logo

Azərbaycanda hüququn aliliyinin gücləndirilməsi və vətəndaşların maarifləndirilməsi üçün platforma

MİRAS - total rəqəmsal izləmə sistemi. O sizdə sirr qoymayacaq

Analiz
MİRAS - total rəqəmsal izləmə sistemi. O sizdə sirr qoymayacaq


Noyabrın 21-də xəbər portalları Dövlət Təhlükəsizliyi Xidmətinin yaradacağı yeni məlumatlar toplusu -  Mərkəzləşdirilmiş İnformasiya və Rəqəmsal Analitika Sisteminin (MIRAS) yaradılmasına dair məlumat yaydı. Xəbər çıxarışlarında Sistemin Əsasnaməsinə göndəriş mövcud olmasına baxmayaraq, bir müddət sonra, görünür ki, Əsasnamə Prezidentin rəsmi veb-səhifəsindən silinib (hal-hazırda da linkə daxil olduqda 404 nömrəli Xəta nümayiş etdirilir).

İlk olaraq bu fakta şərhçi Cavid Ağa diqqət etdi. Hazırda Əsanamə ilə bu linkdən tanış olmaq mümkündür. MİRAS-ın yaradılmasında məqsəd Xidmətin fəaliyyəti istiqamətində icra effektivliyinin artırılmasının olduğu qeyd olunsa da, şərhçi yığılması nəzərdə tutulan məlumatların həcminin insan hüquq və azadlıqlarına zidd olacağını tənqid edir.

“Tribunat” MİRAS-ın fərdi məlumatlar toplanması prosedurunun yerli və beynəlxalq fərdi məlumatlar qanunvericiliyinə uyğunluğunu araşdırıb.

“İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanunun 7-ci maddəsinə əsasən, dövlət orqanları informasiya ehtiyatlarının formalaşdırılmasında iştirak edə bilərlər. Qanuna əsasən, dövlət orqanları bu cür informasiya ehtiyatını yaratdıqda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən verilən məqsədəuyğunluq barədə rəy əldə etməlidirlər. Bu rəydə texniki tələblər, eləcə də beynəlxalq standartlar və Azərbaycan Respublikasının bu sahədə münasibətləri tənzimləyən normativ hüquqi aktları nəzərə alınmalıdır. Bundan əlavə, Nazirlik aşağıdakı kriteriyaları nəzərə alır:

·       məqsədyönlülük və əhəmiyyətlilik;

·       texniki baxımdan effektivlik;

·       iqtisadi, sosial və ekoloji səmərəlilik;

·       normativ hüquqi aktların tələblərinə cavab vermə;

·       potensial risklər və onların idarə edilməsi imkanı;

·       istifadəyönümlülük;

·       “Mobil Prioritetli Tərtibat” prinsipi;

·       açıq mənbə komponentlərindən istifadə;

·       süni intellekt və maşın öyrənməsi texnologiyalarının tətbiqi imkanları;

·       “Açıq hökumət”ə dəstək mexanizmlərinin mövcudluğu.

Hər bir dövlət informasiya ehtiyatı üçün imperativ tələb fərdi məlumatların mühafizəsi üzrə standartlara və qanunvericiliyə əməl olunmasıdır. “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi” Qaydalarına əsasən, bu cür informasiya ehtiyat və sistemlərində fərdi məlumatların toplanması və işlənməsi müvafiq qanunvericiliyə uyğun aparılmalıdır.

Qaydaların 2.10-cu maddəsinə əsasən, “Fərdi məlumatlar haqqında” Qanunun 3.2-ci maddəsinin göstərdiyi hallar istisna olmaqla, fərdi məlumatların toplanılmasına və işlənilməsinə fərdi məlumatların informasiya sistemləri Reyestrə daxil edildikdən sonra yol verilir. Qanunun müvafiq maddəsi isə Azərbaycan Respublikasının milli təhlükəsizliyinin, habelə qanunçuluğun təmin edilməsi məqsədi ilə, kəşfiyyat və əks-kəşfiyyat, əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar fərdi məlumatların işlənməsinə informasiya ehtiyatının Reyestrə daxil edilməməsi halında belə imkan verir.

