Plastik cərrahiyyə sektorundakı problemlərin səbəbləri…
Analiz
Keçən ilin sonlarından etibarən ölkədə saxta diplomla fəaliyyət göstərən həkimlər barədə vətəndaşların narazılığı və ictimai panika müşahidə edilməyə başlandı. Əsasən, bu cür ittihamlar plastik cərrahiyə sahəsində fəaliyyət göstərən həkimlərin ünvanına səslənirdi; onlar qeyri-peşəkarlıqda və pasiyentlərə zərər vurulmasında günahlandırılırdılar. Müzakirənin sosial şəbəkə müstəvisinə çıxarılması, aidiyyatı dövlət qurumlarına ünvanlanan şikayətlər dövlət qurumlarının reaksiyasını labüd etdi. Səhiyyə Nazirliyi saxta diplomlu həkimlərlə bağlı araşdırma aparılacağını və faktla bağlı Baş Prokurorluğa müraciət olunduğunu bildirdi.
Azərbaycanda plastik cərrahiyə həm həkimlər, həm də pasiyentlər üçün riskli bir sahəyə çevrilir. Plastik və estetik cərrahiyə zamanı vəfat etmiş pasiyentlər barədə xəbərlər vaxtaşırı ölkə gündəmini zəbt edir. Bu barədə müfəssəl statistika mövcud olmasa da, jurnalistlərin hesablamalarına görə, son 3 ildə ən azı 7 belə hadisə baş verib. Bu, yalnız pasiyentlərin əməliyyat masasında ölüm hadisələrini əks etdirən statistikadır, müxtəlif xəsarətlər almış vətəndaşların sayı isə daha çoxdur. Vəziyyət hətta o həddə gəlib çıxıb ki, artıq məşhurlar belə bu cür problemlərlə qarşılaşırlar. Məsələn, xalq artisti Flora Kərimova cərrahi əməliyyat yekununda gözünün biri ilə görmə qabiliyyətini itirib.
Plastik və estetik cərrahların iddia edilən qeyri-peşəkarlıq faktları bir çox hallarda hüquq-mühafizə orqanlarının fəaliyyətinə və məhkəmə çəkişmələrinə səbəb olur. Məsələn, hələ cari ilin əvvəlində pasiyentin ölümü ilə nəticələnən estetik əməliyyatı aparan mütəxəssis Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirləndirilən şəxs kimi istintaqa cəlb olunub. Plastik cərrahların səriştəsizliyi ilə bağlı ittihamların ictimailəşdirilməsindən sonra Flora Kərimovanın əməliyyatını aparmış cərrahın, ümumilikdə isə, 10-a yaxın plastik cərrahın lisenziyası bu ilin fevralında ləğv edilib. Uğursuz plastik və estetik əməliyyatlara hüquqi yanaşma barədə rəy verən vəkil bildirir ki, bu halda vətəndaşın istehlakçı kimi hüquqları pozulmuş olur və pasiyent mütəxəssisin həm mülki məsuliyyətə, həm də Cinayət Məcəlləsinin 314-cü maddəsi (səhlənkarlıq) ilə cinayət məsuliyyətinə cəlb olunmasını tələb edə bilər.
“Tribunat” plastik cərrahiyyə sahəsindəki problemlərin yaranma səbəblərini araşdırıb.
Azərbaycan Respublikasının Konstitusiyasının 41-ci maddəsi hər kəsin sağlamlığını qorumaq və tibbi yardım almaq hüququnun olduğunu bəyan edir. Eyni maddə dövlət və qeyri-dövlət səhiyyə sektorunun mövcudluğunu tanıyır, dövlətin səhiyyənin bütün növlərinin inkişafı üçün zəruri tədbirlər görməsi, sanitariya-epidemiologiya salamatlığına təminat verməsi, tibbi sığortanın müxtəlif növləri üçün imkanlar yaratması öhdəliyini tanıyır.
Araşdırılması vacib olan əsas məsələ budur: Həkimlər işə necə qəbul olunurlar?
