Yayılan məlumatlara əsasən hazırda istintaq təcridxanasında saxlanan Rusiya vətəndaşı Dmitri Fyodorova təcili tibbi yardım göstərilmir. Məlumata görə, kəskin diş ağrısından şikayətlənən Fyodorovun ailə üzvləri və Rusiya Federasiyasının diplomatik nümayəndəliyinə vədlər verilsə də, həbs edilmiş şəxsin tibbi yardıma hüququ təmin edilmir.
“Tribunat” həbs edilmiş şəxslərin penitensiar müəssisələrdə stomatoloji yardıma çatımlılıq məsələsini araşdırıb.
Bu ilin 1 iyulunda Daxili İşlər Nazirliyi Rusiya vətəndaşlarından ibarət iki mütəşəkkil cinayətkar dəstənin ifşa olunması barədə məlumat yayıb. Onlar İrandan narkotik vasitələrin tranzitində, onlayn dövriyyəsində və kiberdələduzluq cinayətlərində şübhəli biliniblər. Eyni gündə də təqsirləndirilən şəxslər barəsində Səbail Rayon Məhkəməsinin qərarı ilə istintaq dövründə 4 aylıq həbs-qətimkan tədbiri seçilib.
Bu həbslər təsadüfi xarakter daşımırdı, yerli hüquq-mühafizə orqanlarının 28 iyunda Rusiyanın Yekaterinburq şəhərində Federal Təhlükəsizlik Xidmətinin əməliyyat nəticəsində 2 etnik azərbaycanlının qətlə yetirilməsi, 9-nun isə saxlanılmasına reaksiyası kimi qiymətləndirilirdi.
İki ölkə arasında diplomatik qalmaqala səbəb olan hadisənin nəticəsində həbs edilənlər arasında Dmitri Fyodorov da olub.
Rus mənbələrinin məlumatına görə, Fyodorov bir ay imiş ki Bakıdaymış. O, Sankt-Peterburqda arxitektura-inşaat universitetində təhsil alırmış. Saxlanılma anı pafoslu və alçaldıcı görünən zorakı əməllərlə müşahidə edilsə də, əcnəblərin yaxınları saxlanılma şəraitinin adekvat olduğunu bildirib.
Lakin hazırda D.Fyodorova stomatoloji probleminə dair təcili tibbi yardımın göstərilmədiyi bildirilir.
Bəs tutulmuş və həbs edilmiş şəxslərin stomatoloji yardıma çatımlılıq hüququ necə tənzimlənir?
Konstitusiyanın 41-ci maddəsi hər kəsin sağlamlığını qorumaq və tibbi yardım almaq hüququnu tanıyır. Maddə, o cümlədən, səhiyyə xidmətlərinin inkişafına dair Hökumət üçün pozitiv öhdəliklər yaradır. Azərbaycanın da qoşulduğu BMT-nin İqtisadi, sosial və mədəni hüquqlar haqqında beynəlxalq Paktın 12-ci maddəsinə əsasən, dövlətlər hər bir şəxsin fiziki və psixi sağlamlığının ən yüksək səviyyəsinə çatmaq hüququnu tanıyırlar. Pakta əsasən, bu hüququn həyata keçirilməsi üçün dövlətlərin atmalı olduğu addımlar sırasına xəstəlik təqdirində hamı üçün tibbi yardımın və tibbi xidmətin təmin olunması üçün şəraitin yaradılması məqsədilə atılan addımlar daxildir.
“Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Qanunun 15-ci maddəsinə əsasən isə, tutulmuş və həbs edilmiş şəxslərin saxlanıldığı müddət ərzində tibbi-sanitariya xidmətləri ilə təmin olunmaq hüququ var. Qanunun 22-ci maddəsinə əsasən, tutulmuş və ya həbs edilmiş şəxs xəstələndikdə və ya bədən xəsarəti aldıqda onun tibbi müayinəsi tibb işçiləri tərəfindən dərhal həyata keçirilir. Tibbi müayinənin nəticələri qeydə alınır və tutulmuş və ya həbs edilmiş şəxsə, eləcə də müraciət olduqda həmin şəxsin vəkilinə təqdim edilir. Maddəyə əsasən, tibbi müayinə zamanı fiziki və psixi xəstəliklərin müəyyən edilməsi və onların müalicəsi üçün zəruri olan tədbirlərin görülməsinə xüsusi diqqət yetirilir.
İstintaq təcridxanalarının daxili intizam Qaydalarına əsasən də, həbs edilmiş şəxslər üçün istintaq təcridxanasında tibbi-sanitariya məntəqəsi mövcuddur. Qaydaların 27.7-ci maddəsinə əsasən, həbs edilmiş şəxsin hər bir həkim çağırışı təmin edilir, müvafiq tibbi müayinənin və yardımın həyata keçirilməsinə şərait yaradılır, zərurət yarandıqda isə onun saxlanma şəraitinin dəyişdirilmə məsələsinə həkim rəyinə uyğun olaraq istintaq təcridxanasının müdiriyyəti tərəfindən baxılır.
