İstintaq təcridxanasında vəkil sənədlərinin yoxlanılması
Analiz“Abzas” işinə görə həbs olunan jurnalist Elnarə Qasımovanın vəkili Ayşə Abdel Qadir Bakı İstintaq Təxridxanasında əsassız olaraq sənədlərinə baxış keçirildiyini deyib.
Vəkil bildirib ki, “Mən onlara vəkilin sənədlərinin konfidensial olduğunu bildirdim, lakin buna məhəl qoymadılar, məni ayrı otağa saldılar və daha sonra sənədlərimdə Elnarənin qeydlər apardığını gördüklərini və buna görə sənədlərə baxmalı olduqlarını bildiriblər”.
“Tribunat” vəkilin vəzifəsini icra edərkən sənədlərinin yoxlanılmasının qanuniliyini araşdırıb.
Azərbaycanda siyasi məhbus hesab edilən şəxslərin vəkillərinin istintaq təcridxanalarına və cəzaçəkmə müəssisələrinə girişdə və çıxışda, müştəriləri ilə görüşdən əvvəl və sonra yoxlanılması və sənədlərinin təftiş edilməsi ilk dəfə deyil baş verir. Bundan əvvəllər də vaxtaxşırı belə məlumatlar yayılıb. (Mənbələrə bölməsinə bax)
Halbuki, yerli qanunvericilik bunu qadağan edir.
Jurnalist E.Qasımova hazırda təqsirləndirilən şəxs statusundadır, onun ittiham olunduğu cinayət işinin mahiyyəti üzrə məhkəmə dinləmələri keçirilməyib.
Bu isə o demıəkdir ki, Qasımova hələ ki məhkum olunmadığına və cəzaçəkmə müəssisəsində saxlanılmadığna görə, onun vəkilinə münasibətdə də Cəzaların İcrası Məcəlləsinin 75.5-ci maddəsi tətbiq edilə bilməz. Həmin norma (Cəzaçəkmə müəssisəsinin müdiriyyəti bu müəssisəyə daxil olan və çıxan şəxslərə, onların əşyalarına, nəqliyyat vasitələrinə baxış keçirmək hüququna malikdir) analiz edilən mövzu çərçivəsində nəzərdən keçirilə bilməz.
Başqa sözlə, Elnarə Qasımova və vəkilinin görüş və ünsiyyəti “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Qanun və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllə ilə tənzimlənir.
Hər iki qanunvericliik aktında vəkilin istintaq təcridxanasında sənədlərinə baxış keçirilməsi və yoxlamaya məruz qalması nəzərdə tutulmayıb.
Bunun əksinə olaraq “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Qanunun 19.1 və Cinayət-Prosessual Məcəlləsinin 92.9.2.-ci maddələri müdafiəçinin müvəkkili ilə konfidensial ünsiyyət saxlamaq hüququnu təsbit edir. Bu konfidensiallığa təbii ki, həm də bu iki prosessual fiqur arasındakı yazışmalar da daxildir.
“Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun 7-ci maddəsinin 3-cü bəndi isə peşə fəaliyyətinin həyata keçirilməsi zamanı vəkillər tərəfindən toplanılan sənədlərin (dosye) istintaq və məhkəmə orqanları tərəfindən tələb edilə və götürülə bilməzliyini təsbit edir.
Bu normanı hazıkı mövzuya şamil etsək, vəkil A.A.Qadirə məxsus sənədlərdə təqsirləndirilən jurnalist Elnarə Qasımovanın apardığı qeydlər vəkillik dosyesinə aid sənəddir və həmin sənədlərə də baxış keçirilə bilinməzdi.
“Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanun və və Vəkillərin Davranış Qaydaları haqqında Əsasnamə isə vəkilin üzərinə peşə sirrini qorumaq öhdəliyi qoyur.
Qanuna görə, vəkil müdafiə etdiyi şəxsin icazəsi olmadan hüquqi yardımın göstərilməsi ilə əlaqədar ona məlum olan fakt və sənədləri yaya bilməz.
Ancaq vəkil Ayşə Abdel Qadirin yerli mediadan sitatı onu göstərir ki, sənədlərə baxış keçirilməsi onun iradəsi xaricində baş verib.
Göründüyü kimi, jurnalistin vəkilinin sənədlərinin yoxlanılması və senzuraya məruz qoyulması vəkillik fəlaiyyətini tənzimləyən yerli normaların tələbləri ilə uzlaşmır.
Bu, vəkillik fəaliyyətini tənzimləyən beynəlxalq sənədlərə də ziddir. “Hüquqşünasların Rolu üzrə Əsas Prinsiplər” sənədinin 16-cı maddəsi hökumətlərin üzərinə vəkillər və onların müştəriləri arasında peşəkar münasibətləri çərçivəsində bütün ünsiyyət və məsləhətləşmələrin məxfiliyini tanımaq və hörmət etmək öhdəliyi qoyub.
“Hüquq Peşəsi üzrə Beynəlxalq Prinsiplər” sənədinin 4-cü maddəsinə əsasən isə “Qanun və/və ya qüvvədə olan peşəkar davranış qaydaları ilə başqa hal nəzərdə tutulmayıbsa və ya tələb olunmayıbsa, hüquqşünas hər zaman hazırkı və ya keçmiş müştərilərinin işləri ilə bağlı məxfiliyi qorumalı və ona təminat verməlidir”.
Avropa İnsan Hüquqları Konvensiyasının 8-ci maddəsinin 1-ci bəndində nəzərdə tutulmuş “yazışmaların” toxunulmazlığına hörmət hüququ ən müxtəlif situasiyalarda yazışmaların konfidensiallığının qorunması məqsədini daşıyır.