Bunun üçün tibb sənayesini tənzimləyən normativ aktlara nəzər yetirmək əhəmiyyətlidir. “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunun 46-cı maddəsi tibb fəaliyyəti ilə məşğul olmaq üçün şərtlərdən bəhs edir. Bu cür fəaliyyət ali və ya orta ixtisas tibb müəssisələrində təhsil almış şəxslər, müvafiq diploma, yaxud xüsusi rütbəyə malik olan mütəxəssislər tərəfindən həyata keçirilə bilər. Qanun bunun üçün ali tibb təhsilinin mövcud olmasını tələb edir. Habelə dövlət və özəl müəssisələrdə onların birbaşa sahəsindən kənar işlərin görülməsi və xidmətlərin göstərilməsini qadağan edir.
Spesifik olaraq, plastik cərrahlara gəlincə, tibb təhsilinə dair qanunvericilik tələbi şəxslərin əsas (baza ali) tibb təhsilinin və rezidentura səviyyəsi üzrə müvafiq “Plastik, rekonstruktiv və estetik cərrahiyyə” istiqaməti üzrə mövcudluğunu şərt kimi nəzərdə tutur. Ekspertlərin fikrincə, səriştəsiz plastik cərrahlarının sayının çox olmasının səbəbi tibb işçilərinin peşəkarlığını təsdiq edən sənədlərin əvəzinə alternativ sənədlərin istifadə olunmasıdır. Bu alternativ sənədlər, əsasən, plastik və estetik cərrahiyə barədə ixtisasartırma və ya giriş xarakterli kurslar olur; ekspertlər və təşkilatçıların bildirdiyinə əsasən, bu cür kurslar iştirakçılara bu sahədə cərrahiyə ilə məşğul olmaq üçün yetərli deyil.
Pasiyentlər tərəfindən səsləndirilən iddialar bu cür həkimlərin daha çox özəl tibb müəssisələrində fəaliyyət göstərdikləriniüzə çıxarır. Bəs bu necə baş verir?
Səhiyyə Nazirliyi və Baş Prokurorluğun yaydığı birgə məlumatdan belə nəticəyə gəlmək mümkündür ki, saxta plastik cərrahların üzə çıxması “həkimlərin ixtisaslarının dəyişdirilməsi, onların tibbi və ya əczaçılıq fəaliyyəti ilə, o cümlədən plastik cərrahiyyə fəaliyyəti ilə məşğul olma hüququ verən sertifikasiya imtahanlarına buraxılmasına icazələrin verilməsi, saxta məqbul qiymətləndirmə ilə müvafiq sertifikatlarla təmin olunması” və digər yollarla baş verir. Bu istintaqdan sonrakı mərhələdə atılan digər addımlardan biri plastik cərrahların praktik tibb fəaliyyəti ilə məşğul olmasına icazə verən sertifikasiya şəhadətnamələrinin ləğv olunması idi. Səhiyyə Nazirliyi nəzdində tibb siyasətində dövlət nəzarətini həyata keçirən Analitik Ekspertiza Mərkəzi yalnız 2024-cü ildə plastik cərrahiyə sahəsində müxtəlif qanun pozuntularına görə 67 protokol tərtib edib.Pozuntular, əsasən, İnzibati Xətalar Məcəlləsinin lisenziyasız özəl tibbi fəaliyyət və sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqlarının pozulmasına aiddir. Habelə, bu cür özəl tibbi fəaliyyətlə məşğul olan şəxslər qanunsuz sahibkarlıqda da ittiham olunur.
“Əhalinin sağlamlığı qorunması haqqında” Qanuna əsasən, praktiki tibblə məşğul olan şəxslər beş ildə bir dəfə sertifikasiyaya cəlb olunurlar. Bu sertifikasiya Səhiyyə Nazirliyi tərəfindən həyata keçirilir və sertifikasiya praktiki tibblə məşğul olan şəxslərin müvafiq təhsil müəssisələrini bitirikdən sonra peşəkar yararlığını təsdiq edən əsas sənəddir. Qeyri-dövlət sahəsində çalışan praktiki tibb işçiləri lisenziya əsasında fəaliyyət göstərmələrinə baxmayaraq, sertifikasiyadan keçə bilməmələri fəaliyyətinin dayandırılması üçün əsas kimi çıxış edir. Lisenziyalara gəldikdə, bu cür xüsusi razılıq praktiki tibblə özəl şəkildə məşğul olan şəxslər üçün 3 il müddətinə verilir və burada da tibb təhsilinə dair tələblər eyni formadadır. Lisenziyalara nəzarəti Səhiyyə Nazirliyi həyata keçirir.