Tutulmuş və ya həbs edilmiş şəxslərə tibbi və psixoloji yardım göstərilməsi, habelə onların tibb müəssisələrində saxlanılması Qaydalarının 3.1-ci maddəsinə əsasən, xroniki xəstəliyin kəskinləşdiyi hallarda və ya xəstələnmə zamanı tutulmuş və ya həbs edilmiş şəxsə tibb işçiləri tərəfindən ambulator və ya stasionar şəraitdə müvafiq müalicə-profilaktika tədbirləri aparılır. Prosedurlar penitensiar müalicə müəsissəsində, ehtiyac olduğu təqdirdə isə dövlət tibb müəssisələrində həyata keçirilir. Şəxsin müalicədən imtina etmək hüququ var, bu halda tibbi sənədlərdə qeyd aparılır, şəxsə fəsadlar və ya ağırlaşmalar izah edilir, lakin şəxs israrlı olduqda imtinanı imzası ilə təsdiq edir.
Penitensiar müəssisələrdə səhiyyə xidmətlərinin təşkil edilməsinə dair beynəlxalq tövsiyə sənədlərində stomatoloji xidmətlərin zəruriliyi ayrıca vurğulanır.
Avropa Penitensiar Qaydalarına görə, saxlanılan şəxslərin ölkədə mövcud olan tibbi xidmətlərə onların hüquqi vəziyyətindən asılı olmayaraq çıxışları mövcud olmalıdır. Tibbi heyətə gəldikdə, penitensiar müəssisədə ən azı bir ixtisaslı ümumi həkim olmalıdır. Bu həkimin xidmətlərindən istifadə saxlanılan şəxslər üçün ləngimədən mümkün olmalıdır. İxtisaslı stomotoloq və oftolmoloqların xidmətləri hər bir saxlanılan şəxs üçün əlçatan olmalıdır.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST)“Məhbsular və Səhiyyə” tövsiyə sənədində məhbusların ümumi əhaliyə nisbətdə daha çox və mütəmadi stomatoloji xidmətlərə ehtiyacı olduğu vurğulanıb. Təşkilat məhbusların əksər hallarda məhz penitensiar müəssisələrdə stomatoloji xidmətlər üçün müraciət etdiyini, stomatoloji problemlərin məhbusların həyat səviyyəsinə mənfi təsir göstərdiyini, məhkum edilmə şəraitlərindən irəli gələrək ağız boşluğu gigiyenasının aşağı olmasını və bunların nəticəsində məhbusların tez-tez xidmətlərdən yararlanması üçün ləngimələrlə qarşılaşdığını bildirib. ÜST stomatoloji xidmətlərin göstərilməsi üçün kifayət edəcək qədər mütəxəssislərin mövcud olmasını, ağız boşluğu gigiyenasının təbliğ edilməsini və məhkumlara geniş miqyasda xidmətlərin təklif edilməsini tövsiyə edir. Eyni problem barədə Avropa Şurasının “Penitensiar müəssisələrdə səhiyyətinin təşkil edilməsi və idarə olunması” Bələdçisində də bəhs edilir.
Azərbaycanın penitensiar müəssisələrində saxlanılan şəxslərin və məhkumarın digər maddi-hüquqi təminatları kimi, tibbi xidmətlərə çıxışı ilə də bağlı sistematik problemlər mövcuddur. Dövri mətbuatda penitensiar müəssisələrdə tibbi xidmətlərin, xüsusilə də, stomatoloji xidmətlərin səviyyəsinin aşağı olması, məhbusların müalicə ilə bağlı tələblərinin yerinə yetirilməməsi, müalicə zamanı məhbusların korrupsiya, qərəzli münasibət və qeyri-insani münasibətlə üzləşdiyi bildirilir. Ombudsmanın İşgəncələr Əleyhinə Milli Preventiv Mexanizmin fəaliyyətinə dair 2023-cü il üzrə hesabatında penitensiar müəssisələrdə yararlılıq müddəti keçmiş dərman preparatlarının, qeyri-steril bintlərin, anti-sanitariya şəraitində saxlanılan tibbi ləvazimatların aşkar olunması, məhkumlara tibbi xidmətin keyfiyyətsiz olması, həkimlərin fəaliyyətinin formal xarakter daşıması barədə faktlar qeyd olunub.
Yerli penitensiar müəssisələrdə stomatoloji xidmətlərin səviyyəsinə dair dağınıq məlumatlar mövcuddur. Mediada vaxtaşırı yayılmış məlumatlara əsasən, penitensiar müəssisələrdə, Qaradağ və Lənkərandakı komplekslərdə stomatoloqlar fəaliyyət göstərirlər. “Abzas Media işi”nin fiqurantlarından biri, jurnalist Nərgiz Absalamova Bakı İstintaq Təcridxanasında stomatoloji xidmətlərin ödənişli əsaslarla göstərildiyi və mütəxəssislərin ixtisasları əsasında işləmədiyini bildirir.
