İstifadə olunmayan nəqliyyat vasitəsi ünvanlı sosial yardımın verilməsindən imtinaya səbəb ola bilərmi?
Analiz
2021-ci ildə həbs edilmiş AXCP fəalı Aqil Hümbətovun həyat yoldaşı hökumət binaları qarşısında etiraz aksiyaları keçirərək, himayəsindəki üç azyaşlı uşaq üçün ona ünvanlı social yardım verilməsini tələb edir.
Bu barədə “Turan” İnformasiya Agentliyi məlumat verib.
Uşaqlarından biri autizm xəstəsi olan xanım Hümbətova onun üçün 272 (iki yüz yetmiş iki) manat müavinət alır və bu məbləğ dörd nəfərlik ailənin yaşaması üçün yeganə vəsaitdir. Xanım Hümbətova ünvanlı dövlət sosial yardımının alınması üçün müvafiq orqanlara müraciət etsə də, imtina cavabı aldığını bildirib.
“Turan”ın sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti yoxlama aparıldığını, nəticədə Hümbətovlar ailəsinin motosikleti olduğunu (həbsdə olan Aqil Hümbətova məxsus) və bu səbəbdən sosial yardımın verilməsindən imtina edildiyini bildirib.
Bəs nazirliyin mətbuat xidmətinin verdiyi cavabın hüquqi əsası varmı? Ünvanlı dövlət sosial yardımı nədir və kimlərə, hansı şərtlər altında verilə bilər?
“Tribunat” bu sualların cavabını araşdırıb.
“Ünvanlı dövlət sosial yardımı haqqında” Qanuna əsasən, ünvanlı dövlət sosial yardımı (ÜDSY) aztəminatlı ailələrə dövlət tərəfindən göstərilən pul yardımıdır.
Qanunun 3-cü maddəsində qeyd olunur ki, sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. Bu səbəblərə aşağıdakılar aiddir:
- ailə üzvlərinin əmək qabiliyyətsiz olması;
- ailənin əmək qabiliyyətli üzvünün orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə və ya 8 yaşına çatmamış uşağa qulluq etməsi;
- 23 yaşınadək əyani təhsil alması;
- Dövlət Məşğulluq Xidməti və onun yerli orqanlarında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması;
- vəfat etməsi;
- məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi;
- azadlıqdan məhrum edilməsi;
- ailə üzvünün olduğu yerin məlum olmaması.
“Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli 37 saylı Qərarında (bundan sonra Qaydalar) “ailənin əmək qabiliyyətli üzvünün “İşsizlikdən sığorta haqqında” Qanuna uyğun olaraq işsizlikdən sığorta ödənişi alması” da səbəb kimi qeyd olunub.
Bəs ehtiyac meyarı nədir?
“Ünvanlı dövlət sosial yardımı haqqında” Qanuna əsasən, ehtiyac meyarı - əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumundan asılı olaraq ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə dövlət büdcəsi ilə birgə hər il üçün təsdiq olunan həddir.
“Azərbaycan Respublikasında 2023-cü il üçün ehtiyac meyarının həddi haqqında” Qanuna əsasən, ölkədə hər bir nəfər üçün ehtiyac meyarının məbləği 246 (iki yüz qırx altı) manatdır.
Hümbətovlar ailəsində ana və 3 uşağa düşən ehtiyac meyarının ümumi məbləği 984 (doqquz yüz səksən dörd) manat təşkil etsə də, ailənin yeganə dolanacaq mənbəyi autizimli uşaq üçün verilən 272 manat müavinətdir. Aradakı 712 manatlıq kəskin fərq, ailədə 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsin olması və ailənin bir üzvünün azadlıqdan məhrum edilməsi, Hümbətovların ÜDSY almaq ehtiyacını göstərir.
Lakin adıçəkilən Qaydaların 3.7.4-cü bəndinə görə, ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olduqda sosial yardımın təyin olunmasından imtina olunur.
Eynilə Aqil Hümbətova məxsus motosiklet olması səbəbindən ailəyə imtina cavabı verilməsi kimi.
“Yol hərəkəti haqqında” Qanunun 1-ci maddəsinə əsasən, nəqliyyat vasitəsi — yolda hərəkət üçün konstruksiya imkanları olan və insan tərəfindən idarə edilən qurğu, habelə onun qoşqusudur. Həmçinin, həmin maddənin 26-cı hissəsində motosikletə “mühərriki olan ikitəkərli, arabalı və ya arabasız mexaniki nəqliyyat vasitəsi” kimi anlayış verilib.