Əsasnaməyə görə, MİRAS digər dövlət informasiya sistemləri ilə əlaqəli fəaliyyət göstərəcək. Yəni, Sistem ehtiyac yarandığı təqdirdə Elektron Hökumət İnformasiya Sistemi ilə real vaxtda inteqrasiya olaraq dövlətin yaratdığı elektron sistemlərdə mövcud olan məlumatları əldə edə bilər. Buna görə də, əldə edilə biləcək məlumatların siyahısı kifayət qədər genişdir.

Azərbaycanın 2009-cu ildə ratifikasiya etdiyi “Fərdi məlumatların avtomatlaşdırılmış qaydada işlənməsi ilə əlaqədar şəxslərin qorunması haqqında” Konvensiyanın (Konvensiya 108) 5-ci maddəsi avtomatlaşdırılmış qaydada işlənən fərdi məlumatlar üçün prinsiplər təyin edir. Bu prinsiplərə məqsəd məhdudlaşdırılması (müəyyən olunmuş və qanuni məqsədlər üçün saxlanılır və həmin məqsədlərə uyğun olmayan şəkildə istifadə olunmur) və məlumat minimizasiyası (adekvat, müvafiq olmalı və onların saxlanma məqsədlərindən başqa məqsədlər üçün istifadə olunmur) daxildir.

MİRAS-ın Əsasnaməsinə görə, Sistemin tərtib olunmasında məqsəd Xidmətin qanunvericilikdən irəli gələn öhdəliklərinin yerinə yetirilməsidir. DTX-nin səlahiyyətləri dövlət təhlükəsizliyinə dair bir neçə qanunvericilik aktı (“Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında”, “Əməliyyat-axtarış fəaliyyəti haqqında”, “Terrorçuluğa qarşı mübarizə haqqında”, “Dövlət sirri haqqında” Qanunlar) və Cinayət Məcəlləsinin dövlət mənafelərinə qarşı qanunpozmaların cinayət icraatı ilə məhdudlaşsa da, reallıqda DTX-nın səlahiyyət çərçivəsindən kənarda fəaliyyət göstərdiyiinsan hüquqları pozuntularına dair əsaslandırılmış tənqidlər mövcuddur.

MİRAS-ın fəaliyyətinin daha geniş təhlili üçün onun DTX-nın fəaliyyət istiqamətləri ilə uzlaşdırılması zəruridir. Qurumun rəsmi veb-səhifəsində yerləşdirilmiş məlumata əsasən, Xidmət “Azərbaycan Respublikasının müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, konstitusiya quruluşuna, iqtisadi, müdafiə, elmi-texniki potensialına və digər milli maraqlarına zərər vura biləcək kəşfiyyat, terror-təxribat və sair pozuculuq əməllərinin aşkarlanması, qabaqlanması və qarşısının alınması istiqamətində əks-kəşfiyyat, əməliyyat-axtarış və istintaq tədbirləri həyata keçirir”. DTX-nın Əsasnaməsi açıq informasiya ehtiyatlarında mövcud deyil; bu geniş təhlil üçün baryerlər yaradır və ictimaiyyətdə Xidmətin fəaliyyət istiqamətləri, hüquqları və vəzifələrinə dair aydın olmayan, qeyri-müəyyən təəssürat yaradır. Halbuki, Qanundan Demokratiyaya doğru Avropa (Venesiya) Komissiyasının Məxfi Xidmətlər üzərində Demokratik Nəzarətə dair Rəyinin 13-cü bəndinə əsasən, daxili təhlükəsizliyə dair normativ aktların aşkar və aydın olması zəruridir və onların məxfi saxlanması yalnız mütləq zəruriyyət olduqda təmin edilməlidir.