Saxta plastik cərrahların geniş vüsət almasında yol açan daha bir amil tibb mütəxəssislərin ixtisaslarının dəyişdirilməsi qaydalarıdır. “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunun 48-ci maddəsi ixtisasların dəyişdirilməsinə “yalnız müvafiq təhsil müəssisəsində peşə hazırlığı keçdikdən və qanunvericiliyə uyğun olaraq sertifikasiya olunduqdan sonra” yol verir. İxtisas dəyişdirilməsinin əhatəli formada tənzimlənməməsi sui-istifadə hallarına yol açır. Tibb mütəxəssisləri təhsil aldıqları ixtisasdan fərqli olan sahədə peşə hazırlığına cəlb olunur və bununla da müvafiq sahədə fəaliyyət göstərmək hüququna malik olurlar. Bu cür problemin mövcudluğunu dolayı yolla Səhiyyə Nazirliyi özü də etiraf edib və sertifikasiyanın 2011-ci ildən tətbiq olunmasına baxmayaraq, yalnız 2024-cü ildə, Əmrlə “tibb mütəxəssislərinin təhsil haqqında diplomda qeyd edilmiş ixtisasdan fərqli ixtisas üzrə təkmilləşdirmə və peşə hazırlığı kursuna qəbul olunması”nı qadağan edib. Eyni Əmrdə də qeyd olunur ki, tibb işçiləri üçün yeni ixtisasın əldə olunmasına dair qaydaların dəyişdirilməsi üzündən sözügedən 48-ci maddə aktuallığını itirib. Buna baxmayaraq, yazının hazırlanması dövründə qanunvericilikdə müvafiq redaktələrin həyata keçirilməsi üçün heç bir əməli addım atılmayıb.
Bəs bu problemi necə həll etmək mümkündür?
Yuxarıda yazılanlardan bu nəticə hasil etmək mümkündür ki, qeyri-peşəkar tibb mütəxəssislərinin mövcudluğunu bir neçə səbəb şərtləndirir: korrupsiya, qanunvericilikdə mövcud boşluqlar və idarəetmədə yaranan əngəllər, açıqlıq və şəffaflığın mövcud olmaması. Korrupsiya halları Baş Prokurorluq və Səhiyyə Nazirliyinin birgə məlumatında qeyd edilib; saxta həkimlərlə bağlı Səhiyyə Nazirliyinin İnsan resursları, elm və təhsil şöbəsinin müdiri, həmin Nazirliyin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin akkreditasiya şöbəsinin müdiri cinayət məsuliyyətinə cəlb olunub. İctimaiyyətə açıq olan məlumata əsasən, təqsirləndirilən şəxslərə ittiham elan edilib, istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Binəqədi Rayon Məhkəməsinin qərarı ilə barələrində ev dustaqlığı (əsas) və vəzifədən kənarlaşdırma (əlavə) növündə qətimkan tədbirləri seçilib.
