logo

Azərbaycanda hüququn aliliyinin gücləndirilməsi və vətəndaşların maarifləndirilməsi üçün platforma

Məhkəmədə “akvarium” qalmaqalı: Məhkəməyə hörmətsizlik yoxsa müdafiədə çəkindirici effekt?

Analiz
Məhkəmədə “akvarium” qalmaqalı: Məhkəməyə hörmətsizlik yoxsa müdafiədə çəkindirici effekt?

15 oktyabr 2024-cü ildə ictimai fəal Möhiyyədin Orucovun cinayət işi üzrə iclas keçirilib. İclasda Orucovun vəkili Nazim Musayev müdafiə etdiyi şəxsin hüquqlarının pozulması ilə bağlı Bakı Ağır Cinayətlər Məhkəməsinin sədrinə yazdığı məktubu oxuyub. Vəkil həmçinin məhkəmə iclası zamanı M.Orucovun şüşə qəfəsdə – “akvarium”da saxlanmasına etirazını bildirib.

Hakimlər vəkilin ‘’akvarium” sözünü işlətməsini həm “məhkəməyə hörmətsizlik”, həm də təqsirləndiriləni “alçaltma” kimi qiymətləndirərək, ondan Vəkillər Kollegiyasına şikayət edib.

“Tribunat” mövzunu analiz edib.

Cinayət Məcəlləsinin 289-cu maddəsinə əsasən məhkəmə baxışı iştirakçılarını təhqir etməklə məhkəməyə hörmətsizlik etmə cinayət məsuliyyəti yaradır. Maddənin birinci bəndi ilə nəzərdə tutulan əməl beş yüz manatdan min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni əməllər hakim barəsində törədildikdə isə min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır (289.2-ci bənd).

Bəs, vəkil Nazim Musayevin işlətdiyi “akvarium” ifadəsi məhkəməyə hörmətsizlik və yaxud da müdafiə etdiyi şəxsi alçaltma hesab oluna bilərmi?

Cinayət Məcəlləsinin elmi-praktiki kommentariyasında məhkəməyə hörmətsizlik etmənin konkret üsulla – təhqir etmədə ifadə olunduğu qeyd edilir. Başqa sözlə, həmin maddə ilə cinayət tərkibinin yaranması üçün məhkəmə baxışının bu və ya digər iştirakçısının şəxsiyyətinə ədəbsiz formada mənfi qiymət verilməli, onun şərəf və ləyaqəti alçaldılmalıdır. Təhqir etmə həm şifahi, həm də məhkəmə baxışı iştirakçısının əleyhinə yönəlmiş hərəkət formasında ola bilər.    

Azərbaycan dilinin izahlı lüğətində “akvarium” dedikdə, “su heyvanlarını və bitkilərini saxlamaq və çoxaltmaq üçün şüşə qab” və yaxud da “tədqiqat və ya nümayiş etdirmək üçün su heyvanları və bitkiləri saxlanan müəssisə” nəzərdə tutulur.

Ancaq “akvarium” istilahı məhkəmə iclaslarında təqsirləndirilən şəxslərin saxlanıldığı şüşə qəfəslərə (kabinələrə) verilən ad kimi də məhşurdur. Bu ifadəyə məhkəmə kazuslarında və ya qərar və yaxud da hüquqi məqalələrdə rast gəlinir. Məsələn, Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) presedentindən Mariya Alexina və Başqaları Rusiyaya qarşı işində (Ərizə no. 38004/12) belə qeyd olunub: “Ərizəçilər dinləmələrin aşağıdakı təsvirini təqdim etdilər. Məhkəmə boyu onlar şüşə divarları və ümumiyyətlə “akvarium” kimi tanınan qapısı sıx bağlanan qapalı hücrədə saxlanılıblar” (bax, qərarın 32-ci bəndi).

Məhkəmənin digər qərarında - Malai Moldovaya qarşı işində (Ərizə no. 7101/06) isə həm şikayətçi tərəf, həm də Hökumət saxlanma yeri ilə bağlı arqumentlərini təqdim edərkən “akvarium” sözündən istifadə ediblər (Bax: 8, 31 və 32-ci bəndlər).

Həmçinin, elə bu qərarlarda AİHM məhkəmə iclaslarında təqsirləndirilən şəxslərin bu tərz şüşə qəfəslərdə saxlanmasını pis rəftara məruz qalmamaq hüququnun pozuntusu olaraq tanıyıb.

Ümumiyyətlə, təqsirləndirilən şəxsin təkcə şüşə qəfəslərdə yox, həm də metal qəfəslərdə saxlanılması Avropa Məhkəməsinin yurisdiksiyasında pozuntu kimi tanınıb.  

Natiq Cəfərov Azərbaycana qarşı (Ərizə no. 64581/16) işində Məhkəmə bildirib ki, “şəxsin metal qəfəsdə saxlanmasının obyektiv alçaldıcı xarakterini nəzərə alaraq ərizəçinin məhkəməyəqədər həbsi ilə bağlı apellyasiya məhkəməsi zamanı metal qəfəsdə saxlanması onun ləyaqətini alçaldan rəftara bərabərdir” (bax, qərarın 40-ci bənd).

Göründüyü kimi, həm CM-nin 289-cu maddəsinin şərhi, həm də “akvarium” sözünün hüquqi mənbələrdə və məhkəmə qərarlarında geniş şəkildə istifadə olunan mənası vəkil Nazim Musayevin çıxışının məhkəməyə hörmətsizlik kimi qiymətləndirilməsini istisna edir.

Ümumiyyətlə isə, Bakı Ağır Cinayətlər Məhkəməsindəki məhkəmə kollegiyasının təkcə bu qənaətə gəlməsi yox, həmçinin məhkəməyə hörmətsizlik iddiası ilə bağlı müraciəti ünvanladığı qurumun özü belə suallar doğurur.

Bəllidir ki, CM-nin 289-cu maddəsi üzrə istintaq səlahiyyəti prezidentin 25 avqust 2000-ci il tarixli fərmanı ilə Ədliyyə Nazirliyinə həvalə edilib. Belədə isə vəkil barədə şikayət sözügedən sənədin tələbinə uyğun olaraq araşdırma aparılması üçün adıçəkilən nazirliyin istintaq idarəsinə göndərilməliydi.

Ancaq, Nazim Musayevin məhkəməyə hörmətsizlik etməsi iddiası ilə bağlı şikayətin Vəkillər Kollegiyasına ünvanlanması, onun üzvü olduğu qurum tərəfindən intizam məsuliyyətinə cəlb edilib, intizam tənbehinə məruz qoymaq, başqa sözlə, cəzalandırmaq niyyətinə xidmət edir.

Kollegiyanın İntizam Komissiyasının müstəqil şəkildə iddia edilən sözün məhkəmə baxışı iştirakçılarını təhqir etməklə məhkəməyə hörmətsizlik etmə olub-olmadığını müəyyən etməsi imkan xaricində olduğundan, onun intizam məsuliyyətinə əsas yaradacaq hər hansı bir rəyi bəribaşdan etibarsız görünür.

Bu mənada məsələnin daha geniş konteksti vəkillərin ifadə azadlığı və müdafiədə çəkindirici effekt yaratmaqla sıx şəkildə əlaqədardır.

Azərbaycan Konstitusiyasının 47.1-ci maddəsi hər kəsin fikir və söz azadlığını təsbit edir. Həm bu, həm də Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsi eləcə də vəkillərin ifadə azadlığını qoruyur. 

Xalid Bağırov Azərbaycana qarşı işində (Ərizə no. 81024/12 and 28198/15) Beynəlxalq Hüquqşünaslar Kommisiyası üçüncü tərəf olaraq qeyd edib ki, “bəzi dövlətlərdə insan hüquqlarının müdafiəsi üçün məhkəmə prosesləri əlçatmaz və ya səmərəsiz ola bilər. Belə şəraitdə vəkillərin öz müştərilərinin hüquqlarının müdafiəsində effektiv olması üçün onlara bəyanatlar daxil olmaqla digər ifadə formaları və ya məhkəmə prosesinin ciddi nəzarətindən kənarda baş verən digər fəaliyyətlərlə  məşğul olmaları lazım gələ bilər”(bax, 50-ci bənd).

Həmin qərərda Məhkəmə şikayətçinin vəkil olaraq ifadə azadlığının pozuntusunu təsbit edib. Həmçinin, Məhkəmə qeyd edib ki, öz presedentində “müdaxilənin nisbətliliyini qiymətləndirərkən, tətbiq olunan cəzaların mahiyyəti və ağırlığının da nəzərə alınmalı olan amillər olduğunu qeyd edib (bax: Mor, § 61, və Morice, § 175) və  artıq Vəkillər Kollegiyasından uzaqlaşdırmanın hüquqşünasların müdafiəçi  olaraq öz vəzifələrini yerinə yetirməsinə “çəkindirici təsir” göstərə biləcək sərt bir cəza kimi qəbul edilməsi lazım olduğunu müəyyən edib” (Bax: 83-cü bənd).

Namazov Azərbaycana qarşı işi (Ərizə no. 74354/13) üzrə qərarda isə qeyd edilib ki, “vəkillər peşəkar fəaliyyətlərini yerinə yetirərkən təmkinli, dürüst və ləyaqətli olmaq kimi məhdudiyyətlərə məruz qalsalar da, onlar həmçinin yurisdiksiyadan yurisdiksiyaya görə dəyişə bilən xüsusi hüquq və imtiyazlardan istifadə edə bilərlər. Adətən bura vəkilin məhkəmədə arqumentlərdən geniş istifadəsi aid edilir” (Bax: 46-bənd).

Hacıbəyli və Əliyev Azərbaycana qarşı işində (Ərizə no. 6477/08  10414/08) isə Məhkəmə bir daha qeyd edib ki, “vəkillərin ifadə azadlığı hüquq peşəsinin müstəqilliyi ilə bağlıdır və ədalət mühakiməsinin səmərəli fəaliyyəti üçün əhəmiyyətlidir”. (bax, qərarın 60-cı bəndi).

Vəkilin öz peşəsini yerinə yetirərkən malik olduğu hüquqlar  “Vəkillər və  vəkillik fəaliyyəti haqqında” Qanunun 15-ci maddəsi ilə tənzimlənir.  15-ci maddənin 2-ci bəndinin 2-ci abzasına görə, vəkil öz fəaliyyətində qanunvericiliklə qadağan olunmamış və vəkil etikasına zidd olmayan bütün üsullardan və vasitələrdən istifadə etmək hüququna malikdir.

Beləliklə, “Tribunat”ın gəldiyi qənaətə görə, Nazim Musayevin nitqində “akvarium” sözünü işlətməsinin yerli məhkəmə tərəfindən məhkəməyə hörmətsizlik kimi qiymətləndirilməsi, onun vəkil kimi ifadə azadlığı hüququna müdaxilə hesab edilməklə yanaşı, həmçinin təqsirləndirilənin hüquqlarını daha səmərəli qorumasında çəkindici effekt yaratmağa yönəlib.

Hakimlər “akvarium” sözünün istifadəsinə görə vəkildən şikayət ediblər

https://turan.az/az/siyaset/hakimler-akvarium-sozunun-istifadesine-gore-vekilden-sikayet-edibler-785763

Azərbaycan dili İzahlı lüğət

https://obastan.com/akvarium/856?l=az

 

Azərbaycan Respublikasının Cinayət Məcəlləsi

https://e-qanun.az/framework/46947

“Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin fərmanı

https://e-qanun.az/framework/360

Shoshana Paget, In the Dock: The Impact of Courtroom Architecture on Judicial Procedure and Perceptions,https://lawandthesenses.org/probes/in-the-dock-the-impact-of-courtroom-architecture-on-judicial-procedure-and-perceptions/

Case of Mariya Alekhina və Others v Russia (Application no. 38004/12)

Case of Malai v Moldova  (Application no. 7101/06)

Case of Natig Jafarov v. Azerbaijan  (Application no. 64581/16)

Azərbaycan Konstitusiyasının 47.1-ci maddəs

Khalid Bagirov v Azerbaijan (Applications nos. 81024/12 and 28198/15)

Case of Namazov v Azerbaijan  (Application no. 74354/13)

Case of Hajibeyli and Aliyev v Azerbaijan ( Application nos 6477/08 and 10414/08)

“Vəkil və  vəkillik fəaliyyəti haqqında” Qanun,  https://e-qanun.az/framework/257

21 Oktyabr, 2024