Əsanamənin bəlli etdiyi mühüm məqamlardan biri DTX-nın vətəndaşlarla bağlı toplaya bildiyi məlumatlarının siyahısının yayılmasıdır. Əvvəllər bu prosedur üçün hər hansı bəlli hüquqi çərçivə mövcud olmasa da, Əsasnamə fərdi məlumatların toplanması və işlənməsinə dair aşkar təəssürat yaradır. Tənqid olunan məqamlardan biri toplanılması mümkün olan məlumatların siyahısının həddən artıq geniş olmasıdır.  Belə ki, Əsasnaməyə görə daxil edilən və ötürülən məlumatlar aşağıdakı kimidir: 

  • Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsində və ümumvətəndaş pasportunda qeyd edilən eyniləşdirmə məlumatları (soyadı, adı, atasının adı, doğum tarixi və yeri, fərdi identifikasiya nömrəsi (bundan sonra – FİN), şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi, ümumvətəndaş pasportunun nömrəsi, verilmə tarixi və etibarlılıq müddəti, şəxsin fotoşəkli);
  • şəxsin yaşayış yeri və olduğu yer üzrə qeydiyyatı barədə məlumatlar;
  • sürücülük vəsiqəsi barədə məlumatlar;
  • şəxsin mülkiyyətində (sahibliyində, istifadəsində, icarəsində) olan nəqliyyat vasitəsi barədə məlumatlar (nəqliyyat vasitəsinin növü, markası, modeli, tipi, dövlət qeydiyyat nişanı, sahibinin soyadı, adı, atasının adı, şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi və FİN-i);
  • Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsə verilən şəxsiyyət vəsiqəsində qeyd edilən məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu yer və tarix, FİN-i, hansı ölkədən gəldiyi, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi, verilmə tarixi və etibarlılıq müddəti, şəxsin yaşadığı yer, ailə vəziyyəti barədə məlumat və fotoşəkli);
  • şəxslərin və nəqliyyat vasitələrinin sərhədkeçmə uçotu, sərhədkeçməyə məhdudiyyətlər barədə məlumatlar;
  • barəsində həbs qətimkan tədbiri seçilmiş şəxslər, məhkumlar, habelə həbs qətimkan tədbirinin və cəzaların icrası vəziyyəti barədə məlumatlar;
  • hökm və ya məhkəmənin digər yekun qərarı barədə məlumatlar;
  • şəxslər barəsində axtarış və cinayət işlərinə, cəzaların icrası üzrə ödənişlərə dair məlumatlar;
  • fiziki və hüquqi şəxslər tərəfindən əldə edilmiş mülki silahın qeydiyyatı, mülki silahın əldə edilməsinə xüsusi icazə, odlu ov və ya idman silahının saxlanılması və təyinatı üzrə istifadə edilməsi hüququnu təsdiq edən şəhadətnamələr barədə məlumatlar;
  • şəxsin ailə tərkibi barədə məlumatlar (ailə üzvlərinin soyadı, adı, ata adı, doğum tarixi və yeri, FİN-i, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi, verilmə tarixi və etibarlılıq müddəti, ümumvətəndaş pasportunun nömrəsi, verilmə tarixi və etibarlılıq müddəti, şəxsin fotoşəkli);
  • doğum, ölüm, nikah, nikahın pozulması, atalığın müəyyən edilməsi, milliyyət barədə məlumatlar;
  • dəyişdirilmiş soyad, ad və ata adı barədə məlumatlar;
  • notariat qaydasında təsdiq edilmiş etibarnamələr üzrə məlumatlar;
  • şəxsin Azərbaycan Respublikası vətəndaşlığını əldə etməsi, vətəndaşlığının bərpa edilməsi, Azərbaycan Respublikası vətəndaşlığına xitam verilməsi, o cümlədən Azərbaycan Respublikası vətəndaşlığından çıxması barədə məlumatlar;
  • əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti və daimi yaşamaq üçün icazələrin, həmçinin haqqı ödənilən əmək fəaliyyətini həyata keçirmək üçün iş icazələrinin verilməsi, o cümlədən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə verilən iş icazələri, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması, habelə həmin şəxslərin yaşayış yeri üzrə qeydiyyatı barədə məlumatlar;
