logo

Azərbaycanda hüququn aliliyinin gücləndirilməsi və vətəndaşların maarifləndirilməsi üçün platforma

İnzibati Həbs Olunanların Saxlanılma Mərkəzində konfidensial ünsiyyətin yeni “üsulu”

Analiz
İnzibati Həbs Olunanların Saxlanılma Mərkəzində konfidensial ünsiyyətin yeni “üsulu”

Vəkil Nazim Musayev inzibati həbs olunmuş müştərisi ilə konfidensial ünsiyyət hüququnun pozulduğunu bildirib. “Facebook” paylaşımında vəkil bildirib ki, polis onunla İnzibati Həbs Olunanların Saxlanılma Mərkəzində həbsdə olan müvəkkilinin yanından ayrılmayaraq bütün söhbətlərə qulaq asmağa çalışıb, buna etiraz etdikdən sonra isə onu və müştərisini mikrofon olan şüşə arakəsməli otağa keçiriblər. 

“Tribunat” məsələnin qanunauyğunluğunu araşdırıb.

İnzibati Xətalar Məcəlləsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin işə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək hüququ var (61-ci maddə). 

Bütün idarə, müəssisə və təşkilatlar vəkillərə öz peşə borclarını yerinə yetirərkən yardım etməyə borcludurlar. Tutulan, həbs edilən şəxslərə hüquqi yardımın göstərilməsi üçün vəkil ilə təklikdə görüşlər və məsləhətləşmələr üçün lazımi şərait yaradılmalı, konfidensiallıq təmin olunmalıdır (“Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanun, maddə 7). Qanunun 15-ci maddəsinə əsasən isə vəkillər … müdafiə və ya təmsil edilən şəxslə təklikdə, maneəsiz görüşüb danışmaq hüquqlarına malikdirlər.

Şəxs tutulduğu andan görüşlərin sayı və müddəti məhdudlaşdırılmadan müdafiəçisi ilə təklikdə görüşməsi və konfidensial ünsiyyət saxlaması üçün müvafiq şərait yaradılmalıdır (Müvəqqəti saxlama yerlərinin daxili intizam Qaydaları, 6.1-ci bənd). Vəkili ilə keçirilən görüşləri zamanı onların danışıqlarına qulaq asmaq yolverilməzdir (6.5-ci bənd).

Daxili İşlər Nazirliyinin İnzibati Həbs Olunanların Saxlanılma Mərkəzində isə vəkil Nazim Musayevin müvəkkili ilə təklikdə, maneəsiz görüşmək istəyinin qarşısı alınıb, sadalanan normaların tələblərinə zidd olaraq müəssisə onun peşə borcunu yerinə yetirməyinə maneçilik törədib. 

Ombudsman Aparatının İşgəncələr Əleyhinə Milli Preventiv Mexanizmin fəaliyyətinə dair hesabatlarında dəfələrlə vəkil və müştərisi arasındakı konfidensiallıq hüququnun pozulduğu göstərilib. Bu pozuntulara cəzaçəkmə müəssisələrində vəkillə müştərisinin görüşü üçün şüşə arakəsməli otağın nəzərdə tutulması və bu şəxslərin ancaq telefonla bir-biri ilə danışa bilmələri (2011-ci il hesabatı, 42-ci səhifə), məhkum və məhbusların müdafiəçiləri ilə yazışmalarına nəzarət olunması və bu yazışmaların senzuradan keçirilməsi (2014-cü il hesabatı, 68-69-cu səhifələr, 2016-cı il hesabatı, 65-ci səhifə, 2017-ci il hesabatı, 70-ci səhifə), vəkillə görüş üçün nəzərdə tutulmuş otağa kamera quraşdırılması (2020-ci il üzrə hesabat, 19-cu, 35-36-cı səhifələr) aiddir. 

Tövsiyə xarakterli Avropa penitensiar qaydalarında bildirilir ki, həbs edilmiş şəxslərlə davranış zamanı onların hüquqlarına hörmət edilməlidir, tətbiq olunan məhduduyyətlər onun tətbiqinin əsas məqsədinə uyğun və minimal olmalıdır (1-ci və 3-cü bəndlər).

Vəkil Nazim Musayevin inzibati həbs növündə tənbeh növü tətbiq edilmiş müvəkkili ictimai təhlükəliliyi cinayət əməlindən daha aşağı olan əməli törətməkdə təqsirli bilinir. Avropa penitensiar qaydalarında başçəkmələrin nəzarətə götürülməsi əsaslarının (cinayət təqibinin davam etdirilməsi, ictimai qaydanın və təhlükəsizliyin saxlanılması, cinayətlərin qarşısının alınması və cinayətdən zərər çəkmiş şəxslərin müdafiəsi zəruri olduqda) heç biri bu keysə aid oluna bilməz.

Azərbaycan Respublikasının Konstitusiyası (32-ci maddə) və Avropa İnsan Hüquqları Konvensiyası (8-ci maddə) hər kəsin şəxsi və ailə həyatına müdaxiləyə yol verilməməli olduğunu bildirir. Konvensiyaya əsasən bu hüquq bir sıra hallarda (milli təhlükəsizlik, ictimai asayiş və ölkənin iqtisadi rifah maraqları naminə, iğtişaş və ya cinayətin qarşısını almaq üçün, sağlamlığı, yaxud mənəviyyatı qorumaq üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan) hallarda məhdudlaşdırıla bilər.

