logo

Azərbaycanda hüququn aliliyinin gücləndirilməsi və vətəndaşların maarifləndirilməsi üçün platforma

Polis nəzarətində cinsi qısnamanın səbəbləri: Qanunvericilikdəki boşluqlar, siyasi himayə və şikayətlərin effektiv araşdırılmaması

Analiz
Polis nəzarətində cinsi qısnamanın səbəbləri: Qanunvericilikdəki boşluqlar, siyasi himayə və şikayətlərin effektiv araşdırılmaması


2024-cü ildə “Meydan TV işi” çərçivəsində saxlanılan jurnalist Aysel Umudovanın Bakı İstintaq Təcridxanasından ictimaiyyətə ünvanladığı məktub hüquq-mühafizə orqanlarının nəzarəti altında saxlanılma zamanı polis əməkdaşının davranışı ilə bağlı ciddi hüquqi suallar doğurur.

Məktubdan göründüyü kimi, Umudova mülki geyimli polis əməkdaşları tərəfindən əvvəlcədən xəbərdarlıq edilmədən, hər hansı hüquqi əsas və izahat verilmədən azadlıqdan məhrum edilib. Onun Bakıya aparıldığı yol boyunca panik atak keçirdiyi bir vaxtda “ilkin tibbi yardım” adı altında həyata keçirilən fiziki təmas jurnalistin razılığı olmadan və tibbi zərurət çərçivəsindən kənarda baş verib. Jurnalist baş verənləri belə təsvir edir: “Solumda oturan yekəpər, qarabuğdayı, saçları çallaşmış adam ilkin tibbi yardım göstərməyə çalışırdı. Ya da mən elə bilirdim. Vəziyyətimi stabilləşdirmək üçün biləyimi ovdu. Biləyimdə hiss etdiyim əli ayağımda hiss edəndə, qolu dəydiyini düşündüm. Əllərini ayağımdan uzaqlaşdırdım. Sonra o, təkrar əllərini dizimin üstünə qoyub ayağıma toxunanda tez əlimi çəkib cibimə qoydum. Vəziyyəti başa düşdüyümü anlayıb oturacağın digər ucuna keçdi”.

Xüsusilə nəzərə alınmalıdır ki, bu hadisə jurnalistin polis nəzarəti altında, hərəkət azadlığının məhdud və fiziki-psixoloji baxımdan həssas vəziyyətdə olduğu şəraitdə baş verib. Bu davranışlar dövlətin həm yerli hüquq, həm də beynəlxalq öhdəlikləri baxımından məsuliyyətini gündəmə gətirir. 

“Tribunat” bu yazıda saxlanılma zamanı baş vermiş davranışlara qısnama anlayışı çərçivəsində hüquqi qiymət verəcək, Azərbaycan qanunvericiliyində mövcud mexanizmləri və bu sahədəki boşluqları təhlil edəcək.

Azərbaycanda saxlanılma zamanı və polis idarələrində polis əməkdaşları tərəfindən baş verən bu cür qısnama halları yalnız A.Umudovanın şəxsi təcrübəsi ilə məhdudlaşmır. Digər oxşar nümunələrin mövcudluğu bu cür davranışların ayrı-ayrı hallar deyil, daha geniş və sistemli problem olduğunu göstərir.

Belə ki, 2025-ci ildə eyni iş üzrə həbs olunan müstəqil jurnalist Ülviyyə Əli polis idarəsində saxlanıldığı müddətdə iki dəfə zorlama ilə hədələndiyini və zorakılığa məruz qaldığını bildirib. Bu hallar polis nəzarəti altında, xüsusilə qadınların şəxsi təhlükəsizliyi və toxunulmazlığı məsələsində ciddi problemlərin olduğunu göstərir.

Polis nəzarəti altında baş verən qısnama halları təkcə jurnalistlərlə məhdudlaşmır. Bu il keçirilən aksiya zamanı polis tərəfindən saxlanılan gənclər də polis idarəsində zorakılıq və cinsi xarakterli qısnama davranışları ilə üzləşdiklərini bildiriblər.

Polis nəzarəti altında baş verən zorakılıq halları yeni və təsadüfi deyil və cəmiyyət üçün tanış bir problemdir. Məsələn, 2006-cı ildə Gəncə şəhərində sabiq polis zabiti Koroğlu Qasımovun vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi, saxlanılan şəxslərə qarşı zor və əxlaqa toxunan hərəkətlər etməsi ilə bağlı məhkəmə hökmü çıxarılmış və o cərimələnmişdir. 