  • Azərbaycan Respublikasına gəlişi qadağan edilmiş, Azərbaycan Respublikasından getməsi müvəqqəti məhdudlaşdırılmış əcnəbilər və vətəndaşlığı olmayan şəxslər barədə eyniləşdirmə məlumatları (soyadı, adı, doğulduğu yer və tarix, vətəndaşlığı, sənədin növü, seriyası və nömrəsi);
  • şəxsin hərbi xidmət keçməsi və hərbi qeydiyyat yeri barədə məlumatlar;
  • məcburi köçkün və qaçqın statusu barədə məlumatlar;
  • şəhid və ya şəhid ailəsi üzvü statusu barədə məlumatlar;
  • şəxsin məşğulluq vəziyyəti barədə məlumatlar, o cümlədən elektron sənəd formasında bağlanılmış əmək müqavilələri, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə məşğulluq vəziyyəti barədə məlumatlar;
  • şəxsin pensiya və digər sosial ödənişlər alması barədə məlumatlar;
  • sağlamlıq vəziyyəti barədə məlumatlar;
  • narkoloji xəstə kimi qeydiyyatda olma və ya psixiatriya qeydiyyatında olma barədə məlumatlar;
  • şəxsin təhsili və təhsil haqqında dövlət sənədləri barədə məlumatlar (şəxsin soyadı, adı, atasının adı, FİN-i, şəxsin təhsil aldığı, bitirdiyi, xaric edildiyi və ya bərpa olunduğu təhsil müəssisəsinin adı, təhsilalma forması, təhsil haqqında dövlət sənədinin seriyası, nömrəsi, verilmə tarixi, təhsil haqqında dövlət sənədi üzrə ixtisası, təhsil səviyyəsi);
  • dövlət qulluqçuları barədə məlumatlar (dövlət qulluqçusunun əmək fəaliyyəti, dövlət qulluğu keçməsi, elmi fəaliyyəti, xarici dil bilikləri, əmək (peşə) fəaliyyəti ilə bağlı iştirak etdiyi konfrans, seminar və digər tədbirlər, dövlət təltifləri, fəxri adları, dövlət mükafatları, fərdi mükafatları, dövlət qulluğunda tətbiq edilmiş intizam tənbehi tədbirləri haqqında məlumatlar);
  • elektrik enerjisi, su və təbii qazdan istifadə ilə bağlı abunəçilər haqqında məlumatlar;
  • hüquqi şəxslərin və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin vergi ödəyicisi kimi uçotda olmasına, fəaliyyət növlərinə, vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) yerləşdiyi ünvanlara, hüquqi şəxsin dövlət qeydiyyatı haqqında sənədlərdə qeyd olunmuş hüquqi ünvanına və rəhbərinə dair məlumatlar;
  • dini qurumların qeydiyyatı barədə məlumatlar;
  • turizm xidmətləri göstərən yerləşmə vasitələri, turoperator və turagentlər, turizm bələdçiləri barədə məlumatlar;
  • hava gəmilərinin istismarçıları tərəfindən sərnişinlər və hava gəmisinin heyət üzvləri barədə ötürülən ilkin məlumatlar;
  • radiotezliklərin ayrılması haqqında Azərbaycan Respublikası Radiotezliklər üzrə Dövlət Komissiyasının qərarları barədə məlumatlar;
  • mülki pilotsuz uçuş aparatlarının qeydiyyatı və istismarı (əməliyyat icazəsi, istismarçı sertifikatı, pilot (operator) şəhadətnaməsi) barədə məlumatlar;
  • Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına şəxsi səfərlərə dair məlumatlar;
  • “Təhlükəsiz şəhər” avtomatlaşdırılmış idarəetmə sisteminin videomüşahidə kameraları ilə real vaxt rejimində qeydə alınan məlumatlar.

Bu həcm və miqyas məqsəd məhdudlaşdırılması və məlumat minimizasiyası prinsipləri ilə ziddiyət təşkil edir. Düzdür, Konvensiya 108-in 9-cu maddəsi qeyd edilən prinsiplərdən “qismən çəkilməyə” dövlət təhlükəsizliyi naminə icazə verirsə, bu cür istisna və ya məhdudiyyət “demokratik cəmiyyətdə zəruriyyət” kriteriyasına cavab verməlidir.