Beynəlxalq Şəffaflıq təşkilatının Korrupsiya Qavrama İndeksində Azərbaycan 2024-cü il üçün bir pillə geriləyərək 180 ölkə içərisində 154-cü yerdə qərarlaşıb. Qanunvericilkdə olan boşluqlar və idarəetmədə yaranan əngəllər müxtəlif işbazlara çatışmazlıqlardan yararlanmağa imkan yaradır. Əsasən də bu hallar tibb mütəxəssislərin ixtisasların dəyişdirilməsi ilə bağlı sezilir. Digər tərəfdən, bu cür boşluqlar Azərbaycan Respublikasının “Özəl tibbi fəaliyyət haqqında” Qanununda aşkar şəkildə müşahidə edilir. Qeyri-dövlət səhiyyə sektorunu tənzimləyən əsas qanunvericilik aktlarından biri olmasına baxmayaraq, nə adıçəkilən qanun, nə də onunla əlaqəli normativ aktlarda bu cür özəl tibbi fəaliyyət subyektlərinin mütəmadi monitorinqinin həyata keçirilməsini nəzərdə tutan mexanizm mövcud deyil. Analitik Ekspertiza Mərkəzinin məlumat verdiyi açıqlamalardan belə təəssürat yaranır ki, həyata keçirilən yoxlamalar spontan xarakter daşıyır; ya plandankənar həyata keçirilir, ya da çoxsaylı şikayətlərə əsasən baş verir. Bu səbəbdən özəl tibbi fəaliyyətin monitorinq mexanizmlərinin inkişaf etdirilməsi yaranan sistematik problemlərin həll olunması üçün zəruridir.
Son olaraq, idarəetmədə yaranan əngəllər açıqlıq və şəffaflığın mövcud olmaması ilə sıx əlaqədardır. “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunun 46-cı maddəsinə əsasən, tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququ olan şəxslərin dövlət reyestri aparılır. Qanunun tətbiqinə dair sərəncama əsasən, reyestrin aparılması ilə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məşğul olsa da, Səhiyyə Nazirliyinin Əsasnaməsinə görə, bu reyestrə cavabdehliyi eyni zamanda Nazirlik də yerinə yetirir. Bu kolliziyaya baxmayaraq, indəyədək reyestr açıq deyil. Ümumilikdə, TƏBİB daha çox dövlət fondunda olan tibb müəssisələrinin idarəedilməsi ilə məşğul olsa da və özəl tibbi fəaliyyətə dair tənzimləməyə dair vəzifə və öhdəlikləri mövcud olmasa da, tibbi siyasət sahəsində bəzi səlahiyyətləri Səhiyyə Nazirliyi ilə üst-üstə düşür. Bu cür inzibati pərakəndələyin mövcud olması yekdil tibbi siyasətin həyata keçirilməsini və tibbi xidmətlərin keyfiyyətinə nəzarəti çətinləşdirilən amillərdəndir. Bu problemi aradan qaldırmaq üçün hər iki qurumun operativ muxtariyyətini təmin etmək üçün vəzifə və öhdəliklərinin daha da spesifikləşdirilməsi əhəmiyyətlidir. Halbuki, bu cür reyestrin açıq və şəffaf formada fəaliyyət göstərməsi və geniş ictimaiyyətin istifadəsi üçün ona çıxışın olması vətəndaşlara tibb mütəxəssislərininin seçilməsində yardımçı ola bilər. Digər tərəfdən, plastik və estetik cərrahların peşəkar yararlığı barədə istintaqın nəticələrinin ictimaiyyətə açıqlanmaması işbazlarla mübarizənin hansı səviyyədə yerinə yetirilməsini də şübhə altına alır. Bu yöndə atılmış ilk addımlardan birini müsbət qiymətləndirmək mümkündür. Səhiyyə Nazirliyində müvafiq məsələ ilə bağlı yaradılmış və tərkibində Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Elm və Təhsil Nazirliyinin səlahiyyətli nümayəndələrinin iştirak etdiyi Xüsusi Təftiş Komissiyası plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyətinə icazə verilən həkim-mütəxəssislərin Siyahısını dərc etmişdir. Medianın məlumatına əsasən, 82 mütəxəssisdən demək olar ki yarısı – 40-ı təftişdən keçə bilməyib.