4 avqust 2021-ci ildə qadın hüquqları müdafiəçiləri Sevinc Məhərrəmovanın polisə dəfələrlə müraciət etməsinə baxmayaraq qorunmaması və Daxili İşlər Nazirliyinin bu işdə fəaliyyətsizliyi səbəbilə Bakının Xəzər Rayon Polis İdarəsinin qarşısında etiraz aksiyası keçiriblər. Aksiyadan sonra qadın hüquqları müdafiəçiləri polis əməkdaşları tərəfindən idarəyə aparılıb, burada fiziki və mənəvi zorakılığa, alçaldıcı rəftar və zorlama hədələri ilə üzləşiblər. Onlar təhqir edilib, tək-tək otaqlara aparılaraq döyülüblər.

Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən dövlət orqanı kimi Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin illər üzrə hesabatlarına baxdıqda, polis nəzarəti altında baş verən qısnama halları ilə bağlı hər hansı məlumatın və ya bu istiqamətdə görülmüş xüsusi tədbirlərin əks olunmadığı müşahidə olunur. Hesabatlarda əsas diqqət ailədaxili zorakılıq, sosial dəstək mexanizmləri və maarifləndirmə tədbirlərinə yönəlsə də, saxlanma yerlərində, o cümlədən polis idarələrində qadınlara qarşı zorakılıq və qısnama risklərinə dair ayrıca qiymətləndirmə və ya reaksiya mövcud deyil.

İllər ərzində saxlanılan şəxslərin, xüsusilə qadınların polis idarələrində özlərini təhlükəsiz hiss etmədiklərinə dair şikayətlər səslənməkdə davam edir. Bu isə onu göstərir ki, problem yalnız ayrı-ayrı şəxslərin davranışı ilə izah oluna bilməz. Söhbət hesabatlılığı zəif olan bir sistemdən gedir. İnsanların dövlətin tam nəzarəti altında olduğu bir yerdə qorxu və alçaldıcı davranışlarla üzləşməsi isə etimadsızlıq yaradır və bu etimadsızlıq illərdir davam edir.

Qısnama anlayışı yalnız açıq zorakılıq və ya fiziki xəsarətlə məhdudlaşmır. Qısnama şəxsin razılığı olmadan həyata keçirilən, verbal, qeyri-verbal və ya fiziki xarakterli davranışlar olub, məqsədindən və ya nəticəsindən asılı olmayaraq şəxsin ləyaqətini pozan, onu alçaldan və ya qorxuducu, təhqiramiz mühit yaradan halları əhatə edir. 

Xüsusilə güc balansının bir tərəfin xeyrinə pozulduğu hallarda (məsələn, polis nəzarəti altında olduqda) bu cür davranışlar daha ciddi qiymətləndirilməlidir. Çünki polis tərəfindən saxlanılan şəxs hərəkət azadlığını itirir və faktiki olaraq dövlət orqanlarının tam nəzarəti altına düşür. Belə şəraitdə saxlanılan şəxsin razılığı olmadan həyata keçirilən hər hansı fiziki təmas, xüsusilə tibbi zərurətlə əsaslandırılmayan və peşəkar tibbi müdaxilə çərçivəsindən kənara çıxan davranışlar qısnama kimi qiymətləndirilə bilər. Saxlanılan qadın şəxslər üçün isə bu risk daha da yüksəkdir, çünki bu cür hallar birbaşa cinsi toxunulmazlıq və şəxsi təhlükəsizlik məsələləri ilə bağlıdır.

Aysel Umudovanın təsvir etdiyi hadisədə “ilkin tibbi yardım” adı altında həyata keçirilən, lakin onun iradəsinə zidd olan və təkrarlanan fiziki təmasların mövcud olduğu görünür. Jurnalistin bu təmaslara açıq şəkildə etiraz etməsinə baxmayaraq, davranışın davam etməsi, eləcə də hadisənin polis nəzarəti altında, qapalı və hərəkət azadlığının olmadığı şəraitdə baş verməsi bu halların təsadüfi və ya zəruri tibbi müdaxilə kimi qiymətləndirilməsini istisna edir. Bundan başqa, jurnalist fiziki və psixoloji baxımdan həssas vəziyyətdə olduğu halda, peşəkar tibbi yardım ilə təmin edilməyib.