8-ci maddə üzrə Təlimatda isə vəkillə məsləhətləşmək istəyən hər kəsin tam və maneəsiz müzakirə aparılmasına imkan verən şəraitdə bunu etməli olduğu qeyd olunur. Vəkil-müştəri münasibəti, şifahi ünsiyyət və yazışmalar Konvensiyanın 8-ci maddəsi çərçivəsində prinsip etibarilə imtiyazlı hesab olunur (269-cu və 271-ci bəndlər).

Altay Türkiyəyə qarşı (№ 2) işində Məhkəmə hüquqi yardım çərçivəsində vəkillə ünsiyyətin “şəxsi həyata” daxil olduğunu bildirib (49-cu bənd).

Kampbell Birləşmiş Krallığa qarşı işində Avropa İnsan Hüquqları Məhkəməsi bildirib ki, vəkillə konfidensial ünsiyyət hüququ müəyyən məhdudiyyətlərə məruz qala bilər. Lakin məhdudiyyətlər aid olan şəxslər üçün qabaqcadan proqnozlaşdırıla bilən olmalı və “demokratik cəmiyyətdə zəruri” olmalıdır, yəni, göstərilən məqsədlərə münasibətdə proporsional olmalıdır. Bu məhdudiyyətlər yalnız cinayətin qarşısını almaq və ya həbsxanada təhlükəsizlik və nizam-intizamın ciddi pozuntularının qarşısını almaq kimi istisna hallarda baş tuta bilər (52-ci bənd).

Vəkillə müştəri arasındakı konfidensiallıq hüququnun pozulması Azərbaycan praktikasında qarşılaşılan haldır. Vəkil Nemət Kərimlinin Penitensiar Xidmətin əməkdaşları tərəfindən siyasi məhbus Tofiq Yaqubluya aid sənədlərə baxış keçirmək məqsədilə yoxlanılması barədə yazımızı bu linkdən oxuya bilərsiniz.

“Tribunat” bu qənaətə gəlir ki, polisin vəkil Nazim Musayevin inzibati həbs edilmiş müştərisinin yanından ayrılmayaraq söhbətlərə qulaq asmağa çalışması, vəkil buna etiraz etdikdən sonra onu və müvəkkilini mikrofon olan şüşə arakəsməli otağa keçirməsi vəkil-müştəri ünsiyyətinin konfidensiallığı haqqında yerli qanunvericiliyin və Konvensiyanın 8-ci maddəsində nəzərdə tutulmuş şəxsi həyata hörmət hüququnun pozulmasıdır.


 


Vəkil Nazim Musayevin “Facebook” paylaşımı, https://www.facebook.com/share/p/1AEkAu7dn4/

İnzibati Xətalar Məcəlləsi, https://e-qanun.az/framework/46960

“Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanun, https://e-qanun.az/framework/257

Müvəqqəti saxlama yerlərinin daxili intizam Qaydaları, https://e-qanun.az/framework/33805

İşgəncələr Əleyhinə Milli Preventiv Mexanizmin fəaliyyətinə dair 2011-ci il hesabatı, https://ombudsman.az/storage/O8sLbwxYKcRPuCtnPvY2YF8aVTqnWhRqfTivlRqE.pdf

İşgəncələr Əleyhinə Milli Preventiv Mexanizmin fəaliyyətinə dair 2014-cü il hesabatı, https://ombudsman.az/storage/b4prZcBOV459hGq9l8Qvex8d081F795ZwEbo9w2G.pdf

İşgəncələr Əleyhinə Milli Preventiv Mexanizmin fəaliyyətinə dair 2016-cı il hesabatı, https://ombudsman.az/storage/MnusEqmytutUleVWrFMLfFK3xGfOeL9GvsClm38D.pdf

İşgəncələr Əleyhinə Milli Preventiv Mexanizmin fəaliyyətinə dair 2017-ci il hesabatı, https://ombudsman.az/storage/VkNwts44Ynq3DdDLVNEFvye1TeMcZRCDGVruytot.pdf

İşgəncələr Əleyhinə Milli Preventiv Mexanizmin fəaliyyətinə dair 2020-ci il hesabatı, https://ombudsman.az/storage/N8Bg3CQTyQ8QUhilqAL2DdhJP3ToyqL6VzvG1gaG.pdf

Avropa penitensiar qaydaları, https://justice.gov.az/categories/103

Azərbaycan Respublikasının Konstitusiyası, https://e-qanun.az/framework/897

Avropa İnsan Hüquqları Konvensiyası, https://www.echr.coe.int/documents/d/echr/convention_aze

AİHK 8-ci maddə üzrə Təlimat, https://ks.echr.coe.int/documents/d/echr-ks/guide_art_8_eng

Avropa İnsan Hüquqları Məhkəməsi Kampbell Birləşmiş Krallığa qarşı işi, https://hudoc.echr.coe.int/eng?i=001-57771

Avropa İnsan Hüquqları Məhkəməsi Altay Türkiyəyə qarşı işi, https://hudoc.echr.coe.int/eng?i=001-192210

“Vəkil penitensiar müəssisələrə girişdə və çıxışda yoxlanıla bilərmi?”, https://tribunat.info/analiz/vekil-penitensiar-muessiselere-girisde-ve-cixisda-yoxlanila-bilermi


 

18 Noyabr, 2025