Bu məqamda saxta diplomlu mütəxəssislərin fəaliyyətinin qarşısının alınması üçün xarici ölkələrdə mövcud olan sistemləri nəzərdən keçirmək mümkündür – açıq reyestrlər və peer review (həmkarlar tərəfindən yoxlanma) sistemləri bu mənada faydalı ola bilər. Açıq reyestrin misalına qonşu Gürcüstanda rast gəlmək mümküdür. Gürcüstan Respublikası Səhiyyə Nazirliyinin rəsmi internet resursuna inteqrasiya edilmiş reyestrdə tibb mütəxəssislərinin lisenziyalarını təftiş etmək mümkündür. Peer review mexanizmini Almaniyada müşahidə etmək olar, qanunvericilik tibb mütəxəsssilərinə həmkarlar arasında keçirilən keyfiyyətə nəzarət prosedurlarında iştirak etmək öhdəliyini təyin edir. Əsasən, bu cür keyfiyyətə nəzarət həmkarlar ittifaqları tərəfindən həyata keçirilir və onun nəticələri rəsmi dərc olunaraq həkimlərin peşəkarlıq səviyyəsinin inkişafayönümlü olmasın təmin edir.
Bu cür sistematik problemlərinin həll olunmadığı halda vətəndaşların səhiyyəyə etimadı azalmağa və pasiyentlərin mənafelərinə xələl gətirməkdə davam edəcək.
Saxta diplom və sertifikatlarla işləyən həkimlərin qurbanlarının sayı artır – VİDEO; https://fed.az/az/saglamliq/saxta-diplom-ve-sertifikatlarla-isleyen-hekimlerin-qurbanlarinin-sayi-artir-vi%CC%87deo-217690
Saxta diplomlu həkimlərlə bağlı araşdırma aparılır; https://publika.az/news/sehiyye/546943.html
Plastik əməliyyatın qurbanları - Onlar ölümləri ilə hər kəsi sarsıtdılar; https://azxeber.com/az/plastik-cerrahiyyenin-qurbanlari-onlar-lumleri-ile-her-kesi-sarsitdilar/sosial/
Flora Kərimova uğursuz plastik əməliyyatın qurbanı olub – VİDEO; https://musavat.com/news/flora-kerimova-ugursuz-plastik-emeliyyatin-qurbani-olub-video_1058541.html
Azərbaycan Respublikasının Konstitusiyası; https://e-qanun.az/framework/897
Azərbaycan Respublikasının “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunu, https://e-qanun.az/framework/4078
Ali təhsilin bakalavriat, əsas (baza ali) tibb təhsili, magistratura və rezidentura səviyyələri üzrə ixtisasların təsnifatının təsdiq edilməsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”nın, “Rezidenturada həkim-mütəxəssis hazırlığı aparılan ixtisasların Təsnifatı”nın və “Azərbaycan Respublikası Nazirlər Kabinetinin qüvvədən düşmüş bəzi qərarlarının Siyahısı”nın təsdiq edilməsi haqqında” 2011-ci il 14 iyun tarixli 95 nömrəli, “Ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsi üzrə ixtisasların (proqramların) Təsnifatı”nın təsdiq edilməsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ali təhsilin bakalavriat səviyyəsi ixtisaslarının (proqramlarının) Təsnifatı”nın təsdiq edilməsi haqqında” 2009-cu il 12 yanvar tarixli 8 nömrəli, “Ali təhsilin bakalavriat və magistratura səviyyələri üzrə bəzi ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”nın təsdiq edilməsi haqqında” 2011-ci il 31 oktyabr tarixli 177 nömrəli və “Ali təhsil pilləsində tibb təhsilinin əsas təhsili üzrə ixtisasların Təsnifatı”nın təsdiq edilməsi və “Ali təhsilin bakalavriat səviyyəsi ixtisaslarının (proqramlarının) Təsnifatı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 12 yanvar tarixli 8 nömrəli Qərarında dəyişikliklər edilməsi barədə” 2012-ci il 24 dekabr tarixli 314 nömrəli qərarlarında dəyişikliklər edilməsi haqqında” 2019-cu il 11 fevral tarixli 45 nömrəli qərarlarında dəyişiklik edilməsi və “Ali təhsilin magistratura səviyyəsi üzrə bəzi ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”nın təsdiq edilməsi haqqında” 2011-ci il 31 oktyabr tarixli 177 nömrəli Qərarının ləğv edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı; https://e-qanun.az/framework/58365
Azadlıq Radiosu, “Kim dedi ikinci gözümü də şikəst edəsən?” - Səhiyyə Nazirliyinə korrupsiya ittihamları; https://www.youtube.com/watch?v=u7X9-Db48ko
Azərbaycan Respublikasının Baş Prokurorluğu və Səhiyyə Nazirliyinin birgə məlumatı : Qanunsuz tibbi fəaliyyətə şərait yaradılması müqabilində rüşvət almaqda şübhəli bilinən vəzifəli şəxslər ifşa edilib; https://genprosecutor.gov.az/az/post/8299
Səhiyyə Nazirliyi və Prokurorluqdan lisenziyası ləğv edilən cərrahlarla bağlı AÇIQLAMA;https://lent.az/xeber/sosial/sehiyye-nazirliyi-ve-prokurorluqdan-lisenziyasi-legv-edilen-cerrhalarla-bagli-aciqlama-40629064
Analitik Ekspertiza Mərkəzi özəl klinikalarda 300-dən çox yoxlama aparıb; https://tibbqazeti.az/az/xeberler/3158-analitik-ekspertiza-m%C9%99rk%C9%99zi-%C3%B6z%C9%99l-klinikalarda-300-d%C9%99n-%C3%A7ox-yoxlama-apar%C4%B1b.html
Naxçıvanda qanunsuz həkimlik və dərman satışı ilə məşğul olanlar saxlanılıblar; https://report.az/sehiyye-xeberler/naxcivanda-qanunsuz-hekimlik-ve-derman-satisi-ile-mesgul-olanlar-saxlaniliblar1/
“Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı; https://e-qanun.az/framework/19807
Tibb və qeyri-ənənəvi tibb fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi Qaydalarının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı; https://e-qanun.az/framework/3451
“Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Əmri; https://sehiyye.gov.az/site/assets/files/11518/74af7eb0-af18-4a7e-9a22-b2094df202ad.pdf
Saxta həkimləri tanımaq üçün ən asan yol: Səhiyyə Nazirliyi açıqladı – ÖZƏL; https://nocomment.az/saxta-hekimleri-tanimaq-ucun-en-asan-yol-sehiyye-nazirliyi-aciqladi-ozel/
Beynəlxalq Şəffaflıq, Korrupsiyanı Qavrama İndeksi, 2024; https://www.transparency.org/en/cpi/2024/index/aze
Azərbaycan Respublikasının “Özəl tibbi fəaliyyəti haqqında” Qanunu; https://e-qanun.az/framework/503
Tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin reyestrini TƏBİB aparacaq; https://www.yeniazerbaycan.com/SonXeber_e81557_az.html
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Əsasnaməsi, https://www.sehiyye.gov.az/nazirlik/sehiyye-nazirliyinin-esasnamesi/
Azərbaycan Respublikasının ərazisində plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyətinə icazə verilən həkim-mütəxəssislərin Siyahısı; https://e-health.gov.az/media/PlastikCerrahlarSIYAHI_PDF_17.04.2025.pdf
Fəaliyyətinə icazə verilməyən plastik “cərrah”ların TAM SİYAHISI; https://bizim.media/az/cemiyyet/244627/fealiyyetine-icaze-verilmeyen-plastik-ldquocerrahrdquolarin-tam-syahisi/
Gürcüstan Respublikasının Səhiyyə Nazirliyinin rəsmi internet səhifəsi; https://ehealth.moh.gov.ge/Hmis/Portal/Default.aspx
Almaniya Federativ Respublikasının “İcbari tibbi sığorta haqqında” Qanunu; https://www.sbk.org/sbk-en/
Almaniya Federativ Respublikasının İcbari Tibbi Sığorta Həkimlərinin Assosasiyasının rəsmi internet səhifəsi; https://www.kbv.de/html/die_kbv.php
Bakıda xəstənin ölümünə görə plastik cərrah həbs edildi; https://www.baki-xeber.com/sosial/224902.html
Sevinc Heydərovanın lisenziyası ləğv edildi; https://qafqazinfo.az/news/detail/sevinc-heyderovanin-lisenziyasi-legv-edildi-460958
Uğursuz plastik əməliyyata görə kompensasiya necə tələb edilir?; https://ismayilzade.az/az/blog/ugursuz-plastik-emeliyyata-gore-kompensasiya-nece-teleb-edilir