Bu baxımdan, sözügedən davranışlar şəxsin bədən toxunulmazlığına, şəxsi sərhədlərinə və ləyaqətinə müdaxilə xarakteri daşıyır və qısnama anlayışının əsas elementlərini - razılığın olmaması, güc qeyri-bərabərliyi və psixoloji təsir - özündə birləşdirir. Məhz buna görə də bu davranışlar hüquqi baxımdan qısnama kimi qiymətləndirilməlidir.

Azərbaycan qanunvericiliyi nə deyir?

Azərbaycan Cinayət Məcəlləsində “cinsi qısnama” ayrıca cinayət tərkibi kimi nəzərdə tutulmayıb. Seksual xarakterli davranışlar əsasən yalnız zor tətbiqi, hədə-qorxu və ya açıq məcburetmə hallarında cinayət kimi qiymətləndirilir. Bu isə o deməkdir ki, razılıq olmadan, lakin zor tətbiq edilmədən baş verən, şəxsin ləyaqətini alçaldan və psixoloji təsir yaradan davranışlar çox vaxt Cinayət Məcəlləsi ilə əhatə olunmur. Xüsusilə polis nəzarəti altında baş verən cinsi xarakterli toxunuşlar mövcud maddələrə uyğun gəlmədiyi üçün, bu cür halların cinayət-hüquqi qiymətləndirilməsi çətinlik yaradır.

İnzibati Xətalar Məcəlləsində “cinsi qısnama” ayrıca hüquqi anlayış kimi tənzimlənmir. Bəzi hallarda bu cür davranışlar “ictimai qayda, ictimai təhlükəsizlik və ictimai mənəviyyat əleyhinə olan inzibati xətalar” çərçivəsində qiymətləndirilə bilər. Lakin bu yanaşma cinsi qısnamanın mahiyyətini əks etdirmir və davranışın gender yönümlü, şəxsi toxunulmazlıq və psixoloji təsir yaradan xarakterini nəzərə almır. Eyni zamanda, polis nəzarəti altında baş verən cinsi qısnama hallarına dair İXM-də ümumiyyətlə ayrıca tənzimlənmə mövcud deyil. Nəticə etibarilə, cinsi qısnamanın inzibati xəta kimi qiymətləndirilməsi bu cür davranışların hüquqi baxımdan zəif dəyərləndirilməsinə gətirib çıxarır. Bununla yanaşı, İnzibati Xətalar Məcəlləsində seksual qısnamanın özü ayrıca inzibati xəta kimi nəzərdə tutulmasa da, seksual qısnamaya məruz qalmış işçiyə şikayət etdiyinə görə təzyiq göstərilməsi inzibati məsuliyyətə səbəb ola bilər. Lakin bu tənzimləmə əsasən əmək münasibətləri çərçivəsində tətbiq olunur və polis nəzarəti altında baş verən hallar üçün effektiv hüquqi mexanizm yaratmır.

“Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikasının Qanununda seksual qısnamanın yolverilməz olduğu açıq şəkildə qeyd olunur və bu anlayış əmək və ya xidmət münasibətləri kontekstində istifadə olunur. Qanuna görə, seksual qısnama əmək və ya xidmət münasibətlərində olan şəxsi alçaldan və təhqir edən, başqa cinsə və ya seksual yönümə mənsubiyyətdən irəli gələn və fiziki hərəkətlərdə (toxunma, əllə vurma), ədəbsiz sözlərdə, jestlərdə, hədələrdə, ləkələyici təkliflərdə və ya dəvətlərdə təzahür edən əxlaqsız davranışlar kimi nəzərdə tutulur. Polis nəzarəti, saxlanılma və dövlət orqanları ilə münasibətlər bu tənzimləmənin əhatə dairəsinə daxil edilmir. Qanun seksual qısnamanı qadağan edir, lakin bu heç bir sanksiya mexanizmi yaratmır.

Qanunun 18-ci maddəsində göstərilir ki, bu qanunun tələblərini pozan şəxslər qanunvericiliyə uyğun məsuliyyət daşıyırlar. Ancaq bu məsuliyyətin hansı növ məsuliyyət olduğu göstərilmir. Bu qeyri-müəyyənlik isə praktikada o deməkdir ki, zərərçəkənlər çox vaxt hara və necə müraciət etməli olduqlarını bilmirlər. Nəticədə, qanun kağız üzərində seksual qısnamanı tanıyır, amma xüsusilə polis nəzarəti altında baş verən hallar üçün real qoruyucu mexanizm yaratmır.

