq təcridxanasının müdiriyyəti tərəfindən baxılmalıdır. 

Üstəlik, CPM-in 120-ci maddəsinə əsasən, cinayət prosesini həyata keçirən orqan cinayət prosesində iştirak edən hər bir şəxsə hüquqlarının həyata keçirilməsinə imkan yaratmalıdır. 

Göründüyü kimi, cinayət prosesini həyata keçirən orqan və onun nümayəndəsi nəinki bu məsələyə müdaxilə üçün səlahiyyətlidir, əksinə o, təqsirləndirilən şəxsin hüquqlarının, o cümlədən də nikah hüququnun realizə olunmasına imkan yaratmağa borcludur.  

Söhbət istintaq praktikasında formalaşmış yanlış tendensiyadan - məhkəməyəqədərki icraatda təqsirləndirilən şəxsin hər hansı hüququnun həyata keçirilməsi üçün istintaq orqanının qeyri-rəsmi razılığının tələb olunmasından gedir.  Təqsirləndirilən şəxsin penitensiar müəssisədə cəmiyyətdən təcrid olunmuş halda saxlandığını nəzərə alsaq, bu cür qanundankənar praktika onun hüquqlarının icrasını cinayət prosesini həyata keçirən orqanın iradəsindən asılı hala salır.

Odur ki, Bakı Şəhər Baş Polis İdarəsinin “Meydan TV” işini araşdıran istintaq qrupunun üzvünün Aytac Tapdığın nikaha daxil olmasından şifahi imtinasının qanunauyğunluğu Cinayət-Prosessual Məcəlləsinin 91 və 449-cu maddələrinə əsasən məhkəmə nəzarəti qaydasında mübahisələndirilə bilər. İstinad edilən normalara əsasən təqsirləndirilən şəxsin müstəntiqin prosessual hərəkətlərindən (o cümlədən hərəkətsizliyindən) və qərarlarından məhkəməyə şikayət etmək hüququ var. 

Aytac Tapdığın keysi Avropa İnsan Hüquqları Konvensiyasının 8 və 12-ci maddələri ilə qorunan hüquqlarla bağlı məsələ qaldırır.  

“Tribunat” daha çox 12-ci maddəyə fokuslanır. 

Konvensiyanın 12-ci maddəsinə əsasən nikah yaşında olan kişi və qadınlar, ölkələrin yerli qanunvericiliyinə uyğun olaraq, nikaha daxil olmaq və ailə yaratmaq hüququna malikdirlər. Avropa İnsan Hüquqları Məhkəməsinin praktikasına əsasən, Hökumətin nikah hüququna dair geniş diskresion səlahiyyəti olmasına baxmayaraq, yerli qanunvericiliyin təsbit etdiyi məhdudiyyətlər legitim məqsədə xidmət etməlidir və ağlabatan olmalıdır (Odonhyu və digərləri Böyük Britaniyaya qarşı, §84).

Nikah hüququ Konvensiyada dolğun əks etdirilməsə də, Məhkəmə bir neçə işdə həbs yerlərində saxlanılan şəxslərin nikah məsələlərinə dair mövqeyini ifadə edib. Həbs yerində şəxsin azadlıq hüququnun məhdudlaşdırılması nikah hüququnun icrası üçün maneə kimi çıxış etməməlidir (Hamer Böyük Britaniyaya qarşı, Komissiya qərarı). 12-ci maddəyə əsasən, tutulan şəxslərin nikah məsələsi səlahiyyətli qurumların diskresion səlahiyyətinə tabe olsa da, maddə Hökumətlərdən həbs yerlərində olan şəxslərin nikahının tənzimlənməsi üçün ayrıca qanunvericiliyin və ya qaydaların qəbul edilməsini tələb etmir (Frazik Polşaya qarşı, §99). Həbs edilən şəxsin nikahına olan ixtiyari etiraz onun hüquqlarından yararlanmağına əhəmiyyətli şəkildə mane olaraq, ərizəçinin 12-ci maddə ilə qorunan hüquqlarını pozmuş olur (Yaremoviç Polşaya qarşı, §54).