Bəs bu cür fərdi məlumatların toplanması və işlənməsi - faktiki kütləvi izləmənin hüquqiliyi necə əsaslandırıla bilər? 

Avropa İnsan Hüquqları Kovensiyasının 8-ci maddəsinin  (şəxsi həyata və ailə həyatına hörmət) təminatı, o cümlədən, fərdi məlumatlara da şamil edilir (M. L. və V. V. Almaniyaya qarşı; §87). Məhkəmənin mülahizəsinə əsasən, Hökumət şəxsə münasibətdə məxfi izləmə həyata keçirdiyi halda əgər izlənilən şəxs bunun mövcudluğu barədə xəbərdar olmasa və izləməni mübahisələndirə bilməsə, istər milli səviyyədə, istərsə də Konvensiya təsisatları qarşısında hüquqi müdafiə vasitəsi əldə edə bilmədən 8-ci maddədə nəzərdə tutulmuş hüquqlardan məhrum edilə bilər (Klass və digərləri Almaniyaya qarşı; §36). Hökumətlərin şəxsləri məxfi izləməyə məruz qoymasına dair sərhədsiz mülahizə sərbəstliyi mövcud deyil (Zoltan Varqa Slovakiyaya qarşı; §151). Bu halda şəxslərin mühafizə olunan hüquqlarına məhdudiyyətlərin tətbiq edilməsi müvafiq və adekvat sübutlarla dəstəklənməli və legitim məqsədə uyğun olmalıdır (Segersted-Viberq və digərləri İsveçə qarşı; §88).

Yerli qanunvericilik dövlət orqanlarının fərdi məlumatları izləmə məlumatları bazasında toplamaq və saxlamağa dair diskresion səlahiyyətlərini kifayət qədər aydın bildirmədiyi halda şəxslərin həyatına olan bu müdaxilə 8-ci maddənin pozuntusuna səbəb ola bilər (Şimovolos Rusiyaya qarşı; §66). Şabo və Vissi Macarıstana qarşı işində Məhkəmə “demokratik cəmiyyətdə zəruriyyət” standartını şərh edərək bildirib ki, ümumi olaraq, toplanılan məlumatlar demokratik təsisatları mühafizə etməyə yönəlməlidir və xüsusi olaraq, izləmə hər bir əməliyyat üçün mühim məlumatın əldə edilməsi məqsədini daşımalıdır. Bu kriteriyalara uyğun olmayan hər hansısa bir tədbir səlahiyyətli qurumlar tərəfindən sui-istifadəyə gətirib çıxara bilər (§§72-73).

Qeyd edilmiş keyslərdən belə nəticəyə gəlmək mümkündür ki, MİRAS-ın yaratdığı ekosistem şəxslərin Konvensiyanın 8-ci maddəsi ilə qorunan hüquqlarının pozulmasına səbəb ola bilər. Standartlara uyğunsuzluq həm Sistemlə çıxışı təmin olunacaq məlumatların külliyatı, habelə Sistemin işləmə prinsiplərinə aiddir. Sistem dövlət təhlükəsizliyi orqanına onun fəaliyyətinə necə yarayacağı bəlli olmayan (sosial ödənişlər, sağlamlıq vəziyyəti, kommunal ödənişlər və b.) məlumatlara çıxış əldə etməyə imkan verir. Digər tərəfdən, MİRAS vasitəsilə qurum bu cür məlumatlara real vaxtda çıxış əldə etmək səlahiyyətinə malik olacaq. Bu isə fərdi keysdə məlumatların toplanmasının və işlənməsinin əsaslandırılmamasına və faktiki gizli izləmə hallarına yol aça bilər.