Bu halda polisin hərəkətlərindən şikayət vermək proseduru effektivdirmi?

Azərbaycan qanunvericiliyinə əsasən, polis əməkdaşlarının qanunsuz hərəkətlərindən şikayət vermək hüququ var və bu qanunda nəzərdə tutulur. Azərbaycan Respublikası Konstitusiyasına əsasən hər kəs dövlət orqanlarının və vəzifəli şəxslərin hərəkət və ya hərəkətsizliyindən şikayət vermək və məhkəməyə müraciət etmək hüququna malikdir. Bu hüquq polis əməkdaşlarının fəaliyyəti ilə bağlı şikayətlər üçün də keçərlidir. 

“Polis haqqında” Qanuna əsasən polis əməkdaşları öz fəaliyyətində qanunçuluğa riayət etməli və insan hüquq və azadlıqlarını pozmamalıdırlar. Qanun polis əməkdaşlarının qanunsuz hərəkətlərindən şikayət verilməsi imkanını istisna etmir və belə hallarda məsuliyyətin nəzərdə tutulduğunu göstərir. Qanuna görə, polisin hər hansı şəxslə insanın ləyaqətini alçaldan şəkildə rəftar etməsi yolverilməzdir. Cinayət törədən və ya törətməkdə şübhələnilən şəxsləri məlumat verməyə və ya cinayət əməlini törətməkdə təqsirini etiraf etməyə məcbur etmək məqsədilə onları və ya digər şəxsləri hədələmək, işgəncəyə məruz qoymaq, eləcə də onlara hər hansı fiziki və ya mənəvi təsir göstərmək qadağandır, şəxsin hüquqları, azadlıqları və qanuni mənafeləri polis əməkdaşları tərəfindən pozulduqda, polis orqanı həmin şəxsin pozulmuş hüquqlarının, azadlıqlarının və qanuni mənafelərinin bərpası üçün zəruri tədbirlər görməyə və vurulmuş ziyanı ödəməyə borcludur.

Polis əməkdaşlarının hərəkətlərindən şikayət bir neçə qaydada verilə bilər: prokurorluq orqanlarına yazılı və ya şifahi müraciət yolu ilə, Daxili İşlər Nazirliyinin daxili təhlükəsizlik və ya nəzarət strukturlarına, habelə məhkəmələrə müraciət etməklə.

Qanunvericiliyə əsasən, prokurorluq təhqiqat və əməliyyat-axtarış orqanlarının fəaliyyətində qanunların icra və tətbiq olunmasına prosessual nəzarət həyata keçirir və zərurət yarandıqda cinayət icraatına başlamaq səlahiyyətinə malikdir.

Başqa sözlə ifadə etsək, prosedurlar mövcud olsa da, lakin bu, onların praktikada effektiv işlədiyi anlamına gəlmir. Əsas problemlərdən biri araşdırmanın müstəqilliyi ilə bağlıdır. Polis əməkdaşları barəsində verilən şikayətlər əksər hallarda eyni sistem daxilində araşdırılır və bu da obyektiv və qərəzsiz istintaq aparılmasına ciddi şübhələr yaradır. Bu cür şikayətlər istintaqın hədəfində olan şəxslərdən — yəni polis əməkdaşlarından — institusional baxımdan müstəqil olan qurum tərəfindən aparılmır. Əksinə, bütün şikayətlər eyni struktur daxilində qalır və bəzi hallarda hətta araşdırma ərazi aidiyyəti üzrə şikayət edilən polis əməkdaşının işlədiyi qurumda aparılır. Araşdırmanı həyata keçirən orqan formal olaraq müstəqil təsir bağışlasa da, mövcud institusional və iyerarxik bağlılıqlar bu müstəqilliyin praktikada təmin olunmadığını göstərir.

