İnzibati həbs olunanlar ancaq “Xəzər TV”-yə baxa bilir. Yeni açılmış penitensiar kompleksdə isə televizor problemi…
Analiz
“İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının sədri, hüquq müdafiəçisi kimi fəaliyyətinə görə 8 il azadlıqdan məhrum edilən Afiəddin Məmmədov Daxili İşlər Nazirliyinin (DİN) İnzibati həbs olunanların saxlanılma Mərkəzi və Penitensiar Xidmətə tabe olan istintaq təcridxanası və cəzaçəkmə müəssisəsində həbs edilən şəxslərin və məhkumların məlumat almaq hüququnun məhdudlaşdırıldığını qeyd edir.
O bildirib ki, İnzibati həbs olunanların saxlanılma Mərkəzində dövlət kanalı olan “AZTV”, “İctimal TV” və digər kanallara baxılmasına icazə yoxdur, baxılan kanala da, saat aralığına da müəssisənin növbətçi hissəsi qərar verir. İcazə verilən tək kanal “Xəzər TV”dır. Kanalın dəyişdirilməsini tələb etdikdə “bütün məhbuslar “Xəzər TV”-yə baxmaq istəyir” cavabını verirlər.
“1 saylı Bakı İstintaq Təcridxanasında məhbuslar aylıq 10 manat ödəyərək “ATV+” şəbəkəsinə qoşulub xarici kanallara baxa bilirlər. Amma 3 saylı Umbakı Penitensiar Kompleksində bu imkan yoxdur. Kompleksin qapalı rejimli hissəsində televiziya ümumiyyətlə təmin edilmir. İstintaq təcridxanası hissəsində isə yerli kanallarla yanaşı, Azərbaycanda yayım hüququ olmayan İran və Gürcüstan kanalları antenalar vasitəsilə göstərilir. Bu kanalların məhbuslara niyə izlədildiyi bəlli deyil”.
“Tribunat” azadlıqdan məhrum edilmiş hüquq müdafiəçisinin sözlərinə əsaslanaraq faktları ifadə azadlığı çərçivəsində analiz edib.
Konstitusiyanın 50-ci maddəsinə əsasən hər kəsin istədiyi məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı var.
“Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Qanun və İstintaq təcridxanalarının daxili intizam Qaydaları tutulmuş və ya həbs edilmiş şəxslərin televiziya proqramlarına baxmaq hüququnu tənzimləyir. Qaydaların 16.4-cü bəndinə əsasən kameralarda mərkəzləşdirilmiş qoşucu qurğu ilə idarə olunan televizorlar quraşdırılır. Televiziya proqramlarına baxış gün bölgüsü ilə müəyyən edilmiş yatma vaxtınadək müəyyən edilir.
Cəzaların İcra Məcəlləsinin 13-cü fəsli “Müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzalara məhkum olunmuş şəxslərlə tərbiyə işi”ni müəyyənləşdirir. Məcəlləyə əsasən, müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzalara məhkum olunmuş şəxslərlə tərbiyə işi aparılarkən mediadan, o cümlədən radio və televiziyadan, kinofilmlərə baxışdan istifadə edilir, kitabxanalar təşkil edilir.
Həm Cəzaçəkmə müəssisələrinin Daxili İntizam Qaydalarında, həm də İstintaq təcridxanalarının daxili intizam Qaydalarında qeyd olunub ki, televiziya verilişlərinə baxış məhkumlar və həbs olunmuş şəxslər üçün yerinə yetirilməsi məcburi olan gün bölgüsü ilə müəyyən edilmiş asudə vaxtlarda 4 saat, istirahət və bayram günlərində isə 6 saatdan artıq olmayan müddətə müəyyən edilir. Həmçinin televiziya verilişlərinə baxış proqramı tərbiyə işinin təşkili xidməti tərəfindən müəyyən edilir.
Cəzaçəkmə müəssisələrinin Daxili İntizam Qaydalarına əsasən zərurət yarandıqda, televiziya verilişlərinə baxılma müddəti müdiriyyətin icazəsi ilə 1 saatadək uzadıla bilər.