Siyasi motivlərlə həbs edilmiş şəxslərin saxlandığı penitensiar müəssisədə nikah hüququna problem yaradılması ilk dəfə deyil ki baş verir. 2016-cı ildə xuliqanlıqla ittiham edilərək həbs edilən Azərbaycan Xalq Cəbhəsi Partiyasının Rəyasət Heyətinin üzvü, “Azadlıq” qəzetinin jurnalisti Seymur Həzinin ictimai-siyasi fəal Nigar Yaqublu ilə nikahına problem yaradılsa da, sonradan mövzunun ictimailəşməsi bu süni maneələrin aradan qaldırılmasına gətirib çıxardı və onlar nikaha daxil ola bildilər

"Tribunat"ın gəldiyi nəticəyə əsasən, jurnalist Aytac Tapdığın nikahı hüququna istintaq orqanı tərəfindən yaradılan məhdudiyyətlər onun Azərbaycan Konstitusiyası və Avropa Konvensiyası ilə qorunan hüquqlarının pozuntusunu yaradır. Yerli qanunvericlikdə cinayət prosesini həyata keçirən orqanın həbs edilmiş şəxsin nikah bağlamasına müdaxilə etməsi üçün hər hansı qanuni əsas yoxdur, həbs edilmiş şəxslərin hüquqlarının həyata keçrilməsinin istintaq orqanının razılığından asılı hala gətirilməsindən ibarət formalaşmış yalnış praktika bu hüquqların səmərəlilyinə problem yaradır.

Jurnalist Aytac Tapdıq: “İstintaq evlənməyimə icazə vermir”; https://toplummedia.tv/mehkeme/pjurnalist-aytac-tapdiq-ldquoistintaq-evlenmeyime-icaze-vermirrdquop 

Azərbaycan Respublikasının Konstitusiyası; https://e-qanun.az/framework/897

Azərbaycan Respublikasının “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Qanunu; https://e-qanun.az/framework/23933 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İstintaq təcridxanalarının daxili intizam Qaydalarının təsdiq edilməsi barədə” Qərarı; https://e-qanun.az/framework/33805 

Avropa Penitensiar Qaydaları; https://rm.coe.int/european-prison-rules-978-92-871-5982-3/16806ab9ae 

Azərbaycan Respublikasının Ailə Məcəlləsi; https://e-qanun.az/framework/46946 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişikliklərin edilməsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 17 oktyabr tarixli 1080-IVQD nömrəli Qanununun tətbiqi ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə” Qərarı; https://e-qanun.az/framework/29986 

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi; https://e-qanun.az/framework/46950 

Avropa İnsan Hüquqları Konvensiyası; https://www.echr.coe.int/documents/d/echr/convention_ENG 

Odonhyu və digərləri Böyük Britaniyaya qarşı; https://hudoc.echr.coe.int/eng?i=001-102266 

Hamer Böyük Britaniyaya qarşı; https://hudoc.echr.coe.int/eng?i=001-74593 

Frazik Polşaya qarşı; https://hudoc.echr.coe.int/eng?i=001-96453 

Yaremoviç Polşaya qarşı; https://hudoc.echr.coe.int/eng?i=001-96455 

Həbsxanada evlənən məhbus: Mən günahkar deyiləm – Video; https://oxu.az/kriminal/hebsxanada-evlenen-mehbus-men-gunahkar-deyilem-video 

Nigar Yaqublu: ''Seymur Həzi mənə dedi ki...'''; https://musavat.com/news/nigar-yaqublu-seymur-hezi-mene-dedi-ki_367224.html   

Rəsmi: Nigar Yaqublu və Seymur Həzinin nikahı "2 avqusta təyin edilib"; https://www.bbc.com/azeri/azerbaijan/2016/08/160801_hazi_yagublu_marriage 

24 May, 2025