Digər mühüm problem sübutetmə ilə bağlıdır. Polis nəzarəti altında baş verən hallar, xüsusilə saxlanılma zamanı, adətən qapalı şəraitdə baş verir və ya ümumiyyətlə şahid olmur, ya da şahidlər yalnız saxlanılma prosesində iştirak edən digər polis əməkdaşları olur. Video və ya digər texniki sübutların əldə edilməsi isə zərərçəkmiş şəxsin imkanlarından kənarda qalır. Saxlanılan şəxsin ifadəsi isə çox zaman kifayət qədər əsas kimi qəbul edilmir. Bu vəziyyət xüsusilə cinsi qısnama kimi sübutu çətin olan hallarda şikayətlərin nəticəsiz qalmasına gətirib çıxarır. Nəticədə, bu cür şikayətlər çox vaxt sübutun olmaması əsas gətirilərək rədd edilir və ya ümumiyyətlə araşdırma aparılmadan bağlanır.

Bu problemlər beynəlxalq hesabatlarda da öz əksini tapır və polis nəzarəti altında baş verən zorakılıq və alçaldıcı rəftar hallarının Azərbaycanda sistemli problem olaraq qaldığını göstərir. ABŞ Dövlət Departamentinin 2024-cü il üzrə İnsan Hüquqları Hesabatında polis tərəfindən saxlanılan şəxslərə qarşı işgəncə, qeyri-insani və ləyaqəti alçaldan rəftar, eləcə də zorakılıq hallarına dair etibarlı məlumatların mövcud olduğu qeyd edilir. Hesabatda xüsusilə vurğulanır ki, bu cür pozuntularla bağlı dövlət orqanları tərəfindən effektiv və müstəqil araşdırmalar aparılmır, insan hüquqları pozuntuları törətmiş vəzifəli şəxslərin müəyyən edilməsi və cəzalandırılması üçün inandırıcı addımlar və ya tədbirlər görülməyib. Eyni zamanda, Daxili İşlər Nazirliyi sistemində zorakılığa görə cəzasızlığın ciddi problem olaraq qaldığı qeyd olunur.

Polis əməkdaşlarının zorakılıq iddiaları fonunda məsuliyyətə cəlb olunmaması və siyasi səviyyədə müdafiə edilməsi Azərbaycanda uzun illərdir davam edən institusional bir yanaşma kimi müşahidə olunur. Bu yanaşmanın kökləri hələ 2003-cü il oktyabrında prezident seçkiləri ərəfəsində və ondan sonra baş verən hadisələrə gedib çıxır. Həmin dövrdə Bakıda və regionlarda keçirilən etiraz aksiyaları polis tərəfindən zorakılıqla dağıdılmış, yüzlərlə insan saxlanılmış, qətlə yetirmə, döyülmə və qeyri-insani rəftar halları beynəlxalq təşkilatlar tərəfindən sənədləşdirilmişdi. Beynəlxalq təşkilatların polis əməkdaşlarının zorakılığına görə məsuliyyətə cəlb olunması ilə bağlı çağırışlarına baxmayaraq, bu tələblər praktikada nəticə verməmiş və real cəza mexanizmləri işə salınmamışdı. Bu isə polis zorakılığına siyasi səviyyədə dözümlü yanaşıldığını göstərirdi.

Bu mövqe sonrakı illərdə də açıq şəkildə ifadə olunub. 2007-ci ildə Polis Akademiyasında çıxışı zamanı prezident İlham Əliyev beynəlxalq təşkilatların tələblərinə cavab verərək zorakılıqda ittiham olunan polis əməkdaşlarının “öz vəzifələrini yerinə yetirdiklərini” və “heç kimin cəza almayacağını” bildirmiş, eyni zamanda polisi dəstəklədiyini açıq şəkildə bəyan etmişdi. Bu çıxış polis zorakılığına görə məsuliyyətin istisna edildiyini açıq şəkildə ortaya qoyan və cəzasızlıq mühitini legitimləşdirən siyasi mövqe kimi qiymətləndirilə bilər.

Eyni yanaşma daha sonrakı illərdə də davam edib. 2023-cü ildə Gədəbəy rayonunun Söyüdlü kəndində yerləşən qızıl mədəninə aid sianid tərkibli tullantı gölünün qurulmasına etiraz edən sakinlərin keçirdiyi aksiyalar zamanı polisin sərt müdaxiləsi, zorakılıq ictimai narahatlıq doğurmuşdu. Bu hadisələrdən sonra prezidentin çıxışında etirazlar qəbuledilməz kimi təqdim olunmuş, polis əməkdaşlarının hərəkətləri birmənalı şəkildə müdafiə edilmiş və polisə qarşı hər hansı müqavimətin cinayət olduğu vurğulanmışdı. Həmin çıxışlarda sərt cəza ilə bağlı mesajların səsləndirilməsi də diqqət çəkmişdi.