Bu anlayış, şəxsi xarakterli və ya peşə fəaliyyəti ilə əlaqədar olan məktubları da əhatə edir.
Strasburq Məhkəməsi “Niemietz Almaniyaya qarşı” işində (Ərizə no. 13710/88) vəkilin ofisində və ya evində axtarışın keçirilməsini şəxsi həyat hüququna müdaxilə hesab edib. Məhkəmə “şəxsi həyat” anlayışının peşəkar və ya işgüzar xarakterli fəaliyyətləri istisna etməsi üçün heç bir prinsipial əsas görmədiyini bildirib (§ 29).
“ANDRÉ və başqası Fransaya qarşı” işində (Ərizə no. 18603/03) isə Məhkəmə peşə sirrinin vəkil və müştəri arasında etimadın əsasını təşkil etdiyini və peşə sirrinin qorunmasının vəkilin müştərisinin özünü “ifşa etməmək” hüququnun nəticəsi olduğunu bildirib. Bu dövlət orqanlarının “ittiham olunan” şəxsin iradəsinə zidd olaraq məcburetmə və ya təzyiq üsulları ilə sübut əldə etməsindən çəkinməsi məqsədini güdür. Məhkəmə bildirib ki, peşəkar imtiyazın olması məhkəmə sisteminin fəaliyyəti üçün əsassdır və vəkilin şəxsi həyatına müdaxilə əlavə təminatlara məruz qalmaqla bərabər işin vəziyyətinə uyğun olaraq mütənasib və zəruri olmalıdır.
“Michaud Fransaya qarşı” işində (Ərizə no. 12323/11) də Məhkəmə qeyd edibki, 8-ci maddə “vəkil və müştəri arasında məxfiliyi daha gücləndirilmiş şəkildə qoruyur”.
Təqdim edilən presedent hüququndan istinadlar vəkil Ayşə Abdel Qadirin peşə borcunu yerinə yetirərkən Konvensiyanın 8-ci maddəsinin 1-ci bəndi ilə təsbit olunmuş şəxsi həyat və yazışmalarına hörmət etmək hüququna müdaxilə edildiyini nümayiş etdirir.
8-ci maddənin 2-ci bəndi şəxsi həyata və ailə həyatına hörmət hüququna müdaxilənin legitim məqsədlərini sadalayır. Bunlara milli təhlükəsizlik, ictimai asayiş və ölkənin iqtisadi rifah maraqları, iğtişaş və ya cinayətin qarşısını almaq, sağlamlığı, yaxud mənəviyyatı qorumaq və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə aiddir.
Müdaxilə qanunla nəzərdə tutulmuş olmalı və demokratik cəmiyyətdə zəruri olmalıdır.
Jurnalistin vəkilinin sənədlərinə baxış keçirlməsi və sənədlərin təftiş edilməsi isə yuxarıda sadalanan normalardan göründüyü kimi yerli qanunla nəzərdə tutulmayıb.
Müdaxilənin “qanunla nəzərdə tutulmadığı” qənaətinə gəlindiyi halda, bir qayda olaraq, 8-ci maddənin 2-ci bəndinin digər tələblərinə riayət edilib-edilmədiyini yoxlamaya ehtiyac duyulmur.
Elnarə Qasımovanın vəkili sənədlərinin məxfiliyinin pozulduğunu bildirib, https://turan.az/az/siyaset/elnare-qasimovanin-vekili-senedlerinin-mexfiliyinin-pozuldugunu-bildirib
Vəkil cəzaçəkmə müəssisəsini məhkəməyə verib, https://report.az/hadise/vekil-cezacekme-muessisesini-mehkemeye-verib/
16 saylı cəzaçəkmə müəssisəsində vəkil Nemət Kərimliyə qarşı zorakılıq edilib, https://mikroskopmedia.com/2019/09/20/16-sayli-c%C9%99zac%C9%99km%C9%99-mu%C9%99ssis%C9%99sind%C9%99-v%C9%99kil-nem%C9%99t-k%C9%99rimliy%C9%99-qarsi-zorakiliq-edilib/
Vəkilləri həbsxanada niyə və necə yoxlayırlar? https://musavat.com/news/vekilleri-hebsxanada-niye-ve-nece-yoxlayirlar_499148.html?d=1
https://e-qanun.az/framework/46950Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında Azərbaycan Respublikası Qanunu, https://e-qanun.az/framework/23933
Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi, https://e-qanun.az/framework/46950
Vəkillər və vəkillik haqqında Azərbaycan Respublikası Qanunu,https://frameworks.e-qanun.az/0/f_257.html
Basic Principles on the Role of Lawyers, 07 September 1990, https://www.ohchr.org/en/instruments-mechanisms/instruments/basic-principles-role-lawyers
IBA International Principles on Conduct for the Legal Profession, 28 May, 2011 https://www.icj.org/wp-content/uploads/2014/10/IBA_International_Principles_on_Conduct_for_the_legal_prof.pdf
Right to respect for private and family life, home and correspondence
Guide on Article 8 of the European Convention on Human Rights, Updated August 31, 2022, https://www.echr.coe.int/documents/d/echr/guide_art_8_eng
Case of Niemietz v Germany (Application no. 13710/88)
Case of Michaud v Fransa (Applocation no. 12323/11)
https://hudoc.echr.coe.int/#{%22tabview%22:[%22document%22],%22itemid%22:[%22001-128107%22]} (Azərbaycan dilində tərcümə)
CASE OF ANDRÉ AND ANOTHER v. FRANCE (Application no. 18603/03)