Digər sual doğuran məqam MİRAS-ın qabaqcıl təcrübə ilə uyğun olmasına aiddir. Əvvəla, MİRAS-ın arxitekturası unikal deyil, çünki bir çox dövlətlər rəqəmsallaşma dövründə toplanılan və işlənilən məlumatlara dair ehtiyatlar yaradırlar. MİRAS-da ehtiva olunan təmərküzləşmə tendensiyası onu Çinin Sosial Kredit və ya Rusiyanın SORM sistemlərinə bənzədir. Oxşarlıq bundan ibarətdir ki, sistemlər MİRAS kimi hüquq-mühafizə orqanlarına maneəsiz fərdi məlumatlara toplu halında çıxış və işləmə imkanını təmin edir. Bu, hüquq-mühafizə orqanları tərəfindən fərdlərin hüquqlarının pozulmasına gətirib çıxarır. Daha optimal nümunə kimi Estoniyanın X-Road sistemini göstərmək mümkündür. MİRAS və analoqlarından fərqli olaraq, X-Road dövlət qurumlarına bir-birilərinin informasiya ehtiyatlarında toplanan fərdi məlumatların işlənməsinə imkan yaratsa da, onları tək informasiya ehtiyatında birləşdirmir. Fərdlərin məlumatlarına dair sorğular qeydiyyata alınır və hər bir şəxsin bu sorğudan agah olmaq və mübahisələndirmək hüququ olur. Cəmləndirilmiş informasiya ehtiyatı mövcud olmadığından bu cür yanaşma ixtiyari davranış və kibertəhlükəsizlik risklərinin qarşısını almaq imkanını yaradır.

Hüquq-mühafizə orqanları tərəfindən qeyri-məhdud formada fərdi məlumatların toplanması və işlənməsi şəxslərin hüquqlarının kobud dərəcədə pozulmasını doğuran qalmaqallara gətirib çıxarır. Üç il bundan əvvəl Avropa Fərdi Məlumatlar Nəzarət Orqanı Avropa İttifaqının hüquq-mühafizə orqanları arasında koordinasiya funksiyasını həyata keçirən Avropola fərdi məlumatların toplandığı informasiya ehtiyatının əksər hissəsinin silinməsinə dair göstəriş verib. Araşdırmalara əsasən, hüquq-mühafizə orqanlarının birgə fəaliyyəti məqsədilə Avropol illərdir şəxslərə qarşı sui-istifadə halları ilə nəticələnən fərdi məlumatların toplanması və işlənməsi ilə məşğul idi. Halbuki, Avropa Şurasının Nazirlər Komitəsinin Hüquq-Mühafizə Sektorunda Fərdi Məlumatların İstifadəsini Tənzimləyən Tövsiyəsinə əsasən, hüquq-mühafizəsi məqsədləri üçün fərdi məlumatların toplanması zəruri olanlarla, real təhlükənin və ya konkret cinayətin qarşısının alınması üçün məhdudlaşdırılmalıdır. Şəxs haqqında məlumat ondan xəbərsiz toplandıqda və saxlanıldıqda, məlumatların silinmədiyi halda, o, mümkün olduqda, bu məlumatın saxlanıldığı barədə məlumatlandırılmalıdır. Onun haqqında qısa müddətdə məlumatlandırma hüquq-mühafizə orqanlarının fəaliyyət obyektinə qarşı mühakimə olunmama ehtimalını aradan qaldırır.

Fərdi məlumatların toplanması və işlənməsinə dair narahatlıq lüzumsuz kimi şərh edilməməlidir. Hökumət dəfələlərlə siyasi məqsədlər üçün fərdi məlumatlara qanunsuz müdaxilə etməsinə dair tənqidlə rastlaşıb. Jurnalist Xədicə İsmayılın mənzilindən kadrların ictimailəşdirilməsindən tutmuş son repressiyalar çərçivəsində istintaq materiallarında fiqurantların şəxsi yazışmalarından istifadə edilməsinə qədər fərdi məlumatlar hüquq-mühafizə orqanları tərəfindən təqib və təhdid üçün istifadə olunur. Sonuncu dəfə gündəmdə olan və böyük rezonans yaradan keys isə Peqasus proqramı ilə əlaqədardır. 2021-ci ilə Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsi (OCCRP) ölkədə 200-dən çox şəxsin, ictimai fəalların, jurnalistlərin, tənqidçilərin telefonlarının Peqasus proqramı vasitəsilə ilə izlənildiyini açıqladı. Adını siyahıda aşkar etmiş şəxslər hüquq-mühafizə orqanlarına işin araşdırılmasına dair müraciətlər etsələr də, nəticələrin qənaətbəxş olmadığının və istintaqın aparılmadığından gileylənirdilər. İstintaqın nəticələrindən narazı olan şəxslər hüquqlarının müdafiəsi üçün AİHM-ə müraciət ediblər; hazırda şikayət kommunikasiya mərhələsindədir və pozuntusu iddia olunan hüquqlardan biri də məhz Konvensiyanın 8-ci maddəsidir.