Bu ardıcıllıq göstərir ki, polis zorakılığı ilə bağlı iddialar müxtəlif dövrlərdə baş versə də, onlara münasibət dəyişməz qalıb və real cəza mexanizmləri işə salınmayıb. Belə bir mühitdə polis əməkdaşlarının qanunsuz hərəkətləri ilə bağlı şikayətlərin effektiv və müstəqil şəkildə araşdırılmasının mümkün olmaması təsadüfi deyil. Saxlanma zamanı qapalı şəraitdə baş verən davranışların sübut edilməsinin çətinliyi və mövcud şikayət mexanizmlərinin səmərəsizliyi bu halların çox vaxt nəticəsiz qalmasına, nəticə etibarilə isə cəzasızlıq mühitinin formalaşmasına gətirib çıxarır. Bu da polis nəzarəti altında baş verən zorakılıq və cinsi xarakterli qısnama hallarının effektiv araşdırılmaması riskini daha da artırır.

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Azərbaycanla bağlı bir sıra işlərdə hüquq-mühafizə orqanlarının əməkdaşlarının davranışları ilə əlaqədar verilmiş şikayətlərin effektiv şəkildə araşdırılmamasını Konvensiyanın 3-cü maddəsinin pozuntusu kimi qiymətləndirib. Məhkəmənin Azərbaycanla bağlı təcrübəsində 2004-cü ildən bu günə qədər Konvensiyanın 3-cü maddəsi üzrə Azərbaycanla bağlı 49 qərarda pozuntu müəyyən edilib. Məhkəmənin formalaşmış mövqeyinə görə, dövlətin öhdəliyi yalnız pis rəftar və ya zorakılıqdan çəkinməklə məhdudlaşmır. Dövlət eyni zamanda bu cür iddialar irəli sürüldükdə onların müstəqil, operativ və real nəticə verə bilən şəkildə araşdırılmasını təmin etməlidir.

Polis nəzarəti altında saxlanılan şəxslərə qarşı baş verən cinsi xarakterli qısnama və alçaldıcı davranışlar Avropa İnsan Hüquqları Konvensiyası çərçivəsində xüsusilə ciddi qiymətləndirilir. AİHM Aydın Türkiyəyə qarşı (Aydın v. Turkey , Ərizə № 23178/94, §83) işdə qeyd etmişdir ki, dövlət vəzifəli şəxsi tərəfindən saxlanılan şəxsə qarşı törədilən zorlanma, cinayətkarın qurbanın həssaslığından və zəif müqavimət imkanlarından asanlıqla sui-istifadə edə bilməsi səbəbindən, pis rəftarın xüsusilə ağır və iyrənc forması hesab edilməlidir. Bundan əlavə, zorlanma qurbanın psixikasında zaman keçdikcə digər fiziki və psixi zorakılıq formalarına nisbətən daha gec sağalan dərin psixoloji izlər buraxır.

Pis rəftarla bağlı araşdırma və araşdırmanın müstəqilliyi probleminə gəldikdə Məhkəmə Nəcəfli Azərbaycana qarşı işində (Ərizə № 2594/07, §52) qeyd edib ki, pis rəftarla bağlı aparılan araşdırmada istintaq orqanı araşdırmanın əsas və həlledici hissəsini — yəni iddia edilən pis rəftarı törətmiş şəxslərin müəyyən edilməsini — faktiki olaraq elə həmin pozuntunu törətməkdə ittiham olunan qurumun özünə həvalə edib. Məhkəmənin fikrincə, araşdırmanın formal olaraq başqa bir polis idarəsinə tapşırılması bu vəziyyətdə heç bir real əhəmiyyət daşımır. Çünki istintaqı aparan şəxslər də, iddia edilən pozuntunu törətmiş polis əməkdaşları da eyni dövlət orqanında çalışan həmkarlar olub və bu da araşdırmanın müstəqil və qərəzsiz aparılmasına ciddi şübhələr yaradır.