Bu qaydalardan göründüyü kimi, televiziya proqramlarına baxmaq hüququnun sadəcə bir kanal ilə məhdudlaşdırılması nə qaydalarda nə də Məcəllədə nəzərdə tutulub.
Afiəddin Məmmədovun sözlərinə görə məhkumların qəzet və jurnal əldə etmək imkanları da yoxdur. Halbuki, bu hüquq istinad edilən qanun və qaydalarda nəzərdə tutulub.
Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsi dövlət hakimiyyəti orqanları tərəfindən hər hansı maneə olmadan və dövlət sərhədlərindən asılı olmayaraq, məlumat və ideyaları almaq və yaymaq azadlığını nəzərdə tutur.
İşgəncələrin Qarşısının Alınması üzrə Avropa Komitəsi (CPT) 2008-ci ilin 8-12 dekabr tarixlərində Azərbaycana növbəti səfəri ilə bağlı hesabatında qeyd edib ki, həm məhkumlar, həm də heyət televiziya izləmək imkanının müəssisədəki gərginliyin əhəmiyyətli dərəcədə azalmasına səbəb olduğunu təsdiqləyib. Lakin bir çox məhkum televiziya izləməyə yalnız gündə 4 saat icazə verilməyindən şikayətlənib və nümayəndə heyəti televiziya verilişlərinə baxış vaxtının artırılması məsələsinə bir daha baxıla biləcəyi qənaətinə gəlib. Həmçinin hesabatda televiziya izləmək və kitab oxumağın zəif maddi şəraitlərin mənfi təsirini az da olsa yüngülləşdirdiyi müəyyən olunub.
Avropa Penitensiar Qaydaları ilə də müəyyən edilib ki, məhbuslar, ayrı-ayrı hallarda məhkəmə tərəfindən müəyyən müddətə konkret qadağa qoyulması halları istisna olmaqla, müntəzəm olaraq dövrü və digər nəşrlərə abunə olmaqla və ya qəzet oxumaqla, habelə radio və televiziyadan müntəzəm olaraq ictimai hadisələr barədə məlumat almaq imkanına malik olmalıdırlar. Lakin A.Məmmədovun sözlərinə istinad etsək, görərik ki, həbs edilmiş şəxslərin və məhkumların hər hansı bir səbəb göstərilmədən sadəcə bir kanala baxmağa məcbur edilməklə yaxud da ümumiyyətlə televizyadan istifadəyə imkina verilməməklə məlumat almaq hüquqlarına müdaxilə edilir, qəzet və jurnal əldə etmək şansları isə məhduddur.
Halbuki, Umbakı Penitensiar Kompleksdə yaradılan şəraitlə bağlı 2023-cü ilin noyabr ayında yayılan rəsmi məlumatda qeyd edilib ki, məhkumların asudə vaxtlarının səmərəli təşkili məqsədilə zəruri ədəbiyyatla təchiz olunmuş kitabxana, televizor otağı quraşdırılıb.
Belə olan halda, azadlıqdan məhum edilmiş hüquq müdafiəçisinin “Kompleksin qapalı rejimli hissəsində televiziya ümumiyyətlə təmin edilmir” sözləri diqqəti cəlb edir.
A.Məmmədov hesab edir ki, bu sahədə qanunvericiliyə dəyişikliklərin edilməsi faydalı ola bilər; o, məhbuslara internetə məhdudlaşdırılmış çıxış imkanının yaradılması və bütün qəzet və jurnalların əlçatan satışının təmin olunması kimi təşəbbüsləri təklif edir. Bu təkliflər Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsinin kontekstində təhlil olunduqda görünür ki, Avropa İnsan Hüquqları Məhkəməsi həmin hüquqları ifadə azadlığı kimi tanıyıb və bu mövzuda bir sıra presedent qərarlar qəbul edib.
Buna misal olaraq, Kalda Estoniyaya qarşı işini göstərmək olar ki, AİHM əsaslandırmasında qeyd edib ki, 10-cu maddə bütövlükdə məhbusların internetə və ya konkret internet saytlarına girişini təmin etməkdən ibarət ümumi öhdəlik müəyyən edən maddə kimi şərh oluna bilməz. Lakin daxili qanunvericiliyin məhbusların internetə məhdud girişinə icazə verdiyini nəzərə alsaq, hüquqi məlumatların yer aldığı digər saytlara girişin məhdudlaşdırılması ərizəçinin məlumat almaq hüququna müdaxilə təşkil edib.
Həmçinin Ahmet Yıldırım Türkiyəyə qarşı işində də fikri ifadə etmək azadlığının həyata keçirilməsində internet səhifələrinin əhəmiyyəti barədə Məhkəmə xatırladır ki, çatımlılığı və böyük həcmdə məlumatı saxlamaq və yaymaq imkanı sayəsində internet səhifələri ictimaiyyətin gündəmə çıxışının yaxşılaşdırılmasına və ümumi olaraq, məlumatın ötürülməsinə böyük töhvə verir. 10-cu maddə yalnız məlumatın məzmununa deyil, həm də onun ötürülmə vasitələrinə aiddir, çünki onlara tətbiq edilən hər məhdudiyyət məlumatları almaq və ötürmək azadlığına toxunur
“Tribunat”ın gəldiyi qənaətə görə, məlumat almaq hər kəsin Konstitusiyada nəzərdə tutulmuş hüququdur və bu hüquq qanunsuz müdaxilə ilə məhdudlaşdırıla bilməz. Həbs edilmiş şəxslərin yalnız bir televiziyaya baxmağa məcbur edilməsi, penitensiar kompleksin qapalı rejimli hissəsində ümumiyyətlə təmin edilməməsi, qəzet və jurnallara çıxışlarının məhdud olması həm yerli qanunverciliyə, həm də Avropa İnsan Hüquqları Konvensiyasına ziddir. Həb edilmiş şəxslər və məhkumlar qəzet, jurnallar oxumaqla, qanunsuz məhdudiyyətlər qoyulmadan televiziya izləməklə ictimai hadisələr barədə məlumat almalıdırlar.
Azərbaycan Respublikasının Konstitusiyası; https://e-qanun.az/framework/897
Cəzaların İcra Məcəlləsi; https://e-qanun.az/framework/46951#_edn110
İstintaq təcridxanalarının daxili intizam Qaydaları; https://e-qanun.az/framework/33805
Cəzaçəkmə Müəssisələrinin Daxili İntizam Qaydaları; https://e-qanun.az/version/4140
Avropa İnsan Hüquqları Konvensiyası; https://www.echr.coe.int/documents/d/echr/convention_aze
“Azərbaycanda məhbusların media və informasiya hüquqlarının pozulması - həbsxanadan məktub” https://jam-news.net/az/az%C9%99rbaycan-h%C9%99bsxanalarinda-m%C9%99hbuslarin-media-v%C9%99-informasiya-huquqlarinin-pozulmasi-h%C9%99bsxanadan-m%C9%99ktub/
İşgəncələrin Qarşısının Alınması üzrə Avropa Komitəsi (CPT) 2008-ci ilin 8-12 dekabr tarixlərində Azərbaycana növbəti səfəri ilə bağlı hesabatı; https://www.refworld.org/reference/countryrep/coecpt/2009/en/70991
Avropa Penitensiar Qaydaları; https://justice.gov.az/categories/103
Yeni istifadəyə verilmiş Umbakı penitensiar kompleks ictimaiyyətə təqdim olunub
Kalda Estoniyaya qarşı AİHM qərarı; https://hudoc.echr.coe.int/eng#%7B%22itemid%22:[%22001-179032%22]%7D
Ahmet Yıldırım Türkiyəyə qarşı AİHM qərarı; https://hudoc.echr.coe.int/eng#%7B%22languageisocode%22:[%22AZE%22],%22appno%22:[%223111/10%22],%22itemid%22:[%22001-128097%22]%7D