“Tribunat” yekun olaraq bildirir ki, MİRAS vasitəsilə toplanılması və işlənilməsi nəzərdə tutulan fərdi məlumatlar və Sistemin fəaliyyət mexanizmi fərdi məlumatların mühafizəsinə dair yerli və beynəlxalq qanunvericiliyə uyğun deyil və yaxşı praktikalarla ziddiyət təşkil edir. Sistem dövlət təhlükəsizliyinin mənafelərinin qorunması adı ilə kütləvi və total gizli izləmə mexanizminin yaranmasına səbəb olur. Fərdi məlumatların mühafizəsinə dair presedentləri nəzərə alaraq, Sistem demokratik cəmiyyətdə zəruriyyət prinsiplərinə zidd olaraq vətəndaşların mühafizə olunan hüquqlarının pozulmasına yol aça bilər.


 

DTX-nin Mərkəzləşdirilmiş İnformasiya və Rəqəmsal Analitika Sistemi yaradılır; https://report.az/daxili-siyaset/dovlet-tehlukesizliyi-xidmetinin-merkezlesdirilmis-informasiya-ve-reqemsal-analitika-sistemi-yaradilir

Prezidentin rəsmi veb-səhifəsinə göndəriş; https://president.az/az/articles/view/70628

Azerbaijan deletes plan for detailed surveillance system minutes after publication; https://oc-media.org/azerbaijan-deletes-plan-for-detailed-surveillance-system-minutes-after-publication

Mərkəzləşdirilmiş İnformasiya və Rəqəmsal Analitika Sisteminin Əsasnaməsi; https://drive.google.com/file/d/1H6t_TcSl2ZusPtyvB43-hiMEv1s2DU8L/view?ref=oc-media.org

Azərbaycanın ətraflı nəzarət sistemi ilə bağlı planı dərc edildikdən bir neçə dəqiqə sonra silinib; https://www.meydan.tv/az/article/azərbaycanin-ətrafli-nəzarət-sistemi-ilə-bagli-plani-dərc-edildikdən-bir-necə-dəqiqə-sonra-silinib

Azərbaycan Respublikasının “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanunu; https://e-qanun.az/framework/3525

Azərbaycan Respublikasının Prezidentinin “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Fərmanı; https://e-qanun.az/framework/3605

Azərbaycan Respublikası Nazirlər Kabiteninin ““Dövlət informasiya ehtiyatları və sistemləri, habelə elektron xidmətlərlə bağlı layihələrə texniki və səmərəlilik baxımından məqsədəuyğunluq barədə rəy verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Qərarı; https://e-qanun.az/framework/59985

Azərbaycan Respublikası Prezidentinin “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında Fərmanı; https://e-qanun.az/framework/40020

Azərbaycan Respublikasının “Fərdi məlumatlar haqqında” Qanunu; https://e-qanun.az/framework/19675

“Fərdi məlumatların avtomatlaşdırılmış qaydada işlənməsi ilə əlaqədar şəxslərin qorunması haqqında” Konvensiya; https://e-qanun.az/framework/18625

Azərbaycan Respublikasının “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Qanunu; https://e-qanun.az/framework/5454 

Azərbaycan Respublikasının “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Qanunu; https://e-qanun.az/framework/2938 

Azərbaycan Respublikasının “Terrorçuluğa qarşı mübarizə haqqında” Qanunu; https://e-qanun.az/framework/3855 