AİHM-in formalaşmış presedent hüququna görə, Konvensiyanın 8-ci maddəsi yalnız şəxsin şəxsi həyatına dövlətin birbaşa müdaxilələrindən qorunmasını deyil, eyni zamanda dövlətin üçüncü şəxslər tərəfindən törədilən zorakılıq və qısnamaya qarşı fərdləri effektiv şəkildə qorumaq öhdəliyini də ehtiva edir. Məhkəmə dəfələrlə vurğulamışdır ki, zorakılıq və qısnama halları şəxsin fiziki və mənəvi toxunulmazlığına, eləcə də şəxsi həyatına ciddi təhlükə yaradır və bu səbəbdən belə hallarda dövlətin müsbət öhdəlikləri işə düşür. Xüsusilə hüquq-mühafizə orqanlarının nəzarəti altında baş verən qısnama və ya zorakılıq hallarında dövlətin məsuliyyəti daha da ağırlaşır, çünki zərərçəkmiş şəxs dövlətin nəzarəti və müdafiəsi altında olduğu bir şəraitdə xüsusi həssas vəziyyətdə olur.

Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiya (CEDAW) dövlətlərin gender əsaslı zorakılıqla mübarizə sahəsində geniş öhdəliklərini müəyyən edir. CEDAW Komitəsinin 19 saylı Ümumi Tövsiyəsində qeyd edilir ki, dövlətlər zorlanma, cinsi zorakılıq və digər gender əsaslı zorakılıq formalarına qarşı qanunvericiliyin bütün qadınlar üçün adekvat müdafiə təmin etməsini, onların fiziki və mənəvi toxunulmazlığına və ləyaqətinə hörmət edilməsini təmin etməlidirlər. Dövlətlər bu cür halların qarşısını almaq, effektiv araşdırmaq və məsul şəxsləri cəzalandırmaq üçün real və işlək mexanizmlər yaratmalıdırlar.

Beynəlxalq hüquq standartları baxımından polis nəzarəti altında qadınlara qarşı həyata keçirilən iradəsi əleyhinə və alçaldıcı fiziki təmaslar təsadüfi və ya fərdi davranışlar kimi deyil, insan ləyaqətinə və şəxsi toxunulmazlığa ciddi müdaxilə kimi qiymətləndirilməlidir. Bu cür davranışlar dövlətin nəzarəti altında baş verdiyi üçün xüsusi ağırlıq daşıyır və dövlətin qoruma və araşdırma öhdəliyini işə salır.

Apardığımız analiz də göstərir ki, Azərbaycanda polis nəzarəti altında baş verən zorakılıq və cinsi xarakterli qısnama hallarını təkcə ayrı-ayrı polis əməkdaşlarının davranışı ilə izah etmək mümkün deyil. Problemin kökündə bir sıra sistemli səbəblər dayanır. Bunlara qanunvericilikdə mövcud olan boşluqlar, Cinayət Məcəlləsi və İnzibati Xətalar Məcəlləsində seksual qısnamanın effektiv sanksiya mexanizmləri ilə aydın şəkildə tənzimlənməməsi, cinsi qısnamanın polis nəzarəti və saxlanılma şəraiti üçün ayrıca hüquqi çərçivəyə salınmaması və bu anlayışın əsasən yalnız əmək münasibətləri kontekstində nəzərdə tutulması daxildir. Eyni zamanda, polis əməkdaşlarının hərəkətlərindən şikayət və istintaq mexanizmlərinin institusional müstəqilliyinin təmin edilməməsi də bu problemin davamlı xarakter almasına səbəb olur.

Bununla yanaşı, polis əməkdaşlarının qanunsuz hərəkətlərinin uzun illər ərzində siyasi sistem tərəfindən faktiki olaraq himayə olunması və cəzasız qalması bu halların təkrarlanması üçün əlverişli zəmin yaradır. Bu kontekstdə polis əməkdaşlarının hərəkətlərinə dair şikayətlərin effektiv araşdırılmaması təkcə hüquqi və institusional problem deyil, eyni zamanda siyasi iradə məsələsi kimi ortaya çıxır. Ən yuxarı siyasi səviyyədə səsləndirilən açıq və ya dolayı dəstək mesajları şəraitində, hüquq-mühafizə orqanları daxilində müstəqil və qərəzsiz araşdırmaların aparılması real olaraq mümkün görünmür. Bu cür siyasi mesajlar cəzasızlıq mühitini gücləndirir, hüquq-mühafizə orqanlarının hesabatlılığını zəiflədir və aparılan araşdırmaların obyektivliyinə ciddi təsir göstərir.