İşgəncələrin və qeyri-insani və ya ləyaqəti alçaldan rəftarın və ya cəzanın qarşısının alınması üzrə Avropa Komitəsi (bundan sonra, CPT) sonuncu, 2022-ci ildəki ad hoc səfərində penitensiar müəssisələrdə tibbi yardımla bağlı bəzi müsbət dəyişikliklərin həyata keçirilməsini qeyd etsə də, sistematik problemlərin mövcudluğunu da vurğulayıb. CPT-nin qənaətinə əsasən, müəssisələrdə olan tibb mütəxəssislərinin daha çox təlimlərə ehtiyacı duyulur, həyata keçirilən müayinələr, bir çox hallarda, səthi olaraq qalmaqda davam edir, məhbusların tibb sirri və konfidensiallığı pozulur, tibbi sənədləşmənin səviyyəsi kafidir, ilkin tibbi yardımın göstərilməsi üçün mütəxəssislərin və avadanlıqların sayı kifayət etmir. 2013-cü il səfərində isə CPT göstərilən stomatoloji xidmətlərin yalnız təcili hallarda olduğunu və bununla bağlı dəyişikliklərin vacibliyini qeyd edirdi.
Fyodorovun nümunəsində stomatoloji xidmətlərə çıxışın təmin edilməməsi həbs edilmiş şəxsin hüquqlarının pozuntusunun tanınmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Konvensiyasında (AİHK) səhiyyə və ya sağlamlığın qorunması barədə ayrıca müddəa olmasa da, Avropa Məhkəməsi penitensiar müəsssisələrdə tibbi yardımın təmin edilməsini Hökumətin pozitiv öhdəliyi kimi tanıyır. Hökumətin bu öhdəliyi yerinə yetirməməsi 3-cü maddənin (İşgəncələrin qadağan olunması), ərizəçinin vəfat etdiyi halda isə 2-ci maddənin (Yaşamaq hüququ) pozuntusuna gətirib çıxara bilər.
Yayılan məlumatlarda Dmitri Fyodorovun diş ağrısının şiddətli olduğu və stomatoloji müdaxiləyə ehtiyacın təcili olduğu vurğulanır. Ancaq penitensiar müəssisənin rəsmiləri vədlər versə də, Fyodorovun yaxınları əməli addımların atılmadığını bildirirlər. Bu hal, perspektiv olaraq, AİHK-in 3-cü maddəsinin pozuntusuna dair məsələni qaldırmış olur.
Kudla Polşaya qarşı işində AİHM Hökumətlərin penitensiar müəssisələrdə pozitiv öhdəlikləri siyahısında “sağlamlıq və rifahın adekvat təmin edilməsini, lazımi tibbi yardımın həyata keçirilməsini” vurğulayıb (§94).
Paladi Moldovoya qarşı işində ərizəçinin tibbi yardımla təmin edilməməsi faktı 3-cü maddənin pozuntusu olaraq tanınıb (§72).
Aşot Harutunyan Ermənistana qarşı və Pilçiç Xorvatiyaya qarşı işlərində isə ərizəçilərin ürək-damar mütəxəssisinin xidməti ilə təmin edilməməsi və nəticədə uzun müddət iztirablara məruz qalması 3-cü maddənin pozuntusu kimi tanınıb.
AİHM iki işdə penitensiar müəssisədə stomatoloji xidmətlərin göstərilmədiyinə görə 3-cü maddənin pozuntusunu tanıyıb. V. D. Rumıniyaya qarşı və Benyux Ukraynaya qarşı işlərində məhkumlara stomatoloji xidmətlərin göstərilməməsi və bu xidmətin yubadılması, hər iki ərizəçiyə diş protezlərinin təmin edilməməsi 3-cü maddənin pozuntusuna səbəb olub. “Məhkəmənin ərizəçinin protezi olmamasının yaratdığı ağrıları, onun nitqinin və simasının dəyişməsini və sağlamlıq vəziyyətinin səbəb olduğu iztirabları şübhə altına qoymaq üçün səbəbləri yoxdur” (Benyux Ukraynaya qarşı §21).
“Tribunat” bu qənaətə gəlir ki, Dmitri Fyodorovun keysi Azərbaycanın penitensiar müəssisələrində tibbi xidmətlərin qeyri-kafi səviyyədə olmasının bariz nümunəsidir. Bu problemin vaxtaşırı işıqlandırılmasına baxmayaraq, həlli üçün əməli addımlar atılımır. Bu səbəbdən məhbusların sağlamlığının qorunması və işgəncələrin qadağan olunması hüququ pozulmuş olur.