Qaydalardakı tələbin bu qədər konkret olması və mövcud situasiyaya tətbiqinin nə dərəcədə uğurlu yanaşma olması mübahisə doğurur. Ehtimal ki, bu tələb onunla əlaqdardır ki, əgər ailə üzvlərindən birinə məxsus nəqliyyat vasitəsi varsa, həmin nəqliyyat vasitəsindən istifadəsindən əldə oluna biləcək mümkün gəlirlər ailənin aylıq gəlirini artıra bilər. Yanaşma müəyyən mənada haqlı sayıla bilsə də, bütün situasiyalar üçün uğurlu hesab edilə bilməz. Çünki faktiki olaraq Hümbətovlar ailəsində ailə başçısına məxsus nəqliyyat vasitəsi mövcud olsa da, şəxs azadlıqdan məhrum edildiyi üçün həmin nəqliyyat vasitəsini istifadə edə bilmir. Yəni, Aqil Hümbətova məxsus motosikletin mövcudluğuı həmin ailənin aylıq gəlirinə hər hansı bir müsbət təsir göstərmir.
Hümbətovlarla eyni və ya oxşar situasiyada olan kifayət qədər ailələrin olduğu, vətəndaşların faktiki olaraq dövlət yardımına ehtiyacı olsa da, bu və ya digər səbəblərdən həmin yardımı ala bilməməsi ÜDSY verilməsi əsaslarında boşluq və ziddiyyətlər olduğunu göstərir.
“Ünvanlı dövlət sosial yardımı haqqında” Qanunda bu yardımın aztəminatlı ailələrə dövlət tərəfindən göstərilən pul yardımı olduğu qeyd edilir. Qanunun 4-cü maddəsinə görə, sosial yardımın məqsədi aztəminatlı ailələrin sosial müdafiəsinin təmin edilməsindən ibarətdir. Ancaq Hümbətovlar ailəsi aztəminatlı ailələr qrupuna aid olmasına baxmayaraq, ailənin mülkiyyətində olan nəqliyyat vastəsi bu yardımın verilməsinə mane olur. Başqa sözlə, Qanunun müəyyən etdiyi aztəminatlı ailə anlayışının sərhədləri Qaydalarla məhdudlaşdırılır.
Konstitusiyanın 149-cu maddəsinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına və Azərbaycan Respublikası Prezidentinin fərmanlarına zidd olmamalıdır.
“Normativ hüquqi aktlar haqqında” Qanunun 2-ci maddəsində isə qeyd edilir ki, fərman və ya digər normativ hüquqi akt qanunla ziddiyyət təşkil etdikdə qanun tətbiq edilir.
Göründüyü kimi, Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” Qaydaları “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanunun müəyyən etdiyi aztəminatlı ailə anlayışını məhdudlaşdırır və mahiyyət etibari ilə onunla ziddiyyət təşkil edir.
Bu isə o deməkdir ki, kolliziya yarandıqda sözügedən yardımın verilməsində “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanunun tələbləri əsas götürülməlidir.
Çünki qanun daha üstün hüquqi qüvvəsi olan normativ hüquqi aktdır.
Eyni zamanda, Nazirlər Kabinetinin təsdiq etdiyi Qaydalara yenidən baxılmalı və həmin Qaydalar sosial yardımın verilməsi ilə bağlı qanunun tələbinə uyğun təkmilləşdirilməlidir.
-
Həbsdə olan Hümbətovun ailəsi motosikletə görə dövlət yardımından məhrum edilib,https://www.turan.az/ext/news/2023/9/free/Social/az/8699.htm
-
“Azərbaycan Respublikasında 2023-cü il üçün ehtiyac meyarının həddi haqqında” AR Qanunu, https://president.az/az/articles/view/58493
-
“Normativ hüquqi aktlar haqqında” Qanun, https://e-qanun.az/framework/21300 “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanun, https://e-qanun.az/framework/10854
-
“Yol hərəkəti haqqında” Qanun,https://e-qanun.az/framework/3423
“Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli Qərarı,https://e-qanun.az/framework/32084
Azərbaycan Konstitusiyası, https://e-qanun.az/framework/897