 

-   Toplum TV, Aysel Umudova: “Polis maşınında yaşadığım qısnamanı həzm etmək 1 ilimi aldı”, 9 dekabr 2025; https://toplummedia.tv/manset/paysel-umudova-ldquopolis-masininda-yasadigim-qisnamani-hezm-etmek-1-ilimi-aldirdquop

-   OC Media, “Azerbaijani journalist Ulviyya Ali ‘threatened with rape’ by police in detention”, 19 May 2025; https://oc-media.org/azerbaijani-journalist-ulviyya-ali-threatened-with-rape-by-police-in-detention/

-   JAM News, “Sexual harassment and brutality at Azerbaijan protest”, 03 iyun 2025; https://jam-news.net/sexual-harassment-and-brutality-at-azerbaijan-protest/

-   AzadlıqRadiosu, “Gəncədə polis zabiti sabiq əməkdaşları qeyri-qanuni saxlayıb, zorakılıq edib”, 02 avqust 2006; https://www.azadliq.org/a/156452.html

-   BBC News Azərbaycanca, “Saçımdan sürüdü, başıma yumruqla vurdu” – feminist fəallar “onları döyən polislərdən” şikayət edəcək 05 avqust 2021; https://www.bbc.com/azeri/azerbaijan-58103146

-   Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, illik hesabatlar ; https://family.gov.az/az/reports

-   Council of Europe, “Council of Europe Convention on Preventing and Combating Violence Against Women and Domestic Violence (Istanbul Convention)”, 11 May 2011 ; https://rm.coe.int/168008482e

-   Azərbaycan Respublikasının Cinayət Məcəlləsi; https://e-qanun.az/framework/46947

-   Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi; https://e-qanun.az/framework/46960

-   “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikasının Qanunu ; https://e-qanun.az/version/448

-   Azərbaycan Respublikasının Konstitusiyası; https://e-qanun.az/framework/897

-   “Polis haqqında” Azərbaycan Respublikasının Qanunu ; https://e-qanun.az/framework/2937

-   “Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanunu https://e-qanun.az/framework/5229

-   U.S. Department of State, 2024 Country Reports on Human Rights Practices: Azerbaijan; https://www.state.gov/reports/2024-country-reports-on-human-rights-practices/azerbaijan

-   Human Rights Watch, Crushing Dissent: Repression, Violence and Azerbaijan’s Elections, 22 january 2004; https://www.hrw.org/report/2004/01/22/crushing-dissent/repression-violence-and-azerbaijans-elections

-   Human Rights House, Concern about President’s speech, 14 September 2007; https://humanrightshouse.org/articles/concern-about-presidents-speech/

-   Amerikanın Səsi (Voice of America), “Söyüdlü qızılı, kənd sakinlərinin problemləri, həbslər və hökumət komissiyası”, 26 iyun 2023; https://www.amerikaninsesi.org/a/7152890.html

-   President.az, “2023-cü ilin altı ayının yekunlarına həsr olunan müşavirədə Prezident İlham Əliyevin nitqi”, 11 iyul 2023; https://president.az/az/articles/view/60430

-   European Court of Human Rights (HUDOC)

-   Avropa İnsan Hüquqları Məhkəməsi, Lapunov Rusiyaya qarşı  (12 sentyabr 2023, Ərizə № 28834/19); https://hudoc.echr.coe.int/eng?i=001-226449

-   Avropa İnsan Hüquqları Məhkəməsi, Aydın Türkiyəyə qarşı  (25 sentyabr 1997, Ərizə № 57/1996/676/866); https://hudoc.echr.coe.int/eng?i=001-62660

-   Avropa İnsan Hüquqları Məhkəməsi, Nəcəfli Azərbaycana qarşı  (02 yanvar 2013, Ərizə № 2594/07); https://hudoc.echr.coe.int/eng?i=001-113299

-   Avropa İnsan Hüquqları Məhkəməsi, M.C. Bolqarıstana qarş (04 mart 2004, Ərizə № 39272/98);

-   United Nations, Convention on the Elimination of All Forms of Discrimination Against Women (CEDAW); https://www.ohchr.org/en/instruments-mechanisms/instruments/convention-elimination-all-forms-discrimination-against-women

-   UN Committee on the Elimination of Discrimination Against Women (CEDAW), General Recommendation No. 19: Violence against Women, 1992; https://www.refworld.org/legal/resolution/cedaw/1992/en/96542

4 Yanvar, 2026