Azərbaycan Respublikasının “Dövlət sirri haqqında” Qanunu; https://e-qanun.az/framework/5526 

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə Fərmanı; https://e-qanun.az/framework/360  

Report of the Working Group on Arbitrary Detention on its mission to Azerbaijan, A/HRC/36/37/Add.1; https://digitallibrary.un.org/record/1303977?ln=ru&v=pdf 

Dövlət Təhlükəsizliyi Xidmətinin rəsmi veb-səhifəsi; https://www.dtx.gov.az/az/fealiyyet-istiqametleri.html

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” Fərmanı; https://e-qanun.az/framework/31813 

Qanundan Demokratiyaya doğru Avropa (Venesiya) Komissiyasının Məxfi Xidmətlər üzərində Demokratik Nəzarətə dair Rəyi; https://www.coe.int/en/web/venice-commission/-/cdl-ad-2007-016-e 

Convention against Torture and Other Cruel, Inhuman or Degrading Treatment or Punishment, Committee against Torture Concluding observations on the fifth periodic report of Azerbaijan, CAT/C/AZE/CO/5; https://digitallibrary.un.org/record/4050492?v=pdf 

M. L. və V. V. Almaniyaya qarşı; https://hudoc.echr.coe.int/eng?i=001-183947 

Klass və digərləri Almaniyaya qarşı; https://hudoc.echr.coe.int/eng?i=001-57510 

Zoltan Varqa Slovakiyaya qarşı; https://hudoc.echr.coe.int/eng?i=001-211180 

Segersted-Viberq və digərləri İsveçə qarşı; https://hudoc.echr.coe.int/eng?i=001-75591 

Şimovolos Rusiyaya qarşı; https://hudoc.echr.coe.int/eng?i=001-105217 

Şabo və Vissi Macarıstana qarşı; https://hudoc.echr.coe.int/eng?i=001-160020 

China’s Digital Rise: Challenges for Europe: https://merics.org/sites/default/files/2020-05/MPOC_No.7_ChinasDigitalRise_web_final_1.pdf 

Online and On All Fronts: Russia’s Assault on Freedom of Expression; https://www.hrw.org/report/2017/07/18/online-and-all-fronts/russias-assault-freedom-expression 

E-Estonia, X-Road - Interoperability Services; https://e-estonia.com/solutions/interoperability-services/x-road/#:~:text=X-Road®%2C%20an%20open,services%20and%20platforms%20come%20online

A data ‘black hole’: Europol ordered to delete vast store of personal data; https://www.theguardian.com/world/2022/jan/10/a-data-black-hole-europol-ordered-to-delete-vast-store-of-personal-data#:~:text=data%20ark”%20containing%20billions%20of,never%20involved%20in%20any%20crime 

Avropa Şurasının Nazirlər Komitəsinin Hüquq-Mühafizə Sektorunda Fərdi Məlumatların İstifadəsini Tənzimləyən Tövsiyəsi № R (87) 15; https://rm.coe.int/0900001680929718 

Khadija Ismayilova: The face of Azerbaijani defiance; https://ifex.org/faces/khadija-ismayilova-the-face-of-azerbaijani-defiance/ 

Pullar Azərbaycana hansı yollarla gətirilir? - Video; https://qafqazinfo.az/news/detail/pullar-azerbaycana-hansi-yollarla-getirilir-video-477529 

Life in Azerbaijan’s Digital Autocracy: ‘They Want to be in Control of Everything’; https://www.occrp.org/en/investigation/life-in-azerbaijans-digital-autocracy-they-want-to-be-in-control-of-everything 

DTX “Pegasus”la dinlənildiyi güman edilən ictimai şəxslərdən izahat alır; https://www.meydan.tv/az/article/dtx-pegasusla-dinlenildiyi-guman-edilen-ictimai-sexslerden-izahat-alir/ 

Avropa Məhkəməsi “Pegasus” işi üzrə Azərbaycan hökumətinə suallar göndərib; https://abzas.info/az/2025/10/avropa-mhkmsi-pegasus-isiec54b7b7-2/

9 